Müsahibə

  • 7 963

Azərbaycanın dinamik inkişafı ölkəmizi siyasi və iqtisadi cəhətdən qlobal mərkəzə çevirməkdədir

image

YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, MM-in komitə sədrinin müavini Sevinc Fətəliyeva

- Sevinc xanım, 2017-ci il artıq başa çatmaq üzrədir. Bu il ərzində Azərbaycan dövlətinin xarici siyasətinin nəticələrini necə xarakterizə edərdiniz?
- Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilmişdir. Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir.
Azərbaycanın dinamik inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir. İlk növbədə siyasi sahədə qazanılan nailiyyətlər Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini respublikamıza yönəldə bilib. Bunun ən böyük təsdiqi 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi olub. Bu, onun göstəricisidir ki, Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan bir dövlətdir. Ölkəmiz beynəlxalq birliyin müstəqil üzvü kimi öz mənafelərini qarşılıqlı hörmət prinsipi çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, öz gücünə inamını, eləcə də ölkəmizə olan etimadı artırır. Onu da əlavə edək ki, Azərbaycan təkcə siyasi, iqtisadi məsələlərdə deyil, humanitar, mədəni sahələrdə də yeni qlobal mərkəz rolunu oynayır.
Ümumiyyətlə, 2017-ci ilin xarici siyasət sahəsindəki yekunları göstərir ki, həyata keçirilən balanslaşdırılmış siyasət Azərbaycanın müstəqil xarici siyasət kursunun əsasını təşkil etməklə yanaşı, ölkəmizin beynəlxalq münasibətlərdə uğurla təmsil olunmasını təmin edir. Azərbaycan öz xarici siyasətini, ikitərəfli və çoxtərəfli əlaqələrini sırf beynəlxalq hüquq normaları, milli maraqları əsasında davam etdirir. Bunun nəticəsidir ki, 2017-cı ildə Azərbaycanın beynəlxalq əlaqələri daha da genişlənib, ölkəmizin tərəfdaşlarının sayı artıb. Qazanılan bütün nailiyyətlərin əsasında isə Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir.
- Azərbaycan qlobal təhlükəsizliyə əhəmiyyətli töhfələr verməkdədir. Bu baxımdan, ölkəmizin reallaşdırdığı enerji layihələrinin önəmini necə dəyərləndirisiniz?
- Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu və etibarlı dövlətə çevrilməsinin səbəblərindən biri də ölkəmizin qlobal təhlükəsizliyə əhəmiyyətli töhfələr verməsidir. Qlobal təhlükəsizlikdən bəhs edərkən əvvəla onu bildirmək lazımdır ki, yerləşdiyi regionun təhlükəsizlik qarantı olan Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır. “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması Azərbaycanla əməkdaşlığın Avropa üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini göstərdi. Bildiyimiz kimi, “Şahdəniz-2” layihəsi Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaq. Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş və məqsədyönlü xarici siyasət ölkəmizi regionda lider dövlətə, qlobal miqyasda isə etibarlı tərəfdaşa çevirib.
- Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətlərinin hazırki səviyyəsi haqqında nə deyə bilərsiniz?
- Dünyanın müxtəlif qitələrində yerləşən dövlətlərlə, aparıcı beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi, respublikamızda həyata keçirilən mütərəqqi islahatlar barədə dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması, enerji resurslarının ixracı və diversifikasiyası prosesinin gerçəkləşdirilməsi dövlət başçısı İlham Əliyevin siyasətində diqqəti xüsusi çəkən prioritetlərdir. Məhz bu diplomatik reallıqlar fonunda respublikamızın Avropa üçün geosiyasi və iqtisadi əhəmiyyəti daha da yüksəlib, avrostrukturlara inteqrasiya prosesi sürətlənib. Ötən illər ərzində