Müsahibə

  • 7 052

Yeni Azərbaycan Partiyası fəaliyyətində hər zaman gənclərin inkişafına geniş imkanlar yaradır

image

YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov

- Seymur müəllim, bu il Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi respublikamızda böyük təntənə ilə qeyd olundu. Gənclərimizin partiyamızın fəaliyyətində hazırki iştirak səviyyəsi ilə bağlı fikirlərinizi bilmək istərdik...
- Yeni Azərbaycan Partiyası ötən 25 il ərzində böyük inkişaf yolu keçib. Öz gücünü xalqın dəstəyindən alan Yeni Azərbaycan Partiyası ölkəmizdə davamlı islahatların həyata keçirilməsinə, ictimai-siyasi sabitliyin qorunmasına, Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artmasına milsilsiz töhfələr verib.
Yeni Azərbaycan Partiyası siyasi sistemin monolit gücü və avanqard siyasi institutudur. YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycanın siyasi palitrasının ən güclü və nüfuzlu partiyasıdır. YAP, eyni zamanda, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə birbaşa, fundamental töhfələr verən ümumxalq partiyasıdır.
Özündə yüksək intellektual potensialı birləşdirən YAP-ın sıralarında gənclər də böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası hər zaman fəaliyyətində gənclərin inkişafına geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib. Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin və Onun rəhbərliyi ilə YAP-ın fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi, bu gün də Azərbaycan gənclərinin hərtərəfli inkişafı, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatındakı rolunun artması, idarəçilik strukturlarında geniş təmsil olunması xüsusi diqqət mərkəzindədir.
Qeyd edim ki, bu gün partiyanın üzvlərinin 40 faizi gənclərdən ibarətdir. YAP bu gün istedadlı, cəmiyyətə və dövlətə yararlı olmaq istəyən gəncləri öz ətrafında birləşdirməklə yanaşı, yeni nəslin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai, siyasi fəaliyyətə cəlb olunması və digər istiqamətlərdə mühüm işlər görür.
Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri cənab İlham Əliyev partiyanın yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində qeyd edib ki, bu gün Yeni Azərbaycan Partiyası öz sıralarında 700 mindən çox insanı birləşdirir, onların 40 faizi gənclərdir: “Yəni bu gün partiyamızın fəaliyyəti, ideyaları, apardığı siyasət gənc nəsil üçün də cəlbedicidir və bu, çox müsbət haldır. Bu, onu göstərir ki, Azərbaycanda bundan sonra da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq və partiyanın təbliğ etdiyi, bəyan etdiyi prinsiplər bu gün xalq tərəfindən tam dəstəklənir. İndi Azərbaycanda görülmüş işlər, ölkəmizin uğurlu inkişafı, əlbəttə, hər bir vətənpərvər insana əyani şəkildə göstərir ki, bugünkü iqtidarın apardığı siyasət yeganə düzgün siyasətdir”.
- YAP Gənclər Birliyi daim ən müxtəlif mövzularla bağlı layihələr həyata keçirir. bu barədə nə deyə bilərsiniz?
- Hər il olduğu kimi 2017-ci ildə də Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi əsas fəaliyyət istiqamətini ölkə Prezidentinin siyasi xəttinə dəstək, Azərbaycan həqiqətlərinin dünyada tanıdılması, ölkə gənclərinin sosial mühitə adaptasiyası, azərbaycançılıq ideologiyasının təbliği istiqamətində quraraq, il ərzində onlarla tədbir keçirmişdir.
Belə ki, hər zaman olduğu kimi bu il də partiyamızın gənclər birliyi Azərbaycan xalqı üçün həssas günlərdə olduqca tədbirli davranmış, xalqımızın başına gətirilən faciələri istər ölkə gənclərinə, istərsə də dünya ictimaiyyətinə çatdırmışdır. 20 yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar olaraq, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin minlərlə üzvü Şəhidlər Xiyabanını ziyarət edərək, şəhid məzarları üzərinə tər qərənfillər qoymuşlar. Eyni zamanda Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “20 Yanvar - Şəhidlik zirvəsi” mövzusunda konfrans keçirilmişdir. Konfransda şəhidliyin necə bir uca zirvə olduğu iştirakçı gənclərin diqqətinə çatdırılmışdır.
