Müsahibə

  • 5 476

Bu gün dünya bazarlarında rəqabətə girəcək məhsullara beynəxalq qiymətləndirmə şirkətləri tərəfindən sertifikatların verilməsi və patentlərin alınması vacibdir

image

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov

- Ramiz müəllim, Azərbaycan iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsi, qeyri-neft sektorunun yüksək inkişafınının təmin edilməsi, ixrac və rəqabət imkanlarının genişləndirilməsi məqsədilə rəhbərlik etdiyiniz komitənin fəaliyyətini təşkil edən keyfiyyət infrastrukturu sahələrində son bir ildə hansı islahatlar aparılıb?
- Dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə düşməsi, eləcə də gələcək dövrdə neftə tələbatın azalan templə səciyyələnməsi resurs ölkələri qarşısında iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək, qeyri-neft sektorunun yüksək inkişafını, ixrac və rəqabət imkanlarını genişləndirmək kimi vəzifələr qoyub. Sənayedə qeyri-neft sektorunun payının artırılması və iqtisadi diversifikasiya hazırda Azərbaycan üçün prioritet təşkil edir.
Cənab Prezident İlham Əliyev tərəfindən iqtisadiyyatın bütün sahələrində, eləcə də sənaye və ticarət sahələrində çevik islahatlar aparılmaqdadır. Ölkə rəhbəri tərəfindən qeyri-neft ixracının stimullaşdırılması ilə bağlı qoyulmuş vəzifələrin icrası xarici ölkələrlə ticarət əlaqələrində texniki maneələrin aradan qaldırılmasını, təhlükəsiz və keyfiyyətli, yüksək texnologiyalı və innovativ məhsulların istehsalını, istehsalat və xidmət göstərən müəssisələrdə müasir keyfiyyət idarəetmə sistemlərinin tətbiq edilməsini tələb edir.
Keyfiyyət infrastrukturu sahələrində aparılmış mühüm islahatlardan biri “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanıdır. Fərmanın icrası ilə əlaqədar komitə tərəfindən 4 publik hüquqi şəxs təsis edilib. Bunlar standartların hazırlanmasını, tətbiqini, bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliyi, habelə standartların tətbiqi ilə bağlı əlaqəli xidmətləri həyata keçirən “Azərbaycan Standartlaşdırma İnstitutu”, dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunmasını, qorunub saxlanılmasını və dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsini təmin edən “Azərbaycan Metrologiya İnstitutu”, ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilər barəsində daxil olmuş iddia sənədlərinin ekspertizasını, onların qeydiyyatını, reyestrini və müvafiq sahədə müqavilələrin qeydiyyatını aparan, mühafizə sənədləri və şəhadətnamələr verən, məlumatların dərcini həyata keçirən, patent müvəkkillərinin attestasiyasını, qeydiyyatını aparan, habelə ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərin hüquqi mühafizəsindən irəli gələn digər məsələləri həyata keçirən “Patent və Əmtəə Nişanları Mərkəzi”, akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, uyğunluğun qiymətləndirilməsi (təsdiqi) qurumlarının akkreditasiyasını və bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliyin həyata keçirilməsini təmin edən “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsləridir. Bundan başqa “Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanunlarının yeni layihələri aidiyyəti qurumlarla razılaşdırılaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilib. Qanun layihələrində məhsulların təhlükəsizlik göstəricilərinə, o cümlədən məhsullarla əlaqəli proseslərə, saxlanmaya, qablaşdırmaya, etiketləməyə və terminologiyaya dair tələblərin texniki reqlamentlərlə, məhsulların keyfiyyət göstəricilərinə dair tələblərin isə standartlarla müəyyən olunması, texniki reqlamentlərin icrasının sahibkarlar üçün məcburi, məhsulların keyfiyyətinə dair tələbləri ehtiva edən standartların icrasının isə könüllü xarakter daşıması, məhsulların texniki reqlamentlərə uyğunluğunun qiymətləndirilməsinin onların risk qrupları üzrə təsnifatından asılı olaraq həyata keçirilməsi və yalnız yüksək risk qrupuna aid məhsulların sertifikatlaşdırılmasının məcburi olması ilə bağlı müddəalar öz əksini tapıb.
Cənab Prezident tərəfindən təsdiqlənmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat üzrə Strateji Yol Xəritəsi”ndə əlverişli biznes mühitinin yaradılmasında hökumətin aparıcı rolunun daha da gücləndirilməsi prioritet məsələ olaraq qeyd olunub. Bunu nəzərə alaraq komitə öz fəaliyyətində texniki tənzimləmə və milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğun formalaşdırılmasını, onların biznes mühitinə dəstək istiqamətində tətbiq edilməsini hədəfləyir.
Butün bunlar ölkənin keyfiyyət infrastrukturunun daha da təkmilləşdirilməsini, beynəlxalq təcrübəyə uyğunlaşdırılmasını təmin edəcək.
- Azərbaycanda istehsal olunan məhsulların xarici bazarlara çıxışının təmin olunması istiqamətində komitənin xarici əlaqələri haqqında nə deyə bilərsiniz?
- Cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Azərbaycanda istehsal olunan məhsulların xarici bazarlara çıxışının təmin olunması, yerli qeyri-neft məhsullarının ixrac potensialının genişləndirilməsi, ticarətdə texniki maneələrin aradan qaldırılması və keyfiyyət infrastrukturunun beynəlxalq tanınması istiqamətində müvafiq tədbirlər görülməkdədir. Bu tədbirlərin davamı olaraq komitənin nümayəndə heyətinin cari ilin may ayında Çin Xalq Respublikasının Pekin şəhərinə səfərini qeyd etmək olar. Səfər zamanı Azərbaycan və Çin arasında “Texniki tənzimləmə, metrologiya, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrində Anlaşma Memorandumu” imzalanıb. Bu sənəd iki ölkə arasında ticarətdə texniki maneələri aradan qaldırmaq və iqtisadi əlaqələri gücləndirmək məqsədi daşıyır. Sənədə əsasən komitə Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyası ilə texniki tənzimləmə, metrologiya, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrində əməkdaşlığı inkişaf etdirəcək, Azərbaycan məhsullarının Çin bazarına maneəsiz ixrac edilməsi məqsədilə müvafiq işlər görüləcək. Belə ki, razılaşmaya əsasən Azərbaycanla Çin arasında texniki tənzimləmə, metrologiya, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi də daxil olmaqla, Milli Keyfiyyət İnfrastrukturu sahələrində texniki əməkdaşlığın təmin edilməsi, uyğunluğun qiymətləndirilməsi və metrologiya üzrə regional və beynəlxalq orqanlar tərəfindən keçirilən layihələrdə və tədbirlərdə qarşılıqlı əməkdaşlıq, keyfiyyət infrastrukturu sahələrində biliklərin artırılması məqsədi ilə birgə təlim proqramları, nümayəndə heyətləri və mütəxəssislərin mübadiləsi, normativ sənədlərin, milli standartların kataloqlarının, normaların və reqlamentlərin, sertifikatlaşdırma orqanları barədə ümumi məlumatın və nəşrlərin, məcburi sertifikatlaşdırılan məhsulların kataloqlarının, təlim proqramları və mütəxəssislərin ixtisaslarının artırılması ilə bağlı materialların və məlumatların mübadiləsi, sertifikatların qarşılıqlı tanınması üzrə əməkdaşlıq ediləcək. Bundan başqa Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyasının nazir müavini U Çinxay arasında keçirilən görüşdə ölkəmizdə istehsal olunan ekoloji təmiz kənd təsərrüfatı məhsullarının Çinə ixracı və bu istiqamətdə keyfiyyət infrastrukturu sahələrinin qarşılıqlı tanınmasına nail olmaqla bağlı razılıq əldə edilib. Qarşılıqlı anlaşmaya əsasən Çin tərəfi Azərbaycanda istehsal olunan məhsullara verilmiş sertifikatları tanıyacaq, akkreditasiya olunmuş sertifikatlaşdırma orqanları ilə əməkdaşlığı gücləndirəcək. Bundan başqa Çin akkreditasiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlara üzv olmaqla bağlı Azərbaycana öz dəstəyini göstərəcək.
Bundan başqa cari ilin may ayında komitənin nümayəndə heyəti Sloveniyanın Bled şəhərində Avropa Akkreditasiya Təşkilatının (EA) Baş Assambleyasında iştirak edib. Tədbir çərçivəsində Azərbaycanın nümayəndə heyəti ilə Latviya, Belarus, Türkiyə və Moldova nümayəndə heyətləri arasında görüşlər keçirilib, akkreditasiya sahəsində əməkdaşlığın genişləndirilməsi və Azərbaycan Akkreditasiya Mərkəzinin təşkilata üzvlüyünün dəstəklənməsi ilə bağlı razılıq əldə olunub. EA-nın vitse-prezidenti İqnasio Pina və aparatının rəhbəri Martine Blum ilə görüşdə təşkilata üzvlüklə bağlı ilin əvvəlində Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən təqdim olunmuş müraciət müzakirə edilib. Qeyd edim ki, müraciət EA katibliyi tərəfindən yüksək qiymətləndirilib və noyabr ayında Berlin şəhərində keçiriləcək Baş Assambleyanın növbəti iclası zamanı Azərbaycanın müvafiq qurumunun həmin təşkilata assosiativ üzv olaraq qəbulunun rəsmiləşdirilməsi barədə razılıq əldə olunub.
2017-ci ilin 30 may – 1 iyun tarixlərində keyfiyyət infrastrukturu sahəsində daha bir beynəlxalq tədbir keçirilib. Belə ki, Bakıda MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının yubiley iclası olub. Tədbirdə 14 ölkə, 10 beynəlxalq və regional təşkilatdan 100-ədək qonaq iştirak edib. 3 gün ərzində keçirilən tədbirdə MDB ölkələri arasında ticari əlaqələrin genişləndirilməsi, ticarətdə texniki maneələrin aradan qaldırılması, texniki tənzimləmə, standartlaşdırma, akkreditasiya sahələrində qarşılıqlı tanınmanın təminatının gücləndirilməsi və digər mövzularda müzakirələr aparılıb. İclasda keyfiyyət infrastrukturu sahəsində Şura tərəfindən əldə edilmiş nailiyyətlərlə yanaşı, ölkə bazarlarında üzv ölkələrin məhsullarının çıxarılmasında hələ də texniki maneələrin olması məsələsi də qabardılıb. Bunu aradan qaldırmaq üçün yeni Saziş layihəsi hazırlanıb ki, bu sənəddə üzv ölkələrdə uyğunluğun qiymətləndirilməsi prosedurlarının, ixrac məhsullara verilmiş sertifikatların tanınması, milli akkreditasiya sistemləri çərçivəsində qayda və prosedurların ekvivalentliyinin tətbiqi və vahid ölçmələrin təminatı sahəsində razılaşdırılmış siyasətin aparılması əks olunub.
Tədbir çərçivəsində həmçinin Azərbaycan Akkreditasiya Mərkəzi ilə Qazaxıstanın Milli Akkreditasiya Mərkəzi, Moldovanın Akkreditasiya üzrə Milli Mərkəzi və Belarusun Akkreditasiya Dövlət Mərkəzi arasında akkreditasiya sahəsində qarşılıqlı əməkdaşlıqla bağlı ikitərəfli Anlaşma Memorandumları imzalanıb.
Sentyabrın 20-22-sində Almaniyanın Berlin şəhərində Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) Baş Assambleyasının 40-cı iclasında iştirak etmək üçün etdiyimiz səfər də məhsuldar görüşlərlə yadda qalıb. Səfər çərçivəsində İSO-nun Baş katibi Serjio Muxika ilə görüşdə Azərbaycanda standartlaşdırma sahəsində aparılan islahatlar, keyfiyyət infrastrukturu sahələrinin beynəlxalq tanınmasına nail olmaq üçün görülmüş tədbirlər haqqında məlumat verilib. İSO-nun Baş katibi Azərbaycanda qeyri-neft sektorunun inkişafı, yerli məhsulların ixrac potensialının yüksəldilməsi istiqamətində həyata keçirilən islahatları, bu çərçivədə keyfiyyət infrastrukturu sahələrinə xüsusi diqqəti yüksək qiymətləndirib. “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanına əsasən təsis edilmiş “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin milli standartlaşdırma qurumu kimi İSO-da üzvlüyünün təmin edilməsi ilə bağlı müraciət razılıqla qarşılanıb, yeni yaradılmış qurumun inkişafına dəstək mexanizmləri müzakirə olunub.
