İqtisadiyyat

  • 4 591

Muğanlı-İsmayıllı yolunda layihələndirmə işlərinə başlanılıb

image

Oktyabrın 28-də Qəbələ rayonunun Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edən Prezident İlham Əliyev Muğanlı-İsmayıllı avtomobil yolunun bərbad vəziyyətdə olduğunu bildirərək tapşırıq verdi ki, qısa zamanda layihələndirmə işləri aparılsın və növbəti ilin investisiya proqramına salınaraq avtomobil yolunun yenidən qurulması həyata keçirilsin. SİA xəbər verir ki, dövlətimizin başçısının tapşırığından sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) “AzəryolElmiTədqiqatLayihə” İnstitutunun əməkdaşları əraziyə cəlb olunub. Hazırda ərazidə topoqrafiya-planlanma işləri aparılır.AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli AZƏRTAC-a bildirib ki, yaxın günlərdə yolun elektron xəritəsini çəkmək üçün xüsusi dronlar vasitəsilə uçuşlar aparılacaq. Eyni zamanda, geodeziya-kəşfiyyat işlərinə start veriləcək. Layihə bu ilin sonuna qədər hazırlanaraq, aidiyyəti üzrə təqdim olunacaq. Sonra layihə müvafiq dövlət qurumlarının razılığı əsasında növbəti ilin investisiya proqramına salınacaq və yolun yenidən qurulması işlərinə başlanılacaq.1978-ci ildə inşa olunan Muğanlı-İsmayıllı avtomobil yolu Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 133-cü kilometrliyindən başlayır. Anar Nəcəflinin sözlərinə görə, bu günə qədər yolda cari təmir işləri aparılsa da, əsaslı təmir olmayıb. Yolun 0-16 kilometrliyi dördüncü texniki dərəcəlidir, burada yolun eni 6 metr təşkil edir. 16-40-cı kilometr hissə isə 7 metr enində olan üçüncü texniki dərəcəli yoldur. Yeni yolun ikinci texniki dərəcəli olmaqla, eninin 9 metr təşkil etməsi nəzərdə tutulur.

sia.az

Digər xəbərlər