Müsahibə

  • 4 796

Siyavuş Novruzov: “Prezidentin bu addımı bankların sağlamlaşdırılmasına təkan verdi"ÖZƏL -MÜSAHİBƏ

image

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin Komitə sədri Siyavuş Novruzovun SƏS TV-yə müsahibəsi:

- Siyavuş müəllim, cənab Prezident İlham Əliyev İqtisadi və sosial məsələlərlə bağlı müşavirədə bildirdi ki, 2019-cu il əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır. Siz bunu necə şərh edərdiniz?
- Azərbaycanda aparılan iqtisadi islahatlar, şəffaflaşdırma siyasəti bödcə gəlirlərinin artmasına, maliyyə imkanlarının əhəmiyyətli dərəcədə yüksəlməsinə şərait yaratdı və cənab Prezident ilk növbədə bu vəsaitlərin məhz sosial sferaya yönəldilməsini təmin etdi. 2019-cu il başlayandan sosial sahədə atılan addımlar həyata keçirilən böyük sosial paketin tərkib hissəsidir. Bu addımlar cənab Prezident tərəfindən hələ ötən il müxtəlif tədbirlərdə anons edilib və hazırda onun reallaşdırılması prosesi gedir.Bu gün Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur. Azərbaycan hakimiyyətinin yürütdüyü sosial siyasət həqiqətən də inqilabi xarakter daşıyır. Bu, ilk növbədə cənab Prezidentin, Azərbaycan dövlətinin öz vətəndaşına olan diqqət və qayğısının təzahürüdür. Görülən bütün işlərin arxasında Azərbaycan vətəndaşının həyat səviyyəsinin yüksəldilməsi, onun rofahı amili dayanır. Bildiyiniz kimi, hazırda 12 min 200-dən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat ödəniş edilir. Şəhid ailələrinin müavinətləri 242 manatdan 300 manata qədər artırıldı. Bu günə qədər 6500-dən çox şəhid ailəsi dövlət tərəfindən mənzillərlə, evlərlə təmin edilib. Bu il minimum əməkhaqqı 38 faiz artaraq 130 manatdan 180 manata qaldırıldı. Eləcə də dövlət qulluğunda çalışan insanların əməkhaqqlarının artırılması nəzərdə tutulub. Bir sözlə, bütün təbəqələrdən olan məsələlərin hər biri çox vacib amillərdəndir. Bu sahədə çox ciddi, hətta deyərdim ki, indiyədək Azərbaycan tarixində olmayan addımlar atıldı və bu proses əhalinin bütün təbəqələrinə, eyni zamanda həm çoxuşaqlı analara, həm də yeni doğulmuş körpələrə və s. şamil olundu.
- Ölkə başçısı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzaladı. Bu Fərmanın əsas mahiyyəti nədən ibarətdir?
- Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanan “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman çox böyük bir addımdır. Heç kimə sirr deyil ki, bu gün dünyada baş verən iqtisadi dəyişikliklər və iri ölkələrin iqtisadiyyata diqtəsi nəticəsində müəyyən dəyişikliklər baş verir. Dəfələrlə qeyd etmişəm ki, neftin qiymətinin aşağı düşməsi və artması iqtisadi proseslərdən asılı deyil, əksinə siyasi proseslərdən daha çox asılıdır. Təbii ki, bəzi dövlətlər də bundan sui-istifadə edir və nəticədə bunun əziyyətini bir çox ölkələrin vətəndaşları çəkir. Bu gün devalvasiyaya ən az məruz qalan Azərbaycan manatı oldu. Çünki rus rublu, türk lirəsi, çin yuanında ən azı 4-5 dəfə fərqli dəyişiklilər olundu. Məsələn, Türkiyə lirəsi "1 ABŞ dolları-6 türk lirəsi" səviyyəsinə gəlib çıxmışdı. Eləcə də Avropa dövlətlərinin özündə də avroya nisbət kəskin şəkildə