Müsahibə

  • 5 787

Son doqquz ayın nəticələri ölkəmizin qarşıya qoyulan strateji hədəflərə doğru inamla irəlilədiyini bir daha təsdiqləyir

image

Milli Məclisin Regional məsəslələr komitəsinin üzvü Tahir Rzayev

-Tahir müəllim, bu günlərdə Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi. Bu dövrdə əldə olunan nəticələr haqqında nə deyə bilərsiniz?
- Ümumiyyətlə, ölkəmizin inkişafı istiqamətində görülən işlərin təhlil edilməsi, nəticələrin dəyərləndirilməsi və qarşıda dayanan vəzifələrin müəyyənləşdirilməsi çox əhəmiyyətlidir. Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası da bu baxımdan önəmlidir. Bu kimi iclaslarda inkişaf göstəriciləri faktlarla sadalanır, nöqsanlar qeyd olunur və bu nöqsanların aradan qaldırılması üçün dövlət başçısı səviyyəsində tapşırıqlar verilir. Beləliklə, gələcək inkişafımız üçün yeni vəzifələr müəyyənləşdirilir.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında geniş məzmunlu çıxış etdi. Dövlət başçısının vurğuladığı kimi bu ilin ötən dövründə əldə olunan nəticələr müsbətdir. Bu dövrdə də, sosial-iqtisadi sahədə gözəl nəticələr əldə olunub, eləcə də, ölkəmizin beynəlxalq miqyasda mövqeləri daha da möhkəmlənib.
Qeyd edim ki, respublikamızda qeyri-neft iqtisadiyyatının möhkəmləndirilməsinə, istehsal və ixrac imkanlarının artırılmasına hesablanan islahatlar bir-birini tamamlayır ki, bu da investisiyaların daha prioritet sahələrə istiqamətləndirilməsi baxımından çox önəmlidir. Hazırda respublikamızda dövlət başçısının imzaladığı müvafiq Fərmanla təsdiqlənən milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin uğurla icra edilməsi ölkədə reallaşdırılan islahatların səmərəliliyini daha da artırır. Son doqquz ayın nəticələri ölkəmizin qarşıya qoyulan strateji hədəflərə doğru inamla irəlilədiyini bir daha təsdiqləyir. Artıq milli iqtisadiyyatımızda özəl sektorun ümumi payı 70 faizi ötüb ki, bu da böyük nailiyyətdir. Bəhs olunan dövrdə də milli iqtisadiyyatımızda ən yaxşı inkişaf göstəriciləri məhz neftdənkənar istiqamətlərdə qeyd alınıb.

-Hazırda qeyri-neft sektorunun inkişafına böyük önəm verilir. Bu, cari ilin ötən dövründə də özünü göstərir...

