Müsahibə

  • 6 879

Xalqın maraqlarının təmsilçisi Prezident İlham Əliyevdir

image

Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Siyavuş Novruzov

- Azərbaycandakı ümumi ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiniz?
- Azərbaycanda ictimai-siyasi, sosial-iqtisadi sahədə atılan addımlar, həyata keçirilən islahatlar yüksək qiymətləndirilir. Görürsünüz ki, dünyanın əksər beynəlxalq tədbirləri Azərbaycanda keçirilir. İstər idman, istərsə də ümumdünya mədəniyyətlərarası, dinlərarası dialoq forumları Bakıda təşkil olunur. Bu tədbirlər zamanı paytaxta dünyanın ayrı-ayrı ölkələrinin siyasi xadimləri, mütəxəssisləri gəlir. Demək olar, hər gün bu tipli tədbirlər keçirilir. Bu, ölkəmizin həm iqtisadi inkişafının, həm də siyasi sabitliyinin göstəricisidir, iqtidar-xalq birliyinin sübutudur. Bunun nəticəsidir ki, dünyanın ayrı-ayrı ölkələrindən ölkəmizə üz tuturlar, çünki burada sərbəst, azad şəkildə fəaliyyət göstərmək mümkündür. Azərbaycan iş qurmaq, investiya yatırmaq üçün ən əlverişli ölkələrdəndir. Dövlət başçısı İlham Əliyev Çinin paytaxtı Pekində 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edib. Çinlə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir, Çinin böyük şirkətlərinin nümayəndələrinin Azərbaycanla bağlı müsbət fikirləri mövcuddur. Ölkəmizin qapıları açıqdır, düzgün niyyətlə işləmək istəyənlərə bütün şərait yaradılır.
- Avropa İttifaqı ilə Azərbaycan arasında hərtərəfli sazişin imzalanması ilə bağlı müzakirələr hansı mərhələdədir?
- Bu layihə ilə bağlı uzun müddətdir, müzakirələr aparılır. Azərbaycanla Avropa İttifaqı arasında müqavilə 1996-cı ildə imzalanıb, 1999-cu ildə qüvvəyə minib. Yeni saziş də onun davamıdır. Azərbaycan bir çox sahələrdə Avropa İttifaqı ilə əməkdaşlıq edir, 20 milyard avrodan artıq layihələr həyata keçirilib. Heç Avropa İttifaqına üzv dövlətlərdə belə deyil. Azərbaycan Avropanın enerji təhlükəsizliyində müstəsna rol oynayır. Avropa İttifaqı ilə imzalanacaq layihədə Azərbaycanın ərazi bütövlüyü məsələsi əksini tapıb. Əsas məsələ də ərazi bütövlüyünün təmin olunmasıdır. Əgər əvvəllər viza və digər kiçik məsələlərlə bağlı müqavilələr imzalanırdısa, indi isə bu, daha da genişləndirilib. Bu layihə daha əhatəlidir.
- Bəzi müxalifət təmsilçiləri saziş layihəsinin ictimaiyyətə açıqlanmasını təklif edirlər...
- Bu insanlar öz dövlətlərinə, o cümlədən Avropaya inanmırlarsa, burada onların hansı fikirlərinin, rəylərinin müzakirəsi gedə bilər? Sadəcə, onlar detalları bilmirlər, bilmədikləri üçün də mane olmağa çalışırlar. Baxın, müqaviləni oxumayıblar, amma müzakirə edirlər... Bu layihə ilə bağlı məlumatlar ictimaiyyətə açıqlanır, müzakirələr də aparılır. Müqavilənin imzalanması istiqamətində addımlar atılırsa, burada şou düzəltməyin nə əhəmiyyəti var? Onlar bu prosesə kölgə salmağa cəhd edirlər. Bu addımlarla Avropa İttifaqını təhdid və şantaj edirlər, bu da erməni lobbisinin həyata keçirdiyi planın bir hissəsidir. Post-sovet, Şərqi Avropa ölkələrinin əksəriyyəti Avropa İttifaqına ona görə daxil olub ki, yardım alsınlar. İttifaq bilir ki, Azərbaycan layihəni bərabər tərəf kimi imzalayır. Ona görə də Azərbaycan kimi ölkələrlə əməkdaşlıq etmək Avropa İttifaqı üçün də əhəmiyyətlidir. Görürsünüz ki, Avropa İttifaqının üzvləri arasında narazılıq yaranıb. Böyük Britaniya qurumu tərk etməkə hazırlaşır. İttifaqa yeni üzv olan Şərqi Avropa və daha əvvəldən üzv olan dövlətlərin bəziləri həmin büdcədən kifayət qədər vəsait alırlar, burada nəzarətsizlik mövcuddur. Bu da Avropa büdcəsinə xeyir gətirmir. Azərbaycan isə bərabər əsaslarla əməkdaşlığın tərəfindədir. Azərbaycan sərbəst, müstəqil xarici siyasət həyata keçirir, heç bir dövlətdən, beynəlxalq təşkilatdan asılı deyil. Hansısa “böyük qardaş”ın, dövlətin maraqları Azərbaycan xalqının maraqlarından üstün deyil. Xalqının maraqlarının təmsilçisi Prezident İlham Əliyevdir.