dəyişdi. Məhz bunun nəticəsində kredit götürən insanlarda xüsusilə fiziki şəxslərdə böyük problemlər yarandı. Bu gün 10 min ABŞ dolları məbləğində götürülən kreditlərin əksəriyyəti demək olar ki, bu və ya digər şəkildə problemi həll etməkdən ötrü götürülən kreditlər idi. Elə insanlar var idi ki, bu kreditləri müalicə məqsədilə, yas, toy mərasimini yola vermək üçün götürmüşdü və s. Ümumilikdə insanlar üçün bir növ çətinlik yaranmışdı. Təbii ki, bu da Azərbaycan əhalisinin 30 faizdən yuxarısı təşkil edirdi. Cənab Prezident bir daha göstərdi və sübut etdi ki, hər şey vətəndaşlar üçün nəzərdə tutulub. İlk növbədə bunları ödəmək üçün gərək ölkənin iqtisadi potensialı və gücü olsun. Ölkənin iqtisadi potensialı olmadığı təqdirdə belə addımlar atmaq mümkün deyil. Bəziləri iddia edirlər ki, guya bütün bunlar mitinqlərin nəticəsində mümkün olub. Əksinə, bunlar xalqı çaşdırmaq üçün söylənilən fikirlərdir. Əgər ölkənin iqtisadi potensialı yaradılmayıbsa, bunu necə həll edə bilərsən? Bu məsələlər seçkilər dövründən başlayaraq sonradan isə noyabr ayında dövlət büdcəsi müzakirə olunanda bura daxil olunmuşdu.Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü oldu. Həmin görüşdə ölkə başçısı bir daha bildirdi ki, bunlar dövlət büdcəsinə daxil olmasa da Prezidentin ehtiyyat fondundan bu məsələni həll etmək olar. Sevindirici haldır ki, dövlət başçısı bu məsələni həll etdi. Bu məsələlər noyabr ayında ölçülüb-biçilib büdcəyə daxil olmuşdu. Burada banklara da heç bir ziyan dəymədi. Çünki bu addım həm bankların sağlamlaşdırılmasına, həm də inkişafına təkan verdi. Hətta deyərdim ki, banklar da buradan qazandı və vətəndaşlar da öz problemlərini həll etdi. Digər sahələrdə də işlər gedir ki, bu da hüquqi şəxslərlə bağlı olan məsələlərdir. Bütövlükdə götürdükdə böyük bir hissə bu cür problemdən qurtuldu. Ən əsası çox ciddi şəkildə bu məsələyə nəzarət var. Hətta vətəndaşların banklara ödədiyi pulda artığı varsa, o vətəndaşa geri qaytarılacaq. Bu gün dünyanın heç bir ölkəsində məsələn, Sinqapurda, Böyük Britaniyada və s. belə hallar baş vermir. Mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında” 14 mart 2012-ci il tarixli Fərmanının tarixi əhəmiyyətinə toxunmaq istərdim. Həmin Fərmanla 2012-ci il iyunun 1-dən keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsinə başlandı və əmanətçilərdən müraciətlərin qəbulu müvafiq Fərmana uyğun olaraq, 31 dekabr 2012-ci il tarixində başa çatdırıldı. Bu gün cənab Prezidentin dediyi kimi nə yaradılırsa, qurulursa hamısı vətəndaşlar üçün edilir. Təbii ki, bunun üçün də illərlə ölkənin iqtisadi potensialı mövcud olmalıdır. Sabah bizi əhatə edən dövlətlərdən biri desə ki, mən də bunu edəcəyəm, əgər potensial yoxdursa bunu hansı əsaslarla edə bilər? Bu baxımdan da insanlar artıq bunu görür və dərk edir. Məhz buna görə də Azərbaycan xalqı, vətəndaşları cənab Prezidenti dəstəkləyirlər. İqtidar-xalq birliyinin də bariz nümunəsi məhz bundan ibarətdir.
- Gürcüstan prezidenti Salome Zurabişvili ilk səfərlərindən birini Azərbaycana etdi. Bu gün iki ölkə arasındakı əlaqələri necə xarakterizə etmək olar?
