Müsahibə

  • 5 583

Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev seçkilərdə növbəti dəfə parlaq qələbə qazanacaq

image

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyev

- Musa müəllim, aprelin 11-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Azərbaycan dövləti və xalqı bu seçkilərə hansı uğurlarla gedir?
- Azərbaycan dövləti və xalqı, o cümlədən Yeni Azərbaycan Partiyası qarşıdan gələn prezident seçkilərinə böyük uğurlarla gedir. Cənab İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan bütün sahələrdə misilsiz nailiyyətlər qazanıb.
İlk növbədə, ölkəmizdə güclü ictimai-siyasi sabitlik mövcuddur və vətəndaş həmrəyliyi var. Təbii ki, son 15 ildə sosial-iqtisadi, humanitiar, mədəni və digər sahələrdə əldə olunan böyük uğurların əsasında sabitlik dayanır. Həmçinin, Azərbaycanda lider-xalq birliyigüclüdür. Xalqımız öz liderinə inanır, liderimiz də xalqın maraqlarını ləyaqətlə təmsil edir.
Azərbaycan qanunun aliliyinin qorunduğu hüquqi-demokraik dövlətdir, ölkəmiz qanunlarla idarə olunur. Eləcə də, vətəndaşların ictimai-sosial həyatı hərtərəfli təmin olunub.
Ötən 15 ildə iqtisadiyyatımız 3,2 dəfə artıb, 1,9 milyon yeni iş yeri açılıb. Qeyri-neft iqtisadiyyatı isə 2,8 dəfə artıb. Sənaye sahəsində 2,6 dəfə, kənd təsərrüfatında 1,7 dəfə, qeyri-neft ixracında isə 4,1 dəfə artım var. Sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox kreditlər verilib. Ölkəmizin yaşayış məntəqələrinin qazlaşdırılması 51 faizdən 93 faizə çatdırılıb. Bu dövrdə 3 mindən çox məktəb, 600-dən artıq tibb müəssisəsi tikilib istifadəyə verilib və ya yenidən qurulub. Maaşlar 5, pensiyalar 8 dəfə artıb. İşsizlik 5 faiz təşkil edir, yoxsulluq 50 faizdən 5,4 faizə enib. Bu yaxınlarda dövlət başçısı tərəfindən əməkhaqlarının, pensiyaların, sosial müavinətlərin artırılması əhalinin rifah halını daha da yüksəldəcək.
Həmçinin, uşaq və gənclərin sağlam həyat sürməsi, ölkəmizdə güclü idmançı nəslinin yetişməsi üçün 43 Olimpiya İdman Kompleksi inşa olunub. 265 min köçkün yeni evlərlə, mənzillərlə təmin edilib. Əlbəttə ki, bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən genişmiqyaslı işlərin bir hissəsidir.
Son 15 ildə Azərbaycanın təşəbbüsü və dəstəyi ilə böyük, transmilli iqtisadi, enerji və nəqliyyat layihələri bütün dünya üçün böyük əhəmiyyət kəsb etməklə, regionun inkişafına layiqli töfhələr verir.
Faktlardan da göründüyü kimi ölkəmiz hərtərəfli inkişaf edir. Xüsusilə, qeyri-neft sektorunun inkişafı vurğulanmalıdır. Son illər kənd təsərrüfatı, turizm, nəqiliyyat, İKT sahələrində qazanılan uğurlar ölkəmizə dividentlər gətirir. Bütün bunlar xaricdən asılılğı azaldır, idxalçıdan ixracatçıya çevrilirik. Son illər ixrac balansında müsbət saldo formalaşıb. ÜDM-nin üçdə iki hissəsi qeyri-neft sektorunun hesabına formalaşır. Bu o deməkdir ki, Azərbaycan bundan sonrakı illərdə də qeyri-neft sektorunun inkişafı hesabına daxili tələbatını əhəmiyyətli dərəcədə təmin edəcək.
Bütün bunların fonunda xalqımız prezident seçkilərinə özünün gələcək ümidlərinin reallışdırılması kimi baxır. Qarşıya qoyulan hədəflərə çatmaq, Azərbaycanın bölgədə və dünyada qüdrətinin artması, ərazi bütövlüyümüzün təmin olunması, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtması qarşıda duran vəzifələrimiz sırasındadır.