- Bir müddətdir ki, müxalifət nümayəndələri mitinq keçirilməsinə yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edirlər, amma mitinqin keçirilməsinə razılıq ala bilmirlər. Bunun səbəbi nədir, niyə razılıq verilmir?
- Mitinq keçirilməsinin bir neçə şərti var. Mitinq təşkilatçıları “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələblərinə əməl etməlidirlər. Ölkədə sərbəst toplaşma ilə bağlı hər hansı məhdudiyyət qoyulmur. İstənilən şəxs fikrini, etirazını çatdıra bilər. Təbii ki, bu, qanun çərçivəsində olmalıdır. Bilirsiniz ki, Bakı Şəhər İcra Hakimiyyətinə mitinq üçün müraciət edən təşkilatçılar üzərinə öhdəliklər götürürlər. Bu öhdəliklər arasında vətəndaşların hüquq və azadlıqlarını pozmamaq, şəxsiyyəti təhqir etməmək, dini ayrı-seçkiliyə yol verməmək, dövlət çevrilişinə, silahlı üsyana çağırış etməmək kimi tələblər var. Təəssüflər olsun ki, mitinq təşkilatçıları üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmirlər. Onlar çıxışlarında bəzi şəxslərin ünvanına ifadələr səsləndirirlər, bununla da həmin insanların hüquqlarını pozurlar. Qəsdən edirlər ki, müdaxilə olunsun, sonra da bu məsələdən sui-istifadə etsinlər. Sadaladıqlarım dəfələrlə onlara xatırladılıb, amma əhəmiyyət verməyiblər. Diqqət edin, onlar daha çox beynəlxalq tədbirlərin keçirilməsi, müqavilələrin imzalanması zamanı ortaya çıxırlar. Avroviziya Mahnı Müsabiqəsi, Avropa Oyunları keçirilərkən mitinq keçirirdilər. Amma İslam Həmrəyliyi Oyunları təşkil edilən zaman mitinq keçirmədilər, baxmayaraq ki, bu tədbirə gələn dövlət adamlarının sayı Avropa Oyunlarına gələnlərin sayından çox idi. Buradan onların məqsəd və məramları aydın olur. Hüquq-mühafizə orqanlarında ciddi məlumatlar var ki, mitinq təşkilatçıları təxribat törədərək bunu dövlətin üzərinə yıxmaq istəyirlər. Avropa İttifaqı ilə saziş imzalanması ərəfəsində bu cür addımlar prosesə kölgə salmaqdır. İddia edirlər ki, Azərbaycanda insan haqları pozulur, vətəndaşların təhlükəsizliyi təmin edilmir, bunu da dünya ictimaiyyətinə çatdırmağa cəhd edirlər. Onların dedikləri həqiqət deyil. Mitinq iştirakçıları da Azərbaycan vətəndaşlarıdır, ona görə dövlət onların da təhlükəsizliyini təmin edir. Hüquq-mühafizə orqanları bilir ki, təşkilatçıların təxribatı ola bilər, ona görə də bu istiqamətdə addımlar atır.
- Belə başa düşülür ki, bir müddət mitinqlərə razılıq verilməyəcək...
- Bu, Bakı Şəhər İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanlarının səlahiyyətində olan məsələdir.
