Müsahibə

  • 6 391

Vüqar Rəhimzadə: “Prezident seçkiləri mətbuatın ana xəttini təşkil edəcək”

image

Mətbuat Şurasının idarə heyətinin üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin SİA-ya müsahibəsi

- Aprelin 11-də Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. Seçkilərdə kütləvi informasiya vasitələrinin rolu və vəzifələri nədən ibarət olacaq? Yəni KİV-lərin üzərinə hansı vəzifələr düşür?
- Təbii ki, hər bir vətəndaşın üzərinə kifayət qədər məsuliyyət və öhdəlik düşür. Hər bir vətəndaşın borcudur ki, seçkilərdə fəallıq nümayiş etdirsin, aktiv şəkildə seçkilərdə iştirak etsin və öz seçimini etsin, mövqeyini ortaya qoysun. Mətbuatın da burada rolu kifayət qədər böyükdür. Mətbuat həm təbliğat, təşviqat vasitəsil olmaqla yanaşı, həm də ictimai şüura müəyyən mənada təsir göstərən bir vasitədir. Mərkəzi Seçki Komissiyasının iclaslarının keçirilməsi, namizədlərin irəli sürülməsi, qeydə alınması, imzatoplama kampaniyası və s. digər texniki prosesləri işıqlandırması və cəmiyyətə çatdırılması mətbuatın üzərinə düşən vəzifələrdən biridir. Mətbuatın üzərinə təbliğat-təşviqat kampaniyasında da kifayət qədər işlər düşür. Belə ki, prezidentliyə namizədlərin, onların səlahiyyətli nümayəndələrinin çıxışlarını, ümumiyyətlə, seçki ilə bağlı irəli sürülən bütün məsələlərin ictimaiyyətə çatdırmasında mətbuat böyük bir vasitədir. Bu həm də məsuliyyətli və şərəfli bir vəzifədir. Düşünürəm ki, mətbuat bu günə kimi bu yönümdə kifayət qədər uğurlu fəaliyyətini davam etdirib. Hesab edirəm ki, aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri Azərbaycan mətbuatının ana xəttini təşkil edəcək.
- Təbliğat və təşviqat prosesində, həmçinin seçki günündə media nümayəndələrinin fəaliyyətinə necə nəzarət olunacaq? Yəni yalan, təxribat xarakterli məlumatlar yayan media qurumuna və yaxud jurnalistə qarşı hansı tədbir görüləcək?
- Ümumiyyətlə, bu günümüzdə də bəzən görürsən ki, qeyri-dəqiq, reallığa söykənməyən, xüsusilə elektron media qurumlarında yalan məlumatlar dərc olunmaqdadır. Hesab edirəm ki, jurnalistin özünün daxili bir senzurası, ədaləti olmalıdır. Bütün məsələlər obyektiv və heç bir qanun pozuntusuna, təhqirlərə və digər şəxsi, ailə həyatına yol vermədən həyata keçirilməlidir. Təbii ki, seçki günündə Mətbuat Şurası daim monitorinq həyata keçirir. Mətbuat Şurasının İdarə Heyətinin üzvləri seçkiləri izləmək üçün bir çox rayonlarda olurlar və seçkilərin gedişatı ilə maraqlanırlar. Düşnürəm ki, qarşıdan gələn prezident seçkilərində də bu belə olacaq. Amma çap mətbuatından fərqli olaraq bu gün elektron media qurumlarında kifayət qədər peşə davranış qaydalarının pozulması hallarına, hətta bəzən təhqirlərə rast gəlinir. Hesab edirəm ki, bu yolverilməzdir və bu artıq jurnalistika prinsiplərinə deyil, bütövlükdə cinayətə sövq olunacaq əməllərdir. Ona görə də bundan çəkinmək lazımdır və belə hallara qətiyyən yol vermək olmaz. Əgər sən jurnalist adını daşıyırsansa və jurnalist kimi fəaliyyət göstərmək istəyirsənsə o zaman jurnalistika prinsiplərinə əməl etmək lazımdır. Əgər sən peşə davranış qaydalarına əməl etmirsənsə bu zaman sən cinayətkarlığa meyillənmiş bir insansan. Hesab edirəm ki, öz fəaliyyətini qanunlar çərçivəsində qurmaq ən vacib məsələdir.