- Bu gün Gürcüstan Azərbaycanla həm iqtisadi, siyasi, həm də elmi, mədəni və s. əlaqələrlə çox ciddi şəkildə bağlıdır. Bizim iqtisadi layihələrimizin böyük əksəriyyəti Gürcüstan üzərindən keçməklə dünya bazarına çıxarılır. Təbii ki, bundan Gürcüstan kifayət qədər vəsait əldə edir. Orada yeni iş yerləri açılır və vətəndaşlar işlə təmin olunurlar. Bununla belə Gürcüstanla Azərbaycan bir-biri ilə səmimi qonşuluq münasibətini qoruyub saxlayır. Bəzi hallarda bu məsələləri qarışdırmaq istəyənlər olur. Məsələn, Gürcüstanın Axalkalaki rayonunun Buğaşen kəndində erməni hərbçi Mixail Avaqyana abidənin qoyulması kimi əməllərlə təxribat yaratmaq istəyirlər. Ümumilikdə artıq onlarda başa düşür ki, Gürcüstan-Azərbaycan-Rusiya və Türkiyə birlikdə böyük layihələr həyata keçirirlər. Bu gün Gürcüstanın turizm sektorundan Azərbaycan da kifayət qədər istifadə edir. Eləcə də Azərbaycanın müəyyən istehsal etdiyi məhsullardan Gürcüstan istifadə edir. Bu baxımdan da qarşılıqlı münasibətlər mövcuddur. Orada azərbaycanlılar kifayət qədər kompakt halda yaşayırlar və fəaliyyət göstərirlər. Onlar Gürcüstan dövlətinə bu günə kimi hər hansı bir problemlər yaratmayıblar. Hətta deyərdim ki, onlar Gürcüstan dövlətinin nümunəvi vətəndaşıdırlar. Soydaşlarımız həm seçkilərdə fəal iştirak edirlər, həm də kənd təsərrüfatı məhsullarının istehsal olunmasında aktiv rola malikdirlər. Bir sözlə, nümunəvi vətədaşlıq nümayiş etdirirlər.
- Bu yaxınlarda Azərbaycan daha bir mötəbər tədbirə ev sahibliyi edəcək. “Dinlər və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda təşkil olunacaq Beynəlxalq konfransın əhəmiyyəti barəsində nə deyə bilərsiniz?
- Azərbaycan artıq bu missiyanı öz üzərinə götürüb. Azərbaycanda bununla bağlı bir çox konfranslar, toplantılar keçirilib. Heydər Əliyev Fondu bu məsələlərdə çox yaxından iştirak edir və bu işlərin böyük hissəsinə rəhbərlik edir. Azərbaycanda mütəmadi olaraq Bakı Forumu keçirilib. Artıq neçə illərdir ki, bu davam etdirilir. Azərbaycan dünyaya bir nümunədir. Çünki ölkəmizdə qanunla qadağan olunmayan bütün dinlər azad şəkildə fəaliyyət göstərir. Dövlət tərəfindən onlara daimi olaraq diqqət və qayğı göstərilir. Baxmayaraq ki, Azərbaycanda din dövlətdən ayrıdır, amma bununla yanaşı ölkəmizdə tolerantlıq, dini dözümlülük mövcuddur. Avropada və dünyanın hər bir yerində keçirilən konfranslarda da bu məsələlər öz əksini tapmaqdadır. Çünki Azərbaycanda məscidlərlə yanaşı, kilsələrin, sinaqoqların, digər ibadət yerlərinin təmirini, tikintisini dövlət həyata keçirir. Eləcə də ayrı-ayrı dini icmalara dövlət büdcəsindən vəsaitlər ayrılır və onların tam azad, sərbəst şəkildə öz funksiyalarını yerinə yetirmələri təmin olunur. Bu baxımdan da Azərbaycanda tək o deyil, istənilən bir tədbir ən yüksək təşkilatçılıqla keçirilir. Bildiyiniz kimi, ölkəmizdə Avroviziya mahnı müsabiqəsi, I Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları keçirilmişdi. Həmin tədbirlərdə yüksək səviyyədə təşkil olunmuşdu.