-Respublikamızda iqtisadi inkişafın yeni paradiqmaları sırasında qeyri-neft sektoru üzrə müasir sənaye quruculuğu siyasəti mühüm yer tutur. Ölkəmizdə müasir texnologiyaların tətbiqinə əsaslanan elm tutumlu qeyri-neft sənayesinin geniş inkişaf perspektivləri var. Azərbaycanın dünya kosmos ailəsinin üzvü olması, xarici bazarlara müdafiə təyinatlı məhsullar çıxartması qürurverici haldır. Qeyd etmək xoşdur ki, Azərbaycan bu yaxınlarda üçüncü peykini orbitə buraxmaqla dünya kosmos ailəsində öz mövqeyini daha da möhkəmləndirib. Hazırda paytaxt Bakıda və regionlarda yeni sənaye müəssisələri yaradılır, paralel şəkildə Pirallahıda, Sumqayıtda, Mingəçevirdə və digər ünvanlarda sənaye parkları formalaşdırılır. Ötən 9 ayda respublikada sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə 10,8 faiz artıb. İlin əvvəlindən bəri əldə olunan bu kimi uğurlar respublikamızda aparılan sənayeləşmə siyasətinin nəticəsidir.
Diqqətəlayiq məqamlardan biri də odur ki, müxtəlif mənbələrdən milli iqtisadiyyatımıza yönəldilən sərmayələrin həcmi ilbəil artır. Bəhs olunan dövrdə respublikamıza yönəldilən investisiyaların həcmi 9 milyard dollara bərabər olub. O cümlədən sərmayələrin 5,6 milyard dolları qeyri-neft sektoruna yönəldilib. Qeyr-neft sektoruna sərmayə qoyuluşunun artması milli iqtisadiyyatımızın bundan sonra da şaxələndirilməsinə xidmət göstərəcək.
Qeyd edim ki, doqquz ayda Azərbaycanın xarici ticarət dövriyyəsi 37 faiz artıb. Ölkəmizdən ixrac da təxminən bir o qədər genişlənib. Qeyri-neft ixracında isə təxminən 14 faiz artım qeydə alınıb.
- Kənd təsərrüfatının inkişafı da prioritet istiqamətdir. Bu sahədə əldə olunan nəticələri necə dəyərləndirirsiniz?
-Azərbaycanın iqtisadi potensialının davamlı olaraq artmasında qeyri-neft sektorunun mühüm bir qolu kimi aqrar sektorun rolunu xüsusi qeyd etmək lazımdır. Son illərdə ölkə miqyasında böyük potensiala malik aqrar sektor yeni yanaşmalar əsasında inkişaf etdirilir, burada əmək tutumu böyük, gəlir imkanları geniş olan bitkilərin becərilməsi diqqət mərkəzində saxlanılır. Artıq respublikamızda dövlət dəstəyi hesabına yaradılan 32 fermer təsərrüfatı uğurla fəaliyyət göstərir. Bu təsərrüfatlarda məhsuldarlıq əhəmiyyətli dərəcədə artıb. Ölkədə dəyər zəncirinin bütün halqalarını özündə birləşdirən aqroparkların yaradılması güclü şəkildə təşviq edilir. Perspektivdə ölkədə bitkiçilik və heyvandarlıq üzrə aqroparkların sayını 45-ə çatdırmaq hədəflənib.
Həyata keçirilən bu kimi tədbirlərin nəticəsidir ki, respublikamızda ötən 9 ayda kənd təsərrüfatı 4,3 faiz artıb.
Aqrar sektorda istehsal imkanlarının genişlənməsinin nəticəsidir ki, artıq Azərbaycan bir sıra istiqamətlər üzrə ərzaq təminatını sırf yerli istehsal hesabına həyata keçirir, eyni zamanda, ölkəmizin ixrac imkanları genişlənir. Bir sözlə, ölkəmizdə kənd təsərrüfatının inkişafına xüsusi diqqət var və bu sahə prioritet istiqamətdir. Son illər pambıqçılığın, tütünçülüyün, baramaçılığın inkişafına dəstək də buna sübutdur. Eləcə də, kənd təsərrüfatı məhsullarının xaricə ixracı da əhəmiyyətli dərəcədə artmaqdadır. Təbii ki, bütün bunlar dövlətin dəstəyi ilə baş verir.
- Azərbaycanın regionlarının sosial-iqtosadi inkişafı baxımından mühüm nəticələr əldə olunmaqdadır. Sizcə, bunun əsasında hansı amillər dayanır?
