Müsahibə

  • 6 265

İqtisadi islahatlar Azərbaycanın hərtərəfli inkişafını təmin etməkdədir

image

Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov
- Aydın müəllim, 2018-ci ilin ötən 9 ayının sosial-iqtisadi vəziyyətini necə qiymətləndirərdiniz?
- Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və iqtisadi islahatlar nəticəsində ölkəmizdə iqtisadi və siyasi sabitlik möhkəmlənib, iqtisadi inkişaf dinamikası davam etməkdədir. Aparılan məqsədyönlü və mükəmməl siyasətin nəticəsində 2018-ci ilin ötən 9 ayı ərzində ölkəmizin sosial-iqtisadi inkişafı davam edib, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft istehsalı və ixracının həcminin artması, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunub, əhalinin rifah halının daha da yüksəldilməsi təmin edilib. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin üçüncü rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında vurğuladığı kimi respublikamızda iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı siyasət çox uğurludur, iqtisadiyyat hərtərəfli inkişaf edir.
Ötən 9 ayda ümumi daxili məhsul 0,8 faiz, qeyri-neft sektoru 1, qeyri-neft sənayesi 10,8, kənd təsərrüfatı 4,3 faiz artıb. Bu, qlobal şokların hələ də davam etdiyi bir vaxtda yaxşı göstərici hesab oluna bilər. Qeyri-neft sektorunun ÜDM-də payı 60 faizə çatıb. Qeyri-neft sektorunun hesabına əldə edilən bu artım iqtisadiyyatın strukturunun tammənada keyfiyyət dəyişikliklərinə məruz qaldığını şərtləndirir. Bu tendensiya onu göstərir ki, iqtisadiyyatda güclü dinamika və şaxələnmə siyasətinin məntiqi nəticəsi olaraq neftdənkənar sahələrin sıçrayışı və bu potensialın umumi inkişaf yönləndirilməsi bir sistem təşkil etməkdədir. Qeyri-neft sektorunun hesabına əldə edilən bu artım iqtisadiyyatın strukturunda keyfiyyət dəyişikliklərinin, şaxələndirmə siyasətinin mühüm göstəricisi sayıla bilər. Qeyri-neft sektoru iqtisadiyyatda dominant rol oynamaqla, gələcək inkişafın əsas iqtisadi təməllərindən biri olacağını şərtləndirir.
2018-ci ildə Azərbaycanın beynəlxalq nüfuzu da artıb, regionda enerji-nəqliyyat qovşaqlarının yaradılmasında rolu güclənib. Dövlət başçısının vurğuladığı kimi bu gün Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda çox böyük rol oynayır və böyük rəğbət qazanıbdır. Azərbaycanın dünya enerji siyasətində rolu artır, respublikamız çox önəmli nəqliyyat mərkəzinə çevrilir.
- Sosial sahədə hansı müsbət dəyişikliklərə nail olunub?
- Həyata keçirilən islahatlar sosial sahədə də özünün müsbət təsirlərini göstərib. Pensiyaçıların və digər sosial qrupların sosial müdafiəsinin gücləndirilməsi, maaşların davamlı artımı, tələbələrin təqaüdlərinin artırılması, təhsil, səhiyyə və mədəniyyət işçilərinə dövlət qayğısının artırılması, məcburi köçkünlər üçün yeni qəsəbələrin salınması, əlillərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılıması istiqamətində işlər davam etdirilib. Ölkə iqtisadiyyatında iqtisadi göstəricilərlə yanaşı, həm də sosial sahədə müsbət artım meyilləri ilə müşahidə olunub. Cari ilin 9 ayında orta aylıq əmək haqqı hazırda 541 manata çatıb. Əhalinin gəlirləri 9,5 faiz artıb, inflyasiya 2,6 faiz təşkil edib. Bu isə əhalinin gəlirlərinin qiymət artımını 4 dəfə üstələdiyini göstərir. Beləliklə, hər il olduğu kimi, əhalinin gəlirləri inflyasiyanı üstələyir və beləliklə bu, bilavasitə insanların yaşayış səviyyəsinə müsbət təsir göstərir. Ölkəmizin strateji valyuta ehtiyatları 45 milyard dolları keçib. Ümumiyyətlə, insanların daha da yaxşı yaşaması və onların illik gəlirlərinin artmasına dövlət dəstəyinin gücləndirilməsi hökumətin diqqət yetirdiyi əsas prioritetlərdən biridir. Dövlət başçısının qeyd etdiyi kimi respublikamızın maliyyə resurslarının və büdcə gəlirlərinin artması davam etdikcə, sosial sahəyə ayrılan vəsaitlərin həcmi də artacaq, maaş və pensiyaların, təqaüdlərin qaldırılması siyasəti davam etdiriləcək.
- Hazırda regionlarda həyata keçirilən layihələr iş yerlərinin yaradılmasında hansı rol oynamaqdadır?
