Müsahibə

  • 11 863

"Diffamasiya haqqında” Qanun əksər ölkələrdə qəbul olunub"

image

Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərlinin SİA-ya müsahibəsi:

- Müşfiq müəllim, 2017-ci ilin nəticələri Azərbaycan mətbuatı üçün hansı yeniliklər və uğurlarla yadda qaldı?
- 2017-ci il də Azərbaycan mediası üçün kifayət qədər uğurlu il oldu. Jurnalistlərin həm sosial-iqtisadi vəziyyətlərinin, həm də rifah hallarının inkişaf etməsi baxımından 2017-ci il xüsusi önəmə malik idi. Belə ki, cənab Prezidentin Sərəncamı ilə jurnalistlər üçün inşa olunmuş yeni binanın açılışı oldu. Bizim 255 həmkarımıza, jurnalist ailələrinə bu mənzillər qarşılıqsız və heç bir ödəniş olmadan təqdim olundu. Elə bu faktın özü kifayət qədər uğurludur. İkinci binanın açılış mərasimində həm də cənab Prezident növbəti binanın inşası üçün Sərəncam verdi. Bu onu deməyə əsas verir ki, 2017-ci il həm də növbəti illərdə əldə olunacaq nailiyyətlərin yəni jurnalistlərin sosial durumunun, rifah halının yaxşılaşdırılması üçün uğurlu idi. 2017-ci ildə bizim 500-dən yuxarı həmkarımız Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqələrdə iştirak etdilər və o müsabiqələrin qalibləri oldular.
2017-ci ildə Azərbaycanda informasiyanın alınması və yayılmasına aidiyyatı olan qanunvericiliklərdə təkmilləşdirmələr aparıldı. Qanunlara bir sıra əlavə və dəyişikliklər edildi ki, bu da çox mühüm addımlardır. Bunların arasında xüsusi olaraq toplum halda “İnformasiya”, “İnformasiyalaşdırma”, “İnformasiya təhlükəsizliyi” haqqında Qanuna edilən əlavə və dəyişikliklər idi. Bu da həm Azərbaycanda, həm də dünyada uzun müddət çox ciddi bir problemə çevrilmiş məsələnin tənzimlənməsinə imkan verir. Bu qanunda edilən əlavə və dəyişikliklər artıq bizim onlayn media sferasında da tənzimləmə işləri aparmasına şərait yaradır. Bu baxımdan hesab edirəm ki, “İnformasiya”, “İnformasiyalaşdırma”, “İnformasiya təhlükəsizliyi” haqqında Qanuna edilmiş əlavə və dəyişikliklər ilin ən böyük hadisələrindən biri kimi qəbul edilə bilər.
- Dövlət xaricdən idxal olunan kağız məhsullarının ƏDV-dən azad edilməsi ilə bağlı qərar verdi. Sizcə, 2017-ci ildə müəyyən maliyyə sıxıntısı keçirən qəzetlər bundan sonra özlərini saxlamaq imkanı əldə edəcəklər?
- Bəli, bu da çox ciddi addımlardan biridir. Bildiyiniz kimi qəzet kağızına tətbiq olunan vergi rüsumlarının dondurulması ilə bağlı hələ Ümummilli Lider Heydər Əliyevin vaxtında müəyyən addımlar atılmışdı. Amma qanunvericilikdə aparılan dəyişikliklərlə, islahatlarla əlaqədar olaraq son iki il müddətində o vergilərin yenidən tətbiq olunmasına başlanılmışdı. Həmin vaxt Mətbuat Şurasında bir hesablama aparıldı. Bu hesablamanı Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Milli Məclisdə çıxışı zamanı da elan etdi. Bizim həm parlament, həm də dövlət, hökumət qurumlarını yenidən bu məsələyə diqqət yetirməyə çağırdı. Məsələnin mahiyyəti nədir. Əlbəttə vergi dövlətin əsas sütunlarından biridir. Bu normal ölkələrin hər birində tətbiq olunur. Amma burada bir nüansı nəzərə almaq lazımdır. Nüans odur ki, Azərbaycan dövləri medianın inkişafı üçün kifayət qədər addımlar atır və çoxsaylı proqramlar həyata keçirir. Beləcə milyonlarla vəsait xərclənir ki, Azərbaycan mediası modernləşsin, müasir medianın tərkib hissəsələrindən birinə çevrilsin. Həmin qəzet kağızına tətbiq olunan vergilər əslində dövlətə çox da böyük bir vəsait gətirmir. Bu vəsaitin ümumi məbləği təqribən 300 min manat civarındadır. Vergilərin tətbiq olunması ilə Azərbaycan mediası, xüsusilə çap mediası çox ağır bir duruma düşür. Bu gün bütün dünyada çap mediası ağır günlər keçirir. O baxımdan gözlənilirdi ki, Azərbaycan dövləti bu sahədə addımlar atacaq. Çox sağolsun dövlətimiz və parlamentimiz ki, Mətbuat Şurasının sədrinin çağırışına səs verdilər və qəzet kağızı üzərindən gömrük rüsumlarını götürdülər. Hesab edirik ki, bu yerində atılmış bir addım idi.