Əminəm ki, 11 aprel seçkiləri azad, demokratik və şəffaf keçiriləcək. Və Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev növbəti dəfə parlaq qələbə qazanacaq. Beləliklə, növbəti 7 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız, dövlətimiz daha böyük nailiyyətlər qazanacaq.
- Siz Milli Məclisin Səhiyyə komitəsinin sədr müavinisiniz. Prezident İlham Əliyevin siyasəti nəticəsində səhiyyə sahəsində nə kimi uğurlar əldə edilib?
- Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq davamlı şəkildə həyata keçirilən geniş məzmunlu sosial siyasətin fonunda səhiyyə sahəsində reallaşdırılan islahatlar xüsusilə diqqəti cəlb edir. Belə ki, əhalinin gündəlik həyatı, bilavasitə sağlamlığı ilə bağlı olan səhiyyə sahəsində yeniliklər istər bu sahədə qanunvericilik bazasının daha da möhkəmləndirilməsində, istərsə də müasir infrastrukturun qurulmasında və kadr hazırlığına diqqətin daha da artırılmasında öz əksini tapıb.
Bununla bağlı konkret faktlara keçməzdən öncə bildirim ki, ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən məqsədyönlü islahatlar, o cümlədən tibb müəssisələri şəbəkəsinin və strukturun təkmilləşdirilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi nəticəsində əhalinin sağlamlığının qorunmasında və tibbi xidmətin səviyyəsinin yüksəlməsində əsaslı keyfiyyət dəyişikliyi baş verib. Öz növbəsində səhiyyənin prioritet sahələri üzrə qəbul edilən Dövlət proqramları çərçivəsində reallaşdırılan tədbirlər bu sahədə vəziyyəti əsaslı şəkildə yaxşılaşdırıb.
Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsində Azərbaycanın səhiyyə sistemində aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər bir vətəndaş öz həyatında hiss edir. Görülən işlər əhalinin dövlət tibb müəssisələrinə inamını getdikcə artırır. Dövlətimizin başçısının səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatının və müalicəsinin, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsinin, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasının başlıca istiqamətlərini təşkil edir.
Onu da qeyd edim ki, ölkəmizdə səhiyyə sahəsində bir sıra Dövlət proqramlarının reallaşdırılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri var. Fond diabetli, talassemiyalı xəstələrə qayğısında və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunması işinin yaxşılaşdırılmasında bir çox böyük layihələrə imza atıb.
Hazırda da səhiyyə sistemində islahatlar davam edir. Səhiyyə sisteminin islahatları nəticəsində əsasən stasionar yardıma istiqamətləndirilmiş təbabətdən ilkin tibbi-sanitariya yardımının üstünlük təşkil etdiyi təbabətə keçilməsi reallaşdırılır, ailə həkimi praktikasının genişləndirilməsinə müvafiq şərait yaradılır. Hazırda səhiyyədə icbari tibbi sığorta sisteminin tətbiq olunması istiqamətində də işlər gedir.
Bunlarla bərabər, ölkəmizdə əsas həyati vacib dərman preparatlarının bütün əhali qrupları üçün fiziki və iqtisadi cəhətdən əlçatan olmasının, həmçinin dərman preparatlarının keyfiyyəti, səmərəliliyi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə onların vahid qeydiyyat sisteminin yaradılması üçün zəruri tədbirlər görülür. Dərman bazarına lisenziyalaşmamış və aşağı keyfiyyətli dərman preparatlarının daxil olmasının qarşısının alınması istiqamətində əməli addımlar atılır.
