Müsahibə

  • 6 222

"Həmsədrlər də yaxşı anlayırlar"

image

Tahir Mirkişili: "ATƏT Minsk Qrupu uzun müddət fəaliyyət göstərsə də, hələ də konkret nəticələrə nail ola bilməyib"

Müsahibimiz millət vəkili Tahir Mirkişilidir

- Tahir müəllim, Polşanın Krakov şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin keçirilən görüşü, ümumilikdə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hansı ümidverici imkanlar yaradacağını demək olarmı?

- Azərbaycan Xarici İşlər Nazirliyi görüşləri pozitiv və müəyyən kreativ ideyaların görüş adlandırdı. Rusiya Xarici İşlər Nazirliyinin sonrakı bəyanatı da görüşün münaqişənin mərhələli həll prinsipi üzrə getdiyini göstərdi. Bu isə, Azərbaycanın bütün danışıqlar prosesində bəyan etdiyi rəsmi mövqedir. Keçirilən görüşlərin konkret nəticələri haqda danışmaq çətindir. Çünki Ermənistanın münaqişənin həllində maraqlı olmasının simptomları hələ də görünmür. Amma danışıqların keçirilməsi və danışıqlarda yeni ideyaların yaranması müsbət haldır.

- ATƏT-in Minsk Qrupu həmsədrləri münaqişənin həlli ilə bağlı intensiv görüşlər və danışıqlar aparırlar. Bu tələskənlik nə ilə bağlıdır?

- ATƏT-in Minsk Qrupu, uzun müddət fəaliyyət göstərsə də, hələ də konkret nəticələrə nail ola bilməyib. Bunu həmsədrlər də yaxşı anlayırlar. İşğalçı ölkə ilə torpaqları işğal olunan ölkəyə fərq qoyulmaması həmsədrlərin manevr imkanlarını azaldıb və hər kəs onlardan konkret nəticələr gözləyir. Belə bir şəraitdə, ATƏT-in Minsk Qrupu öz işini görüşlərin intensivləşdirilməsində görür. İntensiv görüşlər keçirtməklə tərəflərin mövqelərinin yaxınlaşdıracağına və silahlı insidentlərin baş verməyəcəyinə inanan ATƏT-in Minsk Qrupu həmsədrləri, məhz bu məqsədlə, həm də regiona intensiv səfər etməyi planlaşdırırlar.

- Aprel ayında Ermənistanda seçkilər keçiriləcək. Bu baxımdan, nə dərəcədə əminliklə demək olar ki, bu il Dağlıq Qarabağ münaqişəsinin həllində bir irəliləyiş ola bilər?

- Dağlıq Qarabağ münaqişəsində irəliləyiş yalnız Ermənistanın işğalçı mövqeyindən geri çəkilməsindən sonra mümkün olacaq. Aprel ayında keçirilən seçkilərdən sonra seçiləcək yeni prezidentin və formalaşacaq yeni hökumətin mövqeyi bu il ola biləcək irəliləyişləri müəyyən edəcək. Seçkiöncəsi proses, hələ ki, bunu deməyə imkan vermir. İstənilən halda, Azərbaycan buna ümid edir, çünki yeni, yaradıcı və işğalçılıqdan əl çəkiləcək mövqe Ermənistanın özü üçün həyati əhəmiyyətə malikdir.

GÜLYANƏ

Digər xəbərlər