Müsahibə

  • 7 561

Prezident İlham Əliyev sosial dövlət modelinin praktik müstəvidə uğurla reallaşmasını təmin edib

image

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov

- Səlim müəllim, Azərbaycanın dinamik inkişaf şəraitində sosial dövlət statusunun güclənməsi baxımından 2003-2017-ci illəri necə xarakterizə edərdiniz?
- Hər bir təkmil iqtisadi nəzəriyyə iqtisadi artımla sosial inkişafın səmərəli uzlaşdırılmasına və gəlirlərin ədalətli bölgüsünə əsaslanan vətəndaş rifahının təminatı prinsipini makroiqtisadi sabitliyin və tərəqqinin vacib şərti kimi müəyyənləşdirir. Digər tərəfdən, cəmiyyətin çoxaspektli həyat fəaliyyətində vətəndaşın, onun şəxsiyyətinin inkişafı, potensialının tam reallaşdırıla bilməsi, həyati vacib ehtiyaclarının təmin edilməsi üçün geniş imkanların yaradılması inkişafın əsas hədəflərini təşkil edir. Təsirli sosial siyasət olmadan isə inkişafın əsas amili kimi insanın fəaliyyətində innovativ yaradıcılıq əsaslarının fəallaşdırılması mümkün deyil. Son illər dünya iqtisadiyyatında müşahidə olunan mürəkkəb proseslər sosial sahənin prioritetliyini, iqtisadi dayanıqlılığa yönələn islahatların sosial sabitliyin təminatı tədbirləri ilə kombinə olunmuş şəkildə aparılmasını bir daha vacib amil kimi ortaya qoyaraq, müxtəlif əhali kateqoriyalarının gəlirləri arasında qütbləşmənin dərinləşməsi, qeyri-bərabərliyin və bunun fəsadlarının daha da güclənməsi kimi problemlərin əksər ölkələr üçün xüsusi aktuallıq qazanması şəratində dayanıqlı və inklüziv inkişafın resepti kimi təlqin etdi.
Məhz bu kontekstdə Azərbaycanda iqtisadi inkişafla sosial rifahın əlaqələndirilməsi, ölkənin iqtisadi dividentlərinin vətəndaşın rifahına yönəldilməsi, cəmiyyətin tərəqqisində bütün fərdlərin sosial-iqtisadi mənafelərinin bərabər təminatına nail olunması prinsiplərinə istinad edən inkişaf strategiyasının mükəmməl əsaslara söykəndiyi bir daha öz təsdiqini tapır. Bunu şərtləndirən həlledici amil isə Ulu Öndər Heydər Əliyevin müdrik sosial rifah siyasətinin 2003-cü ildən etibarən Prezident cənab İlham Əliyev tərəfindən qlobal çağırışlara uyğun şəkildə uğurla davam etdirilməsi sayəsində respublikamızın yeni tərəqqi və modern dəyişikliklər mərhələsinə daxil olması, ölkəmizdə milli iqtisadiyyatın formalaşdırılması, bazar prinsipləri əsasında gerçəkləşdirilən islahatlarla əhalinin sosial müdafiəsi tədbirlərinin həmahəngliyinin uğurla reallaşdırılmasıdır.
Ötən dövrdə iqtisadi sahədə prioritet vəzifələrə uyğun olaraq fundamental transformasiya və yeni sosial-iqtisadi model quruculuğu yönündə çoxşaxəli islahatlar davam etdirilmiş, bu əsasda dövlətin baş islahatçı qismində fəaliyyəti iqtisadiyyatın liberallaşması, sistemli və ardıcıl struktur yenilənməsi proseslərinin davam etdirilməsi, iqtisadi inkişafın lokomotivi olan sahələrin, eləcə də regionların sürətli tərəqqisi, iri infrastruktur layihələrinin həyata keçirilməsi, özəl sektorun genişləndirilməsi, ölkə iqtisadiyyatına investisiya axınının təmin edilməsi, dünya iqtisadi sisteminə inteqrasiyanın gücləndirilməsi kimi taleyüklü məsələlərin səmərəli həllinə yönəldilərək ölkənin iqtisadi qüdrətinin artmasını şərtləndirmişdir.
Bütün bunların əyani təzahürü olaraq, 2003-2017-ci illərdə ölkə iqtisadiyatında 3,2 dəfə, iqtisadi şaxələndirmə siyasəti hesabına dayanıqlı iqtisadi artım üçün əsas yaradan qeyri-neft sektorunda 2,8 dəfə, qeyri-neft ixracında 4,1 dəfə, sənayedə 2,6 dəfə, kənd təsərrüfatında 1,7 dəfə artım müşahidə olunub, ildən-ilə möhkəmlənən ictimai-siyasi sabitlik, əlverişli biznes mühiti respublika iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyuluşuna imkan verib. Prezident cənab İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsi kimi, bu dövrdə respublikanın sosial həyatını müasirləşdirən çoxsaylı infrastruktur layihələri icra edilmiş, o cümlədən 3,1 min məktəb, 642 tibb müəssisəsi tikilmiş və ya təmir edilmiş, 43 müasir idman kompleksi inşa olunmuş, 12,3 min kilometr yol çəkilmiş, 443 körpü inşa edilmiş, 92 müasir qəsəbə və yaşayış kompleksi salınmaqla, 270 minədək məcburi köçkün müasir şəraitli mənzillərlə təmin edilmişdir. Mühüm sosial-iqtisadi infrastruktur layihələrinin, sosial məsələlərin həlli üçün zəruri resurs potensialının maliyyələşdirilməsi şəraitində ölkənin valyuta ehtiyatlarının 23 dəfə artırılaraq 42 milyard dollara çatdırılması təmin edilmişdir.
Ölkədə iqtisadi inkişafın vacib göstəricilərindən biri kimi transformasiya proseslərindən qaynaqlanmaqla keyfiyyət, struktur və məzmun dəyişikliklərinə məruz qalan əhali gəlirləri də aztəminatlı əhalinin sosial müdafiəsi, iqtisadi islahatların doğura biləcəyi mənfi nəticələrin aradan qaldırılması kimi ənənəvi funksiyalarla məhdudlaşmayan, eyni zamanda, iqtisadi sistemin profilaktikası və müsbət məcrada inkişafına köklənən, bu məqsədlə reallaşdırılan tədbirlər sırasında aktiv məşğulluq proqramlarına güc verən məqsədyönlü sosial siyasət nəticəsində səmərəli tənzimlənmişdir. Həmçinin, iqtisadi sistemin əsasını təşkil edən, inkişaf səviyyəsinə görə bütünlükdə cəmiyyətin demokratikliyini, iqtisadiyyatın sosialyönümlülüyünü, əhalinin həyat şəraitini səciyyələndirməyə imkan verən sosial-əmək münasibətləri sahəsində aktual vəzifələrin həlli istiqamətində əsaslı uğurlar qazanılmışdır. Bu əsasda 2003-2017-ci illərdə yüksək rifahın həlledici amillərindən olan məşğulluğun daim xüsusi diqqət mərkəzində saxlanılması əhalinin sahibkarlıq fəaliyyəti üçün münbit şəraiti təmin etmiş, eləcə də ölkədə 1,4 milyonu daimi olmaqla, 1,9 milyon yeni iş yerlərinin yaradılmasına imkan vermişdir.
