Müsahibə

  • 6 732

Müstəqil Azərbaycan sabitlik və inkişaf yolu ilə inamla irəliləyir

image

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev
- Səfər müəllim, məlumdur ki, son 15 ildə Azərbaycan Respublikası dinamik inikişaf edib, bütün sahələrdə möhtəşəm uğurlar qazanıb, beynəlxalq müstəvidə mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Ötən dövr ərzində ölkəmizdə həyata keçirilən uğurlu siyasətin nəticələri və qazanılan nailiyyətlər haqqında fikirlərinizi bilmək istərdik...
- Ötən əsrin sonunda yenidən müstəqilliyinə qovuşan ölkəmiz Ulu öndər Heydər Əliyevin uzaqgörən idarəçilik metodları ilə əsaslandırılmış davamlı inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin nəticəsi olaraq, qısa zaman kəsiyində regionun lider dövlətinə çevrildi. Artıq nəinki regional, həm də beynəlxalq əhəmiyyətli tədbirlərin, layihələrin reallaşdığı ən etibarlı və nüfuzlu ünvan Azərbaycandır.
Məhz uzaqgörən siyasətin nəticəsidir ki, illər əvvəl qeyri-neft sektorunun inkişaf etdirilməsilə bağlı atılan addımlar ölkəmizi qlobal iqtisadi böhranlardan sığortalamış oldu. Həyata keçirilən səmərəli iqtisadi islahatlar hesabına ölkəmizin ixrac potensialında qeyri-neft sektorunun payı sürətlə artdı, yeni istehsal sahələri yaradıldı, regionların iqtisadi inkişafı sürətləndi, əhalinin həyat səviyyəsi yüksəldi. İndi Azərbaycan dünyanın ən stabil ölkələrindən biri, tolerant, vətəndaş sülhünün bərqərar olduğu sabitlik məkanı kimi tanınır.
Bu gün ölkəmizə Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərlik etməsi xalqımızda dərin iftixar və qürur hissi doğurur. Azərbaycanın əldə etdiyi möhtəşəm uğurların bir səbəbi ulu öndərin müəllifi olduğu ümumi strategiyada, siyasi kursun mahiyyətindədirsə, digər səbəbi isə dövlət başçımızın müstəsna bacarıq və qabiliyyətində, Azərbaycanda və dünyada baş verən proseslərə təsir etmək səriştəsində, dünya tərəfindən qəbul olunan lider səviyyəsinə yüksəlməsindədir.
Azərbaycan artıq dünyada özünəməxsus milli inkişaf modeli ilə seçilən, habelə sərmayədar dövlət və qlobal böhran şəraitində belə, makroiqtisadi sabitliyi təmin edən ölkə kimi tanınıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə respublikamız dünyada güclü, müstəqil, müasir və mütərəqqi texnologiyalar əsasında inkişaf edən bir ölkə kimi nüfuz qazanıb.
Hazırda dünyanın nüfuzlu iqtisadi və maliyyə institutlarının rəyləri və proqnozları, ən əsası, uğurlarımızın real mənzərəsi bir daha təsdiq edir ki, ölkə rəhbəri cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin ilk günündən bəyan etdiyi strateji hədəflər, qarşıya qoyduğu vəzifələr reallığa çevrilib. Təsadüfi deyil ki, Azərbaycan artıq iqtisadi keçid dövrünü başa çatdırıb və hazırda dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə olunur.
Prezident İlham Əliyev ötən 15 ildə milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək, ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi istiqamətində səfərbər edib. Respublikanın iqtisadi inkişafı son illər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu mərhələdə əsas məqsədlərdən biri də milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir.
Hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın hərtərəfli inkişafında yeni mərhələ yaşanır. Dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğunun ön plana çəkilməsidir. Dövlət proqramlarının, fərman və sərəncamların icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edir, tərəqqi prosesində özəl sektorun payı və rolunu davamlı şəkildə artırır. Ölkə iqtisadiyyatında özəl sektorun üstünlük qazanması, neft hasilatının və gəlirlərinin məqsədyönlü idarə olunması ilə yanaşı, qeyri-neft sahələrinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməsi də Prezident İlham Əliyevin iqtisadi siyasətinin ana xəttini təşkil edir.
