Müsahibə

  • 7 842

Siyavuş Novruzov: “Biz Avropa Şurası qarşısında tələblər irəli sürməliyik”

image

Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun SİA-ya müsahibəsi
- Siyavuş müəllim, sizcə Avropa Şurasının Baş katibi Turbyern Yaqland ölkəmizin daxili işlərinə qarışaraq siyasi məhbus” kimi qələmə verilən REAL hərəkatının rəhbəri İlqar Məmmədovun azadlığa buraxılmayacağı halda Azərbaycanın AŞPA-dan çıxarılması məsələsini gündəmə gətirməsi arxasında hansı məqamlar dayanır?
- Bilirsiniz, son zamanlar bəzi Avropa institutları Azərbaycanla təhdid dili ilə danışmağa cəhdlər göstərirlər. Lakin bu cəhdin onlara heç bir səmərə vermədiyini gördükdə siyasi şantaja əl atırlar. Bu gün Azərbaycanın tutduğu hərtərəfli inkişaf və tərəqqi yolu, xüsusilə, beynəlxalq aləmdə möhkəmlənən mövqeyi, müstəqil siyasət yürütməsi bir çox siyasi dairələri narahat etməyə başlayıb. Eyni zamanda, AŞ və digər təşkilatlarda fəaliyyət göstərən və erməni lobbisinin dəstəyi ilə Azərbaycan əleyhinə köklənmiş ayrı-ayrı şəxslər bu sifarişləri həyata keçirməyə çalışırlar. Bu baxımdan, Turbyern Yaqland da məhz İlqar Məmmədovdan məlum məqsədləri üçün istifadə edib, şantajçılıqla məşğul olur. Halbuki, onun bu şantajı heç nəyi dəyişməyəcək, əksinə, hesab edirəm ki, Azərbaycan Avropa Şurası ilə əlaqələrini və bu qurumda üzvlük məsələsini yenidən nəzərdən keçirməlidir. Ümumiyyətlə, onlar bizə deyil, biz onlara minnət qoymalıyıq və bunun üçün bizim kifayət qədər əsaslarımız var.
- Məsələn, hansı əsasları AŞ, yaxud Yaqland qarşısında qoyaraq ölkəmizin bu qurumdakı üzvlüyünü nəzərdən keçirə bilərik?
- Yenə də deyirəm, əsaslarımız kifayət qədərdir. Belə ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvü olaraq, bu təşkilat çərçivəsində səmərəli fəaliyyəti ilə seçilib. Gündəmə çıxarılan bütün məsələlərə dair öz müstəqil mövqeyi və rəyi ilə münasibət sərgiləyib. Məsələn, AŞPA-da təmsil olunan və ərazi bütövlüyü təhdid altında olan hər hansı bir dövlətin mövqeyini dəstəkləyən bəyanatlar verilib, beynəlxalq terrorizmə, insan alverinə və s. məsələlərlə bağlı münasibətlər bildirilib, demokratiyanın inkişafı üçün verilən bütün layihələrə dəstək göstərib, eləcə də təşəbbüslərlə çıxış edib, o cümlədən, digər faktorlar var ki, Azərbaycan tərəfi daim onları diqqətdə saxlayıb. Lakin təəssüflər olsun ki, bütün bunları görməzlikdən gələn Turbyern Yaqland və ona dəstək göstərən bəzi ermənipərəst deputatlar Azərbaycana qarşı ardıcıl şəkildə həyata keçirilən çirkin kampaniyaların tərkib hissəsində yer almaqda davam edirlər. Bu isə əlbəttə ki, yolverilməzdir. Ona görə ki, qeyd etdiklərim fikirlərin qarşılığında Azərbaycan AŞ-da daim təzyiqlə, ikili standartlarla üzləşib. Məhz bu səbəbdən, bayaq da qeyd etdiyim kimi, minnət, yaxud da sərt münasibət dili ilə onlar deyil biz danışmalıyıq və biz AŞ qarşısında tələblər irəli sürməliyik.
- İkili standartlar deyərkən, burada hansı faktları göstərmək olar?