2003-2017-ci illərdə əhali gəlirlərinin 8,6 dəfə artması ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri kimi əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün imkanların yaradılması və bu əsasda əhalinin gəlirlərinin dəstəklənməsi tədbirlərinin ardıcıl reallaşdırılmasının əyani təsdiqidir. Bu siyasətin tərkib hissəsi kimi əhalinin sahibkarlıq fəaliyyətindən gəlirləri 10,4 dəfə, əmək ödənişlərindən gəlirləri isə 7,5 dəfə artmış, sosial sahədə dövlətin balanslaşdırılmış iştirak səviyyəsini tənzimləmək məqsədilə sosial xərclərin optimal həddi gözlənilməklə sosial müdafiə və təminat üçün dövlət büdcəsində nəzərdə tutulmuş xərclərin həcmində 10,3 dəfə artım qeydə alınmışdır. Əhalinin həyat səviyyəsinin ildən-ilə yaxşılaşması yoxsulluğun kəskin şəkildə azalması ilə nəticələnmiş və bu sahədə ölkəmizdə əldə olunan müsbət təcrübə Azərbaycanın BMT-nin Davamlı İnkişaf Məqsədlərinə dair milli məsləhətləşmələrin aparılması üçün seçilmiş ölkələr sırasına daxil edilməsini, bununla da ölkəmizin sosial inkişaf modelinin artıq beynəlxalq miqyasda bir nümunə kimi qəbul olunmasını şərtləndirmişdir.
Ölkədə uğurla reallaşdırılan sosial inkişaf doktrinasının strateji istiqamətlərindən biri kimi artmaqda olan iqtisadi potensial sosial sferada yüksək hədəflərin reallaşmasına əsaslı şərait yaratmış, mövcud sosial müdafiə sistemi bazar iqtisadiyyatı mühitinə uyğunlaşdırılaraq keyfiyyətcə yenidən qurulmuşdur. Bütünlükdə bu sistem xarakterli dəyişikliklər əhalinin sosial müdafiəsinin sosial və iqtisadi səmərəliliyin vəhdətinə əsaslanan yeni institusional formatda fəaliyyətini nəzərdə tutaraq, sosial ədalətin təmin edilməsi, qeyri-bərabərliyin zəiflədilməsi, eləcə də hər kəsə iş yeri və yaxud digər gəlir mənbəyinə malik olmaq, öz potensialını formalaşdırmaq və inkişaf etdirmək sahəsində bərabər imkanların yaradılması kimi prinsiplərin reallaşdırılmasını hədəf götürmüşdür. Eyni zamanda, müasir texnologiyaların və innovativ yeniliklərin geniş tətbiqi ilə həyata keçirilən islahatlar sosial sferada mütərəqqi dünya təcrübəsinə söykənən optimal modelin qurulmasını hədəfləməklə bərabər, əhatəlilik, ünvanlılıq, şəffaflıq və səmərəlilik prinsiplərinin təmin edilməsində, bütövlükdə əhalinin sosial müdafiə sisteminə sürətli və rahat çıxışını əsas götürən modern xidmət konsepsiyasının reallaşdırılmasında həlledici amil olmuşdur.
Bütün qeyd edilənlər bir daha ona dəlalət edir ki, Prezident cənab İlham Əliyevin müəyyən etdiyi inkişafın paradiqmal prinsipləri və praqmatik islahatlar kursu ölkəmizdə sosial yönümlü bazar iqtisadiyyatı sisteminə uyğun səmərəli siyasət həyata keçirilməklə cəmiyyətin həyatının möhkəm sosial əsaslarının yaradılmasını şərtləndirən, bütün cəmiyyətin ehtiyaclarına maksimum uyğunlaşmanı və vətəndaş məmnunluğunu əsas məqsədə çevirən, hər kəsə öz rifahını və sosial statusunu gücləndirmək imkanı yaradan, adekvat tənzimləyici alətlər və sosial müdafiə tədbirləri vasitəsilə əhalinin gəlirlərini dəstəkləyən, qlobal miqyasda iqtisadiyyatın rəqabət üstünlükləri və modernləşmə imkanlarını müəyyənləşdirən vacib amil kimi insan kaptialının inkişafına hərtərəfli şərait yaradan müasir sosial dövlət modelinin uğurla gerçəkləşdirilməsini təmin etmişdir.
- Ölkədə həyata keçirilən sosial inkişaf kursu əhalinin sosial müdafiəsində, sosial cəhətdən həssas qruplara dövlət qayğısının artırılmasında hansı mühüm irəliləyişlərə yol açıb?
- Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət, qəbul edilən fundamental qərarlar, imzalanan fərman və sərəncamlar, dövlət proqramları ölkədə insan firavanlığının ümumi inkişafın başlıca məramı kimi qəbul edilməsini şərtləndirməklə, dövlət başçısının “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır” bəyanatının əməli şəkildə təsdiqini tapdığını ifadə edən mühüm nailiyyətlərin əldə edilməsinə səbəb olub. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin əhalinin sosial müdafiəsi məsələlərini daim xüsusi diqqət mərkəzində saxlaması əksər ölkələrin getdikcə artan maliyyə təzyiqləri səbəbindən sosial sahədə ciddi ixtisarlar aparmaq zərurəti ilə qarşılaşdığı bir zamanda Azərbaycanda sosial proqramların vaxtında və tam icra edilməsinə, yeni-yeni sosialyönümlü təşəbbüslərin reallaşdırılmasına imkan vermişdir.
Ölkədə həyata keçirilən sosial siyasətin mühüm uğurları sırasında təbii ki, etibarlı sosial müdafiə sisteminin formalaşması, əhalinin müxtəlif təbəqələrinin, xüsusilə də aztəminatlı ailələrin və sosial cəhətdən həssas insanların həyat səviyyəsinin yüksəldilməsi mühüm yer tutur. Bu gün Azərbaycan kifayət qədər geniş əhali kateqoriyalarını əhatə edən sosial təminat sisteminə malik bir ölkə kimi seçilir və həssas əhali qruplarına münasibətdə Azərbaycan dövlətinin mövqeyi qlobal miqyasda ən humanist yanaşmalara əsaslanması ilə diqqəti cəlb edir. Təsadüfi deyil ki, Dünya Bankının son illərdə apardığı qiymətləndirmələr nəticəsində Azərbaycanda mövcud olan və üç əsas istiqamət üzrə aparılan sosial ödənişlər sistemi geniş əhatəliliyə malik olan və əhalinin yoxsul sayıla biləcək hissəsinin 90,1 faizini əhatə edən, yoxsulluğun azaldılmasında mühüm rol oynayan bir sistem kimi dəyərləndirilib.
