Müsahibə

  • 9 342

Avropalı ekspertlər: Azərbaycanın məhkəmə sistemində apardığı səmərəli islahatlar bir çox ölkələrə nümunə ola bilər

image

Ədliyyə naziri Fikrət Məmmədovun AZƏRTAC-a müsahibəsi
Ölkəmizdə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı məqsədyönlü islahatlar aparılır, vətəndaşların müraciət imkanlarının asanlaşdırılması, elektron məhkəmə sisteminin tətbiqi üzrə mühüm işlər görülür, məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun yeni müasir infrastruktur yaradılır. Bununla əlaqədar oxucularımıza ətraflı məlumat vermək üçün ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun fikirlərini öyrənmək istədik.
- Hörmətli Fikrət müəllim, mətbuatda xəbər verildiyi kimi, bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı şəhərinin Nərimanov Rayon Məhkəməsi üçün yeni müasir inzibati binanın açılışı olub. Bu münasibətlə Sizi, məhkəmə hakimiyyətinin təmsilçilərini təbrik edirik. Bu yeni binanın üstünlükləri barədə oxucularımıza məlumat verməyinizi xahiş edirik.
- Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin məhkəmə hakimiyyətinə verdiyi böyük önəmin təzahürü olaraq Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının açılışını şəxsən həyata keçirməsi hər bir məhkəmə və ədliyyə işçisi tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılanıb. Bu, dövlətimizin başçısının iştirakı ilə istifadəyə verilən beşinci məhkəmə binasıdır.
Ümumiyyətlə isə son illər məhkəmə infrastrukturunun müasirləşdirilməsi çərçivəsində ölkəmizdə konseptual baxımdan yeni olan, öz funksionallığı ilə fərqlənən Bakı şəhərinin Sabunçu və Şəki Məhkəmə kompleksləri, paytaxtın Yasamal, eləcə də Gəncə, Oğuz, Gədəbəy, Quba və İmişli rayon məhkəmələri üçün yeni binaların və komplekslərin açılışları olub. Şəki Məhkəmə Kompleksinin açılışı zamanı dövlətimizin başçısı məhkəmə və ədliyyə işçiləri ilə keçirdiyi müşavirədə proqram xarakterli çıxış edərək məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tövsiyə və tapşırıqlarını verib.
Bu sahədə islahatlar davam etdirilir, hazırda 9 məhkəmə üçün müasir binaların inşası aparılmaqdadır.
Qeyd etməliyəm ki, digər müasir binalarda olduğu kimi, inzibati və ictimai zonalardan ibarət olan Nərimanov Rayon Məhkəməsinin yeni binası da müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunub. Burada “Elektron məhkəmə” informasiya sisteminin komponentlərinin tətbiqi, o cümlədən məhkəmə zallarında proseslərin dəqiq və sürətlə protokollaşdırılması və audio-video yazılışların aparılması, elektron sənəd dövriyyəsi və sair ilə bağlı bütün zəruri infrastruktur yaradılıb.
Eyni zamanda, vətəndaşların müraciət imkanlarının asanlaşdırılması və məlumatlılığın təmin edilməsi məqsədilə məhkəmə prosesləri və onların keçiriləcəyi tarix, vaxt, məhkəmə zalı, hakimlər və digər məsələlərlə bağlı informasiyanı rahat əldə etməyə imkan yaradan müasir elektron informasiya köşkləri quraşdırılıb. Həmçinin vətəndaşlara tibb, iaşə xidmətlərindən istifadə etmək üçün əlverişli şərait yaradılıb, körpə uşaqlı valideynlər üçün xüsusi otaqlar ayrılıb.
Bütün bunlar məhkəmə fəaliyyətinin daha səmərəli təşkil olunmasına, ədalət mühakiməsinə çatımlılığın asanlaşdırılmasına, onun səmərəsinə və keyfiyyətinə əsaslı təsir göstərir, insanlara daha əlverişli və rahat şərait yaradır.
