Müsahibə

  • 8 722

Bu gün Azərbaycanı dünyaya tanıdan amillərdən biri də dilimizə olan ehtiramdır və bu yöndə həyata keçirilən dövlət siyasətidir

image

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva

- Jalə xanım, bildiyimiz kimi Ümummilli lider Heydər Əliyevin qərarı ilə 2001-ci ən etibarən 1 avqust tarixi ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan dili Günü kimi qeyd olunur. Sizcə, bu qərarın tarixi əhəmiyyəti nədən ibarətdir?

- Ümumiyyətlə, Ulu öndərimiz Heydər Əliyevin verdiyi qərarlar, imzaladığı sənədlər təkcə dünənimiz və bugünümüz üçün deyil, o cümlədən gələcəyimiz üçün də çox aktualdır və xalqımızın mənafeyinə xidmət edir. Ulu öndər Heydər Əliyev hələ sovetlər dönəmində respublikamıza rəhbərlik edərkən ana dilimizi qoruyub və təbliğ edib.1969-cu ilin iyul ayında respublikanın rəhbəri seçilən Heydər Əliyev, cəmi bir-neçə aydan sonra o vaxtkı Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində nitq söylədi. Həmin dövrdə belə bir addım, həqiqətən, böyük bir cəsarət istəyirdi. Sovetləşmə isə bütün SSRİ məkanında sürətlə davam edirdi. Və belə bir zamanda - 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyası hazırlanarkən, respublikanın rəhbəri Heydər Əliyev, şəxsən özü yaradıcı ittifaqlara xəbər göndərməli olmuşdu ki, Konstitusiyaya Azərbaycan SSR-də dövlət dilinin Azərbaycan dili olması barədə xüsusi maddə salınmasını tələb etsinlər. Nəticədə, Konstitusiyada, Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir - maddəsi təsdiq olundu. Bu addım, bu cəsarətli addım müstəqil bir ölkədə deyil, milli hüquq və azadlıqların məhdudlaşdırıldığı, milli köklərin unutdurulmağa çalışıldığı, totalitar imperiyaya bağlı olan bir ölkədə, sovet respublikası olan Azərbaycanda atılırdı.

Daha sonrakı illərdə də ana dilimizin qorunması üçün gördüyü işlərə görə biz Ümummili liderimizə borcluyuq. Belə ki, müstəqillik dövründə də Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dilinin qorunması və inkişafı baxımından mühüm tədbirlər görüldü. Əvvəla, Ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanın Azərbaycan dilinin qorunması və inkişafı baxımından əhəmiyyətinə toxunmaq istəyirəm. Bəllidir ki, dil məsələsi ilə bağlı çox ciddi sənədlər qəbul olunub. Onlardan ən mühümü 2001-ci ilin iyun ayında Ulu öndər Heydər Əliyev tərəfindən “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanın imzalanmasıdır.

Hesab edirəm ki, Azərbaycan dilinin tarixində bu səviyyədə sənəd qəbul olunmayıb. Çünki sənəddə çox ciddi, strateji münasibət ortaya qoyulub. Sənəddə dilin tarixindən başlamış, müasir dövrümüzə qədər olan məsələlər geniş şəkildə öz əksini tapır. Dövlətin dil siyasətini bütün miqyası ilə olduqca dolğun şəkildə əks etdirən fərman həm də, elmi-metodoloji məzmunu ilə diqqəti cəlb edir. Əlbəttə, «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında» Fərman Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əsəri idi. Burada Heydər Əliyevin qurduğu dövlətin milli dil siyasəti əks etdirilir, həmin dövlət uğrunda aparılmış mübarizənin tarixi və gələcəyi ifadə olunur.

Heydər Əliyevin fərmanı ilə 1 avqust tarixinin ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan dili günü kimi qeyd olunması da bu baxımdan önəmlidir. Bu, sıradan bir qərar deyil. Biz bu günü qeyd edərkən yaddaşlarımızı saflaşdırırıq, yeniləyirik və bu dilin uğrunda aparılan mübarizəni unutmayaraq onu gələcək nəsillərə ötürməli olduğumuzu bu tarix bizə dönmədən xatırladır.

Yəni 1 avqust tarixinin əhəmiyyəti bu günü ildə bir dəfə qeyd etməkdən ibarət deyil. Ulu öndərimizin həmin qərarı onu ifadə edir ki, bu günə gətirən yol o qədər böyük, şərəfli və keşməkeşlidir ki, xalq öz dili uğrunda apardığı mübarizə üçün qürur, iftixar hissi keçirə bilər. Bu qürur və iftixarı da bizə yaşadan Ümummilli liderimiz Heydər Əliyevdir. Ümumiyyətlə, bu gün Azərbaycanı dünyaya tanıdan, hörmət qazandıran amillərdən biri də dilimizə olan ehtiramdır və bu yöndə həyata keçirilən dövlət siyasətidir.