Sosial ödənişlər sisteminin birinci istiqaməti üzrə sığorta prinsipinə söykənən, mahiyyətinə və miqyasına görə əhalinin sosial müdafiəsinin mərkəzi həlqəsi olan və mühüm makroiqtisadi təsir gücünə malik pensiya təminatı ilə hazırda 1,3 mln. nəfər, başqa sözlə, əhalinin 13,3 faizi əhatə olunur. Ölkəmizdə 2006-cı ildə qurulan müasir sığorta-pensiya sisteminin uğurlu fəaliyyəti, həmçinin həyata keçirilən məqsədyönlü sosial müdafiə tədbirləri əhalinin layiqli pensiya təminatının artırılmasına əsas yaratmaqla, pensiyalarda ildən-ilə artım dinamikasını şərtləndirib. 2006-2017-ci illərdə Azərbaycan Respublikası Prezidenti tərəfindən əmək pensiyasının baza hissəsinin artırılması ilə əlaqədar 9, sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı 11 Sərəncam verilib, eləcə də əvvəlki dövrlərdə qazanılmış pensiya hüquqlarının yeni sistemə inteqrasiyası istiqamətində ardıcıl qərarlar qəbul edilib. Nəticədə əmək pensiyasının baza hissəsinin məbləği 4,4 dəfə artmış, pensiyanın sığorta hissəsinin inteqrə olunmuş indeksləşdirilmə göstəricisi 116 faiz təşkil etmişdir.
Pensiya islahatlarının davamı olaraq 2017-ci ildə aparılmış köklü dəyişikliklər nəticəsində pensiya sistemi qeyri-sığorta elementlərindən əsasən təmizlənmiş, sığorta-pensiya sisteminin öhdəlikləri ilə dövlət büdcəsinin öhdəlikləri bir-birindən ayrılmış, fərdi uçot sistemində "açıq hesab" prinsipi tətbiq olunmuş və işləyən pensiyaçılara hər 72 aydan bir fərdi hesablarında yığılmış vəsaitlərdən istifadə edərək pensiyalarını artırmaq imkanı verilmişdir.
Görülmüş tədbirlər nəticəsində əmək pensiyasının orta aylıq məbləği 2003-cü ilə nisbətən 11,3 dəfə artaraq 2018-ci il 1 yanvar tarixinə 208,4 manat olmuş, yaşa görə əmək pensiyasının orta aylıq məbləğinin ölkə üzrə orta aylıq əmək haqqı məbləğinə nisbəti, yəni əvəzetmə əmsalı 28 faizdən 44,2 faizə yüksəlmişdir. 2017-ci il ərzində əmək pensiyalarının maliyyələşməsinə yönəldilən illik vəsaitin həcmi 3.289,6 milyon manata çatmışdır ki, bu da 2003-cü ilə nisbətən 17 dəfə çoxdur.
Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının statistikasına əsasən, orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbətinə görə Azərbaycan postsovet ölkələri arasında ilk ikilikdə, yaşa görə pensiya üzrə əvəzetmə əmsalına görə isə 1-ci yerdə qərarlaşıb. Azərbaycanda yaşlı əhali kateqoriyalarının əhalinin ümumi sayında xüsusi çəkisinin hər 1 faizinə düşən pensiya xərclərinin ÜDM-ə nisbəti 0,5 faiz təşkil edir və əgər İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatlarına nəzər salsaq, görərik ki, inkişaf etmiş ölkələr də təqribən eyni səviyyədə göstəriciyə malikdirlər.
Azərbaycan Prezidentinin imzaladığı “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” 9 fevral 2018-ci il tarixli Sərəncamı da pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti addım olmaqla, əmək pensiyalarını əvvəlki ilin orta aylıq əmək haqqı artımına uyğun şəkildə cari ilin əvvəlindən daha 5,7 faiz artırmağa imkan verib.
Ölkənin davamlı iqtisadi inkişafı şəraitində çoxsaylı yeni iş yerlərinin açılması, habelə iqtisadi fəaliyyəti stimullaşdıran pensiya islahatları sosial sığorta daxilolmalarının əhəmiyyətli artımını şərtləndirib. Bunun əyani ifadəsi kimi, 2017-ci il ərzində sosial sığorta haqları üzrə gəlirlər 2003-cü illə müqayisədə 9,4 dəfə artaraq 2,1 mlrd. manat təşkil etmiş, o cümlədən qeyri-büdcə sektoru üzrə 2003-cü ilə nisbətən 1,2 mlrd. manat və ya 8,8 dəfə çox sosial sığorta haqqı daxil olmuşdur. Sosial sığorta daxilolmaları hesabına ildən-ilə özünü göstərən artım pensiyaların vaxtlı-vaxtında maliyyə təminatını həyata keçirməyə imkan vermişdir.
Bu gün ölkədə sosial ödənişlər sisteminin ikinici komponenti kimi kateqorial yanaşma əsasında müxtəlif əhali qruplarına təyin olunan sosial müavinət və təqaüd sistemi fəaliyyət göstərir ki, bu ödənişlərin də mütəmadi artırılması təmin edilir. 2017-ci il ərzində ölkə əhalisinin 4,8 faizinə və ya 482,9 min nəfərə aylıq və birdəfəlik sosial müavinət təyin olunub ödənilmişdir. Onlardan 385 min nəfəri aylıq, 97,9 min nəfəri isə birdəfəlik sosial müavinətlə təmin edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin müxtəlif Fərman və Sərəncamlarına əsasən 60 min nəfərə Azərbaycan Respublikası Prezidentinin təqaüdləri təyin olunaraq ödənilmişdir. 2017-ci ildə sosial müavinət alanların sayı 2003-cü il ilə müqayisədə 329,7 min nəfər, 2005-ci il ilə müqayisədə təqaüd alanların sayı isə 58,8 min nəfər artmışdır. 2003-cü ildə bu məqsədlər üçün 4 mln. manat vəsait xərcləndiyi halda, 2017-ci ildə 92,7 dəfə çox və ya 370,6 mln. manat sərf edilmişdir. Azərbaycan Respublikası Prezidenti tərəfindən bu ödənişlərin artırılması istiqamətində ardıcıl qərarlar qəbul edilir və bildiyiniz kimi, elə bu günlərdə müxtəlif əhali qrupları üçün nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin təqaüdləri dövlət başçısının müvafiq Fərman və Sərəncamları ilə növbəti dəfə artırılmışdır.
Əhaliyə sosial ödənişlər sistemində tamamlayıcı amil qismində üçüncü istiqamət üzrə isə maddi vəziyyət ilə uzlaşdırılaraq ehtiyaclılıq şərti əsasında təyin edilən və aztəminatlı əhalinin minimum maddi tələbatının ödənilməsinə yönəldilən ünvanlı dövlət sosial yardım proqramı həyata keçirilir. Dövlət büdcəsindən maliyyələşdirilən və aztəminatlı əhalinin gəlirlərinin ehtiyac meyarı ilə müəyyən olunan bəlli bir gəlir səviyyəsinin üzərinə çıxarılmasını nəzərdə tutan bu yardım sosial qeyri-bərabərliyin azaldılması, həmin əhali kateqoriyalarının istehlak və xidmətlərə əlçatanlığının artırılması üçün reallaşdırılan mühüm sosial müdafiə tədbiridir. 2017-ci ilin sonuna respublika üzrə ünvanlı dövlət sosial yardımı ilə təmin olunan ailələrin sayı 80,2 min təşkil etmişdir (326,6 min nəfər ailə üzvü). Ötən il ərzində bu məqsədlərə 214,7 mln. manat xərclənmişdir ki, bu da 2006-cı ilin eyni göstəricisi ilə müqayisədə 21,7 dəfə çoxdur. Hazırda əhalinin aztəminatlı hissəsinə hər ay 11,9 milyon manat ünvanlı dövlət sosial yardımı ödənilir.
