Müsahibə

  • 8 306

Siyavuş Novruzov: “Seçkilərə start verilənə kimi biz bu işləri görüb bitirməliyik"

image

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun SİA-ya müsahibəsi:

• Siyavuş müəllim, Qaxda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində ölkə rəhbəri bildirdi ki, Azərbaycana birinci altı ayda 5 milyard investisiya qoyulub. Kənd təsərrüfatı ixracı 40 faizdən çox artıb. Bəs siz bunu necə şərh edərdiniz?

• Hesab edirəm ki, bugün Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı çox böyük işlər gedir. Cənab Prezidentin göstərişlərinə və tapşırıqlarına əsasən, Azərbaycan iqtisadiyyatının yeni bir mərhələsi artıq öz işinə başlayıb. Kənd təsərrüfatının inkişafına qoyulan vəsaitlər, investisiyalar özünü doğrultmaqdadır. Yəni artıq qeyri-neft sektorunun inkişafı ilə əlaqədar olaraq istər emal müəssisələri, istər kənd təsərrüfatı məhsulları, istərsə də ayrı-ayrı konserv zavodları və bu kimi zavod və fabriklərin açılması, yeni iş yerlərinin yaradılması, insanların yenidən ərazilərdə əkin-biçinlə məşğul olması ən aparıcı istiqamətlərdən birinə çevrilib. Məhz bunun nəticəsi olaraq həm insanların gəlirləri artır, həmçinin ölkənin ərzaq təhlükəsizliyi məsələsi həll olunur, eləcə də Azərbaycanın istehsal etdiyi kənd təsərrüfatı məhsulları ölkəyə valyuta gətirir. Bu gün tək Azərbaycan bazarları deyil, eləcə də ayrı-ayrı ölkələrin bazarlarında da Azərbaycan məhsulları çox yüksək qiymətləndirilir. Həm ekoloji cəhətdən təmiz, həmçinin keyfiyyətli olan məhsullar kimi də qəbul olunur və alınır. O baxımdan da kənd təsərrüfatına qoyulan investisiyalar qısa müddət ərzində həm özünü doğruldacaq, həmçinin də yeni gəlirlər əldə olunacaq. Həmçinin bundan öncə Sabirabad rayonunda kənd təsərrüfatının inkişafı ilə bağlı qoyulan investisiyalar da öz bəhrəsini verib. Müxtəlif mövsümi dövrlərə uyğun olaraq istehsal olunan məhsulların müşavirələri keçirilir. Burada da ciddi şəkildə istehsal olunan məhsulların miqdarı, onların gətirəcəyi gəlirlər, onlara qoyulan investisiyalar və s. məsələlər öz həllini tapıb. Məhz bunun nəticəsində yüksək göstəricilərlə məhsul istehsal olunur. Məsələn, əgər ötən il baramaçılıqla bağlı (ümumi Azərbaycan üzrə) 20 ton məhsul istehsal olunmuşdusa, artıq bir rayonun özündə 27-28 ton barama məhsulu istehsal olunur. Eləcə də yeni ağacların əkilməsi ilə ipəkçiliyə geniş ehtiyaclar yaranır. Bunun təminatı nəticəsində də həm ölkənin daxilinə, həm də xarici bazarlara məhsulların çıxmasına əlavə stimul yaradır. Azərbaycanda olan 12 iqlimdən 9-u Azərbaycanda olduğuna görə, tütün, meyvəçilik, tərəvəzçilik, pambıqçılığın inkişafı üçün əlverişli zəmin yaranır. Azərbaycan aqrar sahədə çox böyük uğurlar əldə edəcək.

• Prezident İlham Əliyev dəfələrlə məmurlara öz övladlarının, ailə üzvlərinin hərkətlərinə nəzarət etməyi tapşırıb, qanunları pozan məmur övladlarının cəzalandırmasını tələb edib. İndiyədək bir neçə məmurun övladı və qohumu cəzalandırılıb, özləri işdən çıxarılıb. Lakin görünür digərləri bundan nəticə çıxartmayıb. Siz bu barədə hansı fikirdəsiniz?

• Ümumilikdə götürdükdə, Azərbaycan Prezidenti İlham Əliyevin bir tələbi var ki, hər bir dövlət məmuru vəzifəyə təyin olunarkən onun qarşısında ən məqsəd xalq xidmət dayanmalıdır. Yəni hər bir məmur vəzifəyə təyin olunur ki, o xalqa xidmət göstərsin və xalqın, cəmiyyətin problemlərini həll etsin. Beləcə o əlavə problemlər yaratmasın. Ölkə başçısı bununla bağlı dəfələrlə keçirdiyi müşavirələrdə deyib ki, nəinki həmin məmurlar işdən azad olunacaq, hətta cəzalandırılacaq. Bu baxımdan da hesab edirəm ki, Azərbaycanda bu proses gedir və hər kəs də bundan ibrət dərsi götürməlidir.

• Bu bir faktdır ki, Ermənistan daha çox Azərbaycanın mülki vətəndaşlarını hədəf seçir. Dünya Birliyinin Ermənistanın bu qəddar siyasətinə göz yumması nədən irəli gəlir?

