Müsahibə

  • 4 587

Turizm sənayesinin qeyri-neft sektorunda payı daha da yüksəlməkdədir

image

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov
- Azər müəllim, ölkəmizdə son dövrlərdə qeyri-neft sektorunun inkişafına göstərilən diqqət və qayğı aqrar sahənin inkişafında da xüsusi əhəmiyyət daşımaqdadır. Bu barədə nə deyə bilərsiniz?
- Son bir neçə ildə dünyada hökm sürən qlobal maliyyə böhranı, eləcə də neftin qiymətinin kəskin ucuzlaşması qeyri-neft sektorunun inkişafını daha da sürətləndirilməsini olduqca zəruri edirdi. Bu baxımdan son 13 ildə neft gəlirlərindən istifadə etməklə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər böyük nikbinlik doğurur. Sənayedə və kənd təsərrüfatında mövcud olan geniş potensial, ölkənin coğrafi mövqeyi, tranzit-nəqliyyat imkanlarının genişlənməsi qeyri-neft sektorunu, dolayısı ilə kənd təsərrüfatının inkişafı üçün münbit şərait yaradır.
Ötən illərdə ölkədə qeyri-neft sektorunun inkişafının dəstəklənməsi tədbirləri çərçivəsində infrastruktur quruculuğuna böyük diqqət göstərilib. Hazırda Azərbaycan infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri sırasında yer alır. Təkcə bu il 150 min hektardan çox torpağı əkin dövriyyəsinə cəlb etmək və burada yüksək məhsuldarlığa nail olmaq məqsədilə suvarma suyu və elektrik enerjisi ilə təminat layihələrinə 250 milyon manatdan çox dövlət vəsaiti yönəldilib. Azərbaycanda iqtisadi sahədə həyata keçirilən bu və ya digər məqsədyönlü tədbirlər nəticəsində qeyri-neft sektoru inkişaf edib, ölkənin ixrac potensialı artıb. Əgər bir vaxtlar ölkə iqtisadiyyatında neft sektorunun çəkisi təxminən 80 faiz civarında idisə, hazırda bu nisbət qeyri-neft sektorunun xeyrinə dəyişib. Prezident İlham Əliyevin vurğuladığı kimi, biz bu gün inamla deyə bilərik ki, Azərbaycan öz iqtisadi potensialını şaxələndirə bilib. Hazırda qeyri-neft sektorumuz iqtisadiyyatımızın təxminən 65 faizini təmin edir. O ki qaldı konkret olaraq kənd təsərrüfatının inkişafı məsələsinə, bu ilin aprelində ölkə Prezidentinin Sədrliyi ilə Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının müşavirəsində də səsləndirildiyi kimi, artıq Azərbaycan dünyada öz aqrar məhsulları ilə tanınıb şöhrət tapmaqdadır. İxracın təşviqi üzrə qəbul edilən qərarlara uyğun olaraq, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, ixrac missiyalarının təşkili və digər tədbirlərin icrası uğurla davam etdirilir. Ən əsası isə pambıqçılıq və baramaçılığın inkişafı yönündə atılan addımlar təqdirəlayiqdir. Bu gün ölkəmizdə bu sahələrlə məşğul olmaq istəyən sahibkarlara yaxından kömək göstərilir. Əminəm ki, yaxın gələcəkdə kənd təsərrüfatının inkişafı istiqamətində atılan addımlar öz real nəticələrini ortaya qoyacaq və aqrar sahənin qeyri-neft sektorundakı payı daha da artacaq.
- Ölkəmizdə qeyri-neft sektorunun digər sahələrinin inkişafı istiqamətində də real addımlar atılır, bu yöndə qanunvericilik bazası gücləndirilir. Yeri gəlmişkən, bu yaxınlarda «Turizm haqqında» yeni qanun layihəsi parlamentdə iki oxunuşda qəbul edilib. Turizm mövsümünün başlandığını nəzərə alsaq, bu sahədə hansı irəliləyişləri qeyd edə bilərsiniz?
- 2004-cü ildən bu yana həyata keçirilən regionların sosial iqtisadi inkişafı Dövlət proqramları bölgələrimizin simasını dəyişib. Bu gün ucqar dağ kəndlərimizdə belə yüksək səviyyəli infrastruktur formalaşdırılıb. Bütün kəndlərin qazlaşdırılması, fasiləsiz elektrik enerjisi ilə təmini, eləcə də kommunikasiya xətlərinin daha da müasirləşdirilməsi yönümündə addımlar atılır. Yəni, regionlarda görülən məqsədyönlü tədbirlər ölkəmizin ümumi daxili məhsulunda turizm sənayesinin payının əsaslı şəkildə artmasını şərtləndirir. Ötən ay Milli Məclisdə «Turizm haqqında» qanun layihəsinin müzakirəsi zamanı da vurğulanmışdı ki, Azərbaycana mart-may aylarında gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25 faiz artıb. Eləcə də, ötən il səyahət və turizm sənayesinin Azərbaycanın ümumi daxili məhsuluna birbaşa təsiri 2 milyard 285,3 milyon manat olub. Turizm sənayesinin qeyri-neft sektorunda payı daha da yüksəlməkdədir.
