Müsahibə

  • 5 281

Ölkəmiz bu il idman sahəsində böyük nailiyyətlər qazanıb

image

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev

-Rauf müəllim, 2018-ci il başa çatmaq üzrədir. Bu il idman sahəsində əldə edilən nailiyyətləri necə dəyərləndirirsiniz?
-Ümumiyyətlə, ölkəmizdə bütün sahələrdə olduğu kimi idman sahəsində də böyük uğurlar qazanılır. Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr təsdiqləyir. Ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında uğurlu nəticələr göstərirlər. Dövlət başçısı İlham Əliyevin bu yarışları izləməsi, idmançılarımıza mənəvi və maddi dəstək verməsi, onları ruhlandırması da vacib məqam kimi vurğulanmalıdır.
Dekabrın 13-də Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Tədbirdə bu il idman sahəsində qazanılan uğurlar vurğulanıb, eləcə də, yarışlarda yüksək nəticələr göstərmiş idmançılara, idman ustalarına mükafatlar təqdim olunub. Mərasimdə çıxış edən Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev bildirib ki, ölkəmizdə gözəl gənc nəsil yetişir. Dövlətimizin başçısı qeyd edib: “Gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda da biz gözəl nəticələr göstəririk. Gənc nəslin yetişməsi nəticəsində biz bu uğurları əldə edirik. Biz Rio Olimpiya Oyunlarında 18 medal qazanmışıq. Bu medalları qazanan həmin o gənclərdir ki, beş-altı il bundan əvvəl yeniyetmələrin yarışlarında iştirak ediblər. Biz medalların sayına görə Rioda 14-cü yerə qalxa bilmişdik. Bu, tarixi nailiyyətdir. Bunu təkrarlamaq çox çətin olacaq. Onu da qeyd etməliyəm ki, növbəti Yay Olimpiya Oyunlarına hazırlıq gələn il həlledici mərhələyə qədəm qoyacaq. Əlbəttə, biz çox ciddi hazırlaşmalıyıq ki, ölkəmizi Olimpiya Oyunlarında ləyaqətlə təmsil edək”.
Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan həm də dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Azərbaycanın qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq idman təşkilatlarının diqqətindən yayınmayıb, məhz onların istəyi ilə son illərdə ölkəmizdə saysız-hesabsız mötəbər beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilmişdir.
Təqdirəlayiq haldır ki, ölkəmizdə idmanın inkişafına olan qayğı tək olimpiya idman növlərini deyil, qeyri-olimpiya idman növlərini də əhatə edir. Aidiyyəti dövlət orqanları bu cür idman növləri ilə məşğul olan idmançılarımızın beynəlxalq yarışlarda iştirakını daim maliyyələşdirir, onları gələcək qələbələrə ruhlandırmaq üçün müxtəlif stimullaşdırıcı tədbirlər görürlər. Bunun nəticəsidir ki, Azərbaycan idmançıları ağırlıqqaldırmanın yalnız peşəkarların məşğul olduğu pauerliftinq növü, peşəkar boks, kikboksinq, qaydasız döyüş və digər idman növlərində ən yüksək nailiyyətlərə imza atırlar.
-Sizcə, idman sahəsində qazanılan uğurların əsasında hansı amillər dayanır?
-Qeyd etmək lazımdır ki, idman insanları fiziki cəhətdən sağlam, mənəvi cəhətdən güclü edir. Gənc və müstəqil Azərbaycanda bu gün idman cəmiyyətin ayrılmaz hissəsinə çevrilib. Fəxrlə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb, beynəlxalq idman ailəsində layiqli yerini tutub. Sözsüz ki, bu uğurların təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kursla bağlıdır. 1993-cü ildə Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan inkişaf dövrünə qədəm qoyub. Ümummilli lider ölkəmizdə sağlam gənc nəslin yetişməsində və uğurlarımızın təbliğində idmanın rolunu həmişə yüksək qiymətləndirib. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Eləcə də, respublikanın Birinci vitse-prezidenti Mehran xanım Əliyeva bu sahənin inkişafına xüsusi diqqət göstərir. Azərbaycanda idmanın inkişafı dövlətdə siyasətinin əsasını təşkil edir. İnsanların fiziki və mənəvi tərbiyəsində əhəmiyyətli rol oynayan bədən tərbiyəsi və idman dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunub.
Bu qayğı idmanın inkişafına böyük təkan verməklə yanaşı, minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə olunmasına şərait yaradır. Fərəhli haldır ki, respublikamızda idman bölmələrinə axın kütləvi xarakter alıb. Respublikamızın əksər regionlarında müasir standartlara cavab verən, hər cür şəraiti olan Olimpiya idman kompleksləri, stadionlar, zallar tikilərək idmançıların istifadəsinə verilib. Yüksək səviyyəli idman infrastrukturunun yaradılması ilə bu kütləvilik daha da geniş vüsət alıb. Azərbaycanda idmana olan münasibət başqa ölkələrə nümunə kimi göstərilir. Ölkəmizin nüfuzlu idman yarışlarına və tədbirlərinə ev sahibliyi etməsi, təmsilçilərimizin mötəbər yarışlarda medallar qazanması respublikamızı dünyada inkişaf etmiş idman ölkəsi kimi tanıdıb.
-İdman sahəsinin inkişafı həm də, bütövlükdə ölkəmizin dinamik inkişafının mühüm tərkib hissəsidir…