Cənab Prezidentin uğurlu sosial siyasəti Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin rifahının yaxşılaşdırılmasına yönələn tədbirlərin də ildən-ilə yüksələn xətlə davam etdirilməsinə imkan verib. Təkcə son bir ildə bu təbəqədən olan 315 nəfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzil və fərdi yaşayış evi ilə təmin olunub ki, bu da son beş ilin ən yüksək göstəricisidir. Ümumilikdə isə 2003-cü ildən hazıradək Nazirliyin xətti ilə 5.703 nəfər əlil və şəhid ailəsi mənzillə təmin olunmuşdur ki, bu da nazirlik tərəfindən indiyədək mənzillə təmin edilən 6,1 min nəfər əlil və şəhid ailəsinin 93,5 faizi deməkdir.
Hazırda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün bölgələrdə fərdi yaşayış evlərinin, Bakının Nizami rayonunda, habelə İmişli və Şamaxı rayonlarında çoxmənzilli yaşayış binalarının tikintisi, yeni yaşayış binalarından mənzillərin alınaraq təmir etdirilməsi işləri davam etdirilir. Eyni zamanda, bu vaxta qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 5,9 min nəfər imtiyazlı şəxs pulsuz avtomobillə təmin olunmuşdur.
Sosial təminat sisteminin ayrıca komponenti olan sosial xidmətlərin də əhatəliliyinin və keyfiyyətinin artırılması cənab Prezidentin sosial inkişaf kursunun əsas uğurlarındandır. Bu məqsədlə dövlət başçısının 9 yanvar 2013-cü il tarixli Sərəncamı əsasında sosial sifarişlər əsasında ixtisaslaşmış vətəndaş cəmiyyətləri tərəfindən də sosial xidmətlərin göstərilməsinə başlanılıb. Beləliklə də, sosial xidmət göstərilən vətəndaşların kateqoriyaları və sayı əhəmiyyətli şəkildə artıb. Ötən il də 1.080 nəfərə tam dövlət təminatında olmaqla sosial müəssisələrdə, 11 min nəfərə isə evlərində sosial xidmət göstərilməklə yanaşı, sosial sifarişlər üzrə icra edilən 61 layihə üzrə 4.100 nəfər çətin həyat şəraitində olan uşağa və müvafiq hallarda ailələrinə də reabilitasiya yönümlü sosial xidmətlər göstərilib.
Ölkəmizdə aparılan güclü sosial siyasət dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunlarının normal həyatının təmin edilməsi üçün onların hərtərəfli dövlət qayğısı ilə əhatə olunmasında da aydın şəkildə özünü göstərir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın yüksək humanizmə əsaslanan təşəbbüsü ilə yaradılmış “Məzun evi” sosial müəssisəsi bu sahədə mühüm addımların atılmasına imkan verib. Müəssisədəki iki yaşayış binasında dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunlarından ibarət 240 nəfər gənc mənzillə təmin edilib və hazırda müvafiq kateqoriyalardan olan gənclər üçün daha bir yaşayış binasının da tikintisi başa çatmaq üzrədir. “Məzun evi”nin sakinlərinin məşğulluqlarının təminatı, cəmiyyətdə özlərinə layiq yer tuta bilmələri üçün də bütün zəruri işlər aparılır.
Digər tərəfdən, Prezident cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, son illərdə Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin, Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağın, Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinin, Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzinin, Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzinin, İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin və s. yaradılması sosial təminat sisteminin daha da gücləndirilməsinə, əhatəliliyinin və cəmiyyətin həyatında rolunun artırılmasına səbəb olub.
- Ölkəmizin əmək bazarında inkişaf meylləri, işsiz və işaxtaran vətəndaşların səmərəli məşğulluğunun təminatı sahəsində aparılan işlər, xüsusən də icra olunan özünüməşğulluq proqramı, onun perspektivləri barədə məlumat verməyinizi xahiş edirik.
- Azərbaycan Prezidenti cənab İlham Əliyevin inkişaf strategiyasının başlıca istiqamətlərindən biri əmək resurslarının səmərəli məşğulluq imkanlarının artırılması, iqtisadi inkişaf proseslərində məşğulluq amilinin üstünlük təşkil etməsi, sosial müdafiə siyasətinin məhz bu amil üzərində gücləndirilməsinə nail olunmasıdır.
Bu əsasda Azərbaycanda uğurla reallaşdırılan məşğulluq modeli bazar iqtisadiyyatının qanunauyğunluqları və çoxamilli təsirlərin diktə etdiyi əmək bazarının inkişaf proseslərinin konseptual olaraq düzgün proqnozlaşdırılması və qiymətləndirilməsini, tələb və təklifin balanslaşdırılması üçün zəruri tədbirlərin görülməsini, işçi qüvvəsi təklifinin adekvat qarşılanmasını, o cümlədən 2003-2017-ci illərdə əmək bazarında təklif və tələb arasında tarazlığın saxlanmasını təmin etmiş, əlverişli demoqrafik vəziyyətdən qaynaqlanan işçi qüvvəsinin yüksək təklifi şəratində əhalinin məşğulluğu davamlı təmin edilməklə, işsizlik səviyyəsinin əhəmiyyətli şəkildə aşağı düşməsinə nail olunmuş, eləcə də növbəti illərdə bu müsbət tendensiyaların dayanıqlılığı üçün əsaslı zəmin yaradılmışdır. Bütün bunlar 2003-2017-ci illərdə məşğul əhalinin sayının 21,4 faiz, muzdlu işçilərin sayının 24 faiz artması, işsizlik səviyyəsinin isə 9,2 faizdən 5 faizə enməsi ilə nəticələnmişdir.
Müasir dövrdə sürətlə dəyişən iqtisadi şəraitdə əməyə olan tələbatın həcmi və tərkibində davamlı dəyişikliklər baş verməkdədir. Bu isə işəgötürən və işçilərin daha çevik münasibətlərinin, işçi qüvvəsinin keyfiyyət xarakteristikasının əmək bazarının dəyişən tələbləri ilə uzlaşdırılmasının, işçilərin adaptasiyası və sosial müdafiəsi yollarının təkmilləşdirilməsinin vacibliyini diqtə edir. Qlobal miqyasda baş verən son maliyyə-iqtisadi böhran aydın şəkildə göstərdi ki, hətta bir ölkə çərçivəsində uzunmüddətli dövr ərzində səmərəli tətbiq olunan məşğulluğun tənzimlənməsi mexanizmi ciddi çətinliklərlə üzləşə bilər və bu problem iqtisadi inteqrasiya və qloballaşma prosesləri nəticəsində daha da dərinləşə bilər. Son illər məşğulluq probleminin kəskinləşməsi ilə üzləşən bir çox ölkələr bu problemin yeni həll yollarını axtarmaq məcburiyyətində qalmışdır. Yeni şəraitdə işçilərin sosial müdafiəsini təmin etməklə yanaşı, əməyin tələb və təklifini səmərəli uzlaşdıra bilən daha çevik dövlət tənzimlənməsi mexanizminin formalaşdırılması qlobal gündəlikdə dayanan prioritet məsələlərdəndir.
