Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın şanlı siyasi tarixinin parlaq səhifələrindən biridir

YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva

- Nurlana xanım, bugünlər ölkəmizin bütün guşələrində Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi böyük təntənə ilə qeyd olunur. Ötən 25 il ərzində partiyamızın fəaliyyəti və onun Azərbaycan dövlətçiliyinin inkişafına verdiyi töhfələri necə dəyərləndirirsiniz?
- Müasir müstəqil Azərbaycanın şanlı siyasi tarixinin mühüm səhifələrindən birini ümumxalq partiyası olan YAP-ın yaradılması təşkil edir. Bu mərhələni ona görə qürur və iftixar hissi ilə şanlı tarix adlandırırıq ki, Yeni Azərbaycan Partiyasının yaradılması ilə xaos və hərc-mərclik içində olan, vətəndaş müharibəsi və dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə qarşı-qarşıya qalan Azərbaycanın xilasının, tənəzzüldən azad olaraq tərəqqi yoluna nail olmasının əsası qoyuldu. Milli maraqların keşiyində duran və vətənpərvərlik hissinin daşıyıcısı olan hər bir azərbaycanlının etibarlı partiyasına çevrilən YAP-ın müstəqil Azərbaycanın siyasi tarixindəki misilsiz roluna nəzər salmaq üçün bir sıra məqamlara toxunmaq lazımdır.
Məlum olduğu kimi, həmin dövrdə hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi, ölkəni idarə edə bilməməsi səbəbindən Azərbaycan hətta parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Ölkəmizin sərvətlərinə göz tikən bədxah qüvvələr Azərbaycanı xaos meydanına çevirməyə və öz maraqları əsasında idarə etməyə çalışırdılar. İnsanlar həmin dövrdəki rəhbərliyin ölkəni xilas edəcəyinə inanmırdılar. Məhz belə bir dövrdə güclü siyasi liderə və təşkilatlanmış qüvvəyə ehtiyac olduğu üçün insanların mənəvi gücünü səfərbər etmək, ölkəmizi düşdüyü mürəkkəb vəziyyətdən xilas etmək naminə Ulu öndər Heydər Əliyev vətənpərvər ziyalıların təkidli çağırışlarını və müraciətlərini nəzərə alaraq YAP-ı yaratdı. YAP-ın yaranması həm də tarixi zərurətin nəticəsi, sosial sifariş – çağırış idi. İlk günlərdən partiyanın sıralarına ən nüfuzlu şəxslər, ziyalı və vətənpərvər insanlar toplaşdı. Əslində, YAP xalqın partiyası kimi yarandı, onun çətinliklərini dəf etmək üçün fəaliyyətə başladı. İnsanlar YAP-ın simasında sivil mübarizənin yollarını müəyyən etdilər. Demokratik prinsiplərə və qaydalara alışdılar. YAP-ın siyasi səhnəyə gəlişi ilə cəmiyyətdə dövlətçilik, müstəqillik ideyaları, vətənpərvərlik duyğuları, sanki, yenidən daha mütəşəkkil şəkildə formalaşmağa və yaşamağa başladı.
Tarix özü YAP-ın ümumxalq partiyası olduğunu sübuta yetirdi. Ötən müddət ərzində partiyamız dövlətimiz və cəmiyyətimizin inkişafına misilsiz, layiqli töhfələr verdi, vətənpərvər, ziyalı insanları öz ətrafında sıx birləşdirdi. Bu gün xalqın partiyası olan YAP Ümummilli liderimiz Heydər Əliyevin ideyaları əsasında gündən günə inkişaf edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrlik etdiyi YAP ötən zaman kəsiyində xalqın inam və etimadı əsasında bütün seçkilərdə möhtəşəm qələbələr qazandı, öz fəaliyyətini uğurla davam etdirdi. Partiyamızın 25 illik yubileyi respublikamızın hər bir bölgəsində bayram əhvalında, təntənəli şəkildə qeyd edilir. Bu, xalqımızın Yeni Azərbaycan Partiyasına dərin rəğbət və hörmətinin bariz nümunəsidir.