- Ermənistan rəhbərliyinin danışıqlar prosesinin formatının dəyişdirilməsi barədə iddiaları qəsdən danışıqları dalana salmaq və danışıqlar prosesini pozmaq cəhdləri nədən xəbər verir?
- Bu gün Ermənistanda hakimiyyətə gələn qüvvələr hələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlara hazır deyil. Onlar ümumiyyətlə idarəçilikdə olmayıblar. Küçələrdə, meydanlarda olmaq bir başqa, dövlətin idarə olunması, dövlətin problemlərinin həll olunması, iqtisadiyyatın inkişafı, social vəziyyətin yaxşılaşdırılması tamam başqadır. Bu gün Ermənistan rəhbərliyində təmsil olunan insanların nə təcrübəsi, nə də bu sahədə hər hansı bir bilgisi var. Ona görə də Ermənistan baş naziri Nikol Paşinyan bu və ya digər şəkildə vaxtı uzadır. Yəni bu problemin həlli hələ Ermənistan rəhbərliyinin özü üçün qaranlıqdır. Bu baxımdan da başa düşülən bir məsələdir ki, başqa cür bəhanə yoxdur. Ona görə də danışıqların formatının dəyişdirilməsi, Dağlıq Qarabağın burada tərəf kimi iştirakını ortaya atmaqla vaxt uzatmaq istəyir. İkincisi isə oradakı hakimiyyətin taleyi hələ qeyri müəyyəndir. Çünki verilən vədlər yerinə yetirilmir, əhalinin güzəranı getdikcə pisləşir və əhali ölkəni tərk edir. Hər il yüz mindən artıq insan Ermənistanı tərk edir, heç bir müəssisə, təşkilat işləmir və yeniləri də açılmır. Eləcə də turizm sektoru sıfır dərəcəsindədir. Keçmişdə dövlət vəzifəsində olanlar artıq həbs edilir. Çünki onların kifayət qədər həm Azərbaycana, həm də öz vətəndaşlarına qarşı cinayət əməlləri var. Paşinyan onlardan pul qoparmaqla dövlət büdcəsini formalaşdırmaq istəyir. Çünki onun başqa yerdən gəliri yoxdur. Xarici dövlətlərin verdiyi qrantlar, yardımlar hesabına istəyirlər ki, heç olmasa əhalinin pensiyasını təmin etsinlər. Bu da uzağı bir il çəkəcək və yenidən Ermənistan olduğundan da ciddi iqtisadi böhran vəziyyətinə düşəcək.
- Xaricdə oturan anti-milli dairələr, qruplar tərəfindən ölkəmizə qarşı “söyüş kampaniysı” davam etməkdədir. Sizcə, bunun qarşısının alınması istiqamətində hansı mexanizmlər tətbiq olunmalıdır?