Azərbaycan Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, NATO Parlament Assambleyası və digər mötəbər beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlar əsasında faydalı əməkdaşlıq edir. Son illər həyata keçirilən islahatların məntiqi nəticəsi olaraq Azərbaycan iqtisadi sahədə keçid dövrünü uğurla başa vuraraq iqtisadi və sosial-mədəni modernləşmənin keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Beynəlxalq təşkilatlar tərəfindən də ciddi maraqla qarşılanan Azərbaycanın inkişaf modeli əlverişli coğrafi və geosiyasi məkanda yerləşən respublikamızın nüfuzunu daha da gücləndirib. Bu amilin nəticəsidir ki, Azərbaycanla əməkdaşlıq etmək istəyində olan dövlətlərin və təşkilatların sayı durmadan artır.
Hazırda Azərbaycan dövlətinin qarşısında dayanan yeganə problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın 20 faizi hələ də işğal altındadır. Dövlətimiz münaqişənin ədalətli həlli istiqamətində bütün diplomatik imkanlardan maksimum istifadə edir. Təəssüf ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi, müvafiq beynəlxalq qurumların və dövlətlərin laqeyd və ikili standartlarla yanaşması səbəbindən münaqişə hələ də özünün ədalətli həllinin tapmır. Prezident İlham Əliyev hər zaman yüksək beynəlxalq tribunalardan Ermənistanın işğalçılıq siyasətini ifşa edir və bəyan edir ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına hec vaxt imkan verilməyəcək. Ərazi bütövlüyümüzün danışıqlar prosesində müzakirə mövzusu olmadığını deyən dövlətimizin başçısı sülh danışıqları nəticə verməsə, Azərbaycanın öz gücünə torpaqlarımızı işğaldan azad edəcəyini dəfələrlə vurğulayıb.
- Azərbaycan dünya miqyasında dinamik inkişaf tempinə malik olan ölkələr sırasında aparıcı yerlərdən birini tutur. Sizcə, faktın əsasında dayan amillər nədən ibarətdir?
- Əlbəttə ki, bu inkişafın əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin təmin olunması və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir.
Müasir dövrdə qloballaşma şəraitində ayrı-ayrı ölkələrin və beynəlxalq münasibətlər sisteminin durumunu xarakterizə edərkən ən çox maliyyə-iqtisadi və siyasi böhran hallarına rast gəlinir. Xüsusilə də ayrı-ayrı regionlarda konfliktlərin, müharibələrin mövcud olması, inkişaf etmiş iqtisadiyyata və siyasi sistemə malik olan ölkələrdə isə sabitliyin öz yerini xaosa verməsi qlobal kataklizmlərin mövcudluğundan xəbər verir.
Bu gün Azərbaycan ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasındadır. Ölkəmizdə bütün sahələrin inkişafına təkan verən mühüm amillərdən biri olmaq etibarilə ictimai-siyasi sabitlik həm də milli təhlükəsizliyimizin qarantı qismində çıxış edir. Birmənalı şəkildə qeyd etmək olar ki, Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyin əsaslarını dövlət tərəfindən həyata keçirilən uğurlu islahatlar və tətbiq edilən yeniliklər, inkişaf modelləri təşkil edir. İnsan və vətəndaş hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, sosial-siyasi təsisatların legitimləşdirilməsi, vətəndaşların siyasi həyatda iştirakına maksimum şərait yaradılması kimi göstəricilər və nəticələr deyilənləri təsdiq edir.
