Azərbaycanın enerji siyasəti bütövlükdə Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə strateji töhfələr verir

Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov
- Aydın müəllim, bildiyimiz kimi Bakıda XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgi və konfransı, həmçinin IX Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisi keçirilir. Ümumiyyətlə, Azərbaycanın həyata keçirdiyi enerji siyasətinin əhəmiyyəti nədən ibarətdir?
-Bu gün Azərbaycan Respublikası özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan birinə çevrilib. Ölkəmiz milli maraqlara müvafiq olaraq həyata keçirilən praqmatik siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu kimi çıxış edir. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilmir.
Azərbaycanın enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində strateji faktor kimi çıxış edir. Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının gündəmə gətirilməsi, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması regional miqyasda hazırkı əməkdaşlığın səmərəli nəticələridir.
Şübhəsiz ki, regionda bu günə qədər həyata keçirilən və əməkdaşlığa təkan verən layihələrdə Azərbaycanın siyasi iradəsi və qətiyyəti öz sözünü deyib. Digər tərəfdən, Azərbaycan enerji ehtiyatlarının ixracında çoxvariantlı nəqletmə sisteminə - diversifikasiya edilmiş təchizata üstünlük verir və dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilir. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı coğrafiyanın geostrateji təhlükəsizliyini daha da gücləndirir. Eyni zamanda, Azərbaycanın səmərəli enerji siyasəti yeni əməkdaşlıq platformaları müəyyənləşdirməklə yanaşı, Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə strateji töhfələr verir.
-Ölkəmizlə enerji sahəsində tərəfdaşlıq nə kimi dividendlər vəd edir? Məlumdur ki, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələri mühüm geostrateji əhəmiyyətə malikdir...
-Bütövlükdə, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verən Azərbaycanla enerji sahəsində tərəfdaşlıq əhəmiyyətli strateji dividendlər vəd edir və çoxşaxəli tərəfdaşlıq nöqteyi-nəzərindən yüksək qiymətləndirilir. Çünki, Azərbaycanın praqmatik enerji siyasəti regional və qlobal miqyasda enerji təhlükəsizliyinə xüsusi əhəmiyyət verən aparıcı dövlətlər üçün mühüm önəm daşıyır. Digər tərəfdən, Azərbaycanın balanslaşdırılmış xarici siyasət strategiyası regionun siyasi və iqtisadi, həmçinin enerji təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verməkdədir. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Beləliklə, dünya dövlətləri Azərbaycanın siyasi əhəmiyyətini yüksək qiymətləndirir, ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda enerji təhlükəsizliyi sahəsində əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu qəbul edir. Məhz XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransında ifadə olunan fikirlər də bunu deməyə əsas verir.
Onu da qeyd edim ki, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələrinin geostrateji - siyasi və iqtisadi əhəmiyyəti beynəlxalq miqyasda olduqca yüksək qiymətləndirilir. Çünki Azərbaycanın bu sahədə həyata keçirdiyi strateji kurs həm də ölkəmizlə əməkdaşlıq edən dövlətlərin enerji təhlükəsizliyinin, milli maraqlarının təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Bu baxımdan, hazırda reallaşdırılan Cənub Qaz Dəhlizi layihəsi böyük önəm kəsb edir. Prezident İlham Əliyev XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransının, həmçinin IX Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışında çıxışı zamanı bildirib ki, Cənub Qaz Dəhlizinin reallaşması tarixi hadisədir: “Bu, nəhəng infrastruktur layihəsi həm ölkəmiz, həm də digər ölkələr üçün böyük əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizinin reallaşması üçün bir çox önəmli addımlar atılmışdır və əlbəttə ki, burada beynəlxalq əməkdaşlıq xüsusi yer tutur. Çünki əgər genişmiqyaslı beynəlxalq əməkdaşlıq olmasaydı, bu nəhəng layihəni icra etmək mümkün olmazdı. 2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında imzalanmış TANAP layihəsi Cənub Qaz Dəhlizinin önəmli hissəsidir. Keçən il - düz bir il bundan əvvəl mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılışı olmuşdur. Beləliklə, bu böyük layihənin icrası istiqamətində çox önəmli addımlar atılmışdır. Bildiyiniz kimi, Cənub Qaz Dəhlizi dörd hissədən ibarətdir. Onlardan üçü artıq reallaşıb, dördüncü layihə də uğurla icra edilir”.