- Yəqin ki, bir çoxları hələ də Andreas Qrossun, Andres Herkelin, Kristofer Ştrasserin və digər bu kimi xüsusi maraqlara xidmət edən məruzəçilərin anti-Azərbaycan fəaliyyətlərini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həlli məsələsində nümayiş etdirdikləri ikili standartlarını və laqeyd münasibətlərini unutmamış deyil. Hətta zaman-zaman işğalçı Ermənistanın bu siyasətini dolayısı ilə dəstəkləyən anlar da yaşanıb ki, biz, burada hər hansı səmimiyyətdən ümumiyyətlə danışa bilmərik.
Digər tərəfdən, Azərbaycan bu qurumda Türkiyə ilə birgə təmsil olunan müsəlman ölkələrindən biridir ki, istər demokratiyanın inkişafı, istər söz və fikir azadlığı, istərsə də insan azadlıqları və hüquqlarının qorunması istiqamətində bir çox Avropa ölkələrinə örnək sayıla bilər. Görünür, Azərbaycanın həm də müsəlman ölkəsi olaraq bu kimi məsələlərdə önə çıxması Yaqland timsalındakı bəzi avroparlamentariləri həqiqətən də narahat etməyə başlayıb.
Yəni burada Türkiyə amili də mövcuddur ki, bütövlükdə AŞPA iki qardaş və bir-birinə açıq dəstək göstərən müsəlman ölkələrinin eyni mövqelərdən çıxış etməsini həzm edə bilmir. Çünki oradakıların əksəriyyətində bilavasitə islamofob meylləri mövcuddur. Sual olunur, əgər sizlər doğrudan da özünüzü demokratiya və ədalət carçısı, insan haqlarını müdafiə edən deputat kimi hiss edirsinizsə, nəyə görə elə Avropanın daxilində baş qaldıran iqrçilik, ksenofobiya, polis zorakılıqlarına qarşı hər hansı bir önləyici tədbirlər görmürsünüz? Bunun əvəzində isə gah Azərbaycanı, gah da Türkiyəni hədəfə alıb çərçivəyə sığmayan, heç bir diplomatik dəyərə söykənməyən münasibətlər sərgiləyirsiniz?
Xüsusilə, Azərbaycanda son illərdə həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, istər iqtisadi, istər sosial, istər mədəniyyət, istərsə də başqa sahələrdə yalnız inkişaf nəzərə çarpır. Avropalıların özləri də yaxşı bilirlər ki, “siyasi məhbus” adlandırdıqları şəxslər hansı əməllərinə görə tutulublar və belə insanlar bundan sonra da qanun qarşısında cavab verəcəklər. Amma buna baxmayaraq, Azərbaycan hakimiyyəti bütün dünyaya humanizmin nə olduğunu dəfələrlə sübuta yetirib. Təkcə son illərdə on minlərlə insan, içlərində avropalıların “siyasi məhbus” kimi qələmə verdikləri şəxslər də daxil olmaqla azadlığa buraxılıblar. Ölkəmizdə demokratik islahatlar ardıcıllıqla reallaşdırılır və bundan sonra da davam edəcək. Lakin biz nə görürük? Yuxarıda sadaladığım ürəkbulandırıcı təhdiddlər və şantajlar. Məhz ikili standartlar deyəndə də biz, bunları nəzərdə tuturuq.
- Siyavuş müəllim, qeyd etdiyiniz faktlardan əlavə, Azərbaycana qarşı edilən bənzər hücumlar konkret olaraq daha hansı məsələlərə görədir?
- Əlbəttə, bu həm də Prezident İlham Əliyevin Azərbaycan xalqının milli maraqlarına söykənən müstəqil siyasətinə qarşı istiqamətlənmiş, hətta deyərdim qəsdən planlaşdırılmış bir addımdır. Çünki cənab Prezidentin yürütdüyü qətiyyətli siyasəti bəzi Qərb dairələrində və o cümlədən AŞ-da aşkar qıcıq doğurmaqdadır. Ona görə də bəzi avropalı deputatlar ölkə başçımızın qətiyyəti qarşısında heç nə edə bilmədikdə bənzər şantajlar meydana çıxmağa başlayır. Bəli, müsəlman ölkəsi olan Azərbaycan erməni lobbisini, bu lobbi ilə əməkdaşlıq edən avropalı ikiüzlü və saxtakar deputatları gecələr rahat yatmağa qoymur.
