Müsahibə

  • 7 133

"Milli Şura"da aranı qarışdıran da Əli Kərimlidir"

image

Teyyub Qənioğlu: "Arif Hacılı, sadəcə olaraq, oyuncaq bir fiqurdur"

Müsahibimiz Təkamül partiyasının sədri Teyyub Qənioğludur

- Teyyub bəy, müxalifət düşərgəsində prezident seçkilərində iştirak etmək üçün vahid namizəd uğurunda çarpışma gedir. Bu baxımdan, demək olarmı ki, bu ünsürlər vahid mövqeyə gələ bilməyəcəklər?

- Müsavat partiyasında, prezident seçkiləri ilə əlaqədar olaraq yaranan qarşıdurma görüntü xarakteri alan bir şeydir. İ.Qəmbər Müsavat partiyasının başqanı postundan imtina edəndə yalnız bir şərt qoymuşdu: Bu şərt də prezident seçkilərində yeganə namizədin özünün olması tələbi idi. Yəni bu məsələ əvvəlcədən planlaşdırılmış və razılaşdırılmış bir məsələdir. Hazırda Müsavat daxilində seçkilərlə bağlı İ.Qəmbərlə A.Hacılı arasında hər hansı bir mübahisə gedirsə, bu, sadəcə olaraq, partiya daxilində demokratiyanın olduğu görüntüsünü yaratmaqdan başqa bir şey deyil. "Milli Şura"da baş verən mübahisəyə gəlincə isə, əgər Ə.Kərimli görsə ki, nə isə qazana biləcək, o zaman asanlıqla Cəmil Həsənlini zərəsizləşdirəcək. Ümumiyyətlə, bu il keçiriləcək prezident seçkilərində müxalifətin qalib gəlmək şansı sıfıra bərabərdir. Bu reallığı Ə.Kərimlinin özü də çox gözəl bilir. Çünki müxalifətin xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur. Belə olan halda da, müxalifətin qələbəsindən söhbət gedə bilməz.

- Deməli, partiyalararası olduğu kimi, partiyalar daxilində də iddialı şəxslərin bir araya gəlmələri mümkün deyil?

- Bu gün Müsavat daxilində A.Hacılı, sadəcə olaraq, oyuncaq bir fiqurdur, səlahiyyəti olmayan bir şəxsdir. Bütün səlahiyyətlər İ.Qəmbərə məxsusdur. "Milli Şura"ya gəlincə isə baş rolda Ə.Kərimli və C.Həsənlidir, ortanı qarışdıran da, lazım gələndə düzən yaradan da və razılığa gələn də onlardır. Əsasən, "Milli Şura"da aranı qarışdıran Ə.Kərimlidir. Bu məsələdə onun özəl maraqları var. Ümumiyyətlə, müxalifət daxilində olan qüvvələr çalışacaqlar ki, seçkilərlə bağlı "vahid namizəd" məsələsində ortaq məxrəcə gəlsinlər. Amma bu da görüntü xarakteri daşıyacaq. Sadəcə olaraq, radikal müxalifət düşərgəsini təmsil edən şəxslər gündəmdə qalmaq və xaricdən maliyyə yardımları almaq üçün "vahid namizəd" ideyası ilə uğursuz çıxışlar edirlər.

- Sizcə, dağıdıcı müxalif partiyaları xarici maraqlı dairələrlə birləşdirən hansı maraqlardır?

- Bu, bir faktdır ki, bəzi məkrli xarici dairələr Azərbaycanın əldə etdiyi uğurlardan və qazandığı nailiyyətlərdən ciddi narahatdırlar. Bu uğurlara kölgə salmaq üçün "sapı özümüzdən olan baltalardan" istifadə edirlər. Yəni həmin xarici qüvvələr ölkəmizdə nə isə xoşagəlməz bir vəziyyətin yaranmasında müxalifət qüvvələrindən yararlanmağa cəhd edirlər. Amma onların bu cəhdlərinin heç bir nəticəsi olmayacaqdır.

- Müsavat və AXCP kimi dağıdıcı partiya funksionerləri, daha çox populist bəyanatlarla çıxış etməklə, siyasi dividend qazanmağa cəhd edirlər. Sizcə, bu cür vasitələrlə siyasi dividend qazanmaq olarmı?

Müsavat və AXCP partiyalarının populist bəyanatlarla çıxış etmələri həmişə olub və bundan sonra da olacaqdır. Çünki bunlar, artıq bunu adət halına çeviriblər.

GÜLYANƏ

Digər xəbərlər