Hazırda dünyanın bir sıra nöqtələrində, xüsusilə, Yaxın Şərqdə baş verən proseslər sabitliyin nə qədər böyük dəyər olduğunu təsdiqləyir. Müəyyən beynəlxalq güclər öz maraqları naminə bir sıra dövlətlərin daxilində vəziyyəti gərginləşdirdilər və hazırda çox acınacaqlı durum yaranıb. Həmin ölkələrin xalqları, günahsız insanlar çox ağır məhrumiyyətlərlə üz-üzə qalıblar. Bütün bunlar bir daha bu reallığı təsdiqləyir ki, hər bir cəmiyyətin qarşısında duran ən mühüm əsas vəzifələrdən biri məhz ictimai-siyasi sabitliyin təmin edilməsidir. Çünki, ictimai-siyasi sabitlik inkişafın əsasını təşkil edir. Bu baxımdan da, bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi səciyyələndirilə bilər. Azərbaycanda demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapması və inkişafını təmin edən əsas amillərdən biri məhz davamlı islahatların həyata keçirilməsidir. Digər tərəfdən, çoxistiqamətli islahatlar siyasi sistemin təkmilləşməsinə mühüm töhfələr verir. Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf strategiyasının fonunda reallaşdırılan demokratik islahatlar mütəmadi xarakter daşıyır. Azərbaycan siyasi, hüquqi, iqtisadi islahatları davam etdirmək əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına xidmət edir. Xüsusilə də müxtəlif sahələrdə islahatların paralel aparılması reallaşdırılan siyasi kursun səmərəliliyini təmin edir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycanda bütün azadlıqlar təmin edilib. Ona görə də, bu gün Azərbaycn sivil, demokratik dövlət kimi beynəlxalq müstəvidə qəbul olunur. Bu amil ölkəmizin nüfuzunun artmasını şərtləndirən səbəblərdən biridir.
- Sevinc xanım, Azərbaycan dünyada yüksək tolerantlıq ənənələri olan ölkə kimi də dünyada tanınır. Sizcə, bu faktor beynəlxalq miqyasda ölkəmizə nə kimi dividentlər gətirməkdədir?
- Bu gün müasir ölkəmiz azərbaycançılıq ideyalarına əsaslanan, multukultral, tolerantlıq və həmrəylik nümunəsi kimi çıxış edir. 1993-cü ildə Azərbaycan dövlətini parçalanmaqdan qurtarmış Ümummilli liderin uğurlarının kökündə məhz azərbaycançılıq ideologiyası dayanırdı. Həmin dövrdə respublikada milli-etnik ixtilaf, bölücülük tendensiyası ayrı-ayrı bölgələrdə özünü daha qabarıq göstərirdi. Belə bir zamanda xalq dinindən, etiqadından və etnik bölgüsündən asılı olmayaraq Ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası ətrafında birləşdi və ölkəni parçalamaq istəyən qüvvələr zərərsizləşdirildi.
Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olaraq Prezident İlham Əliyevin uğurlu daxili siyasəti nəticəsində azərbaycançılıq ideologiyası ölkədə yaşayan bütün etnik qrupların vahid ideyasına çevrilmişdir. Məhz 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi, yuxarıda qeyd olunanların əməli təsdiqidir. Tolerantlıq Azərbaycanın əvəzsiz, dünya xalqlarına nümunə göstəriləcək milli-mənəvi sərvətidir. Beynəlxalq böhran bir daha onu göstərdi ki, tolerantlıq sadəcə insanların birgə yaşam tərzini müəyyənləşdirən mədəni-psixoloji amil deyil, həmçinin cəmiyyətdə və bütün dünyada regional, hətta qlobal səviyyədə sülhün bərqərar olunması üçün mühüm vasitədir. Qloballaşmadan kənarda qalmayan ölkəmiz bu prosesdə məhz öz inkişaf yolunu, özünəməxsus dəyərlərini əsas götürərək gələcəyə doğru inamla addımlayır. Dünyada gedən proseslər onu göstərir ki, radikallaşma, ekstremizm, terrorizm, münaqişə və miqrasiya bir-birinə bağlı olan anlayışlardır. Multikulturalizmi bir dəyər sisteminə çevirmiş Azərbaycanda çoxmədəniyyətliliyin inkişafı istiqamətində aparılmış məqsədyönlü siyasətin nəticəsində bu gün müxtəlif mədəniyyətlərin təmsilçiləri Azərbaycanın siyasi, iqtisadi və mədəni elitasında təmsil olunur, ölkənin həyatında əsaslı dəyişikliklər və inkişaf prosesində yaxından iştirak edirlər. Azərbaycanın tolerant mühiti ölkədə multikulturalizm və dözümlülük dəyərlərinin fövqündə ölkəmizi bütün dini və siyasi baxışlara sahib, müxtəlif mədəniyyətlərə mənsub xalqların vahid dialoq mərkəzinə çevirir.

yap.org.az

Digər xəbərlər