Müsahibə

  • 5 150

"Müxaliflər arasında münaqişələr və dava-dalaşlar hələ qabaqdadır"

image

Mais Səfərli: "Bu gün istər Müsavat, istərsə də AXCP fiaskoya uğramış partiyalardır "
Müsahibimiz "Yurddaş" partiyasının sədri Mais Səfərlidir

- Mais bəy, ümumi nəticələrə əsaslanaraq, demək olarmı ki, 2017-ci il müxalifət üçün son dərəcə uğursuz oldu?

- Əvvəlki illərdə olduğu kimi, 2017-ci il də müxalifət üçün uğursuz illərdən biri oldu. Ümumiyyətlə, bu günə qədər müxalifət üçün hansı il uğurlu olub ki, bundan sonra da olsun?! Demək olar ki, müxalifət düşərgəsini təmsil edən şəxslər beyinlərində "bundan sonra nə isə edə bilərlər" kimi reallığı özündə əks etdirməyən xəyallar qururlar. Yaxşı olardı ki, uzun illərdir ki, xəyallar aləmində özlərinə taxt-tac quranlar siyasətdən gedərək, əməli fəaliyyətlə məşğul olsunlar. Təcrübəyə əsasən, demək olar ki, 2018-ci il də dağıdıcı müxalif ünsürlər üçün əvvəlki illərdən fərqlənməyən bir il olacaq. Hətta bəzi partiyaların arxivə atılması və liderciklərin siyasətdən getmələri də istisna olunmur.

- Sizcə, siyasətə gəlir mənbəyi kimi baxan Müsavat və AXCP kimi dağıdıcı partiya rəhbərləri siyasətdən gedə bilərlərmi?

- Birmənalı şəkildə, demək olar ki, bu gün istər Müsavat, istərsə də AXCP fiaskoya uğramış partiyalardır. Onların fəaliyyəti görünməzdir. Normal partiya quruculuğu apara bilmədiklərinə görə, cəmiyyətin dəstəyindən məhrum olublar və uzun illərdir ki, müxalifətdə qalaraq, ölkədə keçirilən bütün seçkiləri uduza-uduza gəliblər. Ona görə də, bunların başqa bir çıxış yolu yoxdur. Sadəcə olaraq, bunlar yalnız və yalnız populist bəyanatlar verməklə gündəmdə qalmaq istəyirlər. Artıq Azərbaycan xalqı müxalifət düşərgəsini təmsil edən şəxslərin populist bəyanatlarından bezib. Əlbəttə ki, müxalifət partiya sədrlərinin bu cür hərəkətlərə əl atmaları heç vaxtı onlara başucalığı gətirməyəcək.

- Müxalif düşərgədə "vahid namizəd" olmaq uğurunda çəkişmələrə start verilib. Sizcə, bu, yeni qopmalara gətirib çıxaracaqmı?

- Müxalif liderlər heç vaxtı vahid mövqeyə gələ bilməyiblər. Müxalifət partiya sədrlərinin vahid mövqeyə gələ bilməmələrinin bir çox səbəbləri var. Ən başlıca səbəbi də, bunların müxtəlif qütblərdən idarə olunan partiyalar olmalarıdır. Yəni ayrı-ayrı qütblərə və mərkəzlərə bağlı partiyalar olduqlarına görə, onlar heç vaxtı bir ayara gələ bilməyiblər. Əgər o partiyalar bir araya gələ bilsəydilər, çoxdan birləşərdilər. Sadəcə olaraq, müxalifət partiya sədrləri cəmiyyətə bir birlik mesajı vermək üçün və özlərinin, guya ki, vahid amal uğuruna mübarizə apardıqlarını sübut etmək üçün, bəzən, görürsən, bir olmaq cəhdləri edirlər, bəzən də, görürsən ki, müvəqqəti qurumlar yaradırlar. Amma onlara birlik demək olmaz. Ümumiyyətlə, bu gün, demək olar ki, müxalifət düşərgəsini təmsil edən şəxslərin özləri də, bilmirlər ki, nə uğrunda mübarizə aparırlar. Bir sözlə, bu gün nə müxalifət partiyalarının özündə, nə də ki, liderlər arasında birlik yoxdur. Sadəcə olaraq, yaranan hər hansı bir birlik görüntüdən başqa bir şey deyil.

- Deməli, indiki məqamda yeni birlik yaratmaq üçün apardıqları danışıqlar nəticəsiz qalacaq?

- Əlbəttə, nəticəsiz qalacaq. Müxalifətin belə bir ənənəsi var ki, seçkilər öncəsi bir-biri ilə danışıqlar aparırlar, dialoqa gedirlər, hansısa bir qurum yaratmaq istəyirlər. Bəzən də, görürsən ki, hansısa bir müvəqqəti qurum görüntüsü yarada biləcək bir təşkilat formalaşdırırlar. Amma seçkilər ərəfəsində həmin qurum öz effektini vermədiyinə görə, ondan sonra günahkar axtarırlar və günahkar axtarışında da bir-birini günahlandırıb, böyük davaya başlayırlar. Bu dava-dalaş da onların arasında uzun müddət sürən bir qarşıdurmaya gətirib çıxarır. Bir sözlə, müxaliflər arasında münaqişələr və dava-dalaşlar hələ qabaqdadır.
GÜLYANƏ

Digər xəbərlər