- Hakim partiya olaraq Milli Məclisdə təmsil olunmayan hansı partiyalarla dialoqu uyğun hesab edirsiniz?
- Ümumiyyətlə, Yeni Azərbaycan Partiyasının qapıları hər bir partiya üçün açıqdır. Yəni istər Milli Məclisdə təmsil olunan, istərsə də təmsil olunmayan partiyaları dinləməyə hazırıq. Milli Məclisdə təmsil olunmamaq faciə deyil, növbəti mərhələdə cəhd edərlər. Siyasi partiyanın əsas funksiyalarından biri seçkidə iştirakdır. Məsələn, bu il bələdiyyə seçkiləri keçirilir, hazırlaşsınlar, iştirak etsinlər. Əfsuslar olsun ki, bunların heç namizədi yoxdur. Bələdiyyə seçkilərində namizədliyin irəli sürülməsi, qeydə alınması çox sadədir. Elə yer var ki, namizədin qeydə alınması üçün 15 imza tələb olunur. Bu seçkidə imzaların maksimum sayı 150-dir. Daha sonra təbliğat işinə başlaya bilərlər. Bunun özü bir təcrübədir. 2020-ci ildə də Milli Məclisə seçkilər keçiriləcək, təəssüflər olsun ki, müxalifət hazırlaşmır. Yeni Azərbaycan Partiyası isə daim fəaliyyətdədir, seçkiyə hazırlaşır. Hazırda yerlərdə tədqiqat işləri aparılır, ictimai rəy, regionun hansı xarakterə, yaş qrupuna aid namizəd arzu etdiyi öyrənilir. Tutaq ki, bir dairədə gənc nümayəndə istəyirlərsə, yaşlı şəxsin namizədliyi irəli sürülürsə, deməli, səslərin xeyli hissəsi itiriləcək. Ona görə də bunlar dəqiqləşdirilməlidir.
- Milli Məclisdə çıxışlarınızda bələdiyyələrin sayının azaldılmasını təklif edirsiniz. Konkret olaraq təklifiniz nədən ibarətdir?
- Hesab edirəm ki, bələdiyyələrin, o cümlədən üzvlərin sayı azaldılmalıdır. Azərbaycanda ən böyük bələdiyyənin 19, ən kiçik bələdiyyənin isə 3 üzvü var. Ölkədə 3-4 seçki mütəxəssisi varsa, onun da biri mənəm. Ona görə də həm hüquqi, həm də praktiki cəhətdən müzakirələr aparmağa hazıram. Təklif edirəm ki, bələdiyyə üzvlərinin sayı 1-5 arası olsun. Bələdiyyə üzvlərinin sayının azaldılması effekt verə bilər. Digər təklifim də ondan ibarətdir ki, bələdiyyə sədrləri də seçkilərdə seçilsinlər. Düzdür, indi də seçki yolu ilə müəyyənləşir, üzvlər seçildikdən sonra öz aralarından bir nəfəri sədr seçirlər. Mən sədrin də üzvlüyə seçkilər zamanı müəyyənləşməsini təklif edirəm.
- Dediyiniz təkliflər həyata keçərsə, bələdiyyələrin fəaliyyətindəki durğunluq aradan qalxacaqmı?
- Təbii ki. Tutaq ki, hazırda üzvlərin sayı 15-dir, iş 15 nəfərin arasında bölünməkdənsə, 3 nəfərin arasında bölünərsə, daha faydalı olar. Həmin şəxslər əməkhaqqı alırlar, bu da ayrılan vəsaitə ciddi şəkildə təsir edir. Türkiyə təcrübəsinə baxsaq görərik ki, ardarda seçilən bələdiyyə üzvləri var. Çünki təcrübəlidirlər, seçicilərin etimadını doğruldurlar, ona görə də davamlı olaraq səs ala bilirlər. Azərbaycanda tərkib hər seçkidə 30-40 faiz dəyişir, iş mexanizmində problemlər yaranır.
- Dövlət büdcəsindən bələdiyyələrə subvensiya ayrılır, bələdiyyələr bu vəsaiti gəlir gətirən sahələrə deyil, yol çəkilişinə, park salınmasına sərf edirlər. Sizcə, bu doğrudurmu?