- Partiyamızın dövlətimizin inkişafı istiqamətində həyata keçirdiyi işlərdə qadınlarımız da fəal iştirak edir. YAP Qadınlar Şurası partiyamızın fəaliyyətində xüsusi yer tutur. Qadınlar Şurasının yaradılması və fəaliyyəti ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasında qadınların roluna və təmsilçiliyinə verilən önəmdən qaynaqlanır. Bu mənada YAP Qadınlar Şurasının sədri kimi siz qadınların partiya həyatında iştirakı barədə nə deyə bilərsiniz?
- Əvvəla qeyd etmək istəyirəm ki, cəmiyyətin ən dinamik və aktiv təbəqələri sırasında yer alan, milli müstəqillik və dövlətçilik ideyaları ətrafında sıx birləşən Azərbaycan qadınları bu gün də dövlət quruculuğunda, ölkənin ictimai-siyasi həyatında daha fəal iştirak edərək Vətənimizin sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına, mədəniyyətimizin inkişafına layiqli töhfələrini verirlər. Azərbaycan qadını Vətən üçün milli-mənəvi dəyərlərimizin qoruyucuları, adət-ənənələrimizin yaşadıcıları olan, nəsillər arasında varisliyi ləyaqətlə davam etdirən övladlar tərbiyə edib yetişdirirlər.
Bir məqamı xüsusi olaraq diqqətə çatdırmaq istəyirəm. Azərbaycan qadınının bgünkü fəallığının, cəmiyyət həyatının müxtəlif sahələrdə uğurla və ləyaqətlə təmsil olunmasının təmin olunmasında Ulu öndər Heydər Əliyevin xidmətləri milsizdir. Zənnimcə, Azərbaycanın dövlətçilik tarixində Ulu öndər Heydər Əliyevə qədər Azərbaycan qadınını fikrən və ruhən pərvazlandıran, onu böyük cahanşümul işlərə ruhlandıran, ona cəmiyyətdə layiq olduğu yeri təklif və təmin edən ikinci bir dövlət rəhbəri olmamışdır. Sevindirici haldır ki, həmin siyasət bu gün partiyamızın Sədri, ölkə başçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
YAP Qadınlar Şurasının fəaliyyətinə gəldikdə isə qeyd edə bilərəm ki, təşkilatımızın fəaliyyətinin əsasında dövlətçiliyimizə xidmət dayanır. YAP Qadınlar Şurası Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında öz fəaliyyətini davam etdirir. Bu gün YAP-ın sıralarında 700 mindən çox yaxın insan birləşib və bu, böyük bir ordudur. Bu ordunun sıralarında qadınlar təxminən 50 faiz təşkil edir. YAP öz ideyalarını həyata keçirərkən qadınlara və gənclərə də istinad edir. Ona görə ki, hər iki qurumun sırası möhtəşəmdir. Onlar yüksək ideoloji əsaslarla formalaşıb, tərkibi çox keyfiyyətlidir. Qadınlar Şurasının İdarə Heyətinin üzvləri sırasında elm xadimləri yer alır. Bundan başqa, təşkilatımızın sıralarında həkimlər, müəllimlər, digər peşə sahiblərindən olan ziyalılar təmsil olunurlar. Buna paralel olaraq hər il çoxsaylı vətənpərvər və ziyalı qadınlarımız mütəmadi olaraq YAP Qadınlar Şurasının sıralarına daxil olurlar.
- Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YAP-ın Sədr müavini Mehriban xanım Əliyevanın fəaliyyəti qadınların cəmiyyətdə mövqeyinin möhkəmlənməsinə və rolunun artmasında nə dərəcədə rol oynayır?
