Müsahibə

  • 4 949

YAP Gənclər Birliyinin DEMYC təşkilatına üzv seçilməsi böyük uğurdur

image

YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov

- Ramin müəllim, YAP Gənclər Birliyi beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində nə kimi işlər görməkdədir? Bu yöndə hansı nəticələr əldə olunub?
- Azərbaycan həyata keçirdiyi uğurlu siyasət nəticəsində son illər böyük uğurlara nail olub. Bu uğurlar bütün istiqamətlər üzrə özünü ifadə edir. Xüsusilə dünyada mövcud olan mürəkkəb geosiyasi vəziyyət şəraitində ölkəmiz həm regional, həm də qlobal miqyasda həyata keçirdiyi siyasət və layihələrləsülh və təhlükəsizliyə, qarşılıqlı əmakdaşlığa böyük töhfələr verir. Bu amil isə Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunu gündən günə artırmaqdadır. Təbii ki, bu uğurlara Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi uzaqgörən, düşünülmüşsiyasət nəticəsində nail olunub.
Bütün bunlarla yanaşı, Azərbaycanda mövcud olan demokratik mühit, siyasi plüralizm, siyasi partiyaların geniş fəaliyyəti, vətəndaş cəmiyyəti quruculuğundakı nailiyyətlər də məhz beynəlxalq ictimaiyyətin ölkəmizə olan marağını daha da artırır. Bu mənada, Yeni Azərbaycan Partiyasının hakim partiya olaraq ölkəmizin inkişafında yaxından iştirak etməsi, Azərbaycanın uğurlarını həm ölkə ictimaiyyətinə çatdırmaq və dünyada təqdim etmək baxımından xüsusi rolu var. Bilirsiniz ki, YAP-ın geniş beynəlxalq əlaqələri mövcuddur və bu əlaqələr ölkəmizin beynəlxalq imicinin güclənməsi üçün vacib rol oynayır. Hazırda YAP bir sıra beynəlxalq təşkilatların üzvüdür, həm də bir çox ölkələrin siyasi partiyaları ilə çox sıx münasibətlərə malikdir. Təbii ki, bu amil partiyamızın beynəlxalq aləmdə nüfuzunun davamlı olaraq artmasına müsbət təsir göstərir.
Bildiyiniz kimi, partiya rəhbərliyinin dəstəyi ilə YAP Gənclər Birliyi də beynəlxalq əlaqələrini genişləndirir, bu istiqamətdə uğurlar qazanır. YAP Gənclər Birliyi neçə illərdir ki, beynəlxalq gənclər təşkilatları, ayrı-ayrı ölkələrin siyasi partiyalarının gəncləri ilə fəal əməkdaşlıq edir. Biz gənclərlə bağlı olan beynəlxalq təşkilatlara üzv olmağa çalışırıq. İndiyə qədər Gənclər Birliyinin təşəbbüsü ilə ölkəmizdə və xaricdə müxtəlif layihələr həyata keçirilib və bu proses davam etməkdədir.
Son illər ərzində Azərbaycan gəncliyi bu sahədə müxtəlif uğurlar əldə edib və partiyamızın Gənclər Birliyi də bundan kənarda qalmayıb. Qeyd edim ki, YAP Gənclər Birliyinin beynəlxalq əlaqələri iki istiqamətdə davam edir. Bunlardan biri beynəlxalq gənclər təşkilatları ilə əlaqələrin qurulması və genişləndirilməsi, digəri isə ayrı-ayrı ölkələrin siyasi partiyalarının gəncləri ilə ikitərəfli əlaqələrin qurulmasıdır.
Biz bir sıra təşkilatlar və partiyaların gənclər qolları ilə əməkdaşlıq haqqında sənəd imzalamışıq. Belə ki, həm Avropa, həm də Asiyada bir neçə təşkilatla fəal əməkdaşlıq edirik. Biz həmin təşkilatların bəzilərinin üzvüyük, bəzilərilə isə gələcək platformalarda əməkdaşlıqla bağlı ilkin razılıq əldə etmişik. 2011-ci ildən etibarən YAP Gənclər Birliyi Avropa Xalqları Partiyası (EPP) gənclər təşkilatları ilə əlaqələrin qurulması və genişləndirilməsini prioritet kimi qəbul etdi. Nəticə etibarilə EPP-nin tələbə-gənclər təşkilatı olan EDS-lə uzun illərdir ki, aktiv əməkdaşlıq edirik. Amma paralel olaraq digər güclü təşkilatlar da var və biz onlarla da əməkdalığa maraqlıyıq.