Eyni zamanda, Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar YAP Gənclər Birliyi Zirə Mədəniyyət Mərkəzində tədbir keçirmişdir. Belə ki, tədbirdə YAP Gənclər Birliyinin təşkilatçılığı ilə ərsəyə gətirilən "Xocalı" müsiqili-kompozisiyasının təqdimatı olmuşdur. Eyni zamanda YAP Gənclər Birliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçığı ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Aprel döyüşlərindən sonra Cocuq Mərcanlı kəndinin bərpa prosesində YAP Gənclər Birliyinin üzvləri inşaat dəstələri yaradaraq, həmin kəndə səfər etmiş və bu prosesə də öz töhfələrini vermişlər. Partiyamızın Gənclər Birliyi 31 mart Dünya azərbaycanlılarının soyqırımı günü ilə əlaqədar silsilə tədbirlər keçirərək, tarixi həqiqətlərin bərpası istimaqətində öz mövqeyini, əməyini ortaya qoymuşdur.
- Bəs gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində hansı layihələr reallaşdırılıb?
- Azərbaycanın əzəli torpağı olan Qarabağ torpaqları bu gün işğal altındadır.Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi gənclərin vətənpərlik ruhunun yüksəldilməsi, döyüş bacarıqlarının artırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirmişdir. Cari ildə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” ilə birgə təşkil etdiyi və aprel döyüşlərinə həsr olunmuş “Qələbədən Qələbəyə” adlı atıcılıq turniri,gənclərin vətənpərvərlik ruhunun artırılması istiqamətində atılmış praktiki addım idi. Burada partiyamızın ayrı-ayrı rayon təşkilatlarını əhatə edən komandalar mübarizə apardılar. Turnirin sonunda I, II və III yerlərin qalibləri mükafatlandırılmışlar.
Cari ilin aprelin 6-da Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və YAP Nəsimi rayon təşkilatının birgə təşəbbüsü ilə ötən ilin aprel döyüşlərində Azərbaycan ordusunun qələbəsinin ildönümünə həsr edilmiş “Qələbə yürüşü” keçirilib.
- YAP Gənclər Birliyi Ulu öndər Heydər Əliyevin siyasi və mənəvi irsinin gənclər arasında təbliği istiqamətində nə kimi işlər görür?
- Hər il olduğu kimi bu il də YAP Gənclər Birliyinin əsas fəaliyyət istiqamətlərindən birini Ulu öndər Heydər Əliyevin siyasi və mənəvi irsinin gənclər arasında təbliği tutmuşdur. Bu yöndə YAP Gənclər Birliyinin BSU-da keçirdiyi «Heydər Əliyev və Azərbaycan gəncliyi» mövzusunda elmi konfransı, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Azərbaycan Velosiped İdmanı Federasiyası ilə birgə təşkil etdiyi Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş "Sağlam Gələcək" adlı velosiped turnirini, YAP GB-nin təşkilatçılığı ilə Milli Məclisdə “Heydər Əliyev milli parlamentimizin banisidir” mövzusunda “dəyirmi masa”nı, partiyamızın bir qrup gənc üzvünün Heydər Əliyev adına neft emalı zavoduna etdiyi ekskursiyanı, Heydər Əliyev Mərkəzinə təşkil olunan ekskursiyanı qeyd etmək olar.
Müstəqil Azərbaycan Respublikasının bu günkü uğurlarının təməlində heç şübhəsiz ki, Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri dayanır. Azərbaycan tarixinə 15 iyun Milli Qurtuluş Günü kimi daxil olan gün müstəqil dövlətçilik tariximizdə mühim yer tutur. YAP Gənclər Birliyi bu əlamətdar günlə bağlı bir sıra tədbir təşkil etmişdir. Bunların sırasında; YAP gənclərinin Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə ilə olan görüşünü, 15 İyun Milli Qurtuluş Günü ilə əlaqədar gənclərin “Eko Park”a olan ekskursiyasını və başqalarını qeyd etmək olar.
- YAP Gənclər Birliyi həmçinin bir sıra layihələrə dəstəkçi qismində çıxış edir. Bu kimi tədbirlərin əhəmiyyəti nədən ibarətdir?
