Müsahibə

  • 7 229

Azərbaycanda ictimai-siyasi sabitlik, inkişaf və vətəndaş həmrəyliyi möhkəm əsaslar üzərində qurulub

image

Milli Məclisin deputatı Cavid Osmanov

-Cavid müəllim, məlum olduğu kimi ölkəmizdə davamlı olaraq islahatlar həyata keçirilir. Bu islahatların əhəmiyyəti nədən ibarətdir?
-Ümumiyyətlə, Azərbaycanın inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri ölkədə genişməzmunlu islahatların həyata keçirilməsi ilə bağlıdır. Ölkəmizdə prioritet sahələrin üstün inkişafının təmin edilməsinə hesablanan islahatlar həyata keçirilərkən mütləq qlobal miqyasda meydana çıxan yeni çağırışlar nəzərə alınır, eyni zamanda, mövcud daxili potensial və cəmiyyətin sosial sifarişləri əsas götürülür. Belə bir rasional vəhdətin təmin edilməsi öz növbəsində islahatların uğurla həyata keçirilməsini və bunun nəticəsi olaraq respublikamızın bütün istiqamətlərdə böyük uğurlara imza atmasını şərtləndirir.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətti bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev son 15 ildə ölkəmizdə islahatlar kursunu daha da dərinləşdirib. 2003-cü ildən bəri Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında ölkənin inkişafının ardıcıllığını təmin etmək, milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyini gücləndirmək məqsədilə yeni nəsil iqtisadi islahatlar həyata keçirilir. Aparılan islahatlar indiki şəraitdə Azərbaycanın qarşısında yeni inkişaf perspektivləri açan fundamental faktorlar qismində çıxış edir.
Bilirsiniz ki, hazırda Azərbaycan dünyada dinamik inkişaf edən və yüksək rəqabət qabiliyyətinə malik iqtisadiyyata malikdir. Son 15 ildə həyata keçirilən müxtəlif təşviq tədbirləri, islahatlar və maliyyə təminatının gücləndirilməsi sayəsində milli iqtisadiyyatımız 3,3 dəfədən çox artıb ki, bu da dünya üzrə rekord göstəricidir. Əlamətdar haldır ki, son illərdə milli iqtisadiyyatımızda neftdənkənar sektorun xüsusi çəkisi getdikcə artır. Hazırda ölkəmizdə ÜDM istehsalında qeyri-neft sektorunun xüsusi çəkisi 70 faizi ötüb.
Respublikamızda reallaşdırılan islahatların mühüm bir bloku institusional sferanı əhatə edir. 2019-cu ilin əvvəlindən ölkəmizdə struktur islahatları Prezident İlham Əliyevin siyasi iradəsi əsasında daha aktiv fazaya daxil olub. Dövlət başçısı tərəfindən 14 yanvar 2019-cu il tarixində və ondan sonrakı günlərdə struktur islahatları istiqamətində mühüm qərarlar qəbul edilib. Reallaşdırılan struktur islahatlarının əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir. Bu islahatlar artıq müsbət nəticələrini göstərməkdədir.
-Son vaxtlar sosial sahədə də mühüm addımlar atılmaqdadır. Bu fakt Azərbaycanı sosial dövlət kimi necə səciyyələndirir?
-Ölkəmizdə sosial inkişaf baxımından mühüm addımlar atılır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasətinin mərkəzində məhz insan amili, vətəndaşların mənafeyi dayanır. Bu gün ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çox ciddi tədbirlər görülür. Əməkhaqları, pensiya təminatı sahəsində aparılan ciddi islahatlar, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən geniş proqramlar, şəhid ailələrinə göstərilən qayğı, sosial sahə ilə bağlı qəbul olunan çoxsaylı qanunlar və s. cəmiyyətin rifah halının yaxşılaşmasına yönəlmiş tədbirlərdir. Bir sözlə, sosial inkişaf məsələləri də dövlət siyasətinin prioritetləri sırasındadır.
Sosial sahədə əldə olunan uğurlardan danışarkən, son vaxtlar ölkə Prezidenti İlham Əliyev tərəfindən bu istiqamətdə atılan addımları xüsusi vurğulamalıyıq. Belə ki, dövlət başçısının şəhid ailələrinin üzvləri ilə görüşməsi, torpaqlarımızın müdafiəsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin ailə üzvlərinə, onların vərəsələrinə 11 min manat məbləğındə birdəfəlik ödəmənin verilməsi haqqında Fərmanın imzalanması, şəhid ailələri üçün Prezident təqaüdünün məbləğinin artırılması, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün qəsəbələrin tikintisi, minimum əməkhaqqının, minimum pensiyanın artırılması məhz ölkəmizdə həyata keçirilən uğurlu sosial siyasətin əhəmiyyətini bir daha təsdiqləyir.
Bundan başqa tələbə gənclərin də təqaüdləri əhəmiyyətli dərəcədə artırıldı.
Ölkəmizdə davamlı olaraq əməkhaqları, təqaüdlər, sosial müavinətlərin məbləği artırılır ki, bu da insanların rifah halının daha da yüksəlməsinə xidmət edir.