Göründüyü kimi, Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması fonunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu daha da artacaq. Bütövlükdə, Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyinə sanballı töhfədir.
- Dünyanın bir çox dövlətləri, o cümlədən ABŞ Azərbaycanın enerji siyasətini yüksək qiymətləndirir. Bu baxımdan, bugünlərdə Birləşmiş Ştatların Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda qeyd olunan məqamlar nə kimi önəm kəsb edir?
- Azərbaycanın müstəqil strateji kursu, eləcə də uğurlu enerji siyasəti dünya siyasətinin başlıca tendensiyalarını müəyyənləşdirən güc mərkəzləri tərəfindən yüksək qiymətləndirilir. Son bir neçə gündə ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə iki məktub ünvanlaması Birləşmiş Ştatların Azərbaycana yüksək önəm verdiyini və bölgədə liderlik rolunu aydın göstərir.
ABŞ Prezidenti 28 May Respublika Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktubda qeyd edir ki, dövlətlərimiz arasında bir çox ortaq maraqlar üzərində qurulmuş güclü tərəfdaşlıq mövcuddur. Məktubda Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələrin və Cənub Qaz Dəhlizi təşəbbüsünü irəli sürməklə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində Prezident İlham Əliyevin liderliyi dəyərləndirilir. Cənab Trampın məktubunda Azərbaycanda islahatlar istiqamətində, xüsusilə də qanunun aliliyi sahəsində Azərbaycan xalqının mənafeyinə xidmət edəcək və əməkdaşlığımızın dərinləşməsi üçün imkanlar yaradacaq bütün addımlar alqışlanır. ABŞ Prezidenti həmçinin iki ölkə arasında tərəfdaşlığın gələcək illərdə də inkişaf etməsini arzulayır.
ABŞ Prezidenti Donald Trampın Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin keçirilməsinin 26-cı ildönümü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda isə qeyd edir ki, Azərbaycan özünün tarixində bugünkü qədər firavan və qlobal iqtisadiyyata bağlı olmayıb. Bildirilir ki, Cənub Qaz Dəhlizi daxil olmaqla, Azərbaycanda hasil olunan neft və qaz dünya enerji bazarlarında sabitliyi artırmaqda davam edir. Məktubda daha sonra deyilir: “Türkmənistan və Şərqi Aralıq dənizi hövzəsi ölkələri kimi digər potensial təchizatçılarla tərəfdaşlıq quraraq Azərbaycan daha böyük liderlik rolu oynaya bilər. Ölkənizin uğurlarını genişləndirməyin əsl vaxtıdır”. Amerika Birləşmiş Ştatları xarici sərmayələrin cəlb edilməsi və innovasiyaların təşviqinə xidmət edəcək iqtisadi islahatların davam etdirilməsində Azərbaycanın səylərini dəstəkləyir. ABŞ Prezidenti eyni zamanda Azərbaycanın iqtisadi uğurlarının bütün regiona sabitliyin gətirilməsindəki rolunu da vurğulayır.
Bir sözlə, Donald Tramp Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi tərəfdarıdır. Bu isə onu deməyə əsas verir ki, ikitərəfli münasibətlər yaxşı perspektivə malikdir, tərəflər arasında əməkdaşlığın uğurla davam və inkişaf etdirilməsi həm iki ölkə, həm də region üçün strateji əhəmiyyət kəsb edir.

yap.org.az