- Ötən dövr ərzində həyata keçirilən dövlət qadınlar siyasətinin ən mühüm və uğurlu nəticələrindən biri Mehriban xanım Əliyevanın şəxsində Azərbaycan qadınının layiq olduğu ən yüksək ictimai məqama, mənəvi zirvəyə yüksəlməsidir. Biz bu yüksəlişi uzun illər müdrik və çoxsahəli fəaliyyətin ədalətli nəticəsi kimi dəyərləndiririk. Azərbaycanın Birinci vitse-prezidenti, YAP-ın Sədr müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Azərbaycan qadınları üçün müasir dünyamızda bəşəriyyətə faydalı olmağın yeni meyarlarını müəyyən edən parlaq örnəkdir. Onun təşəbbüsü ilə Azərbaycan mədəniyyəti incilərinin, səsimizin, sözümüzün bütün dünyada təbliği, Azərbaycan dövlətinin dəstəyi ilə ölkə daxilində və ölkədən xaricdə keçirilən tədbirlər, reallaşdırılan unikal layihələr xüsusi əhəmiyyət daşıyır. Bu gün adı cəmiyyətimizdə xeyirxahlıq, insanlara kömək, nəciblik, alicənablıq məzmunu ilə assosiasiya olunan Mehriban xanım Əliyevanın çoxşaxəli və səmərəli fəaliyyətinin Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında aktiv iştiraka marağının artması, cəmiyyətimizdə qadın fəallığı ənənələrinin güclənməsində rolu böyükdür. Mehriban xanım Əliyevanın Azərbaycan dövləti və xalqı, eləcə də qadın siyasətinin inkişafında tarixi xidmətləri misilsizdir. O, öz ali məramlara söykənən fəaliyyəti ilə Azərbaycan cəmiyyətində novatordur.
Azərbaycan xalqının yüksək milli-mənəvi dəyərləri ilə qürur duyan və özünün şəxsi nümunəsində bu dəyərləri dünyaya layiqincə təqdim edən Mehriban xanım Əliyevanın timsalında biz həmçinin qayğıkeş bir ana obrazını görürük. Mehriban xanım Əliyeva həyatının əlamətdar günlərini, milli bayramlarımızı bir qayda olaraq valideyn himayəsindən məhrum qalmış və yaxud fiziki qüsurlu uşaqlarla keçirir. Bununla Mehriban xanım Əliyeva sanki belə bir mesaj verir ki, uşaqları, ələlxüsus da valideyn himayəsindən məhrum qalmış və yaxud fiziki qüsurlu uşaqları taleyin ümidinə buraxmayın, qoy onlar sizlərin mərhəməti sayəsində ana qəlbinin hərarətini, istiliyini hiss etsinlər, özlərini tənha saymasınlar. Bütövlükdə, Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti dünya səviyyəsində Azərbaycan qadınının müsbət obrazının formalaşmasında əvəzsiz rol oynayır.
- YAP Qadınlar Şurası partiyanın yaradılmasının 25-ci ildönümü ilə bağlı hansı tədbirlər keçirməkdədir?
- YAP Qadınlar Şurası partiyanın yaranmasının 25-ci ildönümü münasibətilə tədbirlər planı hazırlayıb və müəyyən olunmuş plana əsasən müxtəlif tədbirlər keçirməkdədir. Ümumxalq partiyası olan YAP-ın sıralarında cəmləşən qadınlar bu tədbirlərdə olduqca fəal iştirak edirlər. Tədbirlərdə partiyamızın ötən 25 ildə keçdiyi zəngin və şərəfli inkişaf yoluna nəzər salınır, YAP-ın yaranmasını zəruri edən amillərə və partiyanın fəaliyyətinin başlıca istiqamətlərinə diqqət yetirilir. Bu tədbirlər həm də partiyamıza olan rəğbət və hörməti, inam və etimadı əyani şəkildə əks etdirir. Bütün tədbirlərdə YAP-ın Azərbaycanın inkişafına layiqli töhfələr verməsi, partiyamızın ölkəmizin müstəqillik tarixində misilsiz rol oynaması, Azərbaycanın gələcək siyasi taleyinin məhz Yeni Azərbaycan Partiyası ilə bağlı olması əminliklə vurğulanır. Bütün bunların ölkəmizin gənclərinə örnək, nümunə olduğunu düşünürəm.
- Nurlana xanım, siz həmçinin, təcrübəli pedaqoq kimi ömrünüzü gənclərin təlim-tərbiyəsinə, təhsilinə həsr etmisiniz. Bu gün gənclərimiz cəmiyyət həyatının müxtəlif sahələrində aktiv fəaliyyət göstərir, ölkəmizi beynəlxalq miqyasda uğurla təmisl edirlər. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının sıralarında cəmləşən gənclərin fəaliyyətini necə qiymətləndirirsiniz?