- Regionların sosial-iqtisadi inkişafı ilə bağlı yürüdülən siyasət cari ilin ötən 9 ayı ərzində ölkə iqtisadiyyatının şaxələnməsinə, qeyri-neft sektorunun inkişafına möhkəm zəmin yaradıb. 9 ayda 100 mindən çox yeni iş yeri açılıb ki, onlardan 86 mini daimi iş yeridir. Ümumilikdə, regionların inkişafı strategiyasıının başlanmasından indiyədək 1 milyon 300 mindən artıq iş yeri açılıb, onlardan təxminən 1 milyonu daimi iş yeridir. Regionların inkişafı ilə bağlı strategiyanın davam etdirilməsi bölgələrdə işsizliyin səviyyəsinin azalmasına mühüm təsir göstərib. Yeni müəssisələrdə yaradılmış iş yerlərinin sayının artması işsizlik səviyyəsinin 1 faizə yaxın aşağı düşməsinə səbəb olub. Hazırda ölkəmizdə işsizlik səviyyəsi 5 faiz təşkil edir ki, bu da dünya göstəricisindən xeyli aşağıdır.
- Biznes sektoru və ixracın artırılması sahəsində aparılan islahatları necə şərh edərdiniz?
- Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığa dövlət dəstəyi tədbirlərinin artırılması yürüdülən siyasətin əsas prioritetlərindəndir. Prezident İlham Əliyevin iqtisadi islahatlar paketi çərçivəsində sahibkarlığın inkişafı ilə bağlı qəbul etdiyi qərarlar iqtisadiyyatın davamlı inkişafının təmin olunması baxımından strateji xarakter daşıyır və sahibkarlığın inkişafı üçün yeni dövrün başlanmasına səbəb olub. Bu siyasətin nəticəsi olaraq sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılıb, lisenziyalar və icazələrin sayı azaldılıb. Bütün bunlar iqtisadiyyatın artıq qeyri-neft əsasları üzərində inkişaf etdiyini göstərir. Həmin siyasətin ən mühüm uğurlarından biri ötən 9 ayda investisiya cəlbediciliyinin artmasıdir. Qeyd olunan müddət ərzində iqtisadiyyata 9 milyard dollar sərmayə qoyulub ki, onun da 5,6 milyard dolları qeyri-neft sektorunun payına düşür. Sərmayələr qeyri-neft bölmələrinin hərtərəfli inkişafına və güclü iqtisadi potensialımızın artırılmasına imkan verib. Hazırda ölkə iqtisadiyyatının 70 faizə yaxın hissəsi qeyri-neft sektorunun payına düşür.
Yaxın 5 ildə bu rəqəmin daha da artırılması hədəf seçilib, eyni zamanda, qeyri-neft məhsullarının ixracının artırılması basilica məqsədlərdəndir. Hazırda qeyri-neft iqtisadiyyatının şaxələndirilməsi və ixrac potensialının artırılması istiqamətində islahatlar davam etdirilir. Bu məqsədlə iqtisadiyatın bir çox sahələrində - maliyyə, fiskal, gömrük, vergi, biznes, sahibkarlıq və digər sektorlarda sistemli şəkildə dərin iqtisadi islahatların həyata keçirililməsi istiqamətində mühüm addımlar atılmaqda, perspektiv inkişafa dair elmi-iqtisadi ssenarilər hazırlanmaqdadır. Milli iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin əsas prioritetləri kimi iqtisadiyyatın bütün sahələrində səmərəliliyi və rəqabətliliyin artırılması, ixracda rəqabətliliyin və birbaşa xarici investisiyaların yüksəldilməsi nəzərdə tutulur.
Bu gün qarşıda duran ümdə vəzifələrdən biri ixrac məhsullarının həm çeşidinin, həm də coğrafiyasının şaxələndirilməsidir. Bu məqsədlə qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə və “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi üçün müxtəlif tədbirlər görülür. Beynəlxalq sərgi və ya yarmarkalarda “Made in Azerbaijan" brendini uöurla təşviq edilir.
- Dövlət başçısı Nazirlər Kabinetinin iclasında islahatların davam etdirilməsinə və gələcək inkişaf hədəflərinə də toxundu...
- Prezident İlham Əliyevin müşavirədə iqtisadiyyatın yeni inkişaf hədəfləri ilə bağlı fikirləri konkret istiqamətlərin müəyyənləşdirilməsi baxımından çox mühüm əhəmiyyət kəsb edir. Cənab Prezidentin proqram xarakterli çıxışı Azərbaycanın indiki iqtisadi inkişaf mənzərəsini və qarşıda duran yeni iqtisadi-siyasi, sosial tədbirlərin ssenarilərini, atılacaq addımların hədəflərini özündə əks etdirir. Bu istiqamətlər neftdən kənar sahələrin hər birinin öz inkişaf planının həyata keçirilməsi ilə bağlıdır. İqtisadi siyasətlə bağlı əsas hədəflər şaxələndirmə, qeyri-neft sektorunun inkişafı, aqrar sahədə əlavə tədbirlər, biznes mühitinin yaxşılaşdırılması, xarici investisiyaların cəlb edilməsi, süni əngəllərin aradan qaldırılması, inflyasiyanın nəzarətdə saxlanılması və daxili bazarın qorunması, inhisarçılığa qarşı mübarizə və digər prioritetlərdir.