Dövlətimizin başçısı son 15 ildə xalq qarşısında verdiyi bütün vədləri səylə, ardıcıl və sistemli surətdə yerinə yetirib. Azərbaycanın sosial-iqtisadi yüksəlişi bu gün ilk növbədə insanların gündəlik həyatında özünü qabarıq büruzə verir. Azərbaycan Prezidentinin yürütdüyü siyasətin məqsədyönlüyü, ardıcıllığı, obyektiv gerçəkliyə adekvatlığı, bu siyasətin ölkənin milli mənafelərini əks etdirməsi respublikanın hər bir vətəndaşında gələcəyə böyük inam və əminlik yaradır. Prezident İlham Əliyev qısa dövr ərzində imzaladığı fərman və sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla, habelə obyektiv reallıqdan irəli gələn addımları ilə ölkəmizin dinamik yüksəlişini təmin edib, dövrün tələbi kimi qarşıda duran vəzifələri düzgün müəyyənləşdirib, həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha da çevikliyinə, işləkliyinə nail olub.
Son illər bütün sahələrdə əldə edilən nailiyyətlər Heydər Əliyev siyasətinə alternativin olmadığını bir daha təsdiqləyir. Bir zamanlar əlçatmaz olan, xəyal kimi görünən iri layihələrin real həyata vəsiqə alması, şəhərlərimizin, rayonlarımızın, kəndlərimizin sürətlə abadlaşaraq göz oxşaması, insanların yaşayış səviyyəsinin ildən-ilə yaxşılaşdırılması çoxlarımız üçün adiləşib. Geridə qalan illər tarix baxımından böyük olmasa da, xaosdan sabitliyə, tərəqqidən sürətli inkişafa keçid mərhələlərini özündə ehtiva edir. Cənab İlham Əliyev Azərbaycana rəhbərliyinin ilk dövrlərindən bəyan etmişdir ki, ölkəmizdə iqtisadi islahatlar siyasi islahatlarla paralel getməlidir. Bu iki amil məntiqi cəhətdən bir-birini tamamlamalıdır. Azərbaycan Prezidenti bu paralelliyi təmin edə bildi. Prezident İlham Əliyevin gərgin səyləri nəticəsində Azərbaycan keçid iqtisadiyyatını başa çatdırdı. Ölkədə həyata keçirilən mükəmməl sosial-iqtisadi inkişaf strategiyası ilə inkişafın Azərbaycan modeli formalaşdı. Bu model aparılan siyasətin ayrılmaz tərkib hissəsi olmaqla, Azərbaycanın iqtisadi tərəqqisinə, dünya birliyində köklü mövqeyinin möhkəmlənməsinə, inkişaf etmiş güclü dövlətlər sırasında yer almasına xidmət etdi.
Ümummilli liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri bu dövrdə istifadəyə verildi. “Ümid”, “Abşeron” kimi perspektivli qaz yataqları kəşf olundu. Şərqlə Qərbi qovuşduracaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi başa çatdı. Ölkə əhəmiyyətli yol-nəqliyyat sistemi, infrastruktur müasirləşdirildi. Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli məqsədilə boru kəmərlərinin şaxələndirilməsi respublikamızın bütövlükdə Avropa məkanının enerji təhlükəsizliyi sisteminin əsas təminatçılarından birinə çevrilməsinə əsas yaratdı. Bu fakt Azərbaycanın dünya birliyi üçün önəmini artırdı. Beynəlxalq aləmdə ölkəmizin mövqeləri daha da gücləndi.