Bu baxımdan 2016-2017-ci illərdə postneft dövrünün aktual çağırışlarının ram edilməsi və iqtisadi şaxələndirmənin qısa müddətdə gerçəkləşdirilməsi istiqamətində aparılan sürətli islahatlarla səciyyələnən Azərbaycanda hər il 100 mindən çox gənc işçi qüvvəsinin daxil olduğu əmək bazarında mühüm aktuallıq kəsb edən stabilliyin təmin edilməsinin məhz Prezident cənab İlham Əliyevin uzaqgörən və çevik siyasəti sayəsində mümkünlüyə çevrildiyini xüsusilə qeyd etmək istərdim. Qlobal miqyasda belə ən mürəkkəb sosial-iqtisadi çağırışlardan biri sayılan bu vəzifənin icrası ölkəmizdə həm qısamüddətli effekt verən, həm də uzunmüddətli perspektivə hesablanmış tənzimləyici elementləri əhatə edən səmərəli kompleks tədbirlər proqramının reallaşdırılması hesabına təmin edilmişdir.
Birincisi, ölkədə həyata keçirilən ardıcıl və sistemli islahatlar nəticəsində əmək bazarının inkişafının vacib şərtlərindən olan makroiqtisadi sabitliyə, biznes mühitinin yaxşılaşdırılmasına nail olunmaqla, geniş məşğulluq imkanlarının yaradılması baxımından münbit şərait formalaşdırılmışdır.
İkincisi, düşünülmüş sosial-iqtisadi siyasətə uyğun olaraq, sahibkarlıq subyektlərinə dövlət köməyi və güzəştlərin verilməsi tədbirləri qısa müddətdə biznes və investisiya aktivliyinin yüksəlməsini şərtləndirərək əmək bazarında işçi qüvvəsinə tələbin artmasına yol açmışdır.
Üçüncüsü, aparılan kompleks və sürətli islahatlar nəticəsində regionlarda kənd təsərrüfatının müxtəlif sahələrinin sürətli inkişafı 200 min nəfərdən çox əmək resursunu istehsal prosesinə cəlb etməyə imkan vermişdir.
Dördüncüsü, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq vətəndaşların dövlət şirkətləri tərəfindən sosial məsuliyyətin bölgüsü çərçivəsində əmək fəaliyyətinə, habelə ictimai işlərin təşkili proqramı üzrə yerli icra hakimiyyətləri tərəfindən abadlıq və təmir-tikinti işlərinə cəlb edilməsi gerçəkləşdirilmişdir. Qeyd edim ki, təkcə ötən il bu tədbirlər hesabına 41,4 min nəfər işaxtaran iş yeri ilə təmin olunmuşdur.
Beşincisi, ölkədə işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsi, işəgötürən–işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, habelə əmək münasibətləri iştirakçılarının digər əmək hüquqlarının və təminatlarının effektiv müdafiəsinin təmin edilməsi və bu sahədə dövlət orqanları arasında koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamı ilə yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının fəaliyyəti qısa müddətdə öz müsbət nəticələrini ortaya qoymuşdur.
Sosial siyasətin vacib elementlərindən biri kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq orqanları tərəfindən aktiv məşğulluq tədbirlərinin də ildən-ilə gücləndirilməsi təmin olunmaqdadır. Belə ki, 2017-ci ildə məşğulluq orqanları tərəfindən 47 min 900 nəfər münasib işlərlə işlə təmin edilmiş, 1.160 nəfər haqqı ödənilən ictimai işlərə, 3.120 nəfər müvəqqəti xarakterli işlərə cəlb olunmuşdur. İl ərzində ölkənin rayon və şəhərlərində əmək yarmarkalarının, ali təhsil müəssisələrində tələbə və məzunların əmək bazarına inteqrasiyasının dəstəklənməsi məqsədilə “Karyerada ilk addım” devizi altında aktiv məşğullluq tədbirlərinin təşkili işləri də davam etdirilmişdir.
İşaxtaran və işsiz vətəndaşların məşğulluq imkanlarına yiyələnmələri üçün həyata keçirilən aktiv məşğulluq tədbirlərindən biri də belə vətəndaşların əmək bazarının tələblərinə uyğun peşə hazırlığının təşkil olunmasıdır. Ötən il də 3.911 nəfər üçün peşə hazırlığı kursları təşkil edilib. Son 14 ildə bu sahədə maddi-texniki bazanın gücləndirilməsi təmin edilməklə, 2007-ci ildə Bakı şəhərində, 2008-ci ildə Göyçay rayonunda, 2009-cu ildə Naxçıvan şəhərində Regional Peşə Tədris Mərkəzləri yaradılıb. Son illərdə həmin Mərkəzlərdə əsaslı təmir və yenidənqurma işləri aparılaraq, onlarda yeni sinif otaqları və emalatxanalar da istifadəyə verilib. Habelə 2013-cü ilin dekabr ayında Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinin istifadəyə verilməsi ilə bu təbəqədən olan şəxslərin əmək bazarına inteqrasiya imkanları artırılıb. Gələcəkdə respublikada peşə hazırlığı mərkəzləri şəbəkəsinin daha da genişləndirilməsi nəzərdə tutulur və yaxın vaxtlarda Gəncə şəhərində də müasir tipli Regional Peşə Tədris Mərkəzinin istifadəyə verilməsi planlaşdırılır.
“Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il tarixli Sərəncamının icrası ilə bağlı həyata keçirilən layihə çərçivəsində respublika üzrə biznes planları müsbət qiymətləndirilmiş iştirakçılardan 1.281 ailə üçün aktivlərin alınması və təqdim olunması, onların kiçik ailə təsərrüfatlarının yaradılması təmin olunmuşdur. 2018-ci ildə yeni “İşsizlikdən sığorta haqqında” Qanuna əsasən tətbiq olunan işsizlikdən sığorta sisteminin yaratdığı maliyyə təminatı əsasında özünüməşğulluğun daha da genişləndirilməsi, bu məqsədlə təqribən 7 min ailə üçün 35,8 milyon manat vəsait nəzərdə tutulmuşdur. Dövlət başçmımızın qeyd etdiyi kimi, “Özünüməşğulluq proqramının çox böyük gələcəyi var”. Çünki bu proqram bir tərəfdən ölkənin uzunmüddətli inkişafı üçün əsas prioritet olan qeyri-neft sektorunda məhsul artımına, kiçik sahibkarlığın və ailə biznesinin genişlənməsinə əlavə dəstək olmaqla yanaşı, digər tərəfdən, aztəminatlı ailələrin öz zəhmətləri hesabına gəlirlərini artıraraq, sosial yardım sistemindən çıxmaq və sahibkara çevrilmək imkanlarına yiyələnməsinə, bu əsasda gələcəkdə yeni iş yerlərinin yaradılmasına, vergi və sosial sığorta daxilolmalarının artımına şərait yaradır.