Avropa Standartlaşdırma Təşkilatının (CEN-CENELEC) Baş direktoru Yelena Santyaqo Sidlə keçirilmiş görüşdə standartlaşdırma üzrə milli qurumun təşkilatda “tərəfdaş standartlaşdırma orqanı” statusunda təmsil olunması məsələsi müzakirə edilib.
Almaniya Standartlar İnstitutunun (DİN) Baş katibi Kristof Vinterxalterlə keçirilmiş görüşdə standartlaşdırma sahəsində iki ölkə arasında mövcud münasibətlərin daha da inkişaf etdirilməsi qərara alınıb. Danışıqların nəticəsində Almaniya Standartlar İnstitutu ilə Azərbaycan Standartlaşdırma İnstitutu arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Sənədə əsasən qurumlar standartlaşdırma sahəsində texniki əməkdaşlıq, innovasiyaların tətbiqi və ekspertlərin qarşılıqlı mübadiləsi və treninqlərin təşkili kimi sahələrdə intensiv əməkdaşlıq edəcəklər.
Səfər çərçivəsində Türkiyə, Rusiya, Belarus, Qazaxıstan və digər ölkələrin standartlaşdırma üzrə milli orqanlarının rəhbərləri ilə keçirilmiş görüşlərdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib. Sınaq və Materiallar üzrə Amerika Cəmiyyətinin (ASTM) prezidenti Katrin Morqanla keçirilmiş görüşdə dünyada tanınmış standartların ölkəmizdə tətbiqi, Azərbaycan Standartlaşdırma İnstitutu ilə birgə tədbirlərin təşkili və mütəxəssislərin hazırlığı məsələləri müzakirə edilib.
- 2-4 oktyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Üzv Dövlətləri Assambleyasının 57-ci iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi iştirak etmisiniz. İclas çərçivəsində uğurlu görüşləriniz olub. Bu haqda daha ətraflı məlumat verməyinizi xahiş edirik.
- Azərbaycan Respublikası 1995-ci ildən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının tamhüquqlu üzvüdür. Ümumiyyətlə BMT-nin ixtisaslaşmış qurumu olan ÜƏMT ilə komitənin sıx əməkdaşlığı mövcuddur. Bu müddət ərzində ölkəmiz ÜƏMT-nin Bern İttifaqı, Budapeşt Sazişi, Haaqa Sazişi, Lokarno Sazişi, Madrid Sazişi (Nişanlar), Madrid Protokolu, Nayrobi Sazişi, Nis Sazişi, Paris Konvensiyası, Patent Əməkdaşlığı Sazişi, Fonoqramlar Konvensiyası, Roma Konvensiyası, Strasburq Sazişi, UPOV Konvensiyası, ÜƏMT Konvensiyası, ÜƏMT Əməkdaşlıq Sazişi, ÜƏMT-nin İfalar və Fonoqramlar Sazişinə qoşulub. “Əməkdaşlıq Proqramı” təsdiq edilib, 10 ölkə ilə ikitərəfli Saziş imzalanıb.
ÜƏMT-nin tövsiyələrinə uyğun olaraq əqli mülkiyyət hüquqlarının idarəolunması sisteminin hazırlanması məqsədilə hələ 2011-ci ildə Koreya Əqli Mülkiyyət Ofisi (KİPO) ilə müzakirələr aparılıb. Müzakirələrin nəticəsi olaraq Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi arasında "Azərbaycanda əqli mülkiyyət hüquqlarının avtomatlaşdırılması" Qrant Razılaşması imzalanıb, KOİCA-nın dəstəyi və ÜƏMT-nin iştirakı ilə sistemin tam avtomatlaşdırılması təmin edilib. Bu layihə Azərbaycanda qurulan "Elektron Hökumət" layihəsinə də bir töfhə kimi qiymətləndirilir.
2014-cü ilin 14 may tarixində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş direktoru Frensis Qarrinin Bakıya səfəri zamanı Azərbaycan Respublikası Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. “2014-2017-ci illər üzrə Fəaliyyət Planı” qeyd olunan Anlaşma Memorandumu əsasında hazırlanıb. Bu Fəaliyyət Planı çərçivəsində bir sıra tədbirlər uğurla icra olunub.
Komitə və ÜƏMT-nin birgə təşkilatçılığı ilə əqli mülkiyyət sahəsində müxtəlif mövzularda yerli, regional ve beynəlxalq seminarlar keçirilib. Bundan başqa, komitə ÜƏMT-nin Akademiyası ilə danışıqlara başlayıb və ilkin olaraq komitəyə ehtiyaclarin təhlili missiyasi üzrə mütəxəssislərlə görüşlər olub. Bu missiya çərçivəsində komitəyə sənaye mülkiyyəti hüquqları üzrə Təlim Mərkəzinin yaradılması və fəaliyyətinə dəstək məsələləri öz həllini tapacaq. Komitənin ekspertləri ÜƏMT-nin Baş Assambleyalarında, həmçinin ÜƏMT və ÜTT-nin birgə seminar və təlimlərində, onlayn təhsil proqramlarında mütəmadi olaraq iştirak edirlər.
Cenevrədə bu dəfəki Assambleyanın iclasında çıxışımda da təşkilatla əməkdaşlığın, birgə həyata keçirilən layihələrin əhəmiyyəti qeyd edilib. Ölkəmizdə əqli mülkiyyət hüquqlarının mühafizəsi sahəsində idarəetmənin beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində həyata keçirilən islahatlar, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanına əsasən komitə tərəfindən təsis edilmiş “Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxs haqqında məlumat verilib.