- Bələdiyyələrin sayının azaldılması ayrılan subvensiyadan səmərli istifadəyə şərait yaradacaq. Bələdiyyələrin səlahiyyəti var ki, məktəb, bağça yaratsın, digər gəlirgətirən sahələr təşkil etsin. Bələdiyyələr nəzarətlərində olan torpaqlarda kənd təsərrüfatı məhsullarını becərməklə gəlir əldə edə bilərlər. Tutaq ki, meyvə bağı sala bilər, amma etmir, çünki həmin bağ 3 ilə gəlir gətirəcək, bu da 3 ilə qalıb-qalmayacağını bilmir. Ona görə də torpağı dərhal satır, növbəti seçkilərdə formalaşan bələdiyyə problemlə üzləşir. Axı torpaq artmır... Ona görə də işin düzgün qurulması vacibdir. Ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə İş Mərkəzi ayrılan maliyyənin səmərəli istifadəsinə və digər məsələlərə nəzarət edir. Bilirsiniz ki, onlar mütəmadi olaraq araşdırmalar aparırlar, müxtəlif vaxtlarda bələdiyyə üzvüləri inzibati, cinayət məsuliyyətinə cəlb edilirlər.
- Mərkəzi Seçki Komissiyasına 2018-ci il üzrə maliyyə hesabatını dövlət qeydiyyatına alınan 55 partiyadan 7-si təqdim etməyib. Hesabatların da əksəriyyəti formal olur, bəzi partiyalar isə, ümumiyyətlə, hesabat vermir. Sizcə, bu cür partiyalara ehtiyac varmı?
- Bu məsələ ciddi şəkildə tənzimlənməlidir, yəni qanunvericilik sərtləşdirilməlidir. Hər bir siyasi partiya illik maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir. Yalnız şəffaflıq tələb olunur. Partiyaların haradan maliyyəşməsini göstərmək şəffaflığın ilk şərtidir. Elə partiyalar var ki, hesabat verirlər, sənəddə rəqəmlərin hamısı sıfır olur, amma partiyanın qərargahı, təşkilat rəhbərlərinin avtomobilləri, hətta cangüdənləri də var. Sual verirəm, bunlar hansı maliyyənin hesabına edilib? Burada qaranlıq məqamlar ortaya çıxır. Həmin qüvvələr xaricdəki müxtəlif dairələrdən, daxildə müxtəlif şəxslərdən maliyyə vəsaiti alırlar. İstənilən maliyyə vəsaitinin hesabatı verilməlidir. Yeni Azərbaycan Partiyası hər il Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatı verir və bunu ictimaiyyətə açıqlayır. Milli Məclisdə təmsil olunan partiyalar da yalnız dövlət büdcəsindən ayrılan vəsaitin hesabatını verirlər. Şəffaflıqdan danışanlar, sinəsinə döyənlər desinlər ki, görək haradan vəsait alırlar...
- Milli Şura təmsilçiləri iddia edirlər ki, ReAl funksionerləri Natiq Cəfərli və Erkin Qədirli Brüsseldə Azərbaycan hökumətinin atdığı addımları dəstəkləyiblər. Ona görə də ReAl təmsilçilərini sərt tənqid ediblər. Sizcə, nə baş verir, hansı haqlıdır?
