Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək

Azərbaycanda köklü sosial-iqtisadi islahatların davam etməsini nəzərdə tutan 2020-ci ilin büdcəsi Milli Məclisə dövlətimizin başçısı tərəfindən təqdim olunub. Büdcə zərfi yeni layihələr, sosial-iqtisadi hədəflər nəzərə alınaraq tərtib olunub. Büdcənin tərtibində ölkənin makroiqtisadi proqnozları əsas götürülüb.Bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında büdcə müzakirələri zamanı çıxış edərkən deyib.

Nazir qeyd edib ki, 2020-ci il və ortamüddətli dövrdə Azərbaycanın milli iqtisadiyyatının başlıca sektorları üzrə Strateji Yol xəritələrinin icrası, o cümlədən dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuş dövlət proqramlarının və tədbirlərinin maliyyələşdirilməsi üzrə tədbirlər büdcə xərclərinin əsas istiqamətlərindən biri olacaq. Gələn il üçün ümumi daxili məhsulun real iqtisadi artımı 3 faiz, qeyri-neft sektorundan gələn artımlar isə 3,8 faiz proqnozlaşdırılır. Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək. 2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon manat təşkil edəcək. Gəlirlərin 10 milyard 605 milyon manatı, yəni, 43,9 faizi qeyri-neft sektoru üzrə daxilolmaların, 13 milyard 530 milyon manatı, yəni, 56,1 faizi isə neft gəlirlərinin payına düşəcək. Vergi orqanlarının xətti ilə büdcəyə 7 milyard 875 milyon manat, gömrük orqanlarının xətti ilə isə 4 milyard manat daxilolmalar proqnozlaşdırılır.

yap.org.az