Göründüyü kimi, bu kifayət qədər yüksək rəqəmdir və turizm sektorunun inkişafı paytaxtda və regionlarda məşğulluq məsələsində öz müsbət effektini göstərir. Cəlbedicilik baxımından isə paytaxt Bakı ilə yanaşı digər bölgələrimiz də xarici turistlər üçün maraq kəsb edir. Buna görə də hər bölgənin turizm sahəsində potensialı və ənənələri əsas götürülməklə müvafiq infrastruktur qurulmasına diqqət yetirilir. Başqa sözlə desək, ölkəmizin turizm siyasəti kompleks xarakter daşıyır. Bununla yanaşı, bu sektorda xidmət səviyyəsinin get-gedə yüksəlməsi də xarici ölkələrin vətəndaşlarının ölkəmizə marağını artıran amillər sırasındadır.
-Azər müəllim, digər bir məsələ haqqında da fikirlərinizi bilmək istərdik. Parlament «Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında» qanun qəbul edib. Ümumiyyətlə, bələdiyyələrin fəaliyyətinin daha da inkişaf etdirmək üçün hansı addımların atılması zəruridir?
- Ölkəmizin uğurlu iqtisadi-sosial inkişafı, dünyanın siyasi palitrasındakı yeri yeniləşməyə, modernləşməyə stimul verən əsas amillərdəndir. Bu mənada, bələdiyyə institutlarının iş prinsipində, onlarla bağlı qanunvericilikdə də zaman-zaman təkmilləşməyə ehtiyac duyulur. Azərbaycanda bələdiyyələr inkişaf yolundadır. O cümlədən, bələdiyyələr ölkəmizin sosial-iqtisadi inkişafı prosesində yaxından iştirak edirlər. Azərbaycanda bələdiyyələr fəaliyyətə başladığı 1999-cu ildən etibarən regionların sosial-iqtisadi inkişafına öz töhfələrini verməkdədirlər.
Yerli özünüidarəetmə orqanları ötən dövr ərzində böyük təcrübə qazanıblar. Məhz bunun nəticəsidir ki, bələdiyyələrimiz fəaliyyətlərində xeyli uğurlar əldə ediblər. Bu gün çox uğurlu sosial-iqtisadi layihələr həyata keçirən bələdiyyələrimiz var ki, onların bu işi əhali tərəfindən yüksək qarşılanır. Təbii ki, yerli özünüidarəetmə orqanları yerli məsələlərlə məşğul olduqları üçün onların işi insanlar tərəfindən daim diqqətlə izlənilir. Sevindirici haldır ki, bələdiyyələrlə əlaqədar mükəmməl qanunvericilik bazası da yaradılıb. Zərurət yarandıqca, bu sahə ilə bağlı qanunlar təkmilləşdirilir, yeni qanunlar qəbul olunur. Bu baxımdan, «Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında» yeni qanun da əhəmiyyətlidir. Hesab edirəm ki, belə bir qanunun qəbul edilməsi yerli özünüidarəetmə orqanlarında nizam-intizamı, bütövlükdə iş keyfiyyətini əhəmiyyətli dərəcədə artıracaq. Ümumiyyətlə, hər bir dəyişiklik, hər bir yenilik bələdiyyələrin həyatında müsbət mənada əhəmiyyət kəsb edir. Bələdiyyə qulluqçularının etik davranış qaydaları məsələsi olduqca vacib məqamlardandır ki, müvafiq qanunda bu məsələ öz əksini tapıb. Vurğulayım ki, hər bir bələdiyyə üzvü öz üzərində işləməlidir. Peşəkarlığının, o cümələdn fərdi məsuliyyətinin artırılması, vətəndaşların hüquq və azadlıqlarına hörmətlə yanaşılması, işgüzar nüfuza hörmət kimi nüanslar mütləq şəkildə nəzərə alınmalıdır. Ən əsası isə qarşısındakı şəxslərlə mədəni davranış qaydalarına riayət olunmalıdır. Bu əsas məqamdır. Prezident İlham Əliyev də vurğulayıb ki, bütün məmurlar xalqın yüksək etimadını doğrultmalıdır. O cümlədən də bələdiyyə üzvləri onları seçən insanların problemlərinin həlli ilə məşğul olduqları zaman etik davranış qaydalarına riayət etməlidir.

yap.org.az

Digər xəbərlər