- Bilirik ki, məhkəmə sistemində aparılan islahatlara beynəlxalq qurumlar tərəfindən də böyük maraq göstərilir. Bu mənada Avropa Şurası, Dünya Bankı xüsusi qeyd olunmalıdır...
- Doğrudan da insan haqlarının etibarlı təminatına yönəlmiş məhkəmə islahatlarımıza beynəlxalq qurumlar tərəfindən böyük maraq göstərilməsi, əldə olunan nailiyyətlərin təqdir olunması hər birimizdə iftixar hissi doğurur. Avropa Şurasının mühüm təsisatı olan Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) bütün üzv dövlətlərdə yayılan dövrü nəşrində Azərbaycanda həyata keçirilən məhkəmə islahatlarına böyük önəm verilərək buna ayrıca bölmə həsr edilib. Avropalı ekspertlər Azərbaycan hakimiyyətinin bu sahədə gördüyü işləri yüksək qiymətləndirib və belə qənaətə gəliblər ki, ədalət mühakiməsi sistemində səmərəli islahatların aparılması, məhkəmələrin unikal infrastrukturunun yaradılması, ən müasir informasiya texnologiyalarının və yeniliklərin tətbiqində Azərbaycan bir çox Avropa ölkələrinə nümunə ola bilər.
Eyni zamanda, bu sahədə islahatların mütərəqqiliyini və uğurlu nəticələrini görən nüfuzlu beynəlxalq maliyyə qurumu olan Dünya Bankı ilə səmərəli əməkdaşlıq qurularaq məhkəmə infrastrukturunun müasirləşdirilməsi, elektron məhkəmə sisteminin tətbiqi, mediasiya, yuvenal ədliyyə və digər sahələr üzrə birgə layihələr həyata keçirilir.
Dünya Bankı Azərbaycanda ədliyyə sahəsindəki layihələri ən uğurlu layihələrindən biri kimi qiymətləndirib və “Vətəndaşlara yüksək səviyyəli xidmətlərin göstərilməsi məqsədi ilə müasir infrastrukturun yaradılması” nominasiyasının qalibi elan edib.
- Fikrət müəllim, məhkəmə sistemində aparılan islahatlar, həmçinin məhkəmələrə ictimai etimadı yüksəldir. Bunun təzahürü olaraq, yəqin ki, ədalət mühakiməsini həyata keçirən hakimlərin də iş yükü xeyli artıb...
- Elədir. Görülmüş kompleks tədbirlər nəticəsində cəmiyyətdə məhkəmələrə inam xeyli artıb. Artıq insanlar pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməyə daha çox üstünlük verirlər. Dövlətimizin başçısının 2014-cü il 13 fevral tarixli Sərəncamına uyğun olaraq məhkəmə fəaliyyətinin elektronlaşdırılması və bu məqsədlə elektron məhkəmə sisteminin tətbiqi ilə vətəndaşlar məhkəmələrə, həmçinin elektron qaydada müraciət etmək imkanı əldə ediblər. Eyni zamanda, Dünya Bankı ilə birgə həyata keçirilən “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində məhkəmə sisteminin vahid internet portalı (www.courts.az) yenilənərək zənginləşdirilib, o cümlədən portalda “E-məhkəmə” bölməsi yaradılıb.
Vətəndaşlar portal vasitəsilə məhkəmələr barədə daha ətraflı məlumatları əldə etmək, “şəxsi kabinetdən” istifadə etmək, iqtisadi mübahisələrlə bağlı elektron qaydada iddia ərizələri vermək, baxılan işlər, keçirilən iclaslar və çıxarılan qərarlar barədə elektron qaydada məlumatları almaq, məhkəmə rüsumlarını elektron qaydada ödəmək və sair imkanı qazanıblar.
Qeyd etmək istərdim ki, cari ilin sonunadək elektron məhkəmə sistemi ölkə üzrə bütün məhkəmələrin 60 faizini əhatə edəcək. Eyni zamanda, sistemin tərkib hissəsi olan “elektron icra”nın yaradılması üzrə tədbirlər görülərək icra qurumlarında onun bir sıra komponentlərinin tətbiqinə başlanılıb. Cari ilin əvvəlindən isə iqtisadi mübahisələr üzrə məhkəmə iclaslarının fasiləsiz video-audio yazısının aparılması təmin olunur.