- YAP Gənclər Birliyinin Avropa Demokratik Gənclər Birliyi (DEMYC) ilə də fəal əməkdaşlıq münasibətləri var. Bu barədə nə deyə bilərsiniz?
- Bəli, əmkdaşlıq etdiyimiz təşkilatlardan biri də DEMYC təşkilatıdır. DEMYC Avropada fəaliyyət göztərən beynəlxalq gənclər təşkilatıdır və eyni zamanda dünyada fəalyyət göstərən gənclik qurumlarını öz sıralarında birləşdirməkdədir.
DEMYC 1960-cı illərdən fəaliyyət göstərir, Avropanın qocaman gənclər təşkilatıdır. Vaxtilə həmin təşkilata sədrlik etmiş insanlar sonradan Böyük Britaniya, İtaliya, Fransa kimi güclü dövlətlərin baş naziri, xarici işlər naziri olublar. Yəni bu təşkilat çox böyük nüfuza sahibdir.
YAP Gənclər Birliyi 2014-cü ildən DEMYC-in müşahidəçi statuslu üzvü idi. Belə ki, 2014-cü ildə DEMYC-in Bosniya və Hersoqovinada keçirilən Mərkəzi Şura iclasında partiyamızın Gənclər Birliyi öz namizədliyini irəli sürdü və təşkilatda müşahidəçi statusu əldə etdi. Bu, böyük uğur idi. Bu fakt qocaman təşkilata üzv olmaqla yanaşı Avropa dəyərlərinin Azərbaycan gəncliyi arasında təbliğ olunması, eyni zamanda bizim milli mənəvi dəyərlərimizin, Azərbaycan həqiqətlərinin Avropada təbliği baxımından əhəmiyyətli idi. Amma müşahidəçilik statusu müəyyən mənada bəzi məhdudiyyətlər də yaradırdı. Biz təşkilatın bütün tədbirlərində iştirak etsək də, öz fikirlərimizi bildirsək də, qurumun seçkili orqanlarında, qərarların qəbulu məsələsində iştirak edə bilmirdik. Buna görə də, DEMYC-in tam hüquqlu üzv olmaq üçün işlərə başladıq.
Bu ilin aprel ayında təşkilatın Monteneqroda keçirilən növbəti Mərkəzi Şurasının iclası zamanı YAP Gənclər Birliyi tərəfindən DEMYC-ə tam hüquqlu üzv olmaq üçün rəsmi şəkildə müraciət edildi. Orada qəbul olunan qərarlardan biri növbəti iclasın Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi oldu. Qərara alındı ki, həmin iclasda YAP Gənclər Birliyinin üzvlük məsələsinə baxılsın.
- Bu günlərdə DEMYC-in Mərkəzi Şurasının Bakı şəhərində keçirilən iclasında YAP Gənclər Birliyinin bu təşkilata üzv seçilməsi haqqında qərar qəbul olundu. Bütövlükdə, iclasın və qəbul olunan qərarların önəmi haqqında fikirlərinizi bilmək istərdik...
- 13-16 sentyabr tarixlərində DEMYC-in nümayəndələri ölkəmizdə oldular və Bakıda, Yeni Azərbaycan Partiyasın mərkəzi qərargahında qurumun Mərkəzi Şurasının növbəti iclası keçirildi. İclasda 18 ölkədən 39 təşkilatın nümayəndəsi iştirak edirdi. Bu iclasda Meksikadan tutmuş Kambocaya, Rusiyadan Hindistana, Mərakeşdən Finlandiyayaqədər nümayəndələr iştirak etdi. YAP Gənclər Birliyinin təşəbbüsü ilə İCAPP-ın gənclər qolunun nümayəndələri də bu iclasda iştirak etdilər. İclasda dünyada baş verən proseslər də müzakirə edildi və problemlərin həllində dünya gənclərinin həmrəylik göstərməsinin, sülh və təhlükəsizliyə töhfələr verməsinin zəruriliyi vurğulandı.Eyni zamanda, iclasda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında geniş təqdimat oldu. Ermənistanın işğalçılıq siyasətinin nəticələri faktlarla təşkilat üzvlərinin diqqətinə çatdırıldı.
Xarici qonaqlar səfər çərçivəsində hökümət üzvləri, ADA Universitetində, Gənclər Fonduda görüşlər keçirdilər, Milli Məclisdə dəyirmi masa baş tutdu. Bütün bu tədbirlərdə açıq və geniş fikir mübadiləsi aparıldı, qonaqları maraqlandıransuallar cavablandırıldı. Bütövlükdə, bu görüşlər hər iki tərəf üçün faydalı oldu.