- YAP Gənclər Birliyi vaxtaşırı olaraq ölkədə keçirilən beynəlxalq yarışlara öz dəstəyini göstərmişdir. Bu il "Formula-1 Avropa Qran Prisi" nə dəstək məqsədi ilə YAP Gənclər Birliyi "YAP GB K2017" adlı karting yarışması təşkil etmişdir. Burada YAP Gənclər Birliyinin Bakı şəhərində üzrə strukturlarının təmsilçiləri mübarizə aparmış, 1, 2, 3-cü yerlərin sahibləri mükafatlandırılmışlar.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilati dəstək verdiyi layihələrdən biri də Azərbaycan Xalça Muzeyi ilə birgə icra edilmiş “Xalçaçılıq sənətini yaşat və təbliğ et” adlı pilot layihə olmuşdur. Bu layihədə gənclər iştirak edərək, xalça toxumağın yolları, Azərbaycanın xalçaçılıq ənənəsi barədə geniş məlumat əldə etmişlər. Sonda layihə iştirakçısı olan gənclərin Azərbaycan Xalça Muzeyinə ekskursiyası təşkil olunmuşdur.
- Seymur müəllim, bu il ərzində YAP Gənclər Birliyi daha hansı istiqamətlər üzrə layihələr həyata keçirib?
- Biz ən müxtəlif istiqamətlər üzrə layihələr həyata keçirmişik. 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsi ilə bağlı YAP Gənclər Birliyi bir sıra tədbirlər təşkil etmişdir. Bunlardan biri də Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkil etdiyi “İslam həmrəyliyi gənclərin gözü ilə” adlı konfrans idi.
Bu il Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi ilə əlaqədar bir sıra tədbirlər keçirilmişdir. YAP Gənclər Birliyi bu məqsədlə partiyanın Bakı şəhərində fəaliyyət göstərən təşkilatları arasında debat yarışı təşkil etmişdir. Burada əsas məqsəd siyasi arenada fəallığı ilə seçilən gənclərin natiqlik bacarıqlarının, liderlik keyfiyyətlərinin artırılması olub. Debat yarışı 3 mərhələdən ibarət olmuşdur. Yarışın final mərhələsində millət vəkilləri, dövlət qurumlarının nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri qonaq qismində iştirak etmişlər. 1, 2, 3-cü yerlərin sahibləri diplom və hədiyyələrlə mükafatlandırılmışlar.
YAP Gənclər Birliyi gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması, onlara sağlam həyat tərzinin təbliği məqsədi ilə mütəmadi olaraq layihələr, sosial aksiyalar həyata keçirir. 2017-ci ildə də partiyamızın Gənclər Birliyi gənclərin asudə vaxtının səmərəli təşkili, onların zərərli vərdişlərdən uzaqlaşdırılması, aktiv həyat tərzinə uyğunlaşması üçün gənclər arasında boulinq yarışması təşkil etmişdir. Təşkil olunan yarış ölkə mediasında geniş rezonans doğurmuş, böyük marağa səbəb olmuşdur.
Hər zaman sosial maarifləndirici layihələri ilə diqqət çəkən YAP Gənclər Birliyi bu ənənəsini bu il də davam etdirmişdir. Belə ki, YAP Gənclər Birliyinin ofisində bədii ədəbiyyata, kitaba marağın artırılması məqsədi ilə “Danışan kitab” adlı layihə həyata keçirilmişdir. Layihə gənclər tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Yeni Azərbaycan Partiyası Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirlərini birliyin ofisində dəvət edərək, onlarla gənclərin görüşünü təşkil etmişdir. Cari ildə Kubanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondo YAP Gənclər Birliyinin qonağı olmuş, gənclərə "Beynəlxalq əlaqələr və diplomatiya" mövzusunda təlim keçmişdir.
2017-ci ildə sosial şəbəkələrdə xüsusi aktivliyi ilə seçilən YAP Gənclər Birliyi ölkə həqiqətlərinin tanıdılması istiqamətində bir sıra işlər görmüş, Azərbaycan həqiqətlərini elektron medianın yaratmış olduğu imkanlardan istifadə edərək, dünya ictimaiyyətinə çatdırmışdır. Belə ki, internetdə YAP Gənclər Birliyinə məxsus olan səhifə və qruplar bu il ərzində də həm izləyici sayının çoxluğuna, həm də paylaşılan statuslara olan reaksiya baxımından öndə olmuşdur.
Qarşıdan 2018-ci il gəlir. YAP Gənclər Birliyi 2018-ci ildə də öz prinsiplərinə sadiq qalaraq, fəaliyyətini uğurla davam etdirəcək.

yap.org.az

Digər xəbərlər