- Bu gün hər bir cəmiyyətin ən dinamik qüvvəsi qismində məhz gənclər çıxış edirlər. Buna görə də gənclərin doğru yönləndirilməsi, onların fəaliyyətinə əlverişli şərait yaradılması, gənclərdə milli-mənəvi dəyərlərin və vətənpərvərlik hissinin formalaşdırılması mühüm zərurət kimi çıxış edir. Digər tərəfdən, gəncliyin inkişafı, onların zərərli təsirlərdən qorunması hər zaman diqqət mərkəzində olan məsələlərdəndir. Əlbəttə, burada əsas amil gənclərin düzgün istiqamətləndirilməsi, milli maraqlar və xalqımızın ali dəyərləri əsasında onların mütərəqqi qüvvəyə çevrilməsini təmin etməkdir. Bununla yanaşı, məktəblər və universitetlər yeniyetmə və gənclərin həm düzgün tərbiyə olunmasında, həm də şəxsiyyət kimi formalaşmasında mühüm rola malikdirlər. Xüsusilə, universitetlər gənclərin peşəkar kadr kimi yetişməsində əhəmiyyətli rol oynamaqla yanaşı, həm də cəmiyyətə, dövlətə faydalı kamil vətəndaş kimi formalaşmasında böyük məsuliyyət daşıyırlar.
Təsadüfi deyil ki, mütərəqqi yola, aydın inkişaf modelinə sahib olan dövlətlər gənclərin potensialından cəmiyyətin və dövlətin tərəqqisi naminə səmərəli şəkildə istifadə edirlər. Azərbaycan da belə ölkələr sırasında yer alır.
Azərbaycanda müasir çağırışlara müvafiq şəkildə mütərəqqi gənclər siyasəti həyata keçirilir. Digər tərəfdən, yeniyetmələrin və gənclərin zərərli təsirlərdən qorunması, onlarda vətənpərvərlik hissinin gücləndirilməsi istiqamətində keçirilən tədbirlər müxtəlif layihələr çərçivəsində davam etdirilir. Bu gün ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə mühüm layihələr həyata keçirilir və səmərəli nəticələr əldə olunur.
Təsadüfi deyil ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət Azərbaycanda sağlam təfəkkürlü, milli-mənəvi dəyərləri mənimsəmiş, Vətəninə, xalqına bağlı, sədaqətli gənclər ordusunun yetişməsini təmin edib. Azərbaycan gəncliyi mütərəqqi dəyərləri mənimsəyib, milli maraqlara, həmçinin milli-mədəni dəyərlərə uyğun möhkəm əqidəyə sahibdir. Biz bunun örnəyini bir çox nümunələrin timsalında göstərə bilərik. Heç uzağa getməyək, aprel döyüşləri zamanı Azərbaycan gəncliyinin nümayəndələri böyük cəsarət və rəşadət nümunəsi ortaya qoydular. Azərbaycan gəncliyinin yüksək vətənpərvərlik ruhu mənfur qonşularımıza, həmçinin bütün dünyaya bir daha bəlli oldu. Əlbəttə, bu nümunələrin sayını istənilən qədər artırmaq olar, amma təkcə bu örnək bütün deyilənləri sübuta yetirir.
Azərbaycan cəmiyyətinin hər bir təbəqəsindən olan insanları öz sıralarında birləşdirən Yeni Azərbaycan Partiyası da gəncliyin inkişafına xüsusi həssaslıqla yanaşır, bu istiqamətdə həyata keçirilən layihələr və tədbirlər dövlət gənclər siyasətinə mühüm dəstək kimi çıxış edir. YAP-ın çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biri gənc nəslə diqqət və qayğının artırılması, respublikamızın ictimai-siyasi həyatında onların fəal iştirakının təmin olunması, yeni nəslin gələcəyin layiqli vətəndaşları kimi formalaşması məqsədilə mühüm tədbirlərin həyata keçirilməsidir. Bütün bunların məntiqi nəticəsidir ki, gənclərimiz Yeni Azərbaycan Partiyasına inamla, məhəbbətlə üz tuturlar. Azərbaycanın milli-mənəvi dəyərlərini mənimsəmiş, mütərəqqi baxışlara və zəngin dünyagörüşünə malik dəyərli gənclərimizin əhəmiyyətli hissəsi Yeni Azərbaycan Partiyasının sıralarında cəmləşib.

yap.org.az