Ulu öndər Heydər Əliyevin qayıdışı ilə Azərbaycanın müstəqilliyinin dönməzliyi təmin olundu

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov

-Fəttah müəllim, Azərbaycan xalqı bu günlərdə tariximizə qızıl hərflərlə yazılan 15 İyun - Milli Qurtuluş Gününü böyük təntənə ilə qeyd edir. Ümumiyyətlə, 15 İyun - Milli Qurtuluş Gününün dövlətiçilik tariximizdə əhəmiyyəti nədən ibarətdir?
- Həqiqətən 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün ən mühüm tarixlərdən, çox böyük bayramlardan biridir. Çünki məhz Milli Qurtuluş Günü sayəsində müasir dünya dövlətləri sırasında sayılan-seçilən indiki nüfuzlu, güclü, müstəqil Azərbaycan dövləti mövcuddur. Müasir Azərbaycan dövləti özünün siyasəti ilə bu gün beynəlxavlq aləmdə nümunə olacaq bir dövlətdir. Eləcə də, bu gün dünyanın böhranlı şəraitində uğurlu siyasət nəticəsində Azərbaycan hərtərəfli inkişaf edir və belə bir dövlət qürur yerimizdir. Biz öz dövlətimizlə fəxr edirik.
Təbii ki, Azərbaycan bugünkü səviyyəyə elə də asan gəlib çatmayıb, çox çətin dövrlərdən keçib. Bilirsiniz ki, SSRİ-nın dağılması ilə müstəqil respublikalar yarandı. Keçmiş SSRİ-nin dağılması prosesi bəzi respublikaların daxilində müəyyən gərginliklərlə müşaiyət olundu. Həmin prosesləri təhlil edəndə görürük ki, ən mürəkkəb proseslər məhz Azərbaycanda baş verib. Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizi işğal olundu və bunun nəticəsində də 1 milyondan çox insan öz doğma yurdlarından qaçqın və məcburi köçkün vəziyyətə düşüb. Yəni o dövrdə xalqımız çox ağır günlər yaşadı.
Prosesləri təhlil edərkən deyə bilərik ki, başımıza gələn bu bəlalar bir sıra amillərlə əlaqədardır. Ən əsası odur ki, həmin dövrdə Ulu öndər Heydər Əliyev Azərbaycanda deyildi. Hakimiyyətinin birinci dövründə öz nəcib əməlləri, Azərbaycan üçün misilsiz xidmətləri ilə Heydər Əliyev xalqın qəlbində özünə abidə ucaltmışdı. Məhz Ulu öndərin sayəsində sovetlər dövründə Azərbaycan sürətlə inkişaf edərək keçmiş ittifaq respublikaları arasında öncül yerə çıxdı. 1980-ci illərin sonu – 90-cı illərin əvvəlində Azərbaycan xalqı sahibsiz qalmışdı. Və başımıza gələn bütün bəlaların kökündə Heydər Əliyevin hakimiyyətdə olmaması idi.
Biz 15 İyun - Milli Qurtuluş Gününü qeyd edərkən hər zaman ilahi bir qisməti daim xüsusi vurğulamalıyıq. Azərbaycan dövlətçiliyi məhv olmaq təhlükəsi ilə üz-üzə qalanda Ulu öndər Heydər Əliyev Bakıya gələrək xilaskarlıq missiyasını yerinə yetirdi. Amma ilk növbədə Ulu öndərimiz Naxçıvanı xilas etdi. 1990-cı illərin əvvəlində Bakıda təzyiqlərlə üzləşən Heydər Əliyev Naxçıvana pənah gətirdi. Mən deyərdim ki, bu əslində Naxçıvanın şansı idi. Həmin dövrlərdə Azərbaycanın əleyhdarlarının tərtib etdiyi planda təkcə Dağlıq Qarabağın yox, eyni zamanda Naxçıvanın da işğal edilməsi nəzərdə tutulmuşdu. Ulu öndər Heydər Əliyevin Naxçıvana gəlməsi bu ərazinin də işğal edilməsinin qarşısını aldı. Ona görə də, hesab edirəm ki, milli qurtuluşumuzun tarixi Ulu öndər Heydər Əliyevin Naxçıvana gəlməsi ilə başladı. Xalqın hər bir nümayəndəsinə aydındır ki, Ulu öndər Naxçıvana gəlməsəydi, bu torpaq da xilas olmayacaqdı. Heydər Əliyev Naxçıvana gələrkən insanlar Onu böyük məhəbbət və ehtiramla qarşıladılar. Naxçıvan əhalisi Heydər Əliyevi həm Muxtar Respublikanın, həm də Azərbaycan Respublikasının parlamentinə deputat seçdi. Doğrudur, Ulu öndərimiz bunu istəmirdi, hansısa vəzifə iddiasında olmadığını bəyan edirdi. Amma xalqın istəyi ilə bütün bunlar gerçəkləşdi. Ulu öndər Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri seçildikdən sonra blokada şəraitində olan bu bölgəni erməni işğalından xilas etdi və onun inkişafı və tərəqqisi üçün misilsiz xidmətlər göstərdi.