Bir sözlə, bu gün ölkədə səhiyyənin prioritet sahələri üzrə qəbul olunmuş Dövlət proqramlarının icrası uğurla davam etdirilir. Və bütün bunların fonunda eyni zamanda Azərbaycanda səhiyyə sisteminə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi 2003-cü illə müqayisədə 10 dəfədən çox artırılıb. Məhz bu artım əsasında son 15 ildə respublikamızda 600-dən çox tibb müəssisəsi yaradılaraq və ya yenidən qurularaq əhalinin istifadəsinə verilib. Bu müəssisələrin əksəriyyətinin açılış mərasimlərində Azərbaycan Respublikasının Prezidenti şəxsən iştirak edib. Bu işlər qarşıdakı illərdə də davam etdiriləcək.
- Bildiyimiz kimi, inkişaf və quruculuq siyasəti nəticəsində ölkəmizin regionlarında da böyük tərəqqiyə nail olunub. Bu baxımdan, təmsil etdiyiniz Gəncə şəhərinin sosial-iqtisadi inkişafı haqqında nə deyə bilərsiniz?
- Əlbəttə ki, respublikamızın hərtərəfli inkişafı regionlarda da özünü əyani şəkildə göstərir. Bu baxımdan, Gəncə şəhəri və bütövlükdə qərb bölgəsi dinamik inkişaf edir. 2004-cü ildən həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramları nəticəsində Gəncə şəhəri böyük inkişaf yolu keçib. Əgər 15-20 il əvvəlki vəziyyəti xatırlasaq ki, bölgələrdə sosial problemlər, işıq, qaz, yol problemləri var idi. İndi problemlər həll olunub. Nəinki rayon mərkəzlərinə, kəndlərə müasir yollar çəkilir, qazlaşdırma səviyyəsi 93 faizə çatıb, elektrik enerji problemi demək olar ki, yoxdur.
Gəncə şəhərində də bu problemlər həllini tapıb. Son illər şəhərdə çoxlu yeni iş yerləri açılıb, yeni zavodlar, fabriklər, istehsal müəssisələri yaradılıb. Eləcə də, sosial obyektlər tikilib istifadəyə verilib. Təhsil, səhiyyə, idman, turizm infrastrukturu yenidən qurulur.
Cənab Prezident İlham Əliyev 2017-ci ildə Gəncəyə səfəri zamanı Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışında iştirak edib, "Majestic Palace" otelinin tikintisi ilə, "Gəncə Mall" Ticarət Mərkəzində yaradılan şəraitlə, İsmət Qayıbov adına Gəncə şəhər 1 saylı tam orta məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün yeni inşa edilmiş 514 yerlik yataqxana kompleksinin, "Grand Qafqaz" Ticarət Kompleksinin, Mirzə Şəfi Vazeh muzeyinin, görkəmli dövlət xadimi Əziz Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkının, "Yeni Gəncə" yarımstansiyasının açılışında iştirak edib, müvafiq tapşırıq və tövsiyələrini verib.
Bundan sonra da Gəncə şəhərində quruculuq işləri uğurla davam etdiriləcək. Bütövlükdə, qərb bölgəsi ölkənin harmonik inkişfında aparıcı yerlərdən birini tutur. Gəncə əhalisi dövlətimizin siyasətini dəstəkləyir və qarşıdan gələn prezident seçkilərində seçimləri məhz cənab İlham Əliyevdir.
- Musa müəllim, seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərdə iştirak edirsiniz. İnsanların seçki əhval-ruhiyyəsi necədir?
- Əlbəttə ki, seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərdə iştirak edirik. Görüşlər zamanı insanlar birmənalı olaraq cənab İlham Əliyevə səs verəcəklərini bildirirlər. Onlar deyirlər ki, bu təbliğat tədbirlərinə elə də ehtiyac yoxdur, çünki cənab Prezidentin gördüyü işlər göz önündədir. Yəni insanlarda dövlətimizin başçısına sonsuz inam, etimad görürük. Çünki Prezident İlham Əliyevin siyasəti milli maraqlarımıza xidmət edir. Dövlət başçısı hər zaman bütün məsələlərdə ölkəmizin, vətəndaşlarımızın maraqlarını öndə tutur.
Ümumilikdə, xalqımız 11 aprel seçkilərinə tam hazırdır. Dövlətimizin həyata keçirdiyi siyasəti dəstəkləyən xalqımızın bu seçkilərdə cənab İlham Əliyevə səs verəcəyi şübhəsizdir.

yap.org.az

Digər xəbərlər