Müsahibə

  • 5 268

Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclik formalaşır

image

YAP Gənclər Birliyinin sədri Seymur Orucov
-Seymur müəllim, məlum olduğu kimi fevralın 1-də Bakıda 2 Fevral Azərbaycan Gəncləri Gününə həsr olunmuş təntənəli tədbir keçirildi. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev gənclər qarşısında dərin məzmunlu çıxış etdi. Bu baxımdan, tədbirin əhəmiyyəti haqqında fikirlərinizi bilmək istərdik...
- Ümumiyyətlə, hər bir ölkədə gənclər cəmiyyətin aparıcı qüvvəsidir. Bu mənada Azərbaycanda da gənclər cəmiyyətin bütün həyatında aktiv iştirak edirlər. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir.
2 Fevral Azərbaycan Gəncləri Günü də Ümummilli liderimiz Heydər Əliyevin gəncliyimizə böyük hədiyyəsidir, gənclərə dövlətin etimadının ifadəsidir. Hər il bu gün respublikamızda böyük coşğu ilə qeyd olunur. Fevralın 1-də Bakı Konqres Mərkəzində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2 Fevral Azərbaycan Gəncləri Gününə həsr olunmuş təntənəli tədbirin keçirilməsi də dövlətimizin gəncliyə olan diqqətinin bariz nümunəsidir.
Tədbirdə dövlətimizin başçısı parlaq çıxış etdi. İlk olaraq, Gənclər Günü münasibətilə təbriklərini çatdıran Prezident İlham Əliyev bu günün Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edildiyini xatırlatdı, Ümummilli liderin gənclərə həmişə böyük sevgi və qayğı ilə yanaşdığını bildirdi. Dövlətimizin başçısı Azərbaycanda müasir gənclər siyasətinin 1994-cü ildən başladığını, həmin il Ulu öndərin o zaman mövcud olan çətinliklərə baxmayaraq, Gənclər və İdman Nazirliyini yaratdığını və bunun da gənclər üçün imkanlar açdığını vurğuladı. Prezident İlham Əliyev ölkəmizdə gənclərlə bağlı dövlət proqramlarının qəbul olunduğunu, müxtəlif mötəbər beynəlxalq tədbirlərin keçirildiyini bildirdi, bölgələrdə Gənclər mərkəzlərinin, Olimpiya İdman komplekslərinin açıldığını qeyd etdi.
Müstəqillik dövründə yaşamağın gənclər üçün böyük xoşbəxtlik olduğunu vurğulayan dövlətimizin başçısı ölkəmizin hərtərəfli inkişafında gənclərin roluna toxundu, onların cəmiyyətin fəal üzvləri olduğunu dedi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan gəncləri peşəkar olmalı, milli və vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. “Haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”, - deyən dövlətimizin başçısı şəhidlərimizin böyük əksəriyyətinin gənclər olduğunu vurğuladı və qeyd etdi ki, hər bir gəncin əsas vəzifəsi müstəqilliyimizi möhkəmləndirmək olmalıdır.
Eyni zamanda, Prezident İlham Əliyev Azərbaycanın son illərdə qazandığı uğurlardan və sosial-iqtisadi inkişafdan danışdı, ölkəmizin beynəlxalq nüfuzunun artdığını vurğuladı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hüquqi, siyasi və digər cəhətlərdən mövqelərimizin möhkəmləndiyini qeyd etdi.
Çıxışının sonunda Prezident İlham Əliyev bir daha Azərbaycan gənclərinə inandığını və güvəndiyini bəyan etdi. Əlbəttə ki, cənab Prezidentin bu fikirləri biz gənclərdə fəxarət doğurur, bununla yanaşı məsuliyyətimiz də artırır. Çünki Azərbaycan gəncliyi dövlətin inam və etimadını layiqincə doğrultmalıdır. Bu mənada həmin tədbir və tədbirdə səslənən fikirlər böyük önəm kəsb edir, gənclərimizin qarşısına yeni vəzifələr qoyur.
- Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi tövsiyələr Azərbaycan gəncləri qarşısında hansı vəzifələr qoyur?
- Bu gün Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldıblar.
Bilirsiniz ki, Azərbaycanda gəncliyin inkişafı ilə bağlı Dövlət proqramları da həyata keçirilir. Bu proqramlar Azərbaycan gəncliyinin inkişafına böyük töhfələr verir. Eləcə də, gənclər daim irəli çəkilir, mühüm dövlət postlarına təyin olunurlar. Yəni, dövlət idarəçiliyində, eləcə də seçkili orqanlarda gənclərin təmsilçiliyi artır. Həmçinin, müxtəlif sahələrdə uğurlar qazanan, Azərbaycanın adını yüksəldən gənclərimiz dövlət rəhbərliyi tərəfindən layiqincə dəyərləndirilirlər.
Gəncliyin qarşısında dayanan əsas vəzifə bundan ibarətdir ki, bilikli, yüksək təhsilli, vətənpərvər olmalı, dövlətimizin inkişafına və daha da güclənməsinə, müstəqilliyimizin qorunmasına böyük töhfələr verməlidirlər. Bu baxımdan, Azərbaycan gəncliyi dövlətin göstərdiyi etimadı layiqincə doğrultmalıdır. Gənclərimiz bu yolda inamla irəliləyir və gələcəkdə daha yüksək nəticələr əldə olunacaq.
-Məlumdur ki, ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib, daha da güclənib. Amma Azərbaycanın güclənməsi müəyyən dairələri narahat edir. Bu dairələr müxtəlif vasitələrlə qazanılan uğurlara kölgə salmağa çalışırlar. Bu haqda nə deyə bilərsiniz?
- Bu gün Azərbaycan gəncliyi xoşbəxtdir ki, Azərbaycanın lideri gənclərimizə daha güclü, daha zəngin bir Azərbaycan bəxş edib. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan öz tarixində bu qədər güclü olmayıb. Bəli, bu gücün mənbəyi Heydər Əliyev yoludur, bu gücün mənbəyi xalqla iqtidarın birliyidir, bu gücün mənbəyi Azərbaycan xalqının Prezident İlham Əliyevə inamıdır. Azərbaycan gəncləri Prezident İlham Əliyevin ətrafında sıx birləşib
Həqiqətən də, ötən illər ərzində böyük inkişaf yolu keçib. Bu inkişaf bütün sahələri əhatə edir. Prezident İlham Əliyevin siyasəti nəticəsində inkişafın Azərbaycan modeli formalaşıb ki, bu da dünya ölkələri üçün nümunədir. Son 15 ildə Azərbaycan iqtisadiyyatı üç dəfədən çox artıb, əhalinin sosial rifahı əhəmiyyətli dərəcədə yüksəlib. Azərbaycan Cənubi Qafqazın lider dövlətidir, ölkəmiz regionda əsas söz sahibidir. Bundan əlavə, Azərbaycanın beynəlxalq müstəvidə də nüfuzu və rolu artmaqdadır. Belə ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunu gücləndirir. Ötən il Cənub Qaz Dəhlizinin açılığı, TANAP layihəsinin istifadəyə verilməsi bu baxımdan böyük əhəmiyyət kəsb edir. Eləcə də, 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi, həmçinin Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılması Azərbaycanın nəinki regionda, bütövlükdə dünyada mövqeyini daha da gücləndirir. Nəzərə alsaq ki, bu layihələr Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin siyasi iradəsinin ifadəsi olaraq gerçəkləşir, onda ölkəmizin dünya üçün, region ölkələrinin inkişafı üçün nə qədər önəmli töhfələr veridyini əminliklə söyləyə bilərik.