Dövlət başçısı iqtisadiyyatda şəffaflığın və hesabatlılığınartırılması, biznes sektorunda uçot-mühasibatlıq sisteminin düzgün qurulması istiqamətində çox ciddi addımlar atılması, qarşıdakı dövrdə bu istiqamətdə mühüm işlər görülməsi, dövlət investisiya layihələrinin icra olunması və digər mühüm tədbirlərin görülməsi üçün müvafiq qurumlar qarşısında konkret tapşırıqlar qoydu. Eyni zamanda, ölkəmizin sənaye potensialının artırılması, kənd təsərrüfatının bütün sahələrində, o cümlədən, bambıqçılıq, üzümçülük və s. sahələrin inkişaf potensialının artırılması, aqrar sahəyə dövlət dəstəyinin artırılması istiqamətində digər layihələrin həyata keçirilməsinin zəruriliyinə diqqət çəkdi. İnanıram ki, müvafiq qurumlar verilmiş tapşırıqların icrası üçün öz çevikliyini artıracaq.
- Milli Məclis yaxın günlərdə 2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrini müzakirəyə çıxaracaq. Gələn ilin büdcə layihəsi barədə fikirlərinizi bilmək maraqlı olardı?
- Gələn ilin büdcə layihəsi təmkinli, praqmatik ssenarilər üzrə hazırlanıb və əsas məzmunu iqtisadi inkişafın dayanıqlılığını təmin etmək, güclü sosial islahatların əhatəsini genişləndirmək, bununla da, insanların rifahinin ən yüksək səviyyəyə çatdırmaqdır. Bu sahədə möhkəm bünövrə qoyulub və insanların etibarlı və layiqli həyatının təmin edilməsi üçün dövlət büdcəsində sosial məsələlər ön planda dayanır. İnsanlara yüksək qayğı göstərilməsini fəaliyyətinin əsas prinsiplərindən biri hesab edən Prezident İlham Əliyev Nazirlər Kabinetinin müşavirəsində 2019-cu ilin dövlət büdcəsi barədə fikirlərini bildirərkən büdcənin sosial və investisiya yönümlü olacağını, büdcə zərfində bütün sosial proqramların öz əksini tapmalı olduğunu vurğulayıb. Büdcə eyni zamanda, daxili investisiyalar, sahibkarlıq, qeyri-neft sektorunun inkişafında əsas rol oynayan sənaye, kənd təsərrüfatı, İKT, turizmin inkişafı üçün əsas maliyyə mənbəyidir. Eyni zamanda, dövlətin bu sahəyə yönəltdiyi vəsaitlər mühüm iqtisadi və sosial layihələrin icrası üçün xüsusi rol oynayır. Həmin layihələrin icrası isə minlərlə insanın işlə təmin olunması deməkdir.
- 2018-ci ilin başa çatmasına az müddət qalır. Ümumiyyətlə, cari ili iqtisadi-siyasi baxımdan necə proqnozlaşdırmaq olar?
- Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş, təmkinli, lakin olduqca çevik və qətiyyətli, uzaqgörən iqtisadi siyasət Azərbaycan iqtisadiyyatının davamlı uğurlarından xəbər verir. Prezident İlham Əliyev qarşıdakı dövr üçün fəaliyyət proqramını, Azərbaycanın daha 5 illik inkişaf platformasının başlıca hədəflərini açıqlamışdır və dövlət başçısının bəyan etdiyi islahatların ana konturları , inkişaf ssenariləri çox ümidverici, nikbin və daha irəliyə baxmaq üçün stimullu fundamental konsepsiya təsiri bağışlayır. Bu konsepsiyanın başlıca məzmunu Azərbaycanın yeni iqtisadi siyasətini müəyyən edən, yeni istiqamətlər açan, sosial dövlət-sosial cəmiyyətin inkişafına geniş imkanlar yaratmaqdan ibarətdir.
Azərbaycanın gələcək inkişaf ssenariləri nikbin iqtisadi uğurlardan xəbər verir. Qarşıdakı dövrdə ölkə iqtisadiyyatının strukturunun təkmilləşdirilməsi, neft-yanacaq kompleksinin yenidən qurulması, qeyri-neft sektorunun çoxşaxəli inkişafının təmin olunması, özəl sektora dövlət dəstəyinin gücləndirilməsi, milli sahibkarlığın ixrac potensialının gücləndirilməsi, sosial infrastrukturun tamamilə yenilənməsi kimi mühüm istiqamətlər müəyyənləşib. Nazirlər Kabinetinin iclasında müzakirə olunan məsələlər və dövlət başçısının müəyyən etdiyi yeni həddəflər onu göstərir ki, Azərbaycan iqtisadiyyatının hazırkı uğurlu inkişafı qarşıdakı aylarda daha da sürətlənəcək və 2018-cü il əlamətdar iqtisadi və sosial hadisələrlə yadda qalacaq. Davam etdirilən islahatlar və əldə edilmiş nəticələr onu deməyə əsas verir ki, Azərbaycan 2018-ci il regionda ən sürətli inkişafla başa vuran ölkələrdən olacaq.

yap.org.az

Digər xəbərlər