Təşkilatın baş direktoru Frensis Qarri ilə görüşdə milli patent sisteminin inkişafında ÜƏMT ilə qarşılıqlı fəaliyyətin müsbət nəticələri nəzərdən keçirilib, birgə layihələrin davam etdirilməsinə maraq ifadə olunub. F.Qarri Azərbaycan Respublikası Hökuməti ilə ÜƏMT arasında imzalanmış Anlaşma Memorandumunun 2014-2017-ci illəri əhatə edən fəaliyyət planının icrasının müvəffəqiyyətlə həyata keçirildiyini, gələcəkdə də təşkilatın Azərbaycanın əqli mülkiyyət hüquqlarının təminatı sisteminə dəstəyinin davam etdiriləcəyini bir daha vurğulayıb. Təşkilatın Bakıda xarici ofisinin təsis olunması və 2018-ci ildə yeni fəaliyyət planı layihəsinin imzalanmasında maraqlı olduğumuzu bildirib və baş direktoru Azərbaycana dəvət etdim. Dəvəti məmnuniyyətlə qəbul edən F.Qarri 2018-ci ilin ilk yarısında ölkəmizə səfər edəcəyini qeyd edib.
Eyni zamanda nümayəndə heyətinin üzvləri ÜƏMT-nin bir neçə departamentində işçi görüşlər keçirib, birgə gələcək fəaliyyət, maraq kəsb edən Sazişlərə qoşulmanın faydalılığı və məqsədəuyğunluğunu müzakirə ediblər. Bir sıra ölkənin patent qurumlarının rəhbərləri ilə görüşən nümayəndə heyətinin üzvləri ikitərəfli əməkdaşlıq perspektivlərini nəzərdən keçirib, ÜƏMT-nin Bakıda xarici ofisinin təsis edilməsinə dəstəklə bağlı danışıqlar aparıblar.
Səfər çərçivəsində Gürcüstanın Milli Əqli Mülkiyyət Mərkəzi ilə Azərbaycan Patent və Əmtəə Nişanları Mərkəzi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
- Dediyiniz kimi komitənin fəaliyyətinin beynəlxalq tələblərə uyğun formalaşdırılması əsas hədəflərinizdən biridir. Bu sahədə Avropa İttifaqının müxtəlif layihələrinin uğurlu icraçısı kimi komitənin adı çəkilir. Ümumiyyətlə bu əməkdaşlıqlar hansı perspektivlər vəd edir?
- Artıq 9 ildir ki, Avropa İttifaqının “Tvinninq” layihələrini icra edərək müəyyən nəticələr əldə edilib. “Standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sisteminin gücləndirilməsi. (2008-2010-ci illər)” layihəsinin icrası nəticəsində Avropa İttifaqı və Ümumdünya Ticarət Təşkilatının Ticarətdə Texniki Maneələr Sazişinin tələblərinə və qaydalarına uyğun olan keyfiyyət infrastrukturu ilə bağlı qanunvericilik aktları hazırlanmış, etalon laboratoriyaları yaradılıb.
Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesi ilə əlaqədar qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılması, ticarətdə texniki maneələrin aradan qaldırılması, yerli istehsalçıların xaricə ixrac potensialının artırılması məqsədilə “Texniki tənzimləmə haqqında” Qanun layihəsi hazırlanıb. Qanun layihəsi hazırlanarkən Ümumdünya Ticarət Təşkilatının Ticarətdə Texniki Maneələr haqqında Sazişinin texniki tənzimləməyə və uyğunluğun qiymətləndirilməsi fəaliyyətinə dair tələbləri, Avropa İttifaqının müvafiq qanunvericilik aktları nəzərə alınıb. Qanun layihəsi Avropa İttifaqının “Tvinninq” layihəsi çərçivəsində beynəlxalq ekspertlərin iştirakı ilə təkmilləşdirilib. Daha sonra Qanun layihəsi aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla Nazirlər Kabinetinə təqdim olunub. Az öncə qeyd etdiyim kimi, qeyd olunan sənədin qəbul olunması Azərbaycan Respublikasında istehsal olunan məhsulların beynəlxalq bazara və Avropa İttifaqının iqtisadi məkanına sərbəst daxil olması imkanlarını artıracaqdır. Həmçinin beynəlxalq təcrübəyə uyğun “Standartlaşdırma haqqında” yeni Qanun layihəsi “Tvinninq” layihəsi çərçivəsində beynəlxalq ekspertlərinin iştirakı ilə təkmilləşdirilib, aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla Nazirlər Kabinetinə təqdim olunub.
Bundan başqa beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu 2013-cü il 13 iyun tarixində, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu isə 2014-cü il 30 may tarixində Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul edilib, cənab Prezidentin Fərmanları ilə təsdiq edilib.
2013-2015-ci illəri əhatə edən “Azərbaycanda müasir standartlaşdırma və texniki tənzimləmə sisteminin inkişafına dəstək” adlı növbəti “Tvinninq” layihəsində də keyfiyyət infrastrukturu sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, texniki komitələrin fəaliyyətinin genişləndirilməsi və onların beynəlxalq təşkilatların işinə daha yaxından cəlb olunması, dövlət standartlar fondu əsasında məlumat bazasının yaradılması və s. komponentlər öz əksini tapıb.
Cari ildən Avropa İttifaqının “Azərbaycanda metrologiya sisteminin gücləndirilməsi” adlı yeni “Tvinninq” layihəsinə başlanılıb və hazırda da həyata keçirilməkdədir. Layihənin ümumi məqsədi bu sahədəki standartlara, normalara və proseslərə dair Avropa İttifaqı və beynəlxalq təcrübəyə uyğun olaraq, ölçmələrin ötürülməsi sisteminin inkişafı vasitəsi ilə yerli sənayeyə, ixrac yönümlü istehsala beynəlxalq tanınmaya malik metroloji xidmətin təmin olunmasıdır.
Bundan başqa Avropa İttifaqının “TAIEX” aləti vasitəsi ilə həyata keçirilən layihələr xüsusilə standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahəsində Avropa təcrübəsinin öyrənilməsi və ondan faydalanmaq cəhətdən çox uğurlu olub.