Taleyin qismətidir ki, Heydər Əliyevin həyatı Azərbaycan xalqı ilə bağlı olub. Tarix sübut edir ki, Azərbaycan xalqının ən çətin anlarında Ulu öndər Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirərək xalqı bütün çətinliklərdən xilas edib. 1993-cü ilin o ağır günlərində də xalqımızın yeganə ümid yeri Heydər Əliyev oldu. 15 iyun 1993-cü ildə hakimiyyətə qayıtmaqla Ümummilli liderimiz Heydər Əliyev xalqımızı düçar olduğu bəlalardan, başqa dövlətlərin vassalı olmaqdan, Azərbaycanı parçalanmaqdan xilas etdi. Beləliklə də, Ulu öndər Heydər Əliyevin qayıdışı ilə xalqımızın Azərbaycanın müstəqilliyinin dönməzliyinin təmin olunması kimi arzusu yerinə yetdi.
Ona görə də 15 iyun tarixi müqəddəs gündür. Həmin gün Ulu öndərimiz çox ağır bir yükü öz öhdəsinə götürməklə xalqa olan məhəbbətini izhar etdi. Həmin gün Azərbaycan dövlətçiliyinin xilası, bugünkü müstəqilliyimizin əsası, təməl daşı oldu. Həmin günlərə nəzər saldıqda biz bir daha Ulu öndər Heydər Əliyevin nə qədər torpağına, xalqına, müstəqil Azərbaycan ideyasına bağlı olduğuna şahidi oluruq. Heydər Əliyev həyatının mübarək 10 ilini yeni, müstəqil Azərbaycanın yaradılmasına həsr etdi və bu yolun əsaslarını qoydu. Həm ideoloji, həm siyasi, həm sosial-iqtisadi, həm də mədəni sahələrdə ölkəmizdə köklü dəyişikliklər baş verdi. 15 iyundan ötən dövrdən Azərbaycan beynəlxalq aləmdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib, dünyada söz sahibi olan nüfuzlu dövlətə çevrilib. Təbii ki, bütün bunlar Ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində əldə olundu. O fəaliyyət ki, Heydər Əliyev Öz həyatını xalqın xoşbəxtliyinə həsr etdi.
- İnkaredilməz reallıqdır ki, müstəqil Azərbaycan Ümummilli liderin ideyaları – Heydər Əliyev yolu əsasında inkişaf edir…
- Ümummilli liderimiz Heydər Əliyev öz fəaliyyəti ilə xalqımızın, dövlətimizin inkişafı, gələcəyi üçün işıqlı bir yol açdı. Bu yol sayəsində Azərbaycan bu gün dünya dövlətləri sırasında öz nüfuzu ilə fərqlənir. Heydər Əliyev elə bir şəxsiyyət idi ki, O, Öz dərin məntiqi, zəkası və fəaliyyəti ilə dünya miqyasında diqqəti cəlb edirdi. Bu qabiliyyət Onu SSRİ rəhbərliyinə apardı. Həmin dövrün reallıqları, tarixi hadisələr və faktlar Ulu öndərimizin dünya miqyasında tanınan şəxsiyyət olduğunu göstərir. Məhz təsadüfi deyil ki, Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etməsindən sonra Azərbaycana münasibət dəyişdi, ölkəmizlə əməkdaşlıq edən ölkələrin sayı artmağa başladı.
Ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən bəhs edərkən Onun müstəqil dövlətçiliyimizin əsaslarının gücləndirilməsi ilə bağlı tarixi və əvəzolunmaz xidmətlərini də ayrıca vurğulamaq lazımdır. Məhz Ulu öndərin gərgin əməyi sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik təmin olundu, müstəqil dövlətimizin ilk Konstitusiyası yaradıldı, qanunverici, icraedici və məhkəmə hakimiyyətinin fəaliyyəti üçün əsaslı zəmin yaradıldı və Azərbaycan inkişaf yolunda əmin addımlarla irəliləməyə başladı.
Bu gün müstəqil Azərbaycan Ümummilli liderin ideyaları – Heydər Əliyev yolu əsasında inkişaf edir. Azərbaycanda Heydər Əliyev yolunun alternativi yoxdur. Çünki bu yol uğurludur, xalqımızı işıqlı gələcəyə aparan yoldur. Məhz Heydər Əliyev siyasəti nəticəsində Azərbaycan bugünkü inkişaf səviyyəsinə gəlib çatıb. Prezident İlham Əliyev Heydər Əliyev siyasətini inkişaf etdirərək ölkəmizə yeni-yeni nailiyyətlər qazandırır.
Bu gün Azərbaycan dünyada nüfuzlu dövlətlər sırasındadır. Təbii ki, bu nailiyyət Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində qazanılıb. Dövlətimizin başçısının siyasəti xalqımızın mənafeyinə, xoş sabahına xidmət edir. Təsadüfi deyil ki, Azərbaycan dünya dövlətləri ilə, işğalçı Ermənistan istisna olmaqla qonşu dövlətlərlə iqtisadi, siyasi, mədəni, mənəvi əlaqələri inkişaf etdirir və öz sülhpərvər siyasəti ilə onlara nümunə göstərir. Müstəqil Azərbaycan bir çox beynəlxalq səviyyəli qlobal tədbirlərə ev sahibliyi edir. Çünki dünya dövlətləri ölkəmizi sülh, sabitlik və əminamanlıq məkanı kimi qəbul edir. Bəzi faktlara diqqət yetirək. 2015-ci ildə Azərbaycarn ilk Avropa Oyunlarına ev sahibliyi etdi və bununla da Oyunların standartlarını müəyyənləşdirdi. Bu kiçik məsələ deyil. Eyni zamanda, hazırda bir sıra müsəlman ölkələrində mürəkkəb proseslərin, qanlı toqquşmaların baş verdiyi bir şəraitdə Prezident İlham Əliyev 2017-ci ili Azərbaycanda «İslam Həmrəyliyi İli» elan etdi. Həmçinin, ötən ay ölkəmiz 54 müsəlman dövlətinin iştirakı ilə IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdi. Bütün bunlar insanlar arasında dostluğu, qarşılıqlı əlaqələri və əməkdaşlığı inkişaf etdirmək, dünyada sülh və sabitliyin bərqərar olunmasına xidmət edir.
- Ulu öndərin əsasını qoyduğu siyasətin mühüm nəticələrindən biri də Azərbaycanın inkişafı və bu inkişafın paytaxt Bakının, eləcə də bölgələrimizin simasında öz əksini tapmasıdır. Bu barədə nə deyə bilərsiniz?
- Bu gün bütün dünya – beynəlxalq aləm Azərbaycanın uğurlarına şahidlik edir. İndi paytaxt Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib və öz müasir görkəmi ilə ölkəmizə səfər edənləri heyran qoyur, göz oxşayır. Bu, həyata keçirilən siyasətin, görülən işlərin nəticəsidir.
Hazırda müasir müstəqil Azərbaycan öz inkişaf yolunda gələcəyə əmin addımlarla irəliləyir. Bütün sahələrdə dayanıqlı inkişafın əldə olunması üçün məqsədyönlü, ardıcıl işlər görülür. Bu inkişaf bütün bölgələrimizin simasında öz əksini tapır. Azərbaycanın rayonları, şəhər, kənd və qəsəbələri öz abadlığı, gözəlliyi və müasir görkəmi ilə fərqlənir.
