Müsahibə

  • 7 387

Azərbaycanın iqtisadi inkişafı davamlı bir prosesə çevrilib

image

Milli Məclisin deputatı Azər Badamov
- Azər müəllim, 2018-ci ilin əvvəlində iqtisadi inkişafımızın bu il də uğurla davam edəcəyi ilə bağlı proqnozlar səsləndirilirdi. Ötən dövr ərzində müşahidə olunan iqtisadi artımımız bu proqnozların həqiqətə çevrildiyini sübuta yetirirmi?
- Azərbaycanın iqtisadi inkişafı davamlı bir prosesə çevrilib və bu, hər il daha da artmaqdadır. Təsadüfi deyil ki, hələ bir neçə il öncə dünyada qlobal maliyyə böhranı yarandığı, eləcə də neftin qiymətinin kəskin ucuzlaşdığı dövrlərdə belə ölkəmizin iqtisadi inkişafı öz davamlılığını və stabilliyini qoruya bilmişdi. Ölkəmiz bu ağır sınaqlardan minimal ziyanlara çıxa bilmişdi. Bu faktın arxasında təkcə bir amil dayanır. Əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin yeni dövrə uyğunlaşdırılmış şəkildə davam etdirdiyi və strateji əhəmiyyətə malik iqtisadi siyasət kursun uğurla davam etdirilməsi Azərbaycanın çoxşaxəli və davamlı inkişafının əsas təməlidir. Bu mənada, iqtisadi artımın 2018-ci ildə də davamlı şəkil alması gözlənilən idi və bu gün həmin proses davam edir.
Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət kursu Azərbaycanın müasir inkişafında xüsusi yer tutur. Bircə faktı nəzərə almaq gərəkir ki, cəmisi 2004-2018-ci illərdə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb. Bu rəqəm olduqca böyük bir əhəmiyyət kəsb edir. Belə ki, digər post-sovet ölkələri ilə müqayisədə Azərbaycanın irqtisadi potensialının artması faktı açıq şəkildə ortaya çıxır. Nəzərə alınmalıdır ki, Azərbaycan bu cür yüksək nailiyyətlərə həm də müharibə şəraitində ola-ola imza atır. Qeyd edilməlidir ki, bir zamanlar Azərbaycan neft gəlirlərindən asılı idisə, artıq bu asıllıq aradan qaldırılır. Əgər, son 15 ildə əldə olunan iqtisadi artım qeyri-neft sektrunda 2,8 faiz təşkil edirsə, demək artıq ölkəmizdə qeyri-neft sektoru özünün yüksək inkişafı mərhələsinə qədəm qoyub. Azərbaycan artıq özünün neftdən asılılığını ciddi şəkildə aradan qaldırır. Qeyri-neft sektorunun bir sıra sahələrinin yüksək inkişafı qarşımızda gələcəkdə mühüm faydalar verə biləcək yollar açmaqdadır. Turizm, kənd təsərrüfatı, strateji xarakterli məhsulların yetişdirilməsi və becərilməsi, eləcə də sənayenin daha yüksək şəkildə inkişaf etdirilməsi üçün dövlət tərəfindən mühüm işlər görülür. Ən əsası isə bu işlərin böyük əksəriyyətinin regionlarda aparılması kompleks inkişafımızın təməl prinsipinə xidmət göstərir.