- Müxalifət düşərgəsi prezident seçkilərinin aprelin 11-ə təyin edilməsinə fərqli yanaşır. Siz bu barədə nə deyərdiniz?
- Hesab edirəm ki, prezident seçkilərinin aprel ayının 11-nə təyin olunması çox düzgün bir qərardır. Təəssüflər olsun ki, müxalifət hər şeyi qara eynəkdə görür. Onlar ədalət prinsiplərini itirmiş, obyektivlikdən uzaq insanlardır. Bu insanlar xaricdən onları idarə edən dirijor çubuğuna tabedirlər. Guya onlar bilmir ki, 2018-ci il Azərbaycanda prezident seçkiləri ilidir. Onlar bu tarixi hamıdan yaxşı bilirdi. Hesab edirəm ki, bu qərar hər bir vətəndaşın arzu və istəyini özündə əks etdirir. Heç şübhəsiz ki, yüksək səviyyədə də bu seçkilər reallaşacaq. Azərbaycanı, elini, torpağını sevən insanlar yüksək fəallıqla bu seçkilərdə iştirak edəcək. Təbii ki, onlar Azərbaycanın daha da qüdrətlənməsinə, güclənməsinə və müasir, güclü Azərbaycan dövlətinin dünya birliyində daha da yüksək zirvələr fəth etməsinə səs verəcəklər.
- Bəs müxalifət qüvvələrinin seçkiöncəsi hazırlığını necə qiymətləndirirsiniz?
- Bildiyiniz kimi Mərkəzi Seçki Komissiyası tərəfindən artıq 13 namizəd qeydə alınıb. Həmin namizədlər arasında kifayət qədər tanınmış siyasətçilər, partiya sədrləri var. Bütün bunlara baxmayaraq radikal müxalifət yalnız dağıdıcılıq missiyasını düşünüb. Onlar ölkəni qurmaq, abadlaşdırmaq, ölkəni inkişaf etdirməyi heç zaman düşünməyib. Bu insanları yalnız Azərbaycanın gördüyü işə kölgə salmaq, Azərbaycan vətəndaşlarını pis günlərə sövq etmək, ölkəmizi dünya birliyində gözdən salmağa yönəlmiş bir siyasət həyata keçirmək amalları olub. Bu daim belə olub. Onlar AXC-Müsavat cütlüyünün hakimiyyətdə olduğu dövrdə Azərbaycanı pis günə qoymuşdular. İndinin özündə də radikal müxalifət Azərbaycana o gözlə baxmağa cəhd edirlər. Bu insanları yalnız şəxsi və xaricdəki havadarlarının maraqları düşündürüb.Düşünürəm ki, burada xarici amillər faktoru da ola bilər. Bizim bu çevik işləri həyata keçirmək üçün daim dövlətimizin, vətəndaşlarımızın mənafeyi düşündürüb. Bütövlükdə aparılan bu işlər hesab edirəm ki, Azərbaycanda vətəndaş amilinə söykənib. Azərbaycana daim bəd gözlə baxmaq istəyən qüvvələr olub. Paytaxda və regionlarımızda keçirilən beynəlxalq tədbirlərdə bəzən görürsən ki, bu tədbirlərə kölgə salmağa çalışan xarici qüvvələr olub. Təbii ki, bu qüvvələr də Azərbaycanı istəməyən ermənipərəst, antiazərbaycan, erməni lobisinə xidmət edənlərdir. Azərbaycan Prezidenti ölkəmizin uğurlarını daha yüksək səviyyədə inkişaf etdirməklə o insanlara layiqli cavabı verir. Həmin insanlar Azərbaycanda gedən bu sürətli inkişafın qarşısında tab gətirə bilməzlər.

sia.az

Digər xəbərlər