İqtisadiyyat

  • 4 742

İlham Quliyev: Aqrar sektor öz dinamik inkişafı ilə mövcud çağırışlara cavab verir

image

“Azərbaycan bu gün inkişafının yeni mərhələsini yaşayır. Ölkə iqtisadiyyatının bütün sahələrində, o cümlədən kənd təsərrüfatında müşahidə olunan inkişafın əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən davamlı siyasi kurs dayanır. Bu siyasi kurs müstəqilliyimizin, təhlükəsizliyimizin, sosial-iqtisadi tərəqqinin, müasirləşmənin, sosial rifahın və iqtisadi inkişafın təminatçısına çevrilib”. Bu fikirləri kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.

İ.Quliyev bildirib ki, aqrar sahənin müxtəlif sahələrinə dair Dövlət proqramlarının icrası davam edir. Onun sözlərinə görə, ölkədə məqsədyönlü islahatlar keçirilir, nəticədə digər sahələr kimi, aqrar sektor da öz dinamik inkişafı ilə mövcud çağırışlara cavab verir. Ərzaq təhlükəsizliyinin təminatı istiqamətində görülən işlər 2019-cu ildə də davamlı xarakter daşıyıb. Kənd təsərrüfatının keyfiyyətcə yeni mərhələyə qədəm qoyması özünü iqtisadi göstəricilərin yüksəlməsində, fermerlərin gəlirlərinin artmasında, aqrar fəaliyyətin insanlar üçün əməktutumlu və gəlirli sahəyə çevrilməsində göstərir.
“Azərbaycanda həyata keçirilən genişmiqyaslı aqrar islahatlar nəticəsində kənd təsərrüfatında artım tempi dayanıqlı xarakter alıb, dinamik inkişaf trendi cari ildə də davam edib. 2019-cu ilin 9 ayı ərzində kənd təsərrüfatının ümumi məhsulunun dəyəri 6,27 milyard manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1 faiz artıqdır. Həmin dövrdə kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 6,2 faizə çatıb. Yanvar-sentyabr aylarında ölkədə 2,97 milyard manatlıq heyvandarlıq məhsulları (3,1 faiz çox), 3,3 milyard manatlıq isə bitkiçilik məhsulları (11 faiz çox) istehsal olunub. Bu il taxıl, pambıq, günəbaxan, şəkər çuğunduru, tütün, kartof, tərəvəz, bostan məhsulları, meyvə və giləmeyvə, üzüm, yaşıl çay yarpağı istehsalında ötən ilə nisbətən əhəmiyyətli artım qeydə alınıb. Eyni zamanda, 2019-cu ilin 9 ayında barama, diri çəkidə ət, süd, yumurta və yun istehsalında da ötən illə müqayisədə artım olub. Əgər ötən il 513,9 ton yaş barama istehsal edilmişdisə, bu il bu rəqəm 647,5 tona çatdırılıb”-deyə, nazir müavini vurğulayıb.

yap.org.az

Digər xəbərlər