Müsahibə

  • 5 693

"Bununla siyasi dividend qazanmaq olmur"

image

Teyyub Qənioğlu: "Əli Kərimli başa düşmür ki, arzularını həyat keçirmək imkanı xaricindədir"

Müsahibimiz Təkamül partiyasının sədri Teyyub Qənioğludur

- Teyyub bəy, 20 Yanvar faciəsinin ildönümü günü Əli Kərimli şou yaratmağa cəhdlər göstərdi. Faciəmiz günü də Əli Kərimlinin bu cür mövqe sərgiləməsi, artıq onun bütün kreteriyaları aşdığını demək olar?

- 20 Yanvar faciəsinin ildönümü günü Şəhidlər Xiyabanına kütləvi insan axını olacağını hər kəs çox gözəl bilirdi. Yəni həmin gün Azərbaycan dünyanın diqqət mərkəzində idi. Belə olan halda, radikal müxalifət düşərgəsini təmsil edən şəxslər müəyyən qüvvələrin diqqətini bir daha cəlb etmək üçün belə bir şouya əl atmaq fikrinə düşdülər. Faciə günü müxalifətin bu cür hərəkətlərə əl atmasını pisləyirəm. Çünki yaxşı hal deyil. Faciə günündə öz məqsədləri üçün belə əməllərə əl atmaq heç bir kəsə başucalığı gətirməyəcəkdir. Çünki bu, şəhidlərimizə və Şəhidlər Xiyabanına ziyarətə gələn insanlara hörmətsizlikdir. Şəhidlər Xiyabanına gələn hər bir kəs şəhidlərin əziz xatirəsini yad etməyə gəlir, sən isə ora gələn insanların fikrini başqa bir istiqamətə yönəltməyə cəhd edirsənsə, buna naqislikdən başqa bir ad vermək olmaz.

- Əli Kərimli və onun ətrafında olanlar hər fürsətdə şou yaratmağa və diqqət mərkəzinə çevrilməyə çalışırlar. Sizcə, bununla cəmiyyətdə siyasi dividend qazanmaq olarmı?

- Siyasi partiyanın gündəmdə qalması üçün bir necə vasitə var. Bu vasitələrdən biri də şou yaratmaqla gündəmdə qalmaqdır. Yəni stəkanda fırtına yaratmaq yolu ilə diqqəti özlərinə cəlb etməkdir. Radikalların əsas fəaliyyəti hər hansı balaca bir fürsətdən istifadə edib, hay-küy salmaq və beləliklə, diqqət mərkəzində olmaqdır. Bununla siyasi dividend qazanmaq olmur.

- Müxalifətdə hal-hazırda bir necə "vahid namizəd" olmaq iddiasında olan partiya sədrləri var. Əli Kərimli iddia edir ki, onların içərisində ən şanslı odur. Bunu özünəvurğunluq, həm də təkəbbür kimi qiymətləndirmək olarmu?

- Radikal müxalifət düşərgəsində hansı partiya liderini dindirsən, deyəcək ki, bu seçkilərdə müxalifətin ən şanslı "vahid namizədi" mənəm. Hər kəsə bəllidir ki, radikal müxalifət partiyaları sırasında xaricdən maliyyə dəstəyi alan ən öndə gedən partiyalardan biri də Ə.Kərimlinin rəhbərlik etdiyi partiyadır. Yəni Ə.Kərimli xaricdəki havadarlarına güvənərək, özünün müxalifətin içərisində ən şanslı lider olması iddiasını ortaya atır. Ancaq radikal müxalifət təmsilçiləri, çox gözəl bilirlər ki, onların daxildən hər hansı bir dəstəyə malik deyillər. Bu baxımdan da, müxalifətçilər bütün ümidlərini xaricdə olan qüvvələrə bağlayıblar. Bir şeyi Ə.Kərimli başa düşmür ki, Ə.Elçibəydən buna bu partiya miras qalmışdır. Bu partiyanın rəhbərliyini həyata keçirə bilməyən, yəni yarıtmaz fəaliyyəti nəticəsində, partiyanı param-parça edən bir insan hansı iddia ilə müxalifətin "vahid namizədi" olmaq haqqında düşünür. Ancaq Ə.Kərimli başa düşmür ki, arzularını həyat keçirmək imkanı xaricindədir. Onu və onun kimilərinin bu seçkilərdə cüzi uğur qazanmaq şansları yoxdur. Demək, bu reallığı Ə.Kərimlidən başqa Azərbaycanda başa düşməyən bir kəs yoxdur. Xaricdə də bunu başa düşməyən, yəqin ki, yoxdur. Xarici qüvvələr düşünürlər ki, Ə.Kərimlinin vasitəsilə hansısa bir şou yaratmaq olar. Ancaq bu da mümkün deyil.

GÜLYANƏ

Digər xəbərlər