- Bu gün xaricdən ölkəmizə qarşı davam etdirilən “söyüş kampaniyası” həm hüquqi müstəvidə, həm də Azərbaycan vətəndaşlarının ictimai qınağı vasitəsilə aradan qaldırılır. Təbii ki, söyüş kampaniyasında olanlar heç öz doğma valideynlərini eşitmirlər. Xarici təşkilatlar qrantları məhz o söyüşə görə verirlər. Çünki onlarda hər hansı bir təhlil aparmaq qabiliyyəti, təklif vermək qabiliyyəti və hər hansı bir məsələyə münasibət bildirmək düşüncəsi yoxdur. Bunlar Dağlıq Qarabağda törətdiyi cinayətlərə, soyqırımılarına görə Ermənistana qarşı bir kəlmə də olsun əks fikir söyləməyiblər. Əgər fikir söyləsələr dərhal qrantları kəsiləcək. Bu baxımdan da əksinə, Ermənistanı təbliğ edərək guya orada demokratik ab-havanın yüksək səviyyədə olması barədə absurd fikirlər söyləmələri və insanlara müraciət etmələri Azərbaycan xalqı tərəfindən nifrətlə qarşılanır. Hesab edirəm ki, ilk növbədə onlar öz çıxışlarında anti-dövlət, anti-milli fikirlər (silah yolu ilə üsyan, çevriliş etmək və s.) səsləndiriblər. Təbii ki, bunlar hamısı Cinayət Məcəlləsinə tövsif olunur.Bu məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Prokurorluğu cinayət işi qaldırmalıdır və İnterpol vasitəsilə həmin adamların tutulub gətirilməsi təmin olunmalıdır. Necə ki, bu proses artıq davam edir. Eləcə də onların Azərbaycan məhkəmələri qarşısında cavab verməsi təmin olunmalıdır. İkincisi, həmin ölkələrdə fəaliyyət göstərən və Azərbaycanda olan səfirliklərə müraciət olunmalıdır. Soruşulmalıdır, əgər onların hər hansı bir vətəndaşı Azərbaycan ərazisindən öz dövlətlərinə qarşı “söyüş kampaniyaları” aparardılarsa, onlar hansı addımı atardırlar? Hesab edirəm ki, bu məsələlər onların diqqətinə çatdırılmalıdır. Üçüncü yol isə ictimai qınaqdır. Azərbaycan xalqı kifayət qədər savadlı xalqdır. Azərbaycanın kifayət qədər tanınmış insanları var. Martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü oldu. Orada qaldırılan məsələlərin hər biri dərhal öz həllini tapdı. Amma bu günə qədər xaricdə oturanlar hələ bir məsələ qaldırmayıblar. Onlar ağızları söyüşlə açılıb-bağlanır. Guya ölkə dağılır, burada inkişaf yoxdur və s. Amma xaricdən ölkəmizə gələnlərin hər biri görür ki, Azərbaycanda nə qədər inkişaf vardır. Heç şübhəsiz ki, onların burada oturan əlaltıları – “sapı özümüzdən olan baltaları” da qaldırılan məsələlərin öz həllini tapmasına görə əndişələnirlər. Əfv olunacaq şəxslərlə bağlı artıq Əfv Komissiyası işləyir. Siyasi baxışlarından asılı olmayaraq cinayət törətmiş şəxslər bu və ya digər şəkildə öz peşmançılıqları ilə əlaqədar müraciət edirlər. Əfv Komissiyası bu məsələlərə baxır.Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda bu addımlar davamlı olaraq atılıb. Bu gün 70-dən artıq əfv, 13-ə yaxın amnistiya aktı qəbul olunub. Sonuncu amnistiya aktı da ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul olunmuşdu ki, bu da 10 mindən artıq insana şamil edilmişdi. Yəni bunlar hamısı Azərbaycanda olub. Onları narahat edən nədir? Bunlar o adamların adından və ailə üzvündən istifadə edirlər. Amma həmin insanlar azadlığa çıxdığı halda onlarla maraqlanmırlar. Çünki həmin insanlar bunlar üçün istifadə qaydasıdır və ondan da kifayət qədər gəlir əldə edirlər. Məsələn, keçmişdə Leyla Yunus və bir qrup hüquq-müdafiə təşkilatları var idi ki, onlar bu və ya digər şəkildə cinayət törətmiş şəxslərdən pul alaraq guya onların adını siyahıya salıb “siyasi məhbus” adı altında Avropaya, başqa-başqa yerlərə göndərəcəkdilər. Hətta bundan sui-istifadə edən bəzi vəkillər də var idi. Onlar şantaj yolu ilə insanların guya azadlığa buraxılmasına çalışmaq istəyirdilər. Həmin metod bu gün Azərbaycanda müxtəlif qurumların və siyasi partiya rəhbərlərinin “çörək ağacı”na çevrilib. Bu məsələ də yaxın vaxtlarda Azərbaycanda öz həllini tapacaq. Onlar qəsdən qızışdırırlar ki, dövlət buna getməsin. Çünki dövlətin bu cür addımlar atması onlara sərf etmir”.

sia.az

Digər xəbərlər