İşsizlikdən sığortanın tətbiqi eyni zamanda işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi sahəsində aktiv tədbirlərin, o cümlədən peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma, ictimai işlərin, əmək birjalarının və əmək yarmarkalarının təşkili və digər tədbirlərin yüksək səviyyədə həyata keçirilməsinə, eləcə də, bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsi sahəsində ünvanlılıq prinsipi əsasında çevik maliyyə mexanizminin formalaşmasına, əmək münasibətlərinin leqallaşmasına, məşğulluq sahəsində dövlət siyasətinin həyata keçirilməsinə nəzarətin gücləndirilməsinə imkan yaradacaqdır.
Təsadüfi deyil ki, ölkəmizdə məşğulluq sahəsində aparılan mütərəqqi islahatlar mötəbər beynəlxalq qurumlar və digər ölkələrin adekvat strukturları tərəfindən yüksək dəyərləndirilir və böyük maraqla izlənilir. Ötən ilin dekabr ayında Beynəlxalq Valyuta Fondunun işçi heyətinin 2018-ci il üzrə IV Maddə Məsləhətləşmələri çərçivəsində müzakirələr aparmaq üçün ölkəmizə səfərinin yekunlarına dair özünün rəsmi veb-saytında yayımladığı bəyanatda Azərbaycanda yeni işsizlikdən sığorta fondunun yaradılması, pensiya islahatının həyata keçirilməsi, passiv əmək bazarı proqramlarından aktiv proqramlara keçilməsi sosial təminat və əmək bazarı sahələrində mühüm nailiyyətlər kimi qeyd olunaraq yüksək dəyərləndirilib. Digər tərəfdən, 2017-ci ildə ölkəmiz 25 il əvvəl qoşulduğu Beynəlxalq Əmək Təşkilatının Rəhbər Orqanına ilk dəfə üzv seçilmiş, Davos İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda əmək bazarının səmərəliliyi üzrə 9 pillə irəliləyərək 17-ci yerdə qərarlaşmışdır. Bütün bunlar Azərbaycanda əmək və sosial müdafiə sferasında reallaşdırılan islahatların yüksək qiymətləndirilməsinin, ölkəmizə olan böyük inam və etimadın bariz nümunəsi olmaqla yanaşı, Azərbaycan Prezidentinin bu sahədə apardığı siyasətin alternativsiz olduğunu bir daha təsdiqləyir.
Onu da qeyd edim ki, əhalinin məşğulluğu sahəsində islahatlar davam etdirilir və qarşıda duran kompleks vəzifələrin adekvat həlli daim xüsusi diqqət mərkəzində saxlanılır. Bu əsasda məşğulluq sferasında meydana çıxan müasir çağırışlar, habelə ölkənin mövcud demoqrafik inkişaf perspektivləri əsasında “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi”nin başlıca istiqamətləri”, Beynəlxalq Əmək Təşkilatının tövsiyələri, Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Gündəliyi və digər sosial yönümlü dövlət proqramları və investisiya layihələri ilə uzlaşdırılaraq, 2030-cu ilə qədərki dövrü əhatə edən Məşğulluq Strategiyasının layihəsi hazırlanaraq hökumətə təqdim edilmişdir.
- Əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası, onların sosial təminatlarının artırılması yönündə hansı addımlar atılıb?
- Ölkəmizdə əlilliyi olan şəxslərin çoxşaxəli və etibarlı sosial müdafiə sistemi ilə əhatə olunması Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial siyasət kursunun mühüm tərkib hissəsidir və bu əsasda əlilliyin qarşısının alınması, tibbi və sosial reabilitasiyası, əlilliyi olan şəxslərin sosial təminatı, eləcə də onların ictimai həyatın bütün sahələrində iştirakı və layiqli həyat sürmələri üçün şəraitin yaradılması istiqamətində ardıcıl tədbirlər reallaşdırılmaqdadır.
Ötən dövrdə əlilliyi olan şəxslərin potensial imkanlarından tam istifadəsinə lazımi şəraitin yaradılması, onların cəmiyyətə inteqrasiyasının təmin edilməsi, məşğulluq səviyyəsinin artırılması və sosial müdafiəsinin gücləndirilməsi sahəsində strategiyalar müəyyən edilmiş, onların hüquq və təminatları qanunvericilik aktlarında və dövlətin sosial proqramlarında təsbit olunmuşdur.
Mühüm sosial proqramlardan biri kimi, bu qəbildən olan şəxslərə əmək pensiyaları, sosial müavinətlər, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ödənilir və bu sosial ödənişlər onların gəlirlərinin dəstəklənməsində əhəmiyyətli rol oynayır. Cari ilin əvvəlinə olan məlumatlara əsasən, əlilliyi olan şəxslərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları vasitəsilə hər ay 90,7 mln. manat vəsait ödənilir.
Əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində yeni imkanların yaranması, əldə olunan nanotexnoloji nailiyyətlər bu şəxslərin tibbi-sağlamlaşdırma sferasında, təhsil və peşə hazırlığında innovativ həll yollarının diapazonunu genişləndirməklə, onların adaptasiya və sosiallaşma resurslarını möhkəmləndirərək cəmiyyətə inteqrasiya proseslərini xeyli gücləndirir. Bu baxımdan sosial inkişaf siyasətinin əsas istiqamətlərindən biri kimi əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası sahəsində kompleks tədbirlər həyata keçirilir. Ötən 15 ildə dövlət başçısının tapşırığına uyğun olaraq, ölkədə bərpa-müalicə şəbəkəsinin əhəmiyyətli şəkildə genişləndirilməsi təmin olunub - Naxçıvan, Şirvan, Lənkəran, Şəki, Sumqayıt, Naftalan, Xaçmaz, Yevlax şəhərlərində əlilliyi olan şəxslər üçün regional bərpa mərkəzləri, Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin Naxçıvan istehsalat sahəsi və Gəncə şəhərində filialı istifadəyə verilib. Həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə son illərdə Bakının Yeni Günəşli yaşayış massivində Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi fəaliyyətə başlayıb. Beləliklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ölkənin bütün ərazisi üzrə bərpa mərkəzləri şəbəkəsi formalaşdırılıb.