Cənab Prezident dövlət orqanları qarşısında ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiya olunmaq, dünya bazarına çıxmaq və perspektivdə onun fəal subyektinə və iştirakçısına çevrilmək, müasir beynəlxalq iqtisadi münasibətlər sisteminin imkanlarından daha geniş və səmərəli istifadə etmək kimi mühüm vəzifələr qoyub. Dünyada baş verən iqtisadi və siyasi çağırışlara adekvat cavab verilməsi, Azərbaycanın postneft erasına uğurlu addım atması üçün iqtisadiyyatımızın rəqabətqabiliyyətliliyinin artırılması, yeni və müasir yanaşmalar əsasında ixracyönümlü mal, məhsul və xidmətlərin dünya bazarlarına çıxarılması ilə bağlı struktur islahatlarına başlanılıb. Sadalanan məqamlar sistemli yanaşma tələb edir ki, bu da öz növbəsində Azərbaycan iqtisadiyyatının real sektorunun inkişafı üçün müvafiq islahatları zəruri edir. Beynəlxalq təcrübədən yararlanmaq qarşıya qoyulan bütün bu vəzifələrə nail olmaq üçün vasitədir. Bu müstəvidə texniki tənzimləmə və standartlaşdırma sahəsində Ümumdünya Ticarət Təşkilatı (ÜTT), Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO), Avropa Standartlaşdırma Komitəsi (CEN), BMT-nin Kənd Təsərrüfatı Təşkilatının Codex Alimentarius Komissiyası, İslam Ölkələrinin Standart və Metrologiya İnstitutu (SMİİC), Regionlararası Standartlaşdırma Birliyi (BASB), Beynəlxalq Elektrotexnika Komissiyası (İEC) və MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şura çərçivəsində əməkdaşlığı qeyd etmək olar.
BMT-nin ixtisaslaşmış qurumu Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə sıx əməkdaşlıq edilir və 2014-cü ilin 14 may tarixində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) baş direktoru Frensis Qarrinin Bakıya səfəri zamanı Azərbaycan Respublikası Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. 2014-2017-ci illər üzrə Fəaliyyət Planı qeyd olunan Anlaşma Memorandumu əsasında hazırlanıb.
BMT-nin digər ixtisaslaşmış qurumları ilə əməkdaşlıq edilir, BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO), BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE), BMT-nin İnkişaf Çərçivəsi Yardımı (UNIDAF) təşkilatlarının təlimlərində, görüşlərində və seminarlarında iştirak təmin edilir. Xatırladım ki, Azərbaycan Respublikası və BMT-nin Sənaye İnkişafı Təşkilatı arasında 2014-2018-ci illər üzrə əməkdaşlıq üzrə çərçivə proqramı qəbul olunub.
Azərbaycan 2003-cü ildən İSO-nun tamhüquqlu üzvüdür və hazırda onun bir sıra Texniki Komitələrində iştirak edilir. Nazirlər Kabinetinin Qərarı ilə komitə 2011-ci ildən Kodeks Alimentarius Komissiyasının milli əlaqələndiricisi təyin olunmuşdur.
Azərbaycan Akkreditasiya Mərkəzi 2012-ci ilin oktyabr ayında Laboratoriya Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatına (ILAC) müxbir üzv qismində qoşulub. Azərbaycan Metrologiya İnstitutu 2015-ci ilin yanvar ayından Çəkilər və Ölçülər üzrə Beynəlxalq Konfransa (CGPM) assosiativ üzv olub və Çəkilər və Ölçülər üzrə Beynəlxalq Komitənin (CİPM) Qarşılıqlı Tanınma Razılaşmasını imzalayıb. Həmçinin 2015-ci ilin yanvarından Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilata müxbir üzv qismində qoşulmuşuq.
2011-ci ildən Avropa Standartlaşdırma Komitəsində (CEN) assosiativ üzv kimi təmsil olunuruq və bu təşkilat ilə sıx əlaqələr mövcuddur. Biz mütəmadi olaraq CEN-in Baş Assambleyalarında iştirak edir, həmçinin milli standartların Avropa (EN) standartları ilə harmonizə edilməsi üçün müvafiq tədbirlər görürük.
Bundan başqa, Avrasiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatı ilə (KOOMET), Almaniyanın Milli Metrologiya İnstitutu ilə (PTB), Beynəlxalq Atom Enerjisi Agentliyi (İAEA), Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA), Avropa İttifaqının İNOGATE Proqramı, Beynəlxalq əlaqələr və İnkişaf üzrə İsveçrə İnstitutu (CABİR), İqtisadi Məsələlər üzrə İsveçrə Dövlət Katibliyi (SECO), ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Oxfam və digər donor təşkilatlarla ortaq layihələrin icrası inkişaf etmiş ölkələrin bu sahədəki fəaliyyətinə dair praktikası ilə yaxından tanış olmaq və ölkədə müvafiq sahədə tətbiqi baxımından çox əhəmiyyətlidir.
Bütün bunlar Azərbaycan Respublikasının keyfiyyət infrastrukturu sahəsində və elmi-texniki əməkdaşlığın həyata keçirilməsində xarici tərəfdaşlar qarşısında möhkəm etibar qazanması, yerli sahibkarların öz məhsullarını maneəsiz və operativ şəkildə xaricə çıxarması üçün vacibdir. Bir sözlə beynəlxalq təşkilatlarda üzv qismində təmsil olunmaqla dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətləndirilməsinə yaxşı imkan yaranır. Misal olaraq 28 yanvar 2015-ci il tarixində Azərbaycan Metrologiya İnstitutu tərəfindən imzalanmış “Milli etalonların və milli metrologiya müəssisələri tərəfindən verilən ölçmə və kalibrləmə sertifikatlarının qarşılıqlı tanınması haqqında” Beynəlxalq Sazişi (CIPM MRA) göstərmək olar. Bu beynəlxalq Sazişin imzalanması metrologiya sahəsində bir sıra nailiyyətlərin əldə edilməsinə imkan verəcəkdir:
- Saxlanılan milli etalonların digər ölkələrin milli etalonları ilə ekvivalentlik dərəcəsinin müəyyən edilməsinə;
- Azərbaycan Respublikasının milli etalonlarının beynəlxalq tutuşdurmalarda iştirak etməsi və onların beynəlxalq səviyyədə tanınmasına;
- Kalibrləmə və ölçmə haqqında sertifikatların beynəlxalq miqyasda tanınmasına;
- Yerli müəssisələrdə məhsul istehsalının keyfiyyət göstəricilərinə nəzarət üçün aparılan ölçmələrin nəticələrinin dəqiqliyini və etibarlılığını təmin etməklə, həmin məhsulların keyfiyyətinin regional və beynəlxalq səviyyədə etimadın yaradılmasına;
- Ümumdünya Ticarət Təşkilatının tələblərinin yerinə yetirilməsinə və ticarətdə texniki maneələrin aradan qaldırılmasına imkan yaradılmasına və s.