Bunlarla yanaşı, insanların sosial durumu – həyat şəraiti mütəmadi olaraq yaxşılaşdırılır. Əldə edilən çoxsaylı nailiyyətlər sübut edir ki, Ulu öndərimizin müstəqil Azərbaycanın gələcəyi üçün nəzərdə tutduğu bütün işlər böyük uğurla həyata keçirilir. Bu gün hər bir vətəndaşımız ölkəmizin uğurlarından qürur duyur. Qazanılan nailiyyətlər xalqımızı daha böyük qələbələrə, zəfərlərə ruhlandırır. Dünyanı iqtisadi böhran bürüdüyü bir şəraitdə, bir çox ölkələrdə daxili sabitliyin pozulması və bunun nəticəsində çox böyük insan itkisi ilə nəticələnən münaqişələrin yaranması, dünyanın müxtəlif nöqtələrində siyasi və iqtisadi mühitin böhrana uğradığı dövrdə müstəqil Azərbaycanımızın dinamik inkişaf etməsi, əhalinin maddi rifahının günü-gündən yaxşılaşması çox fərəhləndiricidir.
- Fəttah müəllim, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün də uğurla davam etdirilən, Azərbaycanın inkişafına xidmət edən mühüm reallıqlardan biri də çoxşaxəli islahatlar kursudur. Hazırda Azərbaycanda dövlətimizin qüdrətinin artmasına xidmət edən islahatların əhəmiyyətini və nəticələrini necə qiymətləndirirsiniz?
- Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu islahatlar kursu bu gün uğurla davam etdirilir. İctimai, siyasi, iqtisadi və hüquqi islahatlar həm ayrı-ayrı sahələrin davamlı inkişafını təmin edir, həm də Azərbaycanın qüdrətli dövlət kimi tərəqqisini şərtləndirir. Bu kontekstdə ötən il ölkəmizdə keçirilən Konstitusiya islahatlarını xüsusi qeyd etmək lazımdır. Ölkəmizdə dövlətçiliyin möhkəmləndirilməsi, dövlətimizin müdafiə qüdrətinin artırılması, insanların həyat şəratinin və rifah halının yaxşılaşdırılması, idarəetmədə çevikliyin və səmərəliliyin daha da artırılması üçün keçirilən ümumxalq səsverməsi – referendumun nəticələri Azərbaycan xalqı və dövlətinin mənafeyini əks etdirdi, parlaq gələcək üçü etibarlı zəmin formalaşdırdı. Bu islahatların həyata keçirilməsi günün – zamanın tələbi idi, çünki zaman keçdikcə yeni çağırışlar və tələblər ortaya çıxır və bu çağırışlara adekvat cavab vermək üçün mütəmadi olaraq islahatların və yeniliklərin ortaya qoyulması zərurətdir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə uğurlu islahatlar həyata keçirilir. Məhz Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da bu islahatlara öz dərin töhfələrini və davamlı dəstəyini verməklə xalqımızın və dövlətimizi ali mənafeyi uğruna öz fəliyyətini uğurla və fədakarlıqla davam etdirir. Zənnimcə, dövlətçiliyə xidmət edən bu yanaşma və fəaliyyəti dünya üçün bir örnəkdir – parlaq nümunədir. Göründüyü kimi məhz bu ailə dövlətçiliyə çox sıx bağlıdır və Azərbaycanın inkişafına, daha da güclənməsinə böyük töhfələr verir.
Azərbaycan xalqı Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bütün bu işləri təqdir etməklə öz dəstəyini nümayiş etdirir. Bu isə ölkəmizdə xalq-iqtidar həmrəyliyinin sarsılmazlığını əks etdirir. Türk şairi Mehmet Akif Ersoyun gözəl bir kəlamı var: “Girməsə təfriqə bir millətə, düşmən girəməz, toplu vurduqca ürəklər onu top sındıramaz”. Əminliklə deyə bilərəm ki, xalqımız müdrikdir, öz müstəqilliyin qorumaq üçün ürəkləri toplu vuran xalqdır. Xalqımız Prezidentimiz ətrafında sıx birləşib, vahiddir. Ona görə də bu siyasəti qüvvə sındıra bilməz.

yap.org.az