İqtisadiyyat

  • 4 210

Tehranda Azərbaycan ilə İran arasında iqtisadi əlaqələrin perspektivləri müzakirə olunub

image

Azərbaycanın Baş Nazirinin müavini, Azərbaycan ilə İran arasındakı iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri davam edir.

Dekabrın 4-də Şahin Mustafayev İranın İqtisadiyyat və Maliyyə İşləri naziri, İran və Azərbaycan arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Fərhad Dejpəsənd ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib.
Baş Nazirin müavini Şahin Mustafayev son illərdə Azərbaycan-İran əlaqələrinin daha da inkişaf etdiyini qeyd edib, hər iki ölkənin dövlət başçılarının münasibətlərin inkişafına böyük önəm verdiyini və Dövlət Komissiyasının işinə dəstək göstərdiyini vurğulayıb.
Azərbaycan ilə İran arasında iqtisadi-ticarət əlaqələri barədə danışan Şahin Mustafayev qeyd edib ki, ötən dövrdə ticarət əlaqələrinin inkişaf etdirilməsi istiqamətində davamlı tədbirlər görülüb. Cari ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 3 dəfə artıb. Neftçala Sənaye Məhəlləsində avtomobil istehsal edilir. Bakıda Azərbaycan-İran klinikası açılıb, Pirallahı Sənaye Parkında birgə əczaçılıq zavodunun təməli qoyulub.
Şahin Mustafayev qarşılıqlı ticarətin həcminin daha da artırılması və strukturunun şaxələndirilməsi üçün potensialın, kənd təsərrüfatı, turizm, tranzit və yükdaşımalar sahələrində də əlaqələrin inkişafı üçün imkanların olduğunu qeyd edib.
İranın İqtisadi İşlər və Maliyyə naziri Fərhad Dejpəsənd son illər ölkələrimiz arasında əməkdaşlığın genişlənməsi üçün görülən işləri vurğulayıb. Dövlət Komissiyasının ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı istiqamətlərinin müzakirəsi üçün əhəmiyyətli platforma olduğunu qeyd edib.
Görüşdə iqtisadi-ticarət, maliyyə və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
X X X
İrana səfəri çərçivəsində Azərbaycan Baş Nazirinin müavini Şahin Mustafayev, həmçinin bu ölkənin Silahlı Qüvvələrinin baş qərargah rəisi, general Məhəmməd Baqeri ilə görüşüb.
Görüşdə qeyd olunub ki, Azərbaycan ilə İran yaxın qonşu, dost və qardaş dövlətlərdir. İran-Azərbaycan münasibətləri regionun digər dövlətləri üçün nümunədir. İki ölkə arasında bütün sahələr üzrə əlaqələr yüksələn xəttlə inkişaf edir.
X X X
Azərbaycanın Baş Nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 4-də bu ölkənin Sənaye, Mədən və Ticarət naziri Rza Rəhmani ilə də görüşüb.
Görüşdə qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi üçün yeni iqtisadi layihələrin həyata keçirilməsi istiqamətində atılan addımlar əsas müzakirə mövzusu olub. İranın Ərdəbil vilayəti ilə sərhəddə Müştərək Sənaye Şəhərciyinin yaradılması məsələsi müzakirə edilib. Diqqətə çatdırılıb ki, belə müştərək layihələr hər iki ölkənin iqtisadiyyatının daha da inkişaf etməsinə böyük təkan verəcək. Hazırda şəhərciyin yerinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.
Qeyd olunub ki, hər iki ölkə beynəlxalq əhəmiyyətə malik “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin təkmilləşdirilməsində iştirak edir. Bu layihə İranın təkcə Azərbaycan ilə deyil, həmçinin digər ölkələrlə iqtisadi əlaqələrinin inkişafına imkan yaradacaq.
Nazir R. Rəhmani bildirib ki, İranın yeni ticarət siyasətində qonşu ölkələrlə, xüsusilə Azərbaycan və Rusiya ilə əlaqələrə xüsusi diqqət yetirilir.
Şahin Mustafayev isə öz növbəsində vurğulayıb ki, Azərbaycan İran ilə iqtisadi əlaqələri genişləndirməkdə maraqlıdır. Digər Cənubi Qafqaz ölkələrinə nisbətən, İranın Azərbaycan ilə iqtisadi əlaqələri daha həcmli və çoxşaxəlidir. Son illər ərzində İran ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmində 3 dəfədən çox artım müşahidə edilib.
Nəzərə çatdırılıb ki, bu gün Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi üçün islahatlar həyata keçirilir. Sərmayə yatırılması üçün olduqca münbit şərait yaradılıb. Təsadüfi deyil ki, hazırda Azərbaycanda 1500–dən çox İran şirkəti fəaliyyət göstərir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

yap.org.az

Digər xəbərlər