“Seçicilərim hiddətlə bildirirlər ki...” - MÜSAHİBƏ

“Səmimi müsahibə” rubrikasının qonağı Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəblidir

Bildiyimiz kimi, artıq sentyabrın 30-da Milli Məclisin V çağırışının payız sessiyası öz işinə başlayacaq. Biz parlamentin gündəliyi ilə, parlamentin işində iştirak edən deputatlarla maraqlandıq və düşündük ki, sessiyanın işi ilə bağlı deputatlarımızdan biri ilə fikir mübadiləsi edək, parlament-hakimiyyət, parlament-cəmiyyət, parlament-seçici, eləcə də parlament-müxalifət münasibətləri ətrafında bizi maraqlandıran suallarımıza cavablar alaq. Çox düşündükdən sonra biz nəhayət Milli Məclisin ən ağır komitələrindən biri olan Əmək və Sosial Siyasət Komitəsinin sədri, Azərbaycanda ilk siyasi elmlər namizədi, siyasi elmlər doktoru, professor, beş çağırış müstəqillik dövründə, bir çağırış isə sovetlər dövründə deputat olmuş və ötən müddət ərzində, eləcə də hazırda parlamentin ən çətin komitələrindən birinə rəhbərlik edən, keşməkeşli həyatın bütün eniş-yoxuşlarından keçmiş və əlbəttə ki, jurnalistlərin dostu olan Hadı Rəcəbli ilə söhbət etməyi məqsədəmüvafiq hesab etdik. Beləliklə, müsahibəmizi də elə Hadı müəllimin Milli Məclisdəki iş otağında almaq qərarına gəldik.
- Hadı müəllim, necəsiniz və payız sessiyasının ilk iclasına hansı əhval-ruhiyyə ilə