- Milli Şura təmsilçiləri ReAl Partiyanın üzvlərini “vətən xaini” adlandırırdı. Biz bütün partiyalara bərabər münasibət bəsləyirik. Onların dartışması “bazara girmək” üstündə idi. Azərbaycan Xalq Cəbhəsi Partiyası və təmsil olunduğu Milli Şura hesab edir ki, “Avropa bazarı” bunlara məxsusdur. Düşünürlər ki, Avropadan qrantı və digər formada gələn maliyyə vəsaitlərini yalnız bunlar ala bilərlər. İstər Cəmil Həsənli, istərsə də Əli Kərimli ReAl-ın üzvlərini satqınlıqda ittiham etdilər, hakimiyyətə işlədiklərini dedilər. Müxtəlif fikirlər söylədilər... Halbuki əllərində heç bir əsas yox idi. Avropaya ReAl-ı dəvət ediblər, onlar da gediblər. Milli Şura təmsilçiləri dəvət edilmədiklərinə görə narahat olub. Konkret olaraq, dava “yorğan” davasıdır. 1990-cı illərdən indiyədək heç bir yeni ideya, fikir ortaya qoymayıblar, yalnız xaricdən vəsait almaqla öz məsrəflərinə sərf ediblər. Təbii ki, beynəlxalq təşkilatlar da hansı qurumla əməkdaşlıq edilməsi üçün axtarışdadılar, həmin təşkilatlar Azərbaycan cəmiyyətinin Milli Şura və onun ətrafındakılara dəstək verməməsini yaxşı bilirlər. Milli Şura çalışır ki, müxalifəti monopoliyaya götürsün. Bilirsiniz ki, onların əməkdaşları dəfələrlə xaricdən pul gətirərkən sərhəd məntəqələrində saxlanılıblar. Milli Şura həmin vəsaitin kəsilməsindən qorxur, ona görə bu cür davranırlar. Biz bütün siyasi partiyalarla dialoqa hazırıq. Kifayət qədər sosial bazamız var, bu da xalqın etimadının göstəricisidir. Onlar təkliflərini ünvanlamalıdırlar, biz də baxıb qiymətləndirə bilərik.
- Bəzi hallarda iddia olunur ki, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlara hakimiyyətdaxili hansısa qüvvə əngəl olur. Bu cür iddialarla bağlı nə deyə bilərsiniz?
- İlk növbədə seçkiöncəsi tədqiqat aparılıb. YAP ötən il keçirilən növbədənkənar Prezident seçkilərindən əvvəl yerlərdəki vəziyyəti öyrənmişdi. Bakıdan bölgələrə ezam olunan şəxslər 1000-dən artıq, yerli təşkilatlar tərəfindən isə 5 minə yaxın görüş keçirilmişdi. Hər bir kənd, yaşayış massivində insanlarla görüşüb, onların arzu və istəklərini öyrəndik. Bütün bunlar toplanıldıqdan sonra Prezident İlham Əliyevə təqdim olundu və seçkidən sonra dərhal islahatlar həyata keçirildi. İlk növbədə struktur, daha sonra isə digər islahatların həyata keçirilməsinə başlanıldı. Prezidentin imzaladığı müvafiq sərəncamlarla pensiya, müavinət, təqaüdlər, minimum əməkhaqqı artırıldı. Dedilər ki, bu islahatlar müxalifətin yanvarın 19-da keçirdiyi mitinqlə bağlıdır, amma bu, əsasını tapmadı. Çünki 2019-cu ilin dövlət büdcəsi 2018-ci ilin noyabrında qəbul edilib. Bu islahatların aparılması üçün lazım olan maliyyənin dövlət büdcəsindən ayrılması nəzərdə tutulmuşdu. Necə olur, tərsinə gedir? Sonra dedilər ki, Avropa İttifaqlı ilə hərtərəfli saziş imzalanacaq, ona görə islahatlar həyata keçirilir. Bu da öz təsdiqini tapmadı, çünki sazişin may ayında imzalanması nəzərdə tutulur. İslahatlar ötən ilin dekabrından başlayıb. İndi də deyirlər ki, guya hakimiyyət daxilində islahatların həyata keçirilməsini istəməyən qüvvələr var, qarşıdurma yaradırlar. İslahatı ölkənin başçısı İlham Əliyev həyata keçirir, ona da heç kəs maneçilik törədə bilməz. Kim öz vəzifəsini yerinə yetirmirsə, tutduğu vəzifədən azad edilir, yeni şəxs təyin olunur. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar bundan sonra da davam etdiriləcək.
- Sosial şəbəkələrdə və mətbuat orqanlarında İçərişəhərdə qala divarlarının yaxınlığında restoranların tikilməsi ilə bağlı məlumatlar yer alıb. Bu da sosial şəbəkələrdə etirazla qarşılanıb. Baş verənlərə sizin münasibətiniz necədir?