- Təbii ki, idman sahəsində qazanılan nailiyyətlər həm də dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri kimi təbliğati-siyasi məzmun kəsb edir. Bu baxımdan Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla bir paralellik təşkil edir. Həm qazandığımız medallar, həm idman komplekslərinin tikintisi, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi imicinin möhkəmlənməsi bir vəhdət təşkil edərək idman sahəsindəki uğurlarımızın əsasını təşkil edir. İdman ictimaiyyəti əmindir ki, Prezident İlham Əliyevin ölkəmizin inkişafına xidmət edən siyasi xətti idmanımızın daha da inkişafına böyük töhfələr verəcək.
İdmançılarımızın hər dəfə beynəlxalq arenalarda qazandıqları qalibiyyətlər, bayrağımızı ucaltmaları dövlətimizə şərəf gətirən amillərdir. Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli inkişaf strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Təbii ki, idmana dövlət başçısı cənab İlham Əliyevin diqqəti idmançıları yeni qələbələrə səsləyir. Dekabrın 13-də keçirilən mərasimdə Prezident İlham Əliyev qeyd edib: “İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmançılara hər zaman yüksək qiymət verilir, diqqət göstərilir. Mən 21 ildir Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti kimi həmişə çalışmışam ki, idmançılara qayğı, diqqət göstərim, onların problemlərini həll edim, onların gözəl çıxışları üçün şərait yaradım. Əlbəttə ki, hər bir nəticə, hər bir uğur gərək qiymətləndirilsin. Ənənəvi olaraq, biz ilin sonunda idmançıları yüksək dövlət mükafatları ilə, pul mükafatları ilə və mənzillərlə mükafatlandırırıq”.
-Rauf müəllim, sizcə, yaradılan infrastruktur, şəraitlə yanaşı, ölkəmizdə idmanın kütləviliyinin təminatında bu sahənin inkişafı ilə bağlı qəbul olunan dövlət proqramlarının, qanunvericiliyin rolu hansı səviyyədədir?
- Ümumiyyətlə, bir faktı mütləq şəkildə qeyd etmək lazımdır ki, Azərbaycan dünyada elə ölkələrdəndir ki, bütün sahələrdə əldə olunan nailiyyətlər konsepsiyaya əsaslanır. O cümlədən də, idman sahəsindəki qələbələr, nəticələr də məhz konsepsiyaların, uzun dövr üçün hazırlanan proqramların nəticəsində əldə olunub. Prezidentimizin də qeyd etdiyi kimi, idmanın inkişafı dövlət siyasətidir və bu inkişafı müəyyən edən bütün amillər Azərbaycanda var. Prezident İlham Əliyevin şəxsi səyi sayəsində bölgələrdə gənclərin sağlam şəkildə yetişdirilməsi, ölkəmizin genefondunun-gənclərimizin sağlam ruhda böyüməsi üçün əsaslı addımlar atılır. Digər tərəfdən, hər bir istiqamət kimi idmanın inkişafı da ölkə qanunları çərçivəsində tənzimlənir. Bu gün ölkəmizdə idman təkcə yeniyetmə və gənclər arasında deyil, həm də yaşlılar, əlillər, məktəbəqədər, ibtidai məktəb səviyyəsində də inkişaf etdirilir. “Bədən tərbiyəsi və idman haqqında” Qanun ölkəmizdə idmanın həm yüksək səviyyədə inkişafını, həm də bu inkişafın sistematikliyini təmin edir. Qanunda da göstərilir ki, bu istiqamətdə dövlət siyasətinin məqsədi bədən tərbiyəsi və idmanın hüquqi bazasını, bədən tərbiyəsi və idmanın inkişafının təmin etdirilməsini, yüksək dərəcəli idmançıların hazırlanması üçün bədən tərbiyəsi-idman təşkilatlarını, uşaq idman müəssisələri sistemini yaratmaqdan ibarətdir. Yəni, bu sahədə nailiyyət əldə olunması üçün bütün imkanlar yaradılır. O cümlədən, bu gün bütün idman təşkilatları üçün bərabər imkanlar yaradılıb və bütün idman sahələri inkişaf etdirilir. Bu özü-özlüyündə həm də sistematikliyi, davamlılığı təmin edir.
Dekabrın 13-də keçirilən mərasimdə Prezident İlham Əliyev idman infrastrukturunun yaradılmasının əhəmiyyətini vurğulayaraq qeyd edib: “Bilirsiniz ki, idman infrastrukturunun yaradılması işində böyük uğurlar əldə edilib. Ancaq rayonlarda 44 Olimpiya İdman Mərkəzi tikilib və fəaliyyət göstərir. Bu il bir mərkəz tikilib, gələn il isə üç Olimpiya İdman Mərkəzinin tikintisi nəzərdə tutulur. Beləliklə, onların sayı 47-yə çatacaqdır”.
Təbii ki, nəzərə alsaq ki, idmanla peşəkar səviyyədə məşğul olan insanların əksəriyyəti gənclərdir, idmana qayğı, idmanın kütləviliyi həm də gənclərin inkişaf etdirilməsi sahəsində görülən işdir. Bu baxımdan, ölkəmizdə gənclərin inkişafına həsr olunan dövlət proqramlarında, konsepsiyalarda idmanın inkişafı məsələsi də prioritet olaraq müəyyənləşdirilir. Gənclər arasında maarifləndirici təbliğatın aparılması, idmana cəlb olunması bu məsələdə əsas xətt sayılır. Əsas məqsəd gənclərin sağlamlığının qorunması və buna xidmət edən təşviqedici və maarifləndirmə tədbirlərinin keçirilməsidir. Unutmayaq ki, sağlam gənclik həm də sağlam gələcək deməkdir.
Bütövlükdə, ölkə rəhbərliyinin qayğısı ilə həyata keçirilən bu tədbirlər bir daha onu deməyə əsas verir ki, ölkəmizdə idmanın inkişafı gələcək illərdə də yüksək səviyyədə təmin olunacaq.

yap.org.az

Digər xəbərlər