Konkret olaraq, bu fikirləri 2018-ci il üçün də demək mümkündür. Müqayisə üçün deyim ki, ötən il qeyri-neft sektorunun inkişafı 2,5 faiz təşkil etmişdi. Bu ilin birinci rübünün yekunlarına nəzər saldıqda isə, həmin rəqəm 3 faiz təşkil edir. eləcə də, birinci rübdə iqtisadiyyatımız 2,3 faiz artıb. Birinci rübdə kənd təsərrüfatının inkişafı 4,3 faiz təşkil edib. Bütün bunlar görülən tədbirlərin, aparılan uğurlu siyasətin və islahatların nəticəsidir. Artıq bir neçə ildir ki, ölkə Prezidenti aqrar sahənin inkişafı istiqamətində mühüm tədbirlər görür, qanunvericiliyimizdə dəyişikliklər olunur və yerli fermerlərə, sahibkarlara yaxından köməkliklər göstərilir. Yaradılan aqroparklar, rayonlarda fəaliyyət göstərən aqrar təsərrüfatlar bu sahənin inkişafında əsaslı rol oynayır. Bu gün kəndlinin öz məhsulunu dünya bazarına çıxarması üçün şərait yaradılır. Azərbaycan dövləti öz brendini dünyaya təqdim edir. Vurğulamaq lazımdır ki, digər ölkələr Azərbaycandan kənd təsərrüfatı məhsulları almaqda maraqlıdırlar. Bunun ən əsas səbəblərindən biri Azərbaycan məhsullarının keyfiyyətidir və onların tam orqanik tərkibə malik olmasıdır. Bu gün bir sıra xarici ölkələrin şirkətləri məhz kənd təsərrüfatı sahəsinə sərmayə qoymaqda maraqlıdır. Bu isə bütövlükdə iqtisadi siyasətimizin doğru istiqamətinin göstəricisidir. Qeyd edim ki, aqrar sahənin inkişafı ilə bağlı qarşıdakı illərdə daha yüksək nəticələrin əldə olunacağını gözləyirik və inanırıq ki, Azərbaycanın kənd təsərrüfatı məhsulları dünyanın hər yerində daha yüksək şöhrətə malik olacaq.
- Azərbaycan dövləti hər zaman sərmayələrə, investisiyaya açıq olduğunu bəyan edir. Statistikaya nəzər yetirsək görərik ki, bu gün Azərbaycan istər regionda, istərsə də post-sovet məkanında ən çox investisiya yatırılan dövlətlərdəndir. Bunun səbəblərini nədə görürsünüz?
- Bəli, bu fakt olduqca sevindiricidir. Bu gün Azərbaycan dünyada stabil inkişafa malik, sabitliyin hökm sürdüyü, eləcə də multikultural dəyərləri özündə əks etdirən, tolerant bir dövlət olaraq tanınır. Azərbaycanda demokratik mühit mövcuddur və qanunun aliliyi təmin edilib. Bunun nəticəsidir ki, son bir ildə ölkəmizə rekord sayda turist cəlb olunub. Ən əsası ölkəmizdə keçirilən böyük miqyaslı idman tədbirləri, mədəni tədbirlər, eləcə də qlobal forumlar Azərbaycanı dünyaya bir daha təqdim etdi. Möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasi kurs nəticəsində bu gün nəinki yaxın dövlətlərdən, hətta məsafəcən bizdən uzaq dövlətlərdən turistlər Azərbaycana maraq göstərir. Ölkəmizə gələn, buradakı mühitlə, şəraitlə yaxından tanış olan insanlar isə Azərbaycandakı münbit investisiya şəraitini görür və onu dəyərləndirməyə çalışır. Bir daha statistik rəqəmlərə nəzər salsaq görərik ki, 2004-2018-ci illərdə Azərbaycana 231 milyard dollar sərmayə qoyulub. 2017-ci ildə isə bu rəqəm 14,6 milyard olub. Möhtərəm Prezidentimizin ötən ilin sosial iqtisadi yekunlarına həsr olunan müşavirədə qeyd etdiyi kimi, bu gün ancaq sabit və gözəl gələcəyi olan ölkələrə investisiya qoyulur. Bu ilin ilk üç ayında isə ölkə iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulubdur və bu sərmayənin böyük hissəsi xarici sərmayədir. Bu, onu göstərir ki, ölkəmiz xarici investorlar üçün çox cəlbedicidir. Hər bir investisiya, layihə isə yeni iş yerləri