Müsahibə

  • 8 861

Seymur Orucov: “Hədəfimiz prezident seçkiləridir"

image

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucovun SİA-ya müsahibəsi:

- Seymur müəlim, sədrlik etdiyiniz Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəaliyyəti ilə bağlı fikirlərinizi öyrənmək istərdik.
- Yeni Azərbaycan Partiyası Gənclər Birliyi say tərkibinə, üzvlərinin sayına və keyfiyyətinə görə Azərbaycanda ən böyük siyasi təşkilatdır, birlikdir. Bunun üçün də bizim fəaliyyətimizi tək paytaxtda deyil, Azərbaycanın bütün ərazisində, regionlarda aktiv şəkildə həyata keçiririk. İlk növbədə YAP GB-nın üzvləri, təşkilatlarımız hansı rayonda, şəhərdə yaşayırlarsa oranın ictimai-siyasi həyatında aktiv iştirak edirlər. Orada tədbirlərin təşkilatçılığında, könüllülük məsələlərində xüsusi fəallıq nümayiş etdirirlər. Bundan əlavə həyata keçirdiyimiz layihələri, tədbirləri hər zaman ictimaiyyətlə əlaqələndiririk və onlara açıqlamalar veririk. Məsələn, biz bir çox tanınmış insanlarla partiya gənclərinin görüşlərini mütəmadi olaraq təşkil edirik. Bildiyiniz kimi bu yaxınlarda YAP GB-nın hesabat tədbiri keçirildi. 2017-ci ildə “Cocuq Mərcanlıdan Şuşaya” adlı layihəyə start verdik və Cocuq Mərcanlıda gənclərin əsgərlərlə görüşlərini təşkil etdik. Gənclərimiz orada abadlıq işlərində, ağacəkmə kampaniyalarında fəallıq nümayiş etdirdilər. Bundan sonra gənclər üçün maarifləndirici tədbirlər həyata keçirilib. Həmçinin Xocalı soyqırımında ədalətin tanınması ilə bağlı Avropa Parlamentinə, Avropa Birliyinə, bu qurumun komissarlarına e-maillər göndərmişik.Biz artıq bunu bir ənənə halına çevirmişik ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatmış olduğu "Xocalıya ədalət!” beynəlxalq kampaniyasında gənclərimiz aktiv iştirak edib bu işlərə dəstək olsunlar. Bildiyiniz kimi Azərbaycanda keçirilən İslam Həmrəyliyi Oyunlarında gənclərimiz könüllü olaraq iştirak etmişdilər. Həmçinin “İslam Həmrəyliyi İli” ilə bağlı paytaxt və regionlarda bir çox silsilə tədbirlər həyata keçirmişdik. Ötən il Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi oldu. Bununla bağlı gənclərlə regional toplantılar və görüşlər olmuşdu.
- YAP Gənclər Birliyi ətrafında birləşən gənclərin siyasi maarifləndirilməsi, dövlət siyasəti ilə bağlı mütəmadi məlumatlandırılması üçün hansı işləri görürsünüz?
-Təbii ki, bizim ilk növbədə əsas fəaliyyətimiz ideoloji (“Heydər Əliyev-Azərbaycançılıq”) istiqamətə yönəlib. Bundan sonra isə cənab İlham Əliyevin ölkə daxilində və xaricində həyata keçirmiş olduğu siyasətin gənclər tərəfindən təbliğ edilməsi və onların gənclərə çatdırılması təşkil edir. Onlar bəzən mətbuatdan məlumatları oxuyurlar və bilirlər. Amma bu gənclərə məlumatları daha geniş formatda çatdırmaq üçün bir çox tədbirlər həyata keçiririk. Məsələn, ötən il Azərbaycanda çox böyük meqa layihələrə imza atıldı. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı oldu. Həmçinin Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı işlər yekunlaşmaq üzrədir. 2050-ci ilə qədər BP ilə “Əsrin müqaviləsi"nin vaxtının uzadılması və s. bu söylənilənlərə şamil oluna bilər. Bütün bu layihələrin siyasi tərəfləri çox böyükdür. Biz bunların gənclər arasında təbliğatını aparırıq ki, gənclərin bu işlərdən məlumatları olsun. Cənab Prezidentin həyata keçirmiş olduğu layihələr Azərbaycan iqtisadiyyatının, ölkəmizdəki sabitliyin qarantı rolundadır. Elə 2050-ci ilə qədər BP ilə müqavilənin vaxtının uzadılmasının özü mühüm bir qərardır. Biz artıq Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən dəmir ipək yollarını həyata keçiririk. Bunun bəhrəsini məhz bizim gənclər gələcəkdə görəcək.
- Ölkəmiz bu gün prezident seçkiləri ərəfəsindədir. Prezidentin sədrlik etdiyi Partiyanın Gənclər Birliyi olaraq dövlət gənclər siyasətini necə dəyərləndirirsiniz və bu seçkiyə necə hazırlaşırsınız?
- Ümumiyyətlə Yeni Azərbaycan Partiyasının gəncləri tək seçkidən-seçkiyə bu proesesə hazırlaşmırlar. Gənclər hər zaman cənab Prezidentin həyata keçirmiş olduğu siyasəti təbliğ edirlər və onunla bağlı bir çox "fləşmob"lar təşkil edirlər, digər layihələr həyata keçirirlər. Prezident İlham Əliyevin gördüyü işlərdən bəhs etmək, bununla bağlı insanları daha çox maarifləndirmək elə seçkilərə hazırlıqlardır. Bununla belə qanunvericiliyə, Seçki Məcəlləsinə uyğun olaraq mart ayının 19-dan təbliğat-təşviqat işlərinə start veriləcəkdir. Həmin vaxtda da biz bir çox layihələr fikirləşmişik və onu həyata keçirəcəyik.
- Son olaraq, YAP Gənclər Birliyinin gələcək planları haqqında nələri söyləyərdiniz?
- Bu il bizim əsas hədəfimiz prezident seçkilərininin keçirilməsi ilə bağlıdır. Daha sonraki mərhələlərdə biz çalışacayıq ki, “Formula-1” yarışlarında gənclərimizin könüllüyünü dəstəkləyək və orada iştirak edən gənclərin sayını artıraq. Bundan başqa regionlarla paxtaxt gəncləri arasındakı əlaqələrin daha da artırılması önəmli məsələlərdir. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə yanaşı, müstəqil Azərbaycanın memarı, dövlətçiliyimizin möhkəmlənməsinin banisi, 20 yanvar faciəsi zamanı dünyaya ilk olaraq sözünü çatdıran Ümummilli Lider Heydər Əliyevin 95 illiyinin qeyd edilməsi ilə bağlı tədbirlərin təşkilini nəzərdə tutmuşuq. Bizim ən çox fəaliyyət istiqamətimiz sosial şəbəkələrdə bu görülən işləri artıqlaması ilə işıqlandırmaqdır və miqyasını genişləndirməkdir.

sia.az

Digər xəbərlər