- Ramiz müəllim, yüksək xidmət və məhsulların xarici bazarlara çıxışında uyğunluğun qiymətləndirilməsi sahəsinin rolu böyükdür. Yerli sertifikatların, sınaq protokollarının, kalibrləmə attestatlarının xaricdə tanınması üçün daha hansı işlər görülməlidir?
- Bununla bağlı bildirmək istəyirəm ki, uyğunluğun qiymətləndirilməsi qurumlarının akkreditasiyasını həyata keçirən Azərbaycan Akkreditasiya Mərkəzinin Laboratoriya Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlığı təşkilatına (İLAC), Akkreditasiya üzrə Beynəlxalq Foruma (İAF) tam hüquqlu və Akkreditasiya üzrə Avropa Əməkdaşlığı təşkilatına (EA) isə assosiativ üzv olması vacib şərtdir. Bunun üçün tərəfimizdən Milli akkreditasiya qurumunun fəaliyyətinin beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində bir çox işlər aparılıb. Qurumun fəaliyyətnin AZS İSO/OEC 17011 standartının tələblərinə uyğunlaşdırılması məqsədi ilə daxili idarəetmə sisteminin yaradılması və bu sahədə sənədlərin hazırlanması üzrə işlər aparılıb, uyğunluğun qiymətləndirilməsi qurumlarına olan tələbləri müəyyən edən beynəlxalq standartlar milli standart kimi qəbul edilib, Akkreditasiya üzrə Məsləhətçi Şura və Appelyasiya Şurası yaradılıb, xidmətin əməkdaşlarının və cəlb edilən ekspertlərin səriştəliliyinin artırılması üçün yerli və xarici mütəxəssislərin iştirakı ilə müvafiq təlim və seminarlar keçirilib.
Artıq iyun ayından “Azərbaycan Respublikasının Milli Akkreditasiya Sisteminin gücləndirilməsi” adlı yeni 2 illik “Tvininq” layihəsinə start verilib. Bu layihə çərçivəsində akkreditasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, institusional islahatların aparılması, beynəlxalq təşkilatlarla kommunikasiyanın gücləndirilməsi, personalın bilik və bacarıqlarının artırılması kimi bir sıra vacib məsələlər həllini tapacaq. Layihənin məqsədi Almaniya, İtaliya və Latviya kimi qabaqcıl keyfiyyət infrastrukturu olan ölkələrin təcrübəsindən bəhrələnməklə laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatı (İLAC), Beynəlxalq Akkreditasiya Forumu (İAF) və Avropa Əməkdaşlıq Təşkilatının (EA) tələblərinə uyğun olaraq Azərbaycan Akkreditasiya Mərkəzinin potensialını gücləndirmək, Azərbaycanda məhsulun, xidmətin keyfiyyətini yüksəltməyə və Avropa tələblərinə uyğun olan akkreditasiya sistemi vasitəsilə dünya bazarına çıxış imkanı əldə etmək yolu ilə Azərbaycanın iqtisadi inkişafına kömək etməkdir. 1 iyul 2017-ci il tarixindən başlayaraq 24 ay davam edəcək layihə nəticəsində Azərbaycanın Avropa Akkreditasiya Təşkilatına (EA) tam hüquqlu üzvlüyünün təmin edilməsi, qarşılıqlı tanınma haqqında Sazişin imzalanacağı, həmçinin milli akkreditasiya sisteminin daha da təkmilləşdirilməsi, institutsional islahatların aparılması, beynəlxalq təşkilatlarla əlaqələrin gücləndirilməsi, personalın bilik və bacarıqlarının artırılması kimi vacib məsələlərin öz həllini tapacağı gözlənilir. Uyğunluğun qiymətləndirilməsi üzrə akkreditasiya sahəsində ən müasir təcrübənin tətbiqində maraqlıyıq. Qeyd edilənlərdən əlavə Azərbaycan Akkreditasiya Mərkəzinin dəstəyi ilə milli sertifikatlaşdırma orqanları ilə beynəlxalq səviyyədə tanınan xarici sertifikatlaşdırma orqanları arasında əməkdaşlıq sazişi imzalanması istiqamətində işlər aparılmaqdadır. Burada əsas məqsəd ixrac ediləcək qeyri-neft məhsullarını, o cümlədən ərzaq məhsulları üçün orada tanınan sertifikatlaşmanın əlçatımlılığını, Avropa Birliyinin tələblərinə uyğunlaşdıraraq maneəsiz xarici bazara çıxışının təmin edilməsidir.
Hələ 2013-cü ildə komitənin qida laboratoriyası Almaniya Akkreditasiya Qurumu (DAkkS) tərəfindən akkreditasiya olunub. DakkS mütəxəssisləri sınaq laboratoriyasında apardıqları auditin nəticəsində qurulmuş infrastruktur, tətbiq edilən müasir sınaq avadanlıqları, səriştəli kadr potensialı və sınaqların düzgün metodlarla aparılması xüsusi qiymətləndirib, bütün növ ərzaq məhsullarının sınağının İSO/İEC 17025:2005 beynəlxalq standartı əsasında həyata keçirildiyi barədə qərar qəbul edib. Bundan başqa DakkS laboratoriyada bütün növ ərzaq məhsullarının mikrobioloji sınağını, o cümlədən meyvə şirələrində ağır metallar və titrlənən turşuların təyini, qablaşdırılmış içməli sularda kimyəvi analizləri yüksək qiymətləndirib, adıçəkilən sahələr üzrə də laboratoriyanı akkreditasiya edib. Hazırda laboratoriyanın akkreditasiya sahəsinin genişləndirilməsi ilə bağlı işlər həyata keçiririk. Deyim ki, nüfuzlu Almaniya Akkreditasiya Qurumu tərəfindən Azərbaycan Respublikasında qurulmuş müasir sınaq laboratoriyasının akkreditasiyası ölkə sahibkarlığının inkişafı istiqamətində qazanılmış növbəti müvəffəqiyyət kimi qiymətləndirilməkdədir.