Azərbaycan bu gün Dünya Bankının “Doing Business” hesabatına görə bir il ərzində 32 pillə irəliləyərək, 190 ölkə arasında 25-ci mövqedə qərarlaşıb. Bu hesabata əsasən, Azərbaycan son ildə dünyanın ən islahatçı dövləti hesab edilib. Bu inkişaf və islahatlar cəmiyyət həyatının hər sferasında müşahidə olunur. Azərbaycanın bugünkü hədəfləri artıq 15 il bundan öncəki ilə eyni deyil. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların əsas məqsədi Azərbaycanı yüksəkgəlirli ölkələr sırasına daxil etmək, bütün dünyada biznes mühitinin əlverişliyinə görə cazibədar bir məkana çevirmək, əhalinin layiqli məşğulluğuna və sosial təminatına nail olmaqdır.
- Azərbaycan Respublikasında gömrük sisteminin işinin təşkili və təkmilləşdirilməsi istiqamətində nə kimi əhəmiyyətli tədbirlər həyata keçirilmişdir?
- Son illər Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə olduğu kimi, gömrük işinin təşkili istiqamətində də həyata keçirilən mütərəqqi islahatlar ölkəmizin beynəlxalq ticarətdəki rolunu artırmaqla yanaşı, qeyri-neft sektorunun inkişafı, sahibkarlıq mühitinin yaxşılaşdırılması, idxal-ixrac əməliyyatlarının sürətli və şəffaf şəkildə həyata keçirilməsi, tranzit potensialının gücləndirilməsində mühüm rol oynayıb. Azərbaycanda gömrük işinin daha səmərəli və müasir standartlara uyğun şəkildə təşkili istiqamətində dövlət başçısının gömrük orqanları qarşısında qoyduğu vəzifələr və verilən tapşırıqlar böyük səylə icra olunur. Müasir dövrdə Azərbaycan Gömrük Xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla, ölkənin quru, hava və dəniz yollarında respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyur, qaçaqmalçılığa qarşı uğurla mübarizə aparır.
Bu gün dövlətimizin başçısı Azərbaycan gömrüyünün öz ənənələrini qoruyub saxlaması və daha da təkmilləşdirilməsi işini daim diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyevin hələ 2004-cü ilin mayında Belçikaya səfəri zamanı Brüsseldə onun iştirakı ilə Ümumdünya Gömrük Təşkilatı və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi arasında Niyyət Protokolunun imzalanması, 2005-ci ilin mayında isə Bakıda ilk dəfə Ümumdünya Gömrük Sərgisi və Forumunun, həmçinin “Heydər Əliyev və Azərbaycan gömrüyünün inkişafı” mövzusunda Beynəlxalq simpoziumun, eləcə də 2006-cı ilin fevralında ÜGT Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Beynəlxalq konfransının keçirilməsi bu sahədə ölkə rəhbərliyinin diqqət və qayğısının əyani nümayişi idi.
Azərbaycan Prezidentinin 1 fevral 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər və Azərbaycan Prezidentinin 11 noyabr 2008-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiq edilməsində də məqsəd məhz gömrük sisteminin inkişafını sürətləndirmək, gömrük orqanlarının fəaliyyətini daha da təkmilləşdirmək idi. Azərbaycan Prezidentinin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilən Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlər Proqramı”na uyğun olaraq da müvafiq ərazilərdə gömrük orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün aidiyyəti tədbirlər görülüb.
Azərbaycan Gömrük Xidmətinin ən sonuncu Gömrük Məcəlləsi 2011-ci ildə qəbul edilib və 2012-ci ildə qüvvəyə minib. Həmin məcəllə Ümumdünya Gömrük Təşkilatının Kioto Konvensiyası və Avropa İttifaqının gömrük qanunvericilik normaları daxil olmaqla qabaqcıl gömrük təcrübələri və standartları əsasında tərtib edilib.