Nazirlik sistemində fəaliyyət göstərən əlillərin bərpa mərkəzləri tərəfindən təkcə son bir ildə 39,8 min nəfər şəxsə bərpa xidməti göstərilib, eyni zamanda əlilliyi olan şəxslərə 33 min ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib. Dövlət başçısının xüsusi qayğısının nəticəsi olaraq, ölkədə reabilitasiya sisteminin müasir tələblərə uyğun yenidən qurulması istiqamətində də məqsədyönlü addımlar atılıb, Respublika Əlillərin Bərpa Mərkəzində, Uşaq Bərpa Mərkəzində yüksək standartlara uyğun bərpa-müalicə şəraiti yaradılıb və digər bərpa mərkəzlərində də bu istiqamətdə işlər davam etdirilir. Bu il ərzində nazirliyin Yevlax, Naftalan, Sumqayıt şəhərlərindəki bərpa mərkəzlərinin, Mərdəkan Müalicə Pansionatının da əsaslı təmirdən sonra istifadəyə verilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikasının Prezidentinin 13 fevral 2018-ci il tarixli Sərəncamı ilə sosial təyinatlı obyektlərdə tikinti və əsaslı təmir işlərinin başa çatdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə vəsaitin ayrılması da digər sosial obyektlərlə yanaşı, qeyd edilən mərkəzlərin bərpası, gücləndirilməsi və əsaslı təmiri, habelə Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin təmiri, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Bakının Nizami rayonunda 12 mərtəbəli 96 mənzilli yaşayış binasının tikintisi, Gəncə Şəhər Pensiyaçıların Ərazi Sosial Xidmət Mərkəzinin təmiri və müasir avadanlıqla təchiz edilməsi işlərinin başa çatdırılması məqsədinə yönəlməklə, sosial cəhətdən həssas insanların reabilitasiyasının, onların sosial müdafiəsinin daim dövlət başçısının diqqətində olduğunu göstərir.
Son illərdə Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinin, Yetkinlik yaşına çatmamış görmə imkanı məhdud şəxslər üçün Bərpa Mərkəzinin, eyni zamanda, əlilliyi olan şəxslərin İKT-dən istifadə imkanlarına malik olmaları üçün Heydər Əliyev Fondunun dəstəyi ilə Naxçıvan, Gəncə və Yevlax şəhərlərində Regional İnformasiya Mərkəzlərinin yaradılması bu təbəqədən olan insanların reabilitasiyası və cəmiyyətə inteqrasiyası imkanlarının genişlənməsinə səbəb olub.
Nazirlik tərəfindən hər il əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası üzrə Proqramlar təsdiqlənərək icra olunur. Həmin Proqram çərçivəsində əlilliyi olan şəxslərin istirahətinin təşkili, yaradıcılıq imkanlarının cəmiyyətə təqdim olunması üçün respublika səviyyəli müsabiqələrin, onlar arasında idman tədbirlərinin keçirilməsi, reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunmaları, bu təbəqədən olan şəxslərin sosial-məişət problemlərinin həllinə, ölkə daxilində və xaricdə müalicəsinə köməklik göstərilməsi və s. istiqamətlərdə işlər də aparılır. Misal üçün, həmin proqram çərçivəsində ötən il 1.266 nəfər əlil vətəndaşın ölkənin müxtəlif bölgələrində istirahəti, 800 nəfərə yaxın əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın iştirakı ilə stolüstü idman oyunları üzrə V Ümumrespublika yarışları və s. təşkil olunub.
Azərbaycanda əlilliyi olan şəxslərlə bağlı aparılan fəal siyasətin bir təzahürüdür ki, hələ 2008-ci ildə ölkəmiz BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına və onun Fakültativ Protokoluna qoşulub. Təbii ki, bu addım Azərbaycanın müvafiq sahədə qanunvericiliyini, praktiki iş mexanizmlərini beynəlxalq standartlar səviyyəsinə çatdırmaq əzmini ifadə edir və həmin Konvensiyanın icrasına dair 2014-cü ilin aprelində BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyasında Azərbaycan hökuməti tərəfindən təqdim edilən ilk məruzə də müsbət dəyərləndirilib. Eyni zamanda, son illərdə hazırlanan və artıq parlamentdə müzakirəyə çıxarılaraq birinci oxunuşda qəbul olunan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni Qanun layihəsində də bu təbəqədən olan vətəndaşların sosial müdafiəsi, reabilitasiyası və sosial inteqrasiyası imkanlarının artırılmasını nəzərdə tutan tədbirlər əksini tapıb.
Onu da bildirim ki, son illərdə dövlət başçısının müvafiq Fərmanına əsasən əlilliyin qiymətləndirilməsi və reabilitasiya sisteminin də elektronlaşdırılması təmin edilib. Yaradılan Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası Alt Sistemi əlillik təyinatlarının obyektiv və şəffaf şəraitdə həyata keçirilməsini təmin edir. 2016-cı il noyabr ayının 15-dən əlilliyin avtomatlaşdırılmış sistem vasitəsilə, yəni ekspert-vətəndaş təmasları olmadan qiymətləndirilməsinə başlanılmışdır. Bununla da əlilliyin təyini üçün tibbi-sosial ekspert komissiyaları tərəfindən vətəndaşların müayinəsi proseduru tam aradan qaldırılmış, bu sahədə obyektivlik, şəffaflıq və qərəzsizlik təmin edilməklə, bütövlükdə müvafiq sahədə dövlət xidmətinin əhəmiyyətli şəkildə təkmilləşdirilməsinə nail olunmuşdur.
Aparılmış islahatlar əlilliyin azalmasına da imkan yaratmışdır. Məsələn, 2017-ci ildə ilkin əlillik təyin olunanların sayı əvvəlki illə müqayisədə 31 faiz azalmış, həmçinin ilkin olaraq əlillik dərəcəsi verilənlərin sayında 26 faiz, ilkin olaraq sağlamlıq imkanları məhdud uşaq hesab edilənlərin sayında isə 49 faiz azalma qeydə alınmışdır.
- Son illər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrində geniş vüsət alan və əhaliyə xidmət sahələrinin şəffaflaşdırılmasına imkan verən elektron sistemlərin tətbiqi işləri hansı istiqamətdə davam etdirilir?
- Azərbaycan Prezidentinin “Müasirləşmək, yeniləşmək siyasətimizin əsas mənasını, bizi inkişafa aparan yolun baş xəttini təşkil edir” prinsipinə uyğun olaraq, ölkədə idarəçilik praktikasının yeni paradiqma və çağırışlara uyğun şəkildə mütərəqqi təcrübələrə və innovativ yanaşmalara söykənən modernləşdirilməsi prosesləri milli əmək və sosial müdafiə sistemini də geniş şəkildə əhatə edir. Dövlət başçısının konkret tapşırıqları əsasında son illərdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əmək, sosial təminat, tibbi-sosial ekspertiza sahələrində genişmiqyaslı islahatlar həyata keçirilərək, müasir beynəlxalq standartlara uyğun idarəetmə metodları yaradılmaqla sosial sferada səmərəliliyin və optimallığın artırılması, həm də əhaliyə xidmət səviyyəsinin keyfiyyətcə yüksəldilməsi və şəffaf müstəvidə qurulması təmin edilmişdir.
Nazirlik sistemi üzrə bu innovasiyaların tətbiqi nəticəsində sosial sahədə 30-a qədər elektron xidmət əhalinin istifadəsinə verilib. Təkcə son bir ildə həmin xidmətlərə “Elektron hökumət” portalı vasitəsilə 9 milyon 341 min dəfə müraciət olunub ki, bu da ölkə üzrə həmin portal vasitəsilə bütün elektron xidmətlərdən istifadənin 40 faizini təşkil edir. Bu göstərici əmək və sosial müdafiə sahəsində elektron xidmətlərə böyük sosial tələbin olduğunu ifadə etməklə yanaşı, eyni zamanda müvafiq dövlət xidmətlərindən istifadə müstəvisində məmur-vətəndaş kontaktlarının aradan qaldırılmasında nə qədər böyük əhəmiyyət kəsb etdiyini göstərir.