Təbii ki, Azərbaycanın uğurları dostlarımızı sevindirdiyi kimi, düşmənlərimizi də məyus edir. Bu səbəbdən də, ölkəmizin nailiyyətləri artdıqca, buna kölgə salmağa çalışan qüvvələr də müxtəlif tipli qərəzli kampaniyalarla Azərbaycanın beynəlxalq imicinə, uğurlarımıza ləkə yaxmağa çalışırlar. Dünyadakı anti-azərbaycançı mərkəzlər, erməni lobbisi və onların əlində alət olan sapı özümüzdən olar baltalar hər vəchlə ictimai rəyi çaşıdrmağa çalışırlar. Həm xaricdəki dairələr, həm də daxildəki radikal müxalifət sosial şəbəkələr vasitəsilə xalqı çaşdırmağa, səhv, yalan, böhtan xarakterli məlumatlar yayaraq, ictimai-siyasi sabitliyi pozmağa cəhdlər göstərirlər. Amma onlar heç vaxt məqsədlərinə nail ola bilməyəcəklər. Onların indiyə qədərki məkrli planları fiaskoya uğradığı kimi bundan sonra da belə olacaq. Çünki Azərbaycan cəmiyyəti yetkin bir cəmiyyətdir, heç bir yalan kampaniya ilə onu doğru yoldan sapdırmaq mümkün deyil. Amma bununla belə arxayınlaşmaq olmaz, vətəndaşlarımız, xüsusilə gənclər həmin dairələri ifşa etmək üçün fəaliyyətlərini daha da gücləndirməlidirlər.
-Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi həmin dairələrə qarşı hansı addımlar atır?
- Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası cəmiyyətin aparıcı siyasi qüvvəsidir. Partiyamızda gənclərin təmsilçiliyi 40 faizdən çoxdur və yeni üzv olanların da böyük əksəriyyəti gənclərdən ibarətdir. Yeni Azərbaycan Partiyasında yüksək bilik və bacarıqlı, intelektual gənclər ordusu birləşib.
Bu gün gənclərimiz sosial şəbəkələrdə çox fəaldırlar. Yeni Azərbaycan Partiyasının gənc üzvləri radikal müxalifət düşərgəsinə, eləcə də xaricdə oturub ölkəmizə qarşı qara piarla məşğul olan dairələrə sosial şəbəkələrdə tutarlı cavab verirlər. Onlar bizim gənclərimizin əsaslı faktları, arqumentləri qarşısında acizdirlər. Sadəcə, onlar maddiyat qarşısında xaricdən aldıqları sifarişləri hələ də icra etməyə cəhd göstərirlər.
Amma Azərbaycan xalqı onsuz da onların kim olduğunu çox gözəl bilir. Xalq arasında radikalların heç bir sosial dayaqları yoxdur. Buna görə də, onların çirkin məqsədləri həmişə iflasa uğrayır.
İnsanlar müxaliflərin yalanlarına yox, ölkəmizdə həyata keçirilən inkişaf və quruculuq siyasətinə inanır. Yeni Azərbaycan Partiyası gənclərinin də əsas işi ondan ibarətdir ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gördüyü möhtəşəm işləri əhaliyə, o cümlədən gənclərimizə çatdıraq. Bu yöndə təbliğat işlərini daha da gücləndirəcəyik. Biz hər zaman gənclərimizlə görüşlər zamanı onların dövlətimizin başçısına sonsuz inam və məhəbbətinin şahidi oluruq. YAP Gənclər Birliyi olaraq bundan sonra da sosial şəbəkələr və digər çoxsaylı layihələr vasitəsilə ölkəmizdə həyata keçirilən siyasətin uğurlarını daim ictimaiyyət arasında təbliğ edəcəyik. Eyni zamanda, antiazərbaycançı mərkəzlərin, radikalların Azərbaycana qarşı məkrli niyyətlərinin ifşası istiqamətində fəaliyyətimiz daha geniş şəkildə davam olunacaq.

yap.org.az

Digər xəbərlər