Sözsüz ki, ədalət mühakiməsinə çıxışın xeyli asanlaşması məhkəmələrdə baxılan işlərin sayının kəskin artmasına gətirib çıxarıb. Məhkəmə statistikasına diqqət yetirsək görərik ki, yeni məhkəmə sisteminin fəaliyyətə başladığı 2000-ci illə müqayisədə məhkəmələrdə baxılan mülki xarakterli işlərin sayı 21 dəfə artaraq 470 mini ötüb. Lakin buna baxmayaraq, hakimlərimiz iş yükünün öhdəsindən layiqincə gəlməyə çalışırlar. Təsadüfi deyil ki, birinci instansiya məhkəmələri tərəfindən mülki xarakterli işlər üzrə çıxarılmış qərarların təxminən 98 faizi sabit qalıb.
Ötən dövrdə hakimlərin sayının iki dəfə artırılmasına baxmayaraq, ölkəmizdə hakimlərin əhaliyə nisbətdə sayı da Avropa dövlətləri ilə müqayisədə daha azdır, hər 100 min nəfərə 6 hakim düşür. Halbuki, bəzi Avropa dövlətlərində bu göstərici 20-dən çoxdur. Hazırda vakant hakim ştatlarının komplektləşdirilməsi üzrə tədbirlər görülür, 126 nəfər hakimliyə namizəd şəffaf seçim əsasında imtahanlardan uğur qazanaraq Ədliyyə Akademiyasında tədris kursundadır.
Əlbəttə, iş yükünün azaldılmasına təkcə hakimlərin sayının artırılması ilə nail olmaq mümkün deyil. Bununla əlaqədar məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması, məhkəmələrin iş yükünün azaldılması ilə bağlı təhlillər aparılır, mülki xarakterli işlərin məhkəmədən kənar həlli yolları axtarılır, bu sahədə beynəlxalq təcrübə öyrənilir.
Məhkəmələrin çıxardıqları qərarların icrasına xitam verilməsi səlahiyyətlərinin icra məmurlarına verilməsi məhkəmələrdə iş yükünün azalmasına təsir göstərib, həmçinin bu sahədə operativliyə nail olunub, əlavə yazışmalara son qoyulub, vaxta və dövlət xərclərinə qənaət edilib. Bununla yanaşı, vətəndaşların hüquqlarının etibarlı təmin olunması məqsədilə icra məmurunun qərarından məhkəməyə şikayət vermək hüququ təsbit edilib.
Eyni zamanda, mülki xarakterli işlərin təxminən 60 faizini əmr icraatı qaydasında baxılan mübahisəsiz pul və əmlak tələbləri ilə bağlı işlər təşkil edir. Bu sahədə inkişaf etmiş xarici dövlətlərin təcrübəsi göstərir ki, əmr icraatı ilə bağlı işlərə məhkəmədən kənar mərkəzləşdirilmiş formada elektron qaydada baxılır. Bununla əlaqədar xüsusi proqram təminatı yaradılıb, bu cür işlərə elektron sistemlər tətbiq olunmaqla ən qısa müddətdə baxılması mexanizmləri işlənilir, müvafiq qanun layihələri hazırlanır.
Düşünürəm ki, bu sahədə yeni prosedurun tətbiqi məhkəmələrin iş yükünün azalmasına, məsələnin operativ həllinə, insan resurslarının səmərəli istifadəsinə, işlərə daha qısa müddətdə baxılmasına öz müsbət təsirini göstərəcək.
Mübahisələrin məhkəmədən kənar alternativ həllində mühüm rol oynayan mediasiya institutu xüsusilə əhəmiyyətlidir. Məlumdur ki, bütün dünyada mütərəqqi institut kimi mediasiya geniş tətbiq olunur.
