Müsahibə

  • 8 658

• Hikmət Babaoğlu: "Bəzi qüvvələr Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa cəhdlər edirlər"

image

Müsahibimiz "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili, politoloq Hikmət Babaoğludur

- Hikmət müəllim, son günlər bəzi xarici qurumlar Azərbaycanla bağlı qərəzli iddialarla çıxış edirlər. Bu iddiaların arxasında nə dayanır?

- Bilirsiniz ki, beynəlxalq münasibətlər sistemində dövlətlər arasında rəqabət gündən-günə artır. Hazırki mərhələdə beynəlxalq münasibətlər sistemini formalaşdıran mərkəzlər arasında bir növ yeni qütblər formalaşır. Belə olan halda, tərəflər biri digərinin beynəlxalq münasibətlər sistemindəki mövqeyini sıxışdırmağa çalışır. Xüsusən yeni müstəqil dövlətlərin güclənməsi artıq ənənəvi güc mərkəzləri tərəfindən yaxşı hadisə kimi qarşılanmır. Azərbaycanın nüfuzu hər gün daha da artır, milli dövlətçiliyimiz möhkəmlənir. Hazırda qlobal iqtisadi böhranın hökm sürdüyü bir vaxtda Azərbaycan iqtisadiyyatı qısa fasilədən sonra yenidən bərpa olunmağa başlayıb. Azərbaycan çox böyük qlobal layihələr həyata keçirir, ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemini donmuş münaqişə halına salınmasına imkan vermir və torpaqlarımızın işğaldan azad olunması üçün əzm nümayiş etdirir. Bu cür müstəqil və milli maraqlara söykənən mövqe bəzi ermənipərəst, islamafob mərkəzlərinin xoşuna gəlmir. Ona görə də bəzi qüvvələr vaxtaşırı ölkəmizə qarşı informasiya təxribatları törətməklə Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa cəhdlər edirlər. Çünki, erməni lobbisi və ermənipərəst mərkəzlər bilirlər ki, Ermənistan Azərbaycanın hərbi, iqtisadi gücü qarşısında torpaqlarımızı uzun müddət işğal altında saxlaya bilməyəcək. Eyni zamanda Azərbaycanın ayrı-ayrı ölkələrlə dostluq münasibətləri, diplomatik gücü Ermənistanı bir qədər də küncə sıxışdırır. Belə olan halda, ermənipərəst mərkəzlər və onların havadarları Azərbaycanı daxildən parçalamağa cəhd göstərir, guya ölkəmizdə korrupsiya, sabitliyin kövrək olması, insan haqlarının pozulması ilə əlaqədar iddialar ortaya atırlar. Son günlər qlobal mediada Azərbaycanda korrupsiya faktı ilə bağlı yayılan dezinformasiyanın arxasında da məhz düşmən qüvvələrinin ölkəmizdə daxili sabitliyi pozmaq cəhdi dayanır. Çox təəssüf ki, hazırda imperialist mərkəzlərin ruporu rolunda çıxış edən bəzi xarici media qurumları da bu kimi dezinformasiyaları tirajlayan vasitəyə çevrilirlər. Bu, informasiya ilə yaxud yumşaq güc vasitəsilə milli dövlətin şantaj olunmasıdır. Azərbaycanla bağlı qərəzli məlumatların əsas müəlliflərindən birinin milliyyətcə erməni olması bir daha göstərir ki, sözügedən informasiya təxribatında düşmənlərimizin bir başa iştirakı var. Eyni zamanda məhşur milyarder və siysi hoqqabaz C.Sorosun da bu işdə dəsti xəttinin olması onun postsovet məkanında "yarımçıq qalmış çevriliş planları"nın davamına cəhdi kimi qiymətləndirilməlidir. Bəlli olduğu kimi hazırda C.Sorosun terrorçu elan edilməsi üçün ABŞ-da petisiya elan olunub və məsələnin müvafiq qurumlarda müzakirə olunmasına hüquqi əsas yaradacaq qədər imza artıq toplanıb. Bu şəxs ABŞ ərazisində iqtisadi və maliyyə terrorru törətməkdə və haqsız rəqabət mühiti yaratmaqla dövlətin maraqlarına ziyan vurmaqda ittiham edilir. Belə adamın ermənilərlə iş birliyi içərisində olması olduqca təbiidir. Çünki onları terrorizm xisləti birləşdirir.