Bizim üçün əsas məsələ YAP Gənclər Birliyinin bu təşkilata üzvlük məsələsi idi. Bu, göründüyü qədər rahat, müqavimətsiz məsələ deyildi. Çünki Azərbaycanın uğurlarına sevinməyən, gəncliyimizin Avropa, yaxud digər platformalarda təmsilçiliyinə mane olmaq istəyən qüvvələr də mövcuddur. Onlar hər zaman bizə qarşı fəaliyyət göstərirlər. YAP Gənclər Birliyinin fəaliyyəti, partiya rəhbərliyinin bizə dəstək verməsi nəticəsində biz öz uğurlarımızı DEMYC təşkilatının bütün üzvlərinə geniş şəkildə çatdıra bilmişik. Bu imkandan səmərəli istifadə olundu və YAP Gənclər Birliyi təşkilatın tam hüquqlu üzvü seçildi.
- DEMYC təşkilatına üzvlük YAP Gənclər Birliyinə nə kimi dividentlər gətirir?
- Yuxarıda qeyd etdiyim kimi, təşkilata müşahidəçi statusda üzv olmaq müəyyən məhdudiyyətlər yaradırdırdı və biz quruma tam hüquqlu üzv olmaqla bu məhdudiyyətlər aradan qaldırıldı. Əsas üstünlük ondan ibarətdir ki, növbəti mərhələdə, partiyamızın Gənclər Birliyinin üzvləri üçün yeni imkanlar açılır. Onlar bu kimi təşkilatlara üzv olmaqla Avropa gəncliyinə daha fəal inteqrasiya edərək öz bilik və bacarıqlarını, dünya görüşlərini inkişaf etdirə biləcəklər. Eyni zamanda, YAP Gənclər Birliyi gələcəkdə DEMYC-in seçkili orqanlarında, rəhbər strukturlarında təmsil olunmaq imkanı qazanırlar. Ən əsası odur ki, biz bu təşkilat çərçivəsində Azərbaycan, Qarabağ həqiqətlərini dünya gəncliyinə çatdıra biləcəyik.
DEMYC-ə üzv olmaqla biz bir ilkə imza atdıq. Bildiyim qədər Azərbaycanda heç bir siyasi partiyanın gənclər qolu belə bir nüfuzlu Avropatəşkilatlarının üzvü deyil. Biz YAP Gənclər Birliyi belə bir uğura imza atmaqla qürur duyuruq.
- Ramin müəllim, qarşıdakı dövrdə YAP Gənclər Birliyi beynəlxalq əməkdaşlıq çərçivəsində hansı layihələr üzərində işləyir?
YAP Gənclər Birliyi növbəti mərhələdə Azərbaycan gəncliyini dünyada daha geniş şəkildə təmsil etmək, beynəlxalq gənclər təşkilatlarında təmsilçiliyi artırmaq, üzv olduğumuz qurumlar arasında əməkdaşlığı möhkəmləndirmək istiqamətində fəaliyyətini daha da gücləndirməyi nəzərdə tutur.
Bu yöndə DEMYC-in Mərkəzi Şurasının Bakıda keçirilən iclasında YAP Gənclər Birliyi “Körpü” beynəlxalq gənclər əməkdaşlıq platformasının yaradılması təklifini irəli sürüb. Bu təklif DEMYC üzvləri tərəfindən yekdilliklə dəstəklənib. Bu təklif oktyabrda Moskva şəhərində keçiriləcək İCAPP-ın gənclər qolunun Baş Assambleyasının toplantısında da müzakirəyə çıxarılacaq. YAP Gənclər Birliyi İCAPP-ın gənclər qolunun rəhbərliyində təmsil olunur və qurumla çox yaxşı əlaqələrimiz mövcuddur. Ümid edirik ki, həmin təşkilat da bu təklifi dəstəkləyəcək. Bu platformanın həyata keçirilməsinin mərkəzi olaraq Bakının seçilməsi üçün yaxşı imkan var. Çünki Azərbaycan coğrafi baxımdan da Avropa ilə Asiyanın qovuşuğunda yerləşir. YAP Gənclər Birliyi Azərbaycanı beynəlxalq gənclər siyasətinin mərkəzinə çevirmək istəyir. Azərbaycanda bunun üçün kifayət qədər yaxşı şərait var. Bütün bu layihələrin yekunu olaraq ölkə gəncliyi dünya gənclər siyasəti sisteminə daha aktiv, daha dərindən inteqrasiya etmək imkanı əldə edir. Düşünürük ki, növbəti gənc nəsillər üçün bu platforma kifayət qədər uğurlu olacaq.

yap.org.az

Digər xəbərlər