Ölkəmizdə də mediasiya institutunun yaradılması gündəlikdə olub, bu məqsədlə ötən dövrdə bir sıra addımlar atılıb, o cümlədən beynəlxalq təcrübə öyrənilib və Azərbaycan üçün potensial mediasiya modelinə dair təkliflər hazırlanıb. Həmçinin Avropa Şurası və Avropa İttifaqı ilə bu sahədə birgə layihələrin təşviqinə dair razılığa gəlinib.
Dövlətimizin başçısının ötən ilin dekabrında təsdiq etdiyi “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə cari ildə mediasiya haqqında qanun layihəsinin hazırlanması və Mediasiya Şurasının yaradılması ilə bağlı konkret tapşırıqların verilməsi, şübhəsiz ki, ölkəmizdə bu institutun inkişafına təkan olacaq.
- Azərbaycan, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasına aiddir. Avropa Məhkəməsinin presedentlərinin tətbiqi üzrə hansı tədbirlər görülür?
- Qeyd etməliyəm ki, Avropa Məhkəməsinin yurisdiksiyası Azərbaycana 2002-ci ilin aprel ayından şamil olunur. Bununla əlaqədar məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinə müstəsna əhəmiyyət verilir. Bu məqsədlə tanınmış mütəxəssislərin iştirakı ilə müxtəlif tədris tədbirləri, konvensiyanın tətbiqi problemləri ilə bağlı Ali Məhkəmədə həftəlik seminarlar, ayrıca təlimlər təşkil olunur. Həmçinin bu sahədə Avropa Şurası ilə birgə Ədliyyə Akademiyası tərəfindən hakimlər, hakimliyə namizədlər və digər hüquqşünaslar üçün iki illik xüsusi layihə həyata keçirilir.
Avropa Məhkəməsinin qərarları, o cümlədən Azərbaycanla bağlı qəbul etdiyi qərarlar hakimlər arasında geniş yayılır. Bu məsələnin əhəmiyyəti nəzərə alınaraq Ali Məhkəmənin Plenumunda müzakirə olunub, bütün məhkəmələrin diqqəti Avropa Məhkəməsinin presedent hüququnun tətbiqinə cəlb edilib və müvafiq tövsiyələr verilib.
Bu sahədə Avropa Məhkəməsinin hakimləri ilə birbaşa təmasların böyük səmərəsi nəzərə alınaraq son illər ərzində Məhkəmənin 20 hakimi, o cümlədən sədrləri ölkəmizə səfərlər edib, təlimlər keçirərək mühazirələr oxuyublar.
Təhlillər göstərir ki, Avropa Məhkəməsinin özündə hədsiz iş yükü vardır. Bu isə üzv dövlətlərin milli məhkəmə sistemlərində qüsurların olması ilə səciyyələndirilir. Bununla əlaqədar Avropa Məhkəməsinin fəaliyyətinin səmərəliliyinin artırılmasına dair ötən dövrdə bir neçə konfrans keçirilib, problemin həlli yolları araşdırılıb, həmçinin üzv dövlətlərdə məhkəmə sistemlərinin təkmilləşdirilməsi ilə bağlı əhatəli sənədlər qəbul olunub. Həmin konfranslarda ölkəmiz də fəal təmsil olunub, Azərbaycanda dövlətimizin başçısının rəhbərliyi ilə məhkəmə sistemində aparılan və məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunmasına xidmət edən islahatlar barədə fikir və təcrübə mübadiləsi aparılıb. Təsadüfi deyil ki, bu sahədə sürətli islahatların Azərbaycanda həyata keçirilməsi etiraf olunub və görülən işlərə böyük maraq göstərilib.