- Mühüm hadisələrdən biri də latın qrafikalı əlifbaya keçid idi. Bu əlifbaya keçidin üstünlükləri nə idi?

- Latın qrafikalı əlifbaya keçid çox əhəmiyyətli məsələdir. Biz 70 ilə yaxın müddətdə kirill əlifbasından istifadə etmişik ki, bu əlifba da sovetlər dövründə məcburən qəbul etdirilib. Kirill əlifbasının yaxından-uzaqdan soyumuzla bağlı heç bir əlaqəsi yoxdur. Müstəqillk illərində Ulu öndərimiz Heydər Əliyevin qərarı ilə latın qrafikalı əlifbaya tam keçid Azərbaycanın dünyaya açdığı pəncərənin daha da genişlənməsinə səbəb oldu. Bu, dünya əbədiyyatına qovuşmaq, onu daha yaxın izləmək, eləcə də köklərimizə qayıtmaq nöqteyi nəzərindən latın əlifbasına keçid önəmli qərar idi. Ona görə də, eyni zamanda, Əlifba Günü kimi də 1 avqust tarixi bizim üçün dəyərlidir.

- Ümummilli lider Heydər Əliyev tərəfindən bu sahədə əsası qoyulan siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu barədə fikirlərinizi bilmək istərdik...

- Ulu öndərimiz Heydər Əliyev bütün sahələrdə olduğu kimi Azərbaycan dilinin qorunması və inkişafı üçün əvəzedilməz xidmət göstərib. Hazırda Prezident İlham Əliyev Heydər Əliyev siyasətini hər bir istiqamət üzrə böyük uğurla davam etdirir. Hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində atdığı addımlar da əvəzedilməzdir.Hamımıza məlumdur ki, 2004-cü ildə ölkə Prezidenti İlham Əliyev "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", 2007-ci ildə isə "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında" sərəncamlar imzaladı. Bu sərəncamlar, ölkə rəhbərinin ana dilinə qayğısının və sevgisinin nümunəsi, öz vətəndaşlarını daha savadlı, daha məlumatlı görmək arzusu idi. Bu sərəncamlar xalqın özünə qayıdışına, xüsusilə gənc nəslin, böyüməkdə olan uşaqlarımızın milli dəyərlərimizə, milli mənəviyyatımıza daha sürətlə və uğurla sahib çıxmasına ölkə rəhbərinin göstərdiyi yardım idi.

- Jalə xanım, Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi ilə bağlı müvafiq dövlət proqramları qəbul edilib. Bu proqramların və digər sənədlərin əhəmiyyəti nədən ibarətdir?

- Biz müstəqil bir dövlətin vətəndaşlarıyıq. Müstəqil siysətimiz olduğu kimi müstəqil ana dilimiz də var və dövlət dili olaraq Azərbaycan dilinin qorunması üçün atılan bütün addımlar çox əhəmiyyətlidir. Bilirsiniz ki, bu istiqamətdə dövlət başçısı tərəfindən müvafiq qərarlar verilib, dövlət proqramları təsdiqlənib. Mən bu sırada “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın adını çəkmək istəyirəm. Bu Sərəncam olduqca böyük əhəmiyyət kəsb edir. Dövlət proqramında məhz cəmiyyətdən gələn narahatçılıq və dilimizlə məşğul olan insanların narahatçılığı bənd-bənd öz əksini tapıb. Sənəddə Azərbaycan dili ilə yanaşı, Azərbaycan dilçiliyinin, tərcümə fəaliyyətinin, terminologiya istiqamətinin də inkişafına diqqət verilir və məsələ kompleks şəkildə öz həllini tapır. Çünki Azərbaycan dilinin bu gün televiziyada, mətbuat orqanlarında, küçədəki reklam lövhələrində, mətbu nümunələrində yad elementlərdən xali olmadığı bizim hər birimizə yaxşı məlumdur və bu baxımdan qeyd etmək istəyirəm ki, ölkə başçısının bu yöndəki Sərəncamı tarixi əhəmiyyətli bir sənəddir.

- Dövlət dili olaraq Azərbaycan dili ilə bağlı qanunvericilik bazası haqqında nə deyə bilərsiniz?

- Bilirsiniz ki, Azərbaycan dili haqqında ayrıca qanun var və bu qanunda bütün məsələlər öz əksini tapır. Eyni zamanda, «Mədəniyyət haqqında» qanunda da Azərbaycan dili ilə bağlı müddəalar var. Ümumiyyətlə, millət vəkili olaraq çalışırıq ki, bütün qanunlarda dilimizin saflığı qorunsun və qanunlar Azərbaycan dilinin tələblərinə cavab versin. Eyni zamanda, ona da diqqət yetirilir ki, qəbul olunan qanunlar hər bir vətəndaşımız üçün anlaşılan olsun. Azərbaycan dilini qorumaq və gələcək nəsillərə çatdırmaq hər birimizin ən ali borcudur.

yap.org.az

Digər xəbərlər