Bilirsinizmi, burada növbəti suallar yaranır. Axı necə ola bilər ki, 10 minlərlə qərarının icra olunmadığı Avropa İnsan Haqları Məhkəməsi birdən-birə durub Azərbaycanla bağlı hər hansı əsassız qərar versin və bu qərar da AŞ-da səmərəli fəaliyyəti ilə seçilən bir ölkənin oradan uzaqlaşdırılması ilə bağlı prosedura başlanılsın?!
Bir daha sözlərimin altından xətt çəkərək deyirəm, bu, AŞPA-nın baş katibi Yaqlandın həm bəzi Qərb dairələri, həm də region ölkələrindən aldığı sifarişinin nəticəsidir. İndi biz də ona bu cür sual edə bilərik ki, cənab Yqaland, bu sifarişlərə görə sizə nə qədər rüşvət verilib? Buyurun açıqlayın..!
-Siyavuş müəllim, hesab etmək olarmı ki, Azərbaycan bu qurumda təmsil olunduğu 16 illik müddətdə demək olar ki, ikili standartlardan başqa heç nə qazanmayıb?
- Əgər sadalanan fikirləri təhlil edərsək, bu, əlbəttə ki, belədir. AŞ PA beynəlxalq hüquq normalarının təmin edilməsi, Ermənistanın işğalçılıq siyasətinin aradan qaldırılması istiqamətində də heç bir təsirli addım atmayıb, halbuki, Azərbaycan dəfələrlə həmin məsələni qaldırıb və tələblərini irəli sürüb. Bu isə həm də belə qənaətə gəlməyə zəmin yaradır ki, Avropa dairələrinin həyata keçirdiyi siyasət Ermənistanın işğalçılığına bəraət qazandırmaqdan, Dağlıq Qarabağın işğalını rəsmiləşdirməkdən və onu Azərbaycandan uzaqlaşdırmaqdan başqa heç bir məqsəd güdməyib. Əksinə, Avropa Şurasına üzvlük, Qərbə inteqrasiya siyasəti yürüdən müstəqil və demokratik Azərbaycan yalnız davamlı təzyiqlər, daxili işlərinə kobud müdaxilə, ikili standartlar, qərəz, qarayaxma və ləkələmə, çoxsaylı şantajlarla qarşı-qarşıya qalıb. Ona görə də Turbyern Yaqland baş katibi olduğu qurumun “demokratik” fəaliyyətini şişirtməsə daha yaxşı olardı. Əksinə, o bundan sonra Azərbaycanın inteqrasiya meyllərini yenidən nəzərdən keçirəcəyi barədə verə biləcəyi qərarın ardınca, AŞ-nın imicinə nə qədər fəsadların toxunulacağı ehtimalları barədə düşünməyə başlasın. O və digər ermənipərəst deputatlar anlasınlar ki, Azərbaycan öz milli maraqlarına uyğun strateji hədəflərindən qətiyyən geri çəkilməyərək, müstəqil siyasətini davam etdirəcəkdir.
- Bəs, Azərbaycan beynəlxalq siyasi çevrədə hansı yeni siyasi tendensiyalara qoşula bilər?
- Bu gün Azərbaycanla əməkdaşlıq etmək marağında olan kifayət qədər region ölkələri var ki, həmin ölkələrlə yanaşı, İslam dünyası, Şərqlə əlaqələr də ən yuxarı səviyyəyə doğru inkişaf etməkdədir. Azərbaycan bu əlaqələri daha da genişləndirə, onların böyük potensialından yararlana, eləcə də mövcud potensialını əsas təşəbbüskar olaraq istifadə edə bilər və bununla da milli dövlətçilik maraqlarımız, müstəqil siyasətimiz daha da güclənəcək. Bu səbəbdən, əminliklə deyə bilərik ki, Azərbaycan cəmiyyəti bənzər Avropa təsisatlarının özünə və ümumiyyətlə İslam dünyasına qarşı ədalətsiz mövqeyini, onları hədəfə almaq cəhdlərini heç vaxt qəbul etməməklə yanaşı, onlardan fərqli olaraq, haqqın, ədalətin yanında olmağa, bu faktoru dəstəkləməyə davam edəcəkdir.

yap.org.az

Digər xəbərlər