Konfranslar zamanı qəbul olunmuş bəyannamələrin implementasiyasına xüsusi diqqət yetirilərək bu mühüm sənədlərin mahiyyətini ictimaiyyətə çatdırılması məqsədi ilə bu sənədlər dərhal tərcümə olunaraq nazirliyin və Məhkəmə-Hüquq Şurasının internet saytlarında (www.justice.gov.az, www.jlc.gov.az) yerləşdirilib. Bundan əlavə, qəbuledilmə tələblərinə cavab verməyən şikayətlərin sayının azalmasında mühüm rolu olan Avropa Məhkəməsinin şikayətlərin qəbul olunması kriteriyalarına dair praktiki bələdçi də nazirlikdə Azərbaycan dilinə tərcümə olunub və veb-saytda yerləşdirilib.
Eyni zamanda, hakimlərimizin və digər hüquqşünasların Avropa Məhkəməsində təcrübə keçmələri diqqətdə saxlanılaraq son illər 110 nəfər hakim, prokuror və vəkillər Strasburqda tədris səfərlərində olublar. Yeri gəlmişkən, hazırda hakimliyə namizədlərimiz həmin Məhkəmədə praktiki təlimlərə cəlb olunub. Bundan əlavə, dövlətimizin başçısının təşəbbüsü ilə bir nəfər hakimimiz Strasburq Məhkəməsinə ezam olunub və bu təşəbbüs Avropa Məhkəməsinin sədri tərəfindən yüksək qiymətləndirilərək belə bir təcrübənin davam etdirilməsi barədə razılığa gəlinib.
Avropa Məhkəməsinin qərarlarının icrasına da xüsusi önəm verilir. Qeyd etməliyəm ki, bu qərarlar, ilk növbədə, hüquq sisteminin daha da təkmilləşdirilməsi və inkişafı, insan haqlarının etibarlı təminatı naminə əsaslı mənbə kimi qəbul olunur. Avropa Məhkəməsinin presedent hüququ da məhz buna xidmət edir.
Azərbaycana qarşı Avropa Məhkəməsi tərəfindən çıxarılan qərarların sayı digər ölkələrlə müqayisədə qat-qat azdır. Belə ki, 2016-cı ildə Azərbaycana qarşı cəmi 16 qərar çıxarılıb. Halbuki əhalisinin sayı Azərbaycanla təxminən eyni olan Bolqarıstana qarşı 33, Macarıstana qarşı 40, Yunanıstana qarşı isə 41 qərar çıxarılıb. Ümumiyyətlə, Məhkəmənin fəaliyyətinə nəzər yetirsək görərik ki, çıxarılan bütün qərarların təxminən yarısı yalnız 4 ölkəyə: Rusiya, Ukrayna, Türkiyə və Rumıniyaya qarşı olub.
Avropa Məhkəməsinə Azərbaycandan daxil olan şikayətlərin sayı isə ümumi Avropa göstəricisindən demək olar ki, 2 dəfə azdır. Belə ki, Avropada 10 min əhaliyə orta hesabla 0,64 şikayət düşdüyü halda, bu göstərici Azərbaycan üzrə 0,34 təşkil edir. Ölkəmizlə müqayisədə digər dövlətlərdən, o cümlədən Avropa İttifaqının üzvlərindən olan Macarıstandan 16 dəfə, Rumıniyadan 12 dəfə, habelə Bosniya və Herseqovinadan 8 dəfə çox şikayət daxil olub.
Amma bu bizdə heç də arxayınlıq yaratmır, hüquq sistemimizin inkişafı naminə Avropa Konvensiyasının və məhkəmə presedentlərinin öyrənilməsi və tətbiqi işi əzmlə davam etdirilir.
Möhtərəm Prezidentimizin diqqəti və qayğısı sayəsində bütün sahələrdə olduğu kimi, məhkəmə sistemində də islahatlar uğurla həyata keçirilir, insan hüquqlarının etibarlı müdafiəsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə qərarlarının ədalətliliyinin və icrasının təmin olunması ilə məqsədyönlü işlər davam etdirilir, məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi ilə bağlı qanunvericilik daim təkmilləşdirilir, o cümlədən Milli Məclisin son iclasında daha iki yeni qanun qəbul olunub.
-Müsahibəyə görə çox sağ olun, məhkəmə islahatlarının həyata keçirilməsi işində sizə uğurlar arzulayırıq.

Digər xəbərlər