• Ermənistanın bu məkrli siyasətinin arxasında çox gizli bir niyyət dayanır. Əslində Ermənistan məlum aprel hadisələrinə kimi gözləyirdi ki, əgər hər hansı bir müharibə baş verəcəksə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olan ölkələr rəsmi İrəvanı ciddi şəkildə müdafiə edəcəklər, bura qoşun yeridəcəklər və birgə Azərbaycana qarşı silahlı aksiyalar həyata keçirəcəklər. Lakin onlar bir şeyi yaddan çıxarır ki, beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq istər işğal olunmuş ərazilər, istər Dağlıq Qarabağ Azərbaycanın BMT tərəfindən tanınılmış əraziləridir. Yəni Azərbaycan beynəlxalq hüququn prinsiplərini rəhbər tutaraq orada istər anti-terror əməliyyatları, istərsə də ərazi bütövlüyünün bərpası ilə məşğul olmaq hüququna malikdir. Buna BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, Avropa Şurasının, Avropa Parlamentinin, NATO Parlament Assambleyasının, ATƏT-in və digər qurumların çıxardığı qərarlar da tam hüquqi əsas verir. Göründüyü kimi Ermənistan 2 aprel hadisələrində nə qədər müraciət etsə də həmin dövlətlər qeyd etdilər ki, Azərbaycan öz ərazi çərçivəsində bu tədbirləri həyata keçirir. Başqa bir dövlətin Azərbaycanın dövlət ərazisinə müdaxilə etmək hüququ yoxdur. Bu artıq işğalçılıq siyasəti adlandırıla bilər. Bu baxımdan Ermənistan ciddi-cəhdlə çalışır ki, nəinki bizim ordu mövqelərinə, eyni zamanda paralel olaraq dinc sakinlərin yaşadığı və təsərrüfat işləri ilə məşğul olduqları ərazilərə də atəş açsın. Çalışırlar ki, bunun nəticəsində insanları vahimədə saxlasınlar, onlara xəsarət yetirsinlər, öldürsün, yaralasın və s. Ermənistan həm də burada iri çaplı silahlardan istifadə etməyə çəkinmir. Rəsmi İrəvan hesab edir ki, bununla Azərbaycanı qıcıqlandırır. Erməni xalqının, milliyyətinin xislətidir ki, onlara qarşı hər hansı qəddarlığın, terror hadisəsinin həyata keçirilməsi adi haldır. Biz bunu Xocalıda, türk diplomatlarına qarşı Avropada təşkil olunan terror aktlarında da görmüşük. Həmçinin biz bunu Azərbaycanın metrosunda, avtobuslarında 20-dən artıq terror aktının həyata keçirilməsində də görmüşük. Eləcə də bu yaxınlarda Füzulidə baş verən hadisələrdə də bunun şahidi olduq və s. Yəni bu bir növ erməni xüsusiyyəti və ermənilikdir.

• Ümumiyyətlə Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistana müharibə etməsinə nə mane ola bilər?

• İlk növbədə onların gücü çatmazki müharibə aparsınlar. Bilirsiniz ki, əgər bu məsələ Azərbaycanla Ermənistan arasında qalsa ölkəmizə bir həftə lazımdır ki, İrəvana qədər qədim Azərbaycan dədə-baba torpağını bərpa etsin. Həm Azərbaycan ordusunun psixoloji durumu, hərbi texnikası, təchizatı, təlimi, həm də Ali Baş Komandanın iradəsi, xalqla bir yerdə olması, xalqın ona dəstəyi bunlara bariz nümunədir. O baxımdan da Ermənistan bu addımları ata bilmir və himayəçilərindən bu proseslərdə istifadə etməyə çalışır.

• Siyavuş müəllim, Yeni Azərbaycan Partiyası rayon təşkilatlarında konfranslar keçirir. Bu istiqamətdə görülən işlər və qarşıda duran vəzifələr barədə nə deyə bilərsiniz?

• Bu konfranslar 5 ildən bir keçirilir. Bizim 84 rayon və şəhər təşkialtı var. Onun artıq 63-də bu konfranslar keçirilib. Hazırda 21 təşkilatımızda bu konfranslar davam olunur. Bu il bildiyiniz kimi YAP-ın 25 illliyidir. Biz sentyabr ayından etibarən silsilə tədbirlərə başlayacayıq. Bu 5 il müddətində partiya sıralarına kifayət qədər yeni insanlar daxil olub. Bunların 70 faizini gənclər təşkil edir. Partiyanın yerli strukturlarının rəhbər orqanlarında (rayon şurasında, rayon idarə heyətində, sədrlərdə, sədr müavinlərində, o cümlədən nəzarət təftiş qruplarımda) müvafiq dəyişikliklər olunur. Bu proses artıq davam olunur. Əgər 5 il bundan öncə YAP-ın sıralarında az insan cəmləşmişdisə, artıq partiyanın sıralarında 700 mindən artıq partiya üzvü cəmləşib. 150 mindən artıq insan bu dövr ərzində partiya sıralarına daxil olub. Bilirsiniz ki, Prezident seçkiləri ilə bağlı hazırlıq işləri çoxdur. Bizim bununla bağlı proqramımız hazırlanır. Hazırda biz bu proqramı İdarə heyətinin təsdiqinə təqdim edəcəyik. Həm məntəqə, dairə seçki komissiyalarında məşvərətçi səs hüquqlu üzvlər, müşahidəçilər, imza toplayacaq şəxslər, təbliğat materiallarının açılması, yapışdırılması, çatdırılması ilə məşğul olan şəxslər və s. hər biri proqram əsasında hazırlanır. Seçkilərə start verilənə kimi biz bu işləri görüb bitirməliyik. Ona görə də ikinci mərhələdə partiya qarşısında duran çox böyük işlər var. Sentyabrdan etibarən seçkilərə qədər çox aktiv və gərgin şəkildə bu işlər öz həllini tapmalıdır.sia.az

Digər xəbərlər