Azərbaycan Gömrük Xidməti bir sıra beynəlxalq və regional təşkilatların üzvüdür, o cümlədən Ümumdünya Gömrük Təşkilatı ilə fəal əməkdaşlıq edir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi müxtəlif illərdə Ümumdünya Gömrük Təşkilatının Siyasi Komissiyası və Maliyyə Komitəsinin üzvü seçilib, eləcə də ÜGT sədrinin Avropa regionu üzrə müavini olub. Bu ilin iyununda isə Azərbaycan 2018-2019-cu illər üçün yenidən ÜGT-nin Maliyyə Komitəsinə üzv seçilib. Azərbaycanda ÜGT-nin üç regional strukturu - Tədris Mərkəzi, Potensialın Gücləndirilməsi üzrə Avropa Ofisi və Kinoloji Mərkəzi yerləşir. Bakı şəhərində ÜGT-nin Konteyner və Karqo üzrə Təlim Mərkəzi, bundan başqa, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) Regional Ofisi də fəaliyyət göstərir.
Ümummilli lider Heydər Əliyevin yüksək idarəçilik qabiliyyəti sayəsində formalaşan gömrük xidməti qısa zaman kəsiyində ölkəmizin iqtisadi təhlükəsizliyini təmin edən, fiskal siyasətin həyata keçirilməsində mühüm rol oynayan önəmli dövlət təsisatlarından birinə çevrilib. Prezident İlham Əliyev tərəfindən dövlət idarəçiliyinin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən islahatlar gömrük işinin təşkilinin müasir standartlar səviyyəsində qurulmasına, gömrük xidmətinin dinamik inkişafına və Azərbaycan gömrüyünün beynəlxalq arenada etibarlı yer tutmasına şərait yaradıb.
Öz növbəsində, ölkəmizdə uğurla həyata keçirilən davamlı iqtisadi inkişaf strategiyasına gömrük orqanları da töhfə verməkdədir. Son illər qeyri-neft sektorunun inkişafı, ölkəmizin ixrac və tranzit potensialının artırılması, sahibkarlıq mühitinin yaxşılaşdırılması, vətəndaş məmnuniyyətinin təmin edilməsi məqsədilə həyata keçirilən islahatlar gömrük orqanlarının fəaliyyətində də əsaslı dönüş yaradıb.
- Səfər müəllim, hazırda respublikamızın gömrük sistemində mühüm islahatlar həyata keçirilir. Bu islahatların əhəmiyyəti nədən ibarətdir?
- Dövlət başçısının gömrük orqanları və xüsusilə də, fiskal sahədə fəaliyyət göstərən digər qurumlar qarşısında qoyduğu tapşırıqların icrası Dövlət Gömrük Komitəsinın fəaliyyətindən də yan keçməyib. Bu sahədə islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi və xüsusilə sahibkarlara münbit şəraitin yaradılması, “kölgə iqtisadiyyatı” ilə mübarizədə bütün aidiyyəti qurumlarla birgə fəaliyyət göstərilməsi artıq öz bəhrəsini verir. Gömrük sistemində aparılan struktur islahatları, şəffaflığın təmin olunması, korrupsiya hallarının aradan qaldırılması, infrastrukturun yenidən qurulması və kadr potensialının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb, gömrük orqanları daha çevik və dinamik bir quruma çevrilib. Həyata keçirilən islahatların nəticəsi olaraq fiskal sahədə əhəmiyyətli irəliləyişlərə nail olunub, qaçaqmalçılıq hallarının qarşısının alınması daha da gücləndirilib, gömrük nəzarətinin səmərəli təşkili, şəffaflığın təmin olunması istiqamətində mühüm nailiyyətlər əldə edilib.
Bu il gömrük sistemində idarəetmənin keyfiyyətini artırmaq məqsədilə struktur islahatları həyata keçirilib. Müasir standartlar nəzərə alınmaqla, Komitə aparatının və Komitə sisteminə daxil olan yerli və ixtisaslaşdırılmış gömrük idarələrinin fəaliyyət istiqamətləri müəyyənləşdirilib, yerli və ixtisaslaşdırılmış gömrük idarələrinin bazasında 5 yeni baş idarə yaradılıb, fəaliyyət istiqamətlərinə uyğun olaraq Komitə aparatının struktur bölmələri yenidən formalaşdırılıb.
Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli Fərmanına uyğun olaraq, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərinin tətbiqinə başlanılıb. İndiyədək 60-a yaxın xarici ticarət iştirakçısına “Yaşıl dəhliz” buraxılış sistemindən istifadəyə icazələrin verilməsi təmin edilib.
Bəzi ölkələrlə (Gürcüstan, Ukrayna, İran və Türkiyə) dövlət sərhədindən keçən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin aparılması təmin edilib. Bu isə dövlət sərhədindən keçən mallar və nəqliyyat vasitələrinə nəzarətin daha sürətli və daha keyfiyyətli həyata keçirilməsinə imkan verir.
“Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 mart 2016-cı il tarixli Sərəncamında da məqsəd qarşıya qoyulan tapşırıqların operativ və səmərəli şəkildə həyata keçirilməsini təmin etməkdir. Aparılan islahatlarda dövlət xidmətlərinin əlçatanlığının, şəffaflığının artırılması, onların elektronlaşdırılması, fəaliyyətin hesabatlılığının yüksəldilməsi əhəmiyyətli yer tutur.
Prezident İlham Əliyevin 28 iyun 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”na əsasən, idxal olunan malların elektron formada əvvəlcədən bəyan edilməsi sistemini tətbiq edəcək icraçı orqanlardan biri də Dövlət Gömrük Komitəsidir. Tədbirlər Planında gömrük prosedurlarının sadələşdirilməsi və gömrük rəsmiləşdirilməsi prosesində “bir pəncərə” sisteminə qoşulan dövlət orqanları arasında sənəd mübadiləsinin təkmilləşdirilməsi də nəzərdə tutulub.
Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) layihəsi bugünkü elektron gömrük xidmətinin əsasını təşkil edir. Biz elektron gömrük xidmətinin daha da genişləndirilməsi, gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlərin və prosedurların sayının minimuma endirilməsi, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sisteminin yaradılması istiqamətində görülən işləri sürətləndirməyi qarşımıza əsas məqsəd qoymuşuq. Eyni zamanda, qeyri-neft sektorunun inkişafı, sahibkarlıq mühitinin yaxşılaşdırılması, ölkənin tranzit potensialının gücləndirilməsi, turizmin inkişafına dəstək verilməsi, gömrük işinin təşkili zamanı şəffaflığın tam təmin olunması və mövcud problemlərin ən qısa zamanda aradan qaldırılması istiqamətində Dövlət Gömrük Komitəsi intensiv iş aparır.
- İslahatların tərkib hissəsi olaraq Dövlət Gömrük Komitəsi elektron xidmətin keyfiyyətinin artılıması istiqamətində hansı addımlar atmaqdadır?
- Məlumdur ki, gömrük orqanlarında həyata keçirilən islahatlar ölkənin iqtisadi təhlükəsizliyini təmin etməklə yanaşı, sahibkarlıq mühitinin yaxşılaşdırılması və biznes mühitinin inkişafına da töhfəsini verir. Gömrük orqanlarının fəaliyyətinin yeni fəlsəfəsi formalaşdırılır, sahibkarlıq subyektləri ilə səmərəli dialoq qurulur, şəffaflıq təmin edilir, gömrük prosedurları sadələşdirilir, qanunvericilik bazası ardıcıl olaraq təkmilləşdirilir.
Gömrük nəzarətinin səmərəliliyini artırmaq və xarici ticarət iştirakçılarına öhdələrində olan mallardan daha səmərəli istifadəni təmin etmək məqsədilə müvəqqəti saxlanc anbarlarının yaradılmasına başlanılıb. Komitədə müvəqqəti saxlanc anbarlarının reyestri yaradılıb. Bu barədə xarici iqtisadi fəaliyyət iştirakçılarının məlumatlandırılması üçün reyestr Dövlət Gömrük Komitəsinin internet portalında yerləşdirilib.