Milli təşəbbüslərin müsbət nəticəsi kimi və yerli mütəxəssis potensialı hesabına əldə olunan bu uğurlu innovativ təcrübələr beynəlxalq miqyasda da yüksək dəyərləndirilir və müasir dünyada qabaqcıl fəaliyyət nümunələri kimi təbliğ olunur.
2016-cı ilin aprel ayında Stokholm şəhərində keçirilən Avropa Regional Sosial Təminat Forumunda Azərbaycanın “Çağrı mərkəzi vasitəsilə avtomatlaşdırılmış pensiya təyinatı” adlı müsbət təcrübəsi müstəqil komissiya tərəfindən xüsusi sertifikata layiq görülüb və Beynəlxalq Sosial Təminat Assosiasiyasının Müsbət Təcrübələr məlumat bankına daxil edilib.
BMT-nin ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının dünya üzrə 467 elektron layihənin təqdim edildiyi və onlardan seçilmiş 345 layihənin iştirak etdiyi “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti - 2017 Mükafatları” müsabiqəsində Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi “İKT Proqramları: E-Məşğulluq” nominasiyası üzrə ən çox səs toplayan ilk 5 layihədən, ümumən müsabiqə nəticəsində səsvermə ilə müəyyən edilən 90 “Çempion layihə”dən biri olub. Azərbaycandan ilk elektron layihə olaraq Beynəlxalq Telekommunikasiya İttifaqının “Çempion layihə” mükafatına layiq görülən Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi bununla 193 ölkəni, 700-ə yaxın texnoloji şirkəti əhatə edən İttifaq tərəfindən İKT-nin tətbiqi üzrə Azərbaycana ilk mükafatı qazandırıb.
BMT-nin “Ərəb ölkələri, Avropa və MDB regionlarında Cənub-Cənub Əməkdaşlığı çərçivəsində Əməkdaşlıq Mexanizmləri və Həllər” adlı portalında bu və digər avtomatlaşdırılmış sistemlərimiz təbliğ edilir. Eyni zamanda, Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminə Dünya Bankı tərəfindən sosial yardım sahəsində şəffaflığı və ünvanlılığı təmin edən bir sistem kimi yüksək dəyər verilib və həmin Təşkilatın müraciətinə əsasən, onun ABŞ-ın Vaşinqton şəhərində yerləşən ofisinin əməkdaşları üçün bu sistemin videokonfrans sistemi vasitəsilə təqdimatı keçirilib. Eləcə də digər sahələrdəki elektron sistemlər beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilib.
Hazırda Azərbaycanın əmək və sosial müdafiə, tibbi-sosial ekpertiza və reabilitasiya sahələrində avtomatlaşdırılmış sistemləri ayrı-ayrı ölkələr tərəfindən qabaqcıl təcrübə nümunələri kimi öyrənilir. Bununla əlaqədar həmin ölkələrin müraciətləri əsasında onlarla təcrübə mübadilələri aparılır. Hətta ötən ilin iyul ayında Prezident cənab İlham Əliyev ölkəmizdə səfərdə olan Avstriyanın federal ailə və gənclər naziri Sofi Karmasini qəbul edərkən, avstriyalı nazir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ona ölkəmizdə elektron hökumətlə bağlı maraqlı layihələr barədə məlumat verildiyini, bu layihələrin Avstriya üçün çox böyük maraq doğurduğunu, gələcəkdə həmin layihələrin öyrənilməsində və tətbiq edilməsində maraqlı olduqlarını bildirib. Azərbaycanın əmək və sosial müdafiə sahəsində avtomatlaşdırılmış idarəetmə və xidmət sistemləri üzrə əldə olunmuş uğurlu təcrübəsini bölüşmək məqsədilə təkcə son 1 il ərzində Rusiya Federasiyasından, Ukrayna Respublikasından, Moldova Respublikasından, Əfqanıstan İslam Respublikasından, Tacikistan Respublikasından, Özbəkistan Respublikasından ölkəmizə səfərə gəlmiş nümayəndə heyətləri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüşlər keçirilərək, onlar üçün müvafiq təqdimatlar edilmişdir. Hazırda Qazaxıstan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən də nümayəndə heyətinin ölkəmizə səfəri davam edir və onlarla təcrübə mübadilələri aparılır.
Biz intensiv avtomatlaşdırma işlərini məşğulluq xidmətləri və işsizlik müavinəti sistemi üzrə davam etdiririk. Bu işlərin başa çatdırılması ilə bir tərəfdən əmək bazarında işçi qüvvəsinə tələbin ödənilməsi prosesinin elektron sistem üzərində daha səmərəli və çevik təşkili, digər tərəfdən məşğulluq xidmətlərinin işsiz və işaxtaranlara daha əlçatan səviyyədə qurulması və onların bu xidmətlərdən daha asan və rahat şəkildə istifadəsi təmin olunacaq.
- Səlim müəllim, qarşıda nazirlik üçün aktuallıq kəsb edən hansı hədəflər var?
- Mühüm hədəflərimiz sırasında qeyri-formal məşğulluqdan leqal məşğulluğa keçidin sürətləndirilməsi prosesinə nail olunmasını xüsusi qeyd edərdim. Cənab Prezidentin müvafiq Sərəncamı ilə yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının fəaliyyəti bu sahədə xüsusi önəm kəsb edir və əldə olunan müsbət nəticələr vətəndaşların layiqli əmək hüquqlarını reallaşdırmaqla, işləyən əhalinin onların sosial rifahı üçün vacib olan sosial sığorta, habelə işsizlikdən sığorta sistemləri ilə daha çox əhatə edilməsini şərtləndirir. Eyni zamanda, aktiv məşğulluq tədbirlərinin genişləndirilməsi və işsizliyin minimum səviyyədə saxlanılması, ailə gəlirlərinin formalaşmasında əməkhaqqının payının artırılması, əmək bazarının tələblərinə uyğun çevik peşə təhsili üçün peşə-tədris mərkəzləri şəbəkəsinin genişləndirilməsi, sosial xidmətlərin mütərəqqi beynəlxalq təcrübədən irəli gələn “sosial işçi modeli” üzrə əhatəliliyinin və çətin həyat şəraitində olan şəxslərin problemlərinin həllində səmərəliliyinin daha da yüksəldilməsi və s. kimi hədəflərimiz vardır. Bu hədəflərə nail olunması yönündə məqsədyönlü işlərin aparılması təmin olunacaqdır.
Ümumilikdə Azərbaycan Prezident cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əmək resurslarının məşğulluq imkanlarının artırılması, vətəndaşların əmək və sosial hüquqlarının dolğun təminatı istiqamətində son 15 ildə olduğu kimi, qarşıdakı dövrdə də mühüm nailiyyətlərin əldə olunmasına imkan verəcəkdir.

yap.org.az

Digər xəbərlər