- Baş verənləri izləmişəm. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bu məsələyə dərhal reaksiya verdi. O, İçərişəhərdə vəziyyətlə tanış oldu. Mehriban xanım həm yerli, həm də xarici mətbuat orqanları vasitəsilə bildirdi ki, ərazidə hər hansı söküntü işləri aparılmır, aparıla da bilməz. Bilirsiniz ki, İçərişəhər Birinci vitse-prezidentin şəxsi təşəbbüsü ilə YUNSEKO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib. Belə olan halda, İçərişəhərdə hansı söküntü işindən söhbət gedə bilər? Qala divarlarının sökülməsindən söhbət gedə bilməz. Sosial şəbəkə vasitəsilə yanlış informasiya yayırdılar, 2011-ci ildə aparılan təmir-bərpa işlərinə aid şəkilləri tirajlayırdılar, bunu yeni məlumat kimi təqdim edirdilər. Bu cür hallar çox olub, bəzən qəzalı vəziyyətdə olan məktəb şəkillərini yayırlar. Halbuki o təhsil müəssisəsi xeyli müddətdir, təmir olunub. Birinci vitse-prezidentin İçərişəhərdəki vəziyyətlə tanış olması, məsələyə aydınlıq gətirməsi bəzi şəxslərin çirkin niyyətini alt-üst etdi. Heç bir azərbaycanlı İçərişəhərə xələl gətirəcək hər hansı tikinti aparmaz.
- Deyirlər ki, Qala divarları ətrafında restoranların tikintisi yolverilməzdir...
- Dünyanın bir çox yerlərində olmuşam. Qədim Çin Səddində, o cümlədən Avropadakı tarixi yerlərdə bu cür obyektlər mövcuddur.
- Bakının 162 saylı məktəbinin şagirdi Elina Hacıyevanın intiharı ciddi şəkildə müzakirə olunur. E.Hacıyevanın intihara cəhd etməsindən sonra məktəbin direktoru Sevinc Abbasovanın hadisə yerinə təcili tibb yardım deyil, Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramovanı dəvət etməsi tənqid olunub. Hadisə ilə bağlı siz nə düşünürsünüz?
- Məktəbdə baş verənlərlə bağlı bir neçə dəfə müzakirə aparmışıq. Hesab edirik ki, hər bir məktəbdə iki psixoloq olmalıdır. Yalnız məktəblərdə deyil, universitetlərdə, orduda psixoloq olmalıdır. Ümumiyyətlə, psixoloqların sayı artmalıdır. Elə adamlar var ki, yalnız söhbətə ehtiyacı var, bir söhbətlə onu xilas etmək olar, amma bu insanı kimsə dinləmir. Mən kiminsə psixoloqa müraciət etməsinə rast gəlməmişəm. O məktəbdə baş verənləri ciddi şəkildə araşdırmaq lazımdır, şou düzəltməyə ehtiyac yoxdur. Kimin günahı varsa, məsuliyyətə cəlb olunmalıdır. Burada məktəb direktorunun, icra başçısının birinci müavininin və digər şəxslərin hər hansı günahı varsa, cəzasını almalıdır. Bəzi hallarda kimlərsə münasibət bildirir, müzakirə olunur, axı bu məsələ siyasi partiyalara, Azərbaycan Yazıçılar İttifaqına, Azərbaycan Bəstəkarlar İttifaqına və s. qurumlara aid deyil. Hadisə baş verib, araşdırılmalıdır, vəssalam. Müvafiq strukturlar araşdırıb qərar verməmişdən əvvəl bəziləri fikirlər söyləyirlər, məhkəmə də təşkil edirlər, cəza da kəsirlər... Bu, doğru deyil. Məhkəmə hansı qərarı qəbul edəcəksə, o qərar əsasında da nəticə çıxarılmalıdır.
- Milli Məclisdə rəhbəri olduğunuz komitədə yeni qanun layihəsi hazırlanırmı?
- Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsində hazırlanan qanun layihələri, əlavə və dəyişikliklər cəmiyyətin bütün sferalarını əhatə edir. Məsələn, tutaq ki, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi, Əmək və sosial siyasət komitəsi konkret çərçivədə fəaliyyət göstərirlər. Rəhbəri olduğum komitəyə isə cəmiyyətin bütün sferalarının təklifləri daxil olur, müzakirə edilir. Hazırda Azərbaycan vətəndaşlarının xarici ölkələrdəki müqəddəs yerlərə ziyarətlərinin təşkilinin qanunvericiliklə tənzimlənməsi məsələsi diqqət mərkəzindədir.

yap.org.az

Digər xəbərlər