Eyni zamanda, bu anbarlarda malların yerləşdirilməsi və hərəkəti üzrə “VAİS-Anbar” altsistemi istismara verilib.
VAİS-də SMS sistemi tətbiq edilib. Mallar dövlət gömrük sərhədini keçərkən, təyinat gömrük orqanına çatarkən və rəsmiləşdirilmə başladıqdan sonra rəsmiləşdirilmənin bütün mərhələlərində mal sahiblərinə sistem tərəfindən avtomatilk olaraq malın həmin andakı statusu barədə SMS göndərilir. Son olaraq istifadəyə verilən elektron gömrük xidmətlərindən biri Dövlət Gömrük Komitəsində yaradılan vahid “SMS-məlumatlandırma” sistemidir ki, bu il mayın 29-dan tətbiq edilir. Sistemə əsasən hazırda sahibkarlara idxal zamanı yük gömrük ərazisindən çıxdıqda və təyinat nöqtəsinə çatdıqda SMS vasitəsilə bildiriş göndərilir. Təkmilləşdirmə işləri aparıldıqdan sonra yüklərin sənədləşdirilməsi, ödəniləcək gömrük rüsumu ilə bağlı məlumat da SMS-lə veriləcək. Bundan başqa, gömrük sistemində tamamilə nağdsız ödəniş sisteminə keçilib. VAİS Hökumət Ödəniş Portalına, “AsanPay” ödəniş sisteminə və digər ödəniş sistemlərinə inteqrasiya edilib.
Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərdən irəli gələrək vergi və gömrük sistemində idarəetmənin daha da təkmilləşdirilməsi istiqamətində mühim addımlar atılıb.
Elektron gömrük xidmətlərinin tətbiqi ticarətin asanlaşdırılması ilə yanaşı, həmçinin təhlükəsizliyin də daha rahat təmin edilməsinə səbəb olur. Belə ki, GPS (mexaniki-elektron kilid) sistemindən istifadə, başqa ölkələrin gömrük orqanları ilə qarşılıqlı informasiya mübadiləsi, Hədəf Mərkəzinin fəaliyyəti, mobil gömrük bölmələri, həmçinin reallaşdırılması planlaşdırılan sürətli poçt göndərişlərilə bağlı layihə də ölkəyə gətirilən malların qanunvericiliyə uyğunluğunu təmin edəcək.
Gələcəkdə “Yaşıl dəhliz” sisteminin genişləndirilməsi, xarici iqtisadi fəaliyyət iştirakçıları tərəfindən gömrük bəyannamələrinin birbaşa ofisdən Dövlət Gömrük Komitəsinin müvafiq qurumlarına təqdim olunması, gömrük-vergi rüsumlarının ödənilməsi ilə bağlı məmur-vətəndaş təmasını minimuma endirmək əsas məqsədimizdir. Yaxın günlərdə isə ixracın tamamilə elektron idarəetmə sistemi vasitəsilə həyata keçirilməsini təmin etmək nəzərdə tutulur. Bundan sonra sahibkarlar gömrük məmurunu görmədən ilin bütün günü və saatlarında mallarını elektron qaydada bəyan edərək ixrac etmək imkanı qazanacaqlar.
Bununla bağlı Dövlət Gömrük Komitəsinin mütəxəssisləri ilkin pilot layihəsini tamamlayıb. Tranzit daşımaların asanlaşdırılması və sürətləndirilməsi işində mühüm addım hesab olunacaq TIR-EPD sisteminin Dövlət Gömrük Komitəsi sistemində tətbiqi ilkin mərhələdə 2018-ci ilin 10 dekabr tarixindən başlayaraq 2019-cu ilin 10 yanvar tarixinədək pilot qaydada nəzərdə tutulub. Layihədən faydalanan daşıyıcılar tərəfindən mal və nəqliyyat vasitələri barədə məlumatların əvvəlcədən gömrük orqanlarına TIR-EPD sistemi vasitəsilə təqdim edilməsi nəticəsində gömrük risklərinin təhlili sisteminin fəaliyyətinin səmərəliliyi daha da artacaq. Bu da Beynəlxalq Yük Daşımaları (BYD) proseduru altında həyata keçirilən daşımalar zamanı gömrük-sərhəd buraxılış məntəqələrində bu nəqliyyat vasitələrinin prioritet qaydada keçidini təmin etməklə, gömrük rəsmiləşdirilməsi və gömrük nəzarətnin optimallaşdırılmasına gətirib çıxaracaq. Növbəti ildə digər idxalatçılar da bura cəlb ediləcək, onlar avtomatlaşdırılmış sistemlə öz mallarını elektron bəyan edərək mallarını rəsmiləşdirə, rüsumlarını ödəyə biləcəklər.
