Müsahibə

  • 4 498

Azərbaycan düzgün strategiya nəticəsində böyük uğurlara nail olub

image

Milli Məclisin deputatı Elşən Musayev

- Elşən müəllim, son vaxtlar müəyyən beynəlxalq dairələr tərəfindən Azərbaycana qarşı yenə də qərəzli kampaniyalar aparılır. Sizcə, bu kampaniyaların kökündə hansı amillər dayanır?
- Ən böyük amil Azərbaycan iqtidarının yürütdüyü uğurlu, müstəqil siyasət və Azərbaycan Prezidentinin bütün məsələlərdə, aspektlərdə sərgilədiyi qətiyyətli mövqedir. O siyasət, o mövqe ki, heç bir kənar şərtləri, müdaxiləni, hansısa ölkənin diktəsini özündə ehtiva eləmir. Üstəlik, qarşıdan Prezident seçkiləri gəlir. Təbii, anti-Azərbaycan qüvvələri, müəyyən şəbəkələr bir şəkildə ürək bulandrmağa çalışacaqlar. Çünki Azərbaycanı sevməyən məlum qüvvələrin ölkə daxilində də məlum şəbəkəsi var. Biz onlara “5-ci kolon” deyirik. Həmin buqələmunlar, xalq düşmənləri müxtəlif formatlarda danoslar, anonimlər, yalan informasiyalar hazırlayaraq xaricə ötürür, mövcud hakimiyyəti gözdən salmağa çalışırlar. Amma çifayda. İllərdir effect vermir. Verməyəcək də. Çünki haqsızdırlar, ədalətsizdirlər, mübarizəni kişi kimi aparmırlar. Təsəvvür edin, erməni lobbisi və bu ələkçilərə qıl verənlər ən mötəbər qurumlara qədər sızıblar. Avropa Şurası nəhənglikdə qurum bir cinayətkara görə öz nüfuzunu necə zərbə altında qoyub və Azərbaycan hakimiyyəti ilə tələb formasında danışır, əleyhimizə qətnamələr qəbul etdirir. Halbuki, həmin cinayətkar bu ölkədə ən sanbalsız siyasətçinin belə qarşısına çıxacaq biri deyil. Sadəcə Azərbaycan hüquqi dövlətdir. Cinatəyi törədən üçünsə cəza nəzərdə tutulub. Hamının üzərinə siyasi damğa vurmaq olmaz. Avropanın təklif elədiyi odur ki, hüquqi nihilizm tətbiq edin. Yəni sizdə hüquq işləməsin. Bizsə deyirik, gedin işinizlə məşğul olun, bizim daxili işlərimizə qarışmayın. Bir insanı bu cür müdafiə edəcəyinizə, gedin 1 milyon qaçqının taleyini həll edin, erməniyə yerini göstərin, dünyada ədalətin bərpasına çalışın. Amma görünən budur ki, Avropanın və oradakı bəzi şəxslərin fərdi marağı qlobal maraqlardan daha üstündür.
- Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşü ilə təxminən eyni vaxtda ABŞ Helsinki Komissiyası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dinləmələr keçirdi. Bu dinləmələrin keçirilməsində məqsəd nədir?
- Bu dinləmələr periodik xarakterlidir və erməni mövqeyini ifadə edən bir təzahüratdır. Bir əlavəni də edim ki, adının əvvəlində iri hərfli ABŞ sözu olsa da Helsinki Komissıyası əslində ermənilərin və ermənipərəstlərin toplandığı qurumdur. Bir Komissiyanın ki, əsas fiquru Kristofer Smit ola, orada ədalətdən danışmağa, dəm vurmağa dəyərmi? Adam saxta “erməni soyqırımı”nın ən böyük təəssübkeşlərindən, dəstəkçilərindəndir, bütün varlığı ilə türkə, türk kökənlilərə nifrət edir, Amerikada Erməni Milli Komitəsinin radikal rəhbəri Aram Hamparyanla dostluq münasibətindədir. Beləsindən orijinal, mərkəzçi, obyektiv fikir gözləmək olarmı? Yox, təbii. Amma məni bir Azərbaycan vətəndaşı olaraq bundan daha çox üzən məsələ var. Söhbət sapı özümüzdən olan baltalardan gedir. Parlamentin son iclasında da bu haqda danışdım. Çox acınacaqlı bir mövzudur. Ölkəmizdə özünü radikal müxalifət adlandıran kəsimin rəhbəri özü kimi nanəcib övladını Helsinki Komissiyasının bütün dinləmələrində Azərbaycana qarşı danışdırır, erməni tərəfin mövqeyini müdafiə elətdirir, həmin Smitin düz yanında əyləşdirir. Mübarizəni ilk öncə belələri ilə aparmaq lazımdır. Ümumilikdə Helsinki Komissiyasının məqsədlərinə gəlincə isə bu ilk öncə erməni lobbisinin fəaliyyətini stimullaşdırmaq, eyni zamanda Dağlıq Qarabağla bağlı zaman manevri etmək niyyətini güdür. Hər zaman olduğu kimi.
- Prezidentlərin görüşündən sonra Ermənistan tərəfinin verdiyi bəyanatlara da münasibətinizi bilmək istərdik...
- Erməni tərəf panikadadır. Özləri də anlayır ki, zaman yetişib. Düzdür Sarkisyan bunu yorğunluq aspektində dəyərləndirməyə çalışdı, amma hətta bu deyilişdə də bir özünüifşa var idi. Artıq gerçəkdən müzakirə olunası bir şey qalmayıb. Torpaqlar qayıtmalıdır və Sarkisyanın etirafı əslində nökəri olduğu dövlətə ismarıc idi ki, imkan verin bu zillətdən qurtulaq, Azərbaycan onsuzda enində-sonunda öz halal haqqına qovuşacaq. Başqa variant yoxdur.
- Bu gün Azərbaycanın daxili və xarici siyasət kursu müstəqillik prinsipinə əsaslanır. Azərbaycan müstəqil dövlət kimi dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir. Bu barədə fikirlərinizi bilmək istərdik. Dünyadakı iqtisadi böhran şəraitində Azərbaycanın qazandığı uğurların önəmi haqqında nə deyə bilərsiniz?
- Azərbaycan düzgün strategiya ilə getdiyi üçün uğurlara nail olub. Bu uğurların memarı isə Ulu öndərimiz Heydər Əliyevdir. Onun ideyaları, bizlərə miras qoyduğu Azərbaycançılıq yolu nə qədər layiqli formada davam edəcəksə, inkişaf da bir o qədər davamlı olacaq. Ölkə Prezidenti cənab İlham Əliyev müstəqilliyimizin qarantıdır, həm də ən yüksək səviyyədə qarantıdır. Başqa ölkələrin də prezidentləri var, öz şəxsi maraqları üçün həmin “qarant” anlayışını sözdən, şablondan o yana keçirmirlər. Amma bizim Prezident milli maraqlar üçün, öz vətəndaşının haqqı üçün sözün gerçək anlamında qətiyyətlə, mərdliklə kimi mübarizə aparan bir liderdir. Onu sona qədər qorumalıyıq ki, O da Azərbaycanımızı hər zamanki kimi qoruya bilsin. Ölkəmiz, doğma Azərbaycanımız Prezident İlham Əliyevin rəhbərliyi altında hələ çox uğurlara imza atacaq.

yap.org.az

Digər xəbərlər