- Dediyinizə görə, Azərbaycanla bağlı yazılan qərəzli məlumatların arxasında ermənilər dayanır. Belə olan halda, deyə bilərikmi Ermənistanın budəfəki məqsədinin arxasında da məhz Dağlıq Qarabağ münaqişəsinin həllini arxa plana salmaq dayanır?

- Bəli. Ermənistan bu cür informasiyalar vasitəsilə regionun real siyasi gündəliyini, işğal faktını arxa plana keçirərək, Azərbaycanın adının neqativ hadisələrdə hallanmasını istəyir. Lakin bu mümkün deyil. Çünki, Azərbaycan diplomatiyası, eləcə də informasiya gücü buna imkan verməyəcək. İşğal faktının arxa plana keçirilməsinə yönələn bu cəhdlər xüsusən 2016-cı ildə baş verən aprel hadisələrindən sonra daha da aktivləşib. Hərbi-siyasi müstəvidə Azərbaycan qarşısında aciz qalan Ermənistan informasiya müstəvisində bu cür təxribatlara əl atmaqla gündəmini dəyişməyə çalışır. Ancaq dediyimiz kimi Azərbaycan güclü və müstəqil dövlətdir və ölkəmiz öz torpaqlarını işğaldan azad edəcək. Bu cür təxribatlara, erməni yalanına isə Azərbaycanın informasiya məkanında və azərbaycanlılar arasında inanan yoxdur.

- ABŞ-ın ATƏT-in Minsk qrupunda təmsil olunan müvəqqəti həmsədri Riçard Hoqland bir müddət bundan öncə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində 6 maddədən ibarət plan açıqladı. Məhz bu plandan sonra Azərbaycana qarşı qarayaxma cəhdləri sizdə şübhə doğurmur?

- Ümumiyyətlə, beynəlxalq münasibətlərdə baş verən hadisələrə kompleks yanaşmaq lazımdır . Çünki, beynəlxalq münasibətlərdə nizam elə qurulub ki, biri digərini tamamlayaraq konkret məqsədlərə xidmət edir. Belə ki, həm Hoqlandın, həm də ABŞ-ın ATƏT-in Minsk qrupuna təyin olunan yeni həmsədri Enrü Şoferin açıqlaması təsadüfi deyildi. Hər iki açıqlama bir-birini tamamlayırdı. Əslində Hoqland açıqlaması ilə yenilənmiş Madrid prinsiplərini, sülh danışıqları üçün çərçivənin müəyyən olunduğunu yenidən elan etmiş oldu. Məsələ ilə bağlı fərqli reaksiyalar oldu. Lakin ilk növbədə Rusiyanın XİN başçısı və Ermənistan da açıqladı ki, Hoqlandın bəyanatında yeni heç nə yoxdur. Bu o deməkdir ki, problemin həlli ilə bağlı çərçivə artıq bəllidir və məsələ yenilənmiş Madrid prinsipləri əsasında həll edilməlidir. Təbii ki, bu da erməniləri qane etmir. Bilirsiniz ki, son dövrlər Ermənistanın oynadığı ikibaşlı xarici siyasət qonşu dövlətlərdə eləcə də regionda nüfuzu olan bəzi mərkəzlərdə ciddi narahatlıq yaradıb və onlar tənqidlərə məruz qalırlar. Gürcüstanda keçirilən sonuncu NATO təlimlərində Ermənistanın heç bir səbəb göstərmədən iştirak etməməsi də bir daha onu sübut etdi ki, düşmən ölkə dəyişkən mövqeyə malikdir. Bu cür siyasət qeyri-ciddi siyasət kimi qəbul edilir və bununla heç bir ölkənin müttəfiqi olmaq mümkün deyil. Ona görə də ermənilər hazırkı mərhələdə həm daxili, həm də qlobal informasiya auditoriyasına yeni mövzu atmaqla özünün işğalçı siyasətini ört-basdır etməyə çalışır. Lakin bu effektiv metod deyil və bu cür addımlar nəticə etibarı ilə Ermənistanı dalana doğru aparır. Ermənistanın buraxdığı hər bir səhv Azərbaycanın lehinədir.Bu baxımdan düşünürəm ki, Ermənistanın informasiya müstəvisindəki təxribatları da baş tutan deyil.