- Yenə də müzakirə olunan məsələ “Diffamasiya haqqında” Qanunun qəbul edilməsi zərurətinin olmasıdır. Sizcə, bu qanunun qəbul edilməsinə nə dərəcədə ehtiyac var?
- "Diffamasiya haqqında” Qanun aparıcı ölkələrin əksəriyyətində qəbul olunub. Avropa Şurası ölkələrinin 47-dən cəmi 17-də sözügedən qanun qəbul olunub. O baxımdan demək olmazki niyə Azərbaycan bu sahədə geri qalıb. Yəni bunun üçün yer yoxdur. Buna baxmayaraq Azərbaycan tərəfi həm media ictimaiyyəti, həm də dövləti bu qanunun qəbul olunmasında iradə nümayiş etdirib və qanunun qəbul olunmasının əhəmiyyətini vurğulayıblar. Amma burada çox ciddi bir məsələlər var. Problem onda yaranır ki, Avropa dövlətləri konkret standart bir qanun layihəsi hazırlaya bilər. Onlar elan edirlər ki, hər kəs bu standart qanunvericiliyi qəbul etməlidir. Nəzərə almaq lazımdır ki, ölkələrin hər birinin özünün milli inkişaf strategiyası və xüsusiyyətləri var. Qəbul olunan qanunlar beynəlxalq konvensiyalarla yanaşı, həm də yerli milli şəraitə uyğunlaşdırılmalıdır. Məsələ ondadır ki, Azərbaycan tərəfi “Diffamasiya haqqında” Qanunun layihəsini də hazırladı və Milli Məclisə təqdim olundu. Təbii ki, parlament də prosedura uyğun olaraq bunu Avropa strukturlarına göndərdi ki, qanuna baxsınlar. Çox təəssüf ki, onlar orada milli şəraitin nəzərə alınması ilə razılaşmaq istəmirlər. Yəni qanunun hal-hazırda qəbul olunmamasının əsas tərəfi Azərbaycan deyil, əksinə rəy verməli olan beynəlxalq təşkilatların günahıdır. Bu qanun qəbul olunmasa belə yenə də media, jurnalistlərimiz fəaliyyət göstərir. Burada müəyyən bir sıra problemlər var. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da qeyd etmişdi ki, dövlət bu addımı atır amma media ictimaiyyəti buna nə dərəcədə hazırdır. Bu çox ciddi bir nüansdır. Bilirsiniz ki, bizdə media deyiləndə o vahid bir məkan kimi götürülür. Amma nəzərə almaq lazımdır ki, medianın qolları var. Hazırda media iki istiqamətə bölünür. Ənənəvi və onlayn media. Bizim ənənəvi mediada diffamasiyaların, jurnalistikanın prinsiplərinin nəzərə alınmasında ciddi bir problem yoxdur. Amma onlayn, xüsusilə sosial mediada çox ciddi problemlər var. Belə çıxır ki, əgər “Diffamasiya haqqında” Qanun qəbul olunarsa orada simvolik rəqəmlər ödəməklə istənilən şəxs haqqında şər, böhtan yazmaq olar. Təbii ki, bu cür olmaz.
- Mətbuat Şurasının reketçiliklə mübarizə komissiyası nə qədər fəaliyyətini gücləndirsə də, yenə də reketçiliklə məşğul olan qəzetlər və jurnalistlər var. Düşünmürsünüz ki, bu problemin köklü həlli üçün sərt qanunlarının qəbul edilməsinə zərurət var?
- Bu gün Azərbaycan Mətbuat Şurası (MŞ) uzun müddət yarandığı gündən reket mediaya qarşı mübarizə aparıb və 2008-ci ildən etibarən bu sistemli hal alıb. Çünki həmin dövrdə jurnalistlərin qurultayında Mətbuat Şurasının qarşısında bir proqram xarakterli bir məsuliyyət qoyulub ki, reket jurnalistikaya qarşı sərt mübarizə aparılsın. Bu mübarizə MŞ tərəfindən kifayət qədər effektiv aparılıb və nəticə əldə olunub. Nəticə ondan ibarətdir ki, bizim klassik, ənənəvi mediada açıq sözlə desək qəzetlərdə, jurnallarda, televiziya və radiolarda bu sahədə ciddi bir problem yoxdur. Yəni əvvəl olan problemlər kifayət qədər aradan qaldırılıb. Amma təəssüf ki, həmin ənənəvi mediada sıxışdırılan bizim bu “reket jurnalistlər” artıq onlayn media sferasına transfer ediblər. Onlayn media sferasında bunların sıxışdırılması heç də asan məsələ deyil. MŞ-nın əsas mübarizəsi ictimai qınağa əsaslanıb. Çox təəssüf ki, Azərbaycan qanunvericiliyi indiyədək bunlara qarşı yetərli mübarizə aparmağa imkan vermirdi. Hesab edirik ki, növbəti illərdə onlayn media müstəvisində də bu sahədə çox ciddi nailiyyətlər əldə olunacaq. Ona görə də istərdim ki, oxucular bu məsələdə düzgün seçim etsinlər.

sia.az

Digər xəbərlər