- Azərbaycanda 2004-cü ildən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində bölgələrimizin siması əhəmiyyətli dərəcədə dəyişməkdədir. Bölgələrlə paytaxt arasında fərqin minimuma enməsində və bəhs olunan müsbət dinamikanın yaranmasında Prezident İlham Əliyevin respublikanın hərtərəfli və tarazlı inkişafına göstərdiyi diqqət, siyasi iradə əsas amil rolunda çıxış edib. Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin, müxtəlif istiqamətləri əhatə edən layihələrin reallaşdırılması sayəsində respublikanın bölgələrində yeni müsbət reallıqlar yaranıb və hədəflərə çatmaq üçün sistemli tədbirlər həyata keçirilir.
Bildiyiniz kimi, indiyə qədər üç dövlət proqramı qəbul olunub və bu proqramlar bir birini tamamlayır. Artıq üçüncü dövlət proqramının icrası bu il başa çatır. Sonuncu proqramda daha köklü məsələlər öz əksini tapır. Bu proqramlar nəticəsində bölgələri bir çox sosial problemləri həllini tapıb. Sosial obyektlər tikilib istifadəyə verilib ki, xeyli sayda məktəbləri, tibb ocaqlarını və digərlərini əhatə edir.
Ötən dövrdə minlərlə kilometr yeni yollar çəkilib, körpülər tikilib, kəndlərin əksəriyyəti qazlaşdırılıb, elektrik enerjisi problemi həll olunub. Bütün bunlar əhalinin rahat yaşayışını təmin etmək üçündür. Regionlarda kənd təsərrüfatının inkişafı ilə yanaşı, sənaye müəssisələri də tikilib istifadəyə verilir ki, bu da yeni iş yerlərinin yaradılması deməkdir.
Prezident İlham Əliyev tez-tez bölgələrə səfər edir, görülən işlərlə şəxsən tanış olur. Dövlət başçısının bölgələrə hər bir səfəri yeni-yeni obyektlərin açılışı, yeni yolların, məktəblərin, xəstəxanaların, müəssisələrin istifadəyə verilməsi deməkdir. Son vaxtlar, dövlət başçısının Quba, Xızı rayonlarına, eləcə də cənub bölgəsinə səfərləri də fikrimi təsdiqləyir. Həmin səfərlər zamanı xeyli sayda obyektin açılışı reallaşdı. Bu səfərlərdə cənab Prezident vətəndaşlarla görüşür, onları dinləyir və qaldırılan məsələrin həlli istiqamətində müvafiq tapşırıqlar verir.
-Tahir müəllim, regionların sosial-iqtisadi inkişafı təmsil etdiyiniz Ağcabədi rayonunda özünü necə göstərir?
- Ağcabədi rayonu da digər bölgələrimiz kimi xeyli dərəcədə inkişaf edib. Rayonumuz tanınmaz dərəcədə dəyişib. Son illər rayonda 40-dan artıq yeni məktəb tikilib və əsaslı təmir olunub, yeni yollar çəkilib, rayon xəstəxanası tikilib istifadəyə verilib və s. Rayonun su-kanalizasiya sistemi də yekunlaşıb, rayonun mərkəzinə yeni su xətti çəkilib.
Yəni əhalinin rifaının daha da yüksəlməsi üçün zəruri addımlar atılır. Artıq kənd yolları da yenidən qurulub. Elektrik enerjisi problemi tam həllini tapıb. Kəndlərin böyük əksəriyyəti qazlaşdırılıb. Bir neçə kənd qalıb ki, onların da qazlaşdırılması prosesi davam edir. Kənd təsərrüfatı da rayonumuzda inkişaf edir. Bilirsiniz ki, Ağcabədi pambıqçılığın inkişafı baxımından respublikada ən öndə gedən rayonlar sırasındadır. Bununla yanaşı, baramaçılıq da inkişaf edir. İnsanlar baramaçılıqdan da böyük gəlir götürürlər.
Bir sözlə, rayonumuz sosial-iqtisadi cəhətdən uğurla inkişaf edir. Bu, hər bir bölgənin reallığıdır. Hesab edirəm ki, republikamızda hər bir sahədə əldə olunan uğurları əhali arasında geniş təbliğ etməliyik. Çünki bəzi dairələr uğurlarımıza kölgə slmağa çalışırlar. Amma onlar məqsədlərinə çata bilməyəcəklər. Onlara ən tutarlı cavab ölkəmizin inamla irəli getməsi, hər bir sahədə yeni-yeni uğurların qazanılmasıdır.

yap.org.az

Digər xəbərlər