- Yaxın günlərdə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü nəzərdə tutulur. Hətta həmsədrlər ilin sonuna qədər prezidentlərin görüşünün keçirilməsi ilə bağlı proqnozlar da verirlər. Sizcə, danışıqların yenidən bərpa olunduğu bir vaxtda Ermənistanın Azərbaycana qarşı qərəzli mövqe nümayişi nədən xəbər verir?

- Ümumiyyətlə, 2016-cı ildə baş verən aprel döyüşlərindən sonra yeni mərhələdə biz erməni diplomatiyasının danışıqlardan qaçmaq üçün ciddi cəhdlər etdiyinin şahidi olduq. Bir neçə ay bundan öncə, Ermənistan və Azərbaycan XİN başçılarının görüşündən sonra bərpa olunan danışıqlar ilk növbədə Azərbaycan diplomatiyasının nailiyyətidir. Çünki ermənilər yenidən danışıqlara başlamaq üçün şərtlər irəli sürərək bildirdilər ki, Azərbaycan aprel döyüşlərində işğaldan azad etdiyi yüksəklikləri yenidən geri qaytarmalıdır. Azərbaycan diplomatiyasının təzyiqi nəticəsində region ölkələri, həmsədr dövlətləri Ermənistanı yenidən danışıqlar masası arxasına gətirdilər. Ermənistan yenidən danışıqlara gəlməyə məcbur oldu. Məcbur etmədikdə düşmən ölkədən konkret addım gözləmək olmur. Sentyabr ayının əvvəllərində BMT-nin Baş Assambleyasında keçirilən tədbirlər çərçivəsində Azərbaycan və Ermənistan XİN başçılarının görüşü nəzərdə tutulub. Bu mərhələdə düşmən ölkə düşünür ki, Azərbaycanla bağlı qərəzli informasiyalar yaymaqla ölkəmizə qarşı təzyiq etmiş olacaq. Hər kəsə məlumdur ki, ermənilər IV İslam Həmrəylik Oyunları, Formula-1 yarışları ərəfəsində də qlobal informasiya məkanında bu cür təxribatlara əl atmışdılar. Həmin təxribatlar üçün tribunaya çevrilən bəzi xarici mətbu orqanları sonradan bu və ya digər şəkildə həmin məlumatları yayan əməkdaşlarını cəzalandırdılar. Görürsünüz bu proseslər daimidir və Azərbaycan haqqında dezinformasiya yaymaqla ölkəmizi təxribata çəkmək məqsədi daşıyır. Təbii ki ölkəmizin də buna qarşı effektiv mübarizə metodları var. Belə ki, Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi qara siyahısı var. Bundan başqa transmilli media orqanlarında ölkəmizin əleyhinə gedən məlumatlar yayılırsa həmin mətbu orqanında yayılan dezinformasiya xarakterli məlumata görə ya təkzib verilir, ya da onu yayan əməkdaşlar cəzalandırılır. Bu, olduqca effektiv və tərbiyəvi metoddur. Çünki növbəti belə bir təxribatın yayılmasında vasitəçi olan jurnalist və ya informasiya mənbəyi ikinci dəfə bu addımı atarkən daha ehtiyatlı olacaq. O ki qaldı kökündən islamafob mövqe tutan xarici media orqanlarına Azərbaycan torpaqları işğaldan azad olunana qədər daim onlarla mübarizə aparmalı olacağıq.

sia.az

Digər xəbərlər