deməkdir. Bu gün Azərbaycanda genişmiqyaslı layihələr həyata keçirilir və bunun müqabilində isə yeni iş yeriləri yaradılır. Təsadüfi deyil ki, birinci rübdə 34 min yeni iş yeri yaradılmışdır ki, onlardan 31 mini daimi iş yeridir. Yəni, iqtisadiyyatın genişlənməsi, çoxşaxəli inkişafı birmənalı şəkildə vətəndaşların sosial rifahının üksəlməsinə xidmət göstərir. Eyni zamanda, Azərbaycan dövlətinin yerli yatırımları bölgələrin inkişafında, yeni infrastrukturların yaradılmasında əhəmiyyətli və əsaslı rol oynayıb. Yerli yatırımları sayəsində bu gün regionlar özünün ən yüksək inkişaf dövrünü yaşayır.
- Turizm sahəsinin inkişafına toxundunuz. Qarşıdan yay gəlir və ölkəmizin yay turizmi üçün əlverişli olan bölgələrində turistlərin istirahəti üçün yaradılan şəraiti necə dəyərləndirirsiniz? Ümumiyyətlə, son illərdə bu sahənin inkişafı ilə bağlı atılan addımlar hansı irəliləyişlərə nail olmağa imkan verib?
- 2004-cü ildən bu yana həyata keçirilən regionların sosial iqtisadi inkişafı dövlət proqramları bölgələrimizin simasını dəyişib. Bu gün ucqar dağ kəndlərimizdə belə yüksək səviyyəli infrastruktur formalaşdırılıb. Bütün kəndlərin qazlaşdırılması, fasiləsiz elektrik enerjisi ilə təmini, eləcə də kommunikasiya xətlərinin daha da müasirləşdirilməsi yönümündə addımlar atılır. Yəni, regionlarda görülən məqsədyönlü tədbirlər ölkəmizin ümumi daxili məhsulunda turizm sənayesinin payının əsaslı şəkildə artmasını şərtləndirir. Ötən il Milli Məclisdə «Turizm haqqında» qanun layihəsinin müzakirəsi zamanı da vurğulanmışdı ki, Azərbaycana gələn turistlərin sayı artıq əvvəlki dövrlərə nisbətən artır. Bu ilin yanvar-mart aylarında ölkəyə 627,835 xarici vətəndaş gəlib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 12,5 faiz və ya 70,207 nəfər çoxdur. Nəzərə alsaq ki, aprel ayında ölkəmizə gələn turistlərin sayı daha çoxdur. Təbii ki, burada ölkəmizdə keçirilən qlobalmiyqaslı idman tədbirlərinin-xüsusilə də Formula 1 yarışlarının rolunu xüsusi vurğulamaq lazımdır. Eləcə də, səyahət və turizm sənayesinin Azərbaycanın ümumi daxili məhsuluna birbaşa təsiri əvvəlkilərdən çoxdur. Bu isə onu deməyə əsas verir ki, turizm sənayesinin qeyri-neft sektorunda payı daha da yüksəlməkdədir.
Göründüyü kimi, ortadakı statistitk rəqəmlər kifayət qədər yüksək rəqəmlərdir və turizm sektorunun inkişafı paytaxtda və regionlarda məşğulluq məsələsində öz müsbət effektini göstərir. Cəlbedicilik baxımından isə paytaxt Bakı ilə yanaşı digər bölgələrimiz də xarici turistlər üçün maraq kəsb edir. Buna görə də hər bölgənin turizm sahəsində potensialı və ənənələri əsas götürülməklə müvafiq infrastruktur qurulmasına diqqət yetirilir. Başqa sözlə desək, ölkəmizin turizm siyasəti kompleks xarakter daşıyır. Bununla yanaşı, bu sektorda xidmət səviyyəsinin get-gedə yüksəlməsi də xarici ölkələrin vətəndaşlarının ölkəmizə marağını artıran amillər sırasındadır.

yap.org.az

Digər xəbərlər