Laboratoriyanın sınaq protokollarının xaricdə tanınması ilə yerli müəssisələrin istehsal etdikləri ərzaq məhsullarının Avropa Birliyi ölkələrinə ixracının genişlənməsi, yerli sahibkarların xarici bazarlarda özlərinə layiqli yer tutmaları üçün əlverişli şəraitin yaranması təmin olunur. Amma təbii ki, məqsəd tək bu deyil. Biz istəyirik ki, ölkədə fəaliyyət göstərən uyğunluğu qiymətləndirən bütün orqanların verdiyi sənədlər xaricdə tanınsın, qəbul edilsin. Bu, yerli sahibkarlar üçün ixracyönümlü məhsul istehsalı baxımından əlverişli fürsət olacaq. Çünki burada sertifikatlaşdırılan məhsulla xaricə çıxdıqda artıq sahibkardan əlavə prosedurlar tələb olunmayacaq. Bu həm vaxt, həm də maliyyə itkisinin qarşısını alacaq. Bunun üçün uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiyanın beynəlxalq təşkilatlar tərəfindən tanınmasına nail olmağa çalışırıq.
“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra bu sahəyə maraq daha da artıb. Komitə 2012-ci ildən sertifikatlaşdırma fəaliyyəti ilə məşğul olmur. "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2012-ci il tarixli, 604 nömrəli Fərmanına əsasən komitənin ərazi sertifikatlaşdırma idarələri ləğv edilib. Sertifikatlaşdırma fəaliyyəti liberallaşıb, bu xidməti göstərə bilən özəl təşkilatlar beynəlxalq təcrübəyə uyğun olaraq akkreditasiyadan keçib və fəaliyyətə başlayıb. Sertifikatlaşdırma, həmçinin sınaq və kalibrləmə xidmətləri göstərən sahibkarların sayının artması da bizi sevindirir. Bu həm də orqanlar arasında xidmətin keyfiyyətinin yüksəldilməsi baxımından rəqabətdir.
- Standartlaşdırma və texniki tənzimləmə sahəsində fəaliyyətin beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə aparılan işlər haqqında məlumat verdiniz. Bəs milli standartların qəbulu prosesi haqqında nə deyə bilərsiniz?
- Azərbaycanda istehsal olunan məhsulların keyfiyyət və təhlükəsizliyinin təmin edilməsi məqsədilə ölkəmizdə qüvvədə olan standartlar daim təkmilləşdirilərək beynəlxalq, Avropa və qabaqcıl ölkələrin norma və standartlarına uyğunlaşdırılır. Hazırda texniki tənzimləmə və standartlaşdırma üzrə texniki normativ hüquqi aktların dövlət fondunda 20 mindən çox dövlətlərarası və 966 milli standart mövcuddur. Milli standartların 45%-i beynəlxalq və Avropa standartlarına harmonizə edilib. Azərbaycan Respublikasının milli standartları uyğunluğun qiymətləndirilməsi və idarəetmə sistemləri, neft və kimya sənayesi, aqrar və qida sənayesi, tikinti materialları, xidmət sənayesi və digər sahələri əhatə edir.
Azərbaycanda istehsal olunan məhsulların keyfiyyətini, təhlükəsizliyini, rəqabət qabiliyyətini və ixrac potensialını yüksəltmək və standartlaşdırma sahəsini müasir tələblərə uyğunlaşdırmaq məqsədilə müsahibənin əvvəlində dediyim kimi, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanı ilə “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs yaradılıb. Həmin Fərmana əsasən beynəlxalq və regional təşkilatlarda milli standartlaşdırma qurumu kimi Azərbaycan Respublikasının təmsil edilməsi və ölkə ərazisində standartlaşdırma siyasətinin həyata keçirilməsi İnstituta həvalə edilib.
Bundan başqa sənaye məhsullarının rəqabət qabiliyyətinin artırılması, milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması, o cümlədən Avropa İttifaqının direktivləri əsasında milli texniki reqlamentlərin və beynəlxalq standartlar əsasında istinad edilmiş standartların qəbulu məqsədilə “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı”nın layihəsi hazırlanıb. Proqramın icrası çərçivəsində Avropa İttifaqının direktivləri əsasında 33 milli texniki reqlamentlərin və beynəlxalq standartlara istinad olunan milli standartların hazırlanması, qəbulu və sahibkarlara təqdim olunması nəzərdə tutulub. Proqramın həyata keçirilməsi sənaye məhsullarının rəqabət qabiliyyətinin artırılmasına, qeyri-neft sektorunun inkişafına təkan verməklə yanaşı, beynəlxalq standartlar əsasında milli standartların hazırlanması və sahibkarlara təqdim olunması prosesi mütəşəkkil şəkildə həyata keçiriləcəkdir.
Milli standartlaşdırma sisteminin işində özəl sektorun daha da aktiv iştitrakının təmin edilməsi və ölkədə istehsal olunan məhsulların, göstərilən xidmətlərin rəqabət qabiliyyətinin artırılması məqsədilə Azərbaycanda artıq 13 texniki komitə fəaliyyət göstərir. Bunlar yeyinti və kənd təsərrüfatı məhsulları, informasiya-kommunikasiya texnologiyaları, turizm və yerdəyişmə vasitələrinin xidmətləri, qida məhsulları, metrologiya, akkreditasiya sahəsində standartlaşdırma, ekologiya, tikinti materialları, məmulatları və konstruksiyaları, mebel sənayesi məhsulları, sənaye məhsulları, neft-qaz hasilatı texnologiyası və neft emalı, alternativ və bərpa olunan enerji və enerji səmərəliliyi və yol nəqliyyatı standartlaşdırması sahələrini əhatə edir. Texniki komitələrin işində ölkədə fəaliyyətdə olan özəl şirkətlərin nümayəndələri aktiv iştirak etməklə milli standartlaşdırma sisteminin təkmilləşdirilməsində yaxından iştirak edirlər.
Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğunun artırılması sahəsində əlavə imkanlar yaratmaq məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında Fərmanın 2.4. bəndinin icrası ilə bağlı istehsal olunan məhsulun sertifikatlaşdırılmasının sadələşdirilmiş qaydada “bir pəncərə” prinsipi əsasında təşkili qarşıya məqsəd qoyulub. Bu məqsədlə “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən kiçik və orta sahibkarlıq subyektləri üçün vahid sertifikatlaşdırma sisteminin yaradılması üçün “bir pəncərə” prinsipi əsasında zəruri tədbirlər görülüb. Hazırda bu sistem üzrə 14 “ABAD”çı məhsulunu sertifikatlaşdırıb.
- Cənab Prezidentin islahatlar siyasəti çərçivəsində “Made in Azerbaijan” brendinin yaradılması və təşviqi işləri də başlıca yer tutur. Komitə sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində dövlət siyasətini həyata keçirən orqan kimi yerli brendlərin xaricdə mühafizəsi ilə bağlı hansı işləri görür?
- Ölkə başçısı cənab İlham Əliyevin islahatları çərçivəsində çevik iqtisadi idarəetmənin təşkili, biznes mühitinin yaxşılaşdırılması, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində bu il əhəmiyyətli qərarlar qəbul olunub. Bu sırada atılan addımlardan biri də qeyri-neft məhsulları ixracını stimullaşdırmaq üçün “Made in Azerbaijan” brendinin yaradılması və təşviqi barədə bir neçə sərəncam və fərmanların imzalanmasıdır. Bu gün dünya bazarlarında rəqabətə girəcək məhsullara beynəxalq qiymətləndirmə şirkətləri tərəfindən sertifikatların verilməsi və patentlərin alınması vacibdir. Lakin bir çox hallarda Azərbaycan şirkətləri bu sahədə problemlərlə qarşılaşırlar. Elə bu problemləri də nəzərə alan cənab Prezident ixracatçıların xarici ölkələrdə məhsula sertifikat alınmasının, habelə, əmtəə nişanlarının Azərbaycanda və xaricdə qeydiyyatına görə dəstək verilməsinin önəmli olduğunu və müvafiq dövlət orqanlarının da bu müstəvidə ixracatçılara dəstək olmasının mühüm olduğunu bildirib. Cənab Prezident dünyada “Made in Azerbaijan” brendinin təbliğ olunmasının vacibliyini qeyd edib. Biz hesab edirik ki, hər hansı bir məhsulun istehsalı ilə məşğul olan sahibkarlar məhsulların ixrac qabiliyyətini nəzərə almalıdırlar. İstehsal olunan məhsul keyfiyyətli, rəqabətədavamlı olmaldır ki, dünya bazarında özünə yer tapa bilsin.
Sahibkarlarla bazara rəqabətqabiliyyətli və keyfiyyətli məhsul çıxarmaları məqsədi ilə mütəmadi olaraq marifləndirici tədbirlər həyata keçirilir, seminarlar təşkil edilir və onlara məsləhətlər verilir.
Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə, bir çox ölkələrlə ikitərəfli əməkdaşlıq digər sahələrdə olduğu kimi əqli mülkiyyət hüquqlarının qorunması sahəsində də aparılır. ÜƏMT-nin müvafiq saziş və konvensiyalarında iştirak yerli istehsala, sahibkarlara daha effektli xidmət etməyə imkan yaradır. Məsələn, yerli brendlərin maraq kəsb edən xarici ölkələrdə qeydiyyatı üçün “Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxsinin xidmətlərindən yararlanaraq, beynəlxalq sənədlərin verdiyi imkanlardan səmərəli istifadə etmək mümkündür. Bunun nəticəsidir ki, artıq 100-ə yaxın milli nişan beynəlxalq mühafizə qabiliyyətini əldə edib. Siz bu nişanlar haqqında ÜƏMT-nin rəsmi saytında da tanış ola bilərsiniz.
Bundan başqa sənaye mülkiyyəti obyektləri sırasında ixtiraların sənayedə tətbiqi mexanizmlərinin inkişafı zəruriliyinə diqqət çəkmək istərdim. Dünya iqtisadiyyatının inkişafını şərtləndirən əsas amillər sırasında innovativlik hər zaman aparıcı yer tutmaqdadır. İqtisadi inkişafın səviyyəsi, sənayenin rəqabətqabiliyyətliliyi investisiyaların həcmi ilə bərabər, innovativliyinin səviyyəsi ilə daha da çox qiymətləndirilməkdədir. Cari iqtisadi proseslər Azərbaycan sənayesində innovativliyin təşviqi, ədalətli rəqabət və azad ticarət şəraitinin təmin olunmasına, yerli sənaye məhsullarının dünya bazarında rəqabətqabiliyyətliliyinin artırılmasına yönəlib.
Sənayenin effektivliyinə təsir edən bir çox iqtisadi və sosial faktorlar sırasında yaradıcı yeniliklər əsas amillər kimi qiymətləndirilir. Intellektual komponentlər qeyri-maddi aktivlər olaraq məhsul və xidmətlərə əlavə istehlak xüsusiyyətləri verməklə istehlak bazarında daha da uğurlu nəticələrə yol açır.
Bu baxımdan ölkəmizdə elmin iqtisadiyyatla, sənaye ilə bağlantısının təmin olunması, yeni həllərin axtarışının təşviq olunması, real iqtisadi səmərəyə yönəlmiş elmi nəticələr üzərində hüquqların qorunması istiqamətində birgə fəaliyyətin vacibliyi artmaqdadır. Buna görə də əqli mülkiyyət obyektləri üzərində hüquqların düzgün müəyyən olunması, qorunması və effektiv idarəolunması mexanizmlərinin davamlı inkişafı zəruridir.

yap.org.az

Digər xəbərlər