Ümumiyyətlə, Dövlət Gömrük Komitəsi öz fəaliyyətində Elektron Hökumət layihəsinə töhfə vermək, vətəndaşlara yüksək xidmət göstərmək, beynəlxalq ticarətin asanlaşdırılmasına şərait yaratmaq üçün ciddi tədbirlər görür. Həmçinin “Gömrük əməliyyatları və ya gömrük proseduru ilə bağlı ödəniləcək gömrük ödənişlərinin həyata keçirilməsi” xidməti hüquqi və fiziki şəxslər tərəfindən gömrük əməliyyatları və ya gömrük proseduru ilə bağlı ödəniləcək gömrük ödənişlərini müasir ödəniş mexanizmlərindən istifadə etməklə elektron formada həyata keçirilməsini təmin edir. “Xarici iqtisadi fəaliyyət iştirakçılarına həyata keçirdikləri idxal-ixrac əməliyyatları barədə statistik məlumatların verilməsi” elektron xidməti vasitəsilə isə xarici iqtisadi fəaliyyət iştirakçıları həyata keçirdikləri idxal-ixrac əməliyyatları barədə statistik məlumatları elektron qaydada əldə edə bilərlər.
Eyni zamanda, Dövlət Gömrük Komitəsi tərəfindən “bir pəncərə” sistemini təkmilləşdirmək üçün həyata keçirilən “bir inspektor - bir nəqliyyat vasitəsi” layihəsi vasitəsilə xidmətlərin göstərilməsi vətəndaşları məmnun edəcək. Hazırda gömrük-sərhəd buraxılış məntəqələrinin fəaliyyəti də yeni tələblərə uyğun qurulur. Artıq ölkəmizin 9 gömrük-keçid məntəqəsində avtomobillərə, 2 dəmiryol-keçid məntəqəsində isə qatarlara gömrük nəzarəti dünyada ən müasir avadanlıq hesab edilən “Smith Detection” vasitəsilə həyata keçirilir.
- Səfər müəllim, gömrük sistemində kadr potensialının gücləndirilməsi, eləcə də ictimaiyyətlə əlaqələrə, vətəndaşların gömrük işi və qanunvericiliyilə bağlı məlumatlılıq səviyyəsinin artırılması və davamlı maarifləndirilməsinə dair hansı işlər görülür?
- Bu gün respublikamızın gömrük sistemində beynəlxalq təcrübədə özünü doğruldan ən müasir model tətbiq edilir. Gömrük orqanlarında kadr potensialını gücləndirmək, kadrların peşəkarlığını artırmaq Dövlət Gömrük Komitəsi tərəfindən daim diqqət mərkəzində saxlanılan əsas məsələlərdən biridir.
Xatırladım ki, bu yaxınlarda gömrük orqanlarında xidmətə qəbulla əlaqədar fərqli müsabiqə təşkil edilib. Gender bərabərliyinin təmin olunması istiqamətində dövlət siyasətindən irəli gələn məsələlərin yerinə yetirilməsi məqsədilə Dövlət Gömrük Komitəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə 270 qadın namizədin iştirak etdiyi test imtahanı keçirib. Müsabiqəni uğurla başa vuran qadınlar işlə təmin olunub.