25 fevral 2019-cu il tarixində isə Prezident İlham Əliyev “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlərə dair” növbəti Sərəncam imzalayıb. Sənəddə də vurğulandığı kimi, Sərəncamın imzalanmasında məqsəd əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirləri davam etdirmək və bu tədbirlərin əhatə dairəsini daha da genişləndirməkdir.
Bu və digər faktlar Azərbaycan dövlətinin sosial siyasətinin davamlı səciyyə daşıdığı barədə konkret təsəvvür yaradır. Ümumiyyətlə, bu gün Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur. Bütövlükdə, 2 milyon 200 min əhali dövlətin sosial təşəbbüslərinin icrasından böyük dərəcədə faydalanacaq. Azərbaycan hakimiyyətinin yürütdüyü belə dərinməzmunlu sosial siyasət, həqiqətən də, inqilabi xarakter daşıyır. Bu, ilk növbədə, cənab Prezidentin, Azərbaycan dövlətinin öz vətəndaşına olan diqqət və qayğısının təzahürüdür.
-Problemli kreditlərin həlli ilə bağlı dövlət başçısının imzaladığı Fərman da vətəndaşlar tərəfindən çox yüksək dəyərləndirilir...
-Cənab Prezident İlham Əliyevin verdiyi qərarlar vətəndaşların maraqlarına xidmət edir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaq. Bu və digər faktlar bir daha Azərbaycan dövlətinin sosial mahiyyətini isadə edir.Bu mənada Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman da vətəndaşların problemlərinin həllinə dövlətin diqqəti baxımından böyük əhəmiyyət kəsb edir. Cənab Prezident İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həllinə dair Fərmanı dövlətin hər zaman öz vətəndaşının yanında olduğunun, onun problemlərinin həllini daim diqqətdə saxladığının əyani ifadəsidir.
Bu məsələ gündəmin əsas mövzularından biri olaraq qalır. Həm rəsmi qurumlar, həm də mütəxəssislər bu məsələnin sosial əhəmiyyəti haqqında fikirlərini bildirirlər. əsas məsələ budur ki, vətəndaşlar dövlət başçısının qərarını məmnunluqla qarşılayırlar.
-Cavid müəllim, Azərbaycanın nailiyyətlərinə, sosial sahədə atılan mühüm addımlara rəğmən müəyyən dairələr ölkəmizə qarşı qarayaxma kampaniyası aparır. Buna münasibətiniz necədir?
-Təəssüf ki, belə hallar mövcuddur. Azərbaycan inkişaf etdikcə, gücləndikcə bundan qıcıqlanan dairələr ölkəmizə qarşı müxtəlif qarayaxma kampaniyasına başlayırlar. Xarici dairələr bu prosesdəki daxildəki radikal müxalifətdən alət kimi istifadə edirlər.
Hər bir ölkədə sağlam müxalifətin olması yaxşı bir haldır. Çox təəssüflər olsun ki, Azərbaycanda özlərini müxalifət adlandıranlar radikaldırlar. Dövlətə, xalqa xidmət etmək onların ağıllarının ucundan belə keçmir. Onların hakimiyyət dövrünü də görmüşük. Onların hakimiyyəti dövründə ölkədəki xaotik vəziyyəti, sosial-iqtisadi tənəzzülü, torpaqlarımızın 20 faizinin işğalını da yaxşı xatırlayırıq.
Radikal müxalifət bəzi xarici qurumların, eyni zamanda erməni lobbisinin vəsaiti hesabına ölkəni anarxiyaya, xaosa aparmaq istəyir. Onların missiyası yalnız bundan ibarətdir.
Eyni zamanda qaçıb xaricdə gizlənən bir qrup radikal müxalifətçi isə xalqımıza məxsus dəyərlərin üzərindən xətt çəkməklə məşğuldurlar. Sosial şəbəkələri söyüş meydanına çeviriblər. Bu isə mənəviyyatsızlıqdır. Əslində, görünən odur ki, onların Azərbaycan xalqına heç bir dəxli yoxdur. Onlar manqurtlaşmış satqınlardır.
Bu dairələrin məqsədi ölkəmizdə sabitiyi pozmaqdır. Amma buna Azərbaycan dövləti və xalqı heç zaman izin verməyəcək. Ölkəmizdə sabitlik, əmin-amanlıq hökm sürür. Mən millət vəkili kimi seçicilərimlə görüşürəm. Eyni zamanda, rəhbərlik etdiyim Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının fəalları insanların arasında olurlar. İnsanlar ölkəmizin inkişafından, həyata keçirilən sosial addımlardan çox razıdırlar və dövlətimizin başçısının siyasətini birmənalı şəkildə dəstəkləyirlər. Bugünlərdə cənab Prezidentin Ağsu və Şamaxı rayonlarına səfəri zamanı xalqın dövlətimizin başçısına olan inam və sevgisinin nə qədər güclü olduğu bir daha təsdiqləndi.
Eyni zamanda, yetişən gənc nəsl əsl vətənpərvər, dövlətinə sadiq vətəndaşlar kimi formalaşırlar. Buna görə də, ölkəmizdə qarışılıqlıq yaratmaq istəyənlər anlamalıdırlar ki, Azərbaycanda sabitlik, inkişaf və vətəndaş həmrəyliyi möhkəm əsaslar üzərində qurulub və bunu heç bir qüvvə sarsıda bilməz.

sia.az.

Digər xəbərlər