Gömrük orqanlarında xidmətə qəbulla əlaqədar yalnız qadın namizədlərin iştirak etdiyi bu müsabiqə xüsusi əhəmiyyət daşıyır. Bununla həm ölkə cəmiyyətinə, həm də beynəlxalq ictimaiyyətə bir daha elan edirik ki, Azərbaycan Respublikası dünyəvi dövlətdir, Azərbaycanda qadın və kişilərin hüquq bərabərliyi təmin edilir və bu hüquqların həyata keçirilməsi üçün bərabər imkanlar yaradılır.
Hələ 2000-ci ilin martında dahi rəhbər Heydər Əliyev “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi” üzrə fərman imzalamış, bununla da ölkəmizdə dövlət qadın siyasətinin əsası qoyulmuş, ölkə həyatının bütün sahələrində qadınların fəaliyyətinə geniş meydan verilmişdir. Bu gün isə həmin siyasət Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir və Azərbaycan qadını cəmiyyətin aparıcı qüvvəsi kimi çıxış edir. Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti də bütün dünyaya sübut edir ki, Azərbaycan qadını eyni zamanda ictimai-siyasi həyatda fəaldır və layiqli mövqeyini təmin edir.
Bu gün gömrük orqanlarının fəaliyyəti digər aidiyyəti dövlət strukturları ilə sinxronlaşdırılıb və bu da bütün gömrük hüqupozmalarının qarşısının operativ şəkildə alınmasını təmin edir. Dövlət Gömrük Komitəsi öz fəaliyyətində ictimaiyyətlə əlaqələrə, vətəndaşların gömrük işi və qanunvericiliyilə bağlı məlumatlılıq səviyyəsinin artırılması və davamlı maarifləndirilməsinə də xüsusi diqqət yetirir. Kütləvi informasiya vasitələrinin nümayəndələrilə səmərəli münasibətlərin qurulmasında və inkişafında maraqlı olan Komitə bu il ərzində bir neçə dəfə mediatur və seminarlar təşkil edib. Bu tədbirlərin nəticəsi olaraq gömrük sahəsində ixtisaslaşan jurnalistlər hazırlanıb, gömrük-media münasibətləri inkişaf edib.
Gömrük xidməti gələcəkdə də respublikanın iqtisadi inkişafına təkan verməklə yanaşı, ölkənin iqtisadi qüdrətinin artırılmasında, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında yaxından iştirak edəcək, qarşıya qoyulan təxirəsalınmaz vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bütün qüvvə və bacarığını səfərbər edəcək. Dövlət Gömrük Komitəsi son zamanlar iş adamları və gömrük əməkdaşları arasında da davamlı görüşlər keçirir, sahibkarların rəy və təkliflərini öyrənir. İstər gömrük-biznes münasibətlərinin şəffaf şəkildə qurulması, sahibkarların hüquqlarının qorunması, istərsə də qanunvericilik bazasının təkmilləşdirilməsi, gömrük tarifləri və digər məsələlərlə bağlı iş adamlarının bütün təklifləri nəzərə alınır.
Azərbaycan gömrüyünün daha da təkmilləşdirilməsi işi ilə yanaşı, gömrük orqanlarının fəaliyyəti də ölkə rəhbərliyi tərəfindən daim diqqətdə saxlanılır və qiymətləndirilir. Öz növbəsində, əminliklə bildirirəm ki, Azərbaycan gömrük orqanları gələcəkdə də Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, ölkənin ixrac və tranzit potensialının artırılması məqsədilə həyata keçirdiyi islahatları rəhbər tutaraq mühüm uğurlara imza atacaqlar.
Ulu öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında daha da möhkəmlənməkdə, qüdrətlənməkdədir. Daim xalqın dəstəyini alan dövlət başçısı ölkəmizin milli maraq və mənafeyini əzmlə qoruyur, onu sabitlik və inkişaf yolu ilə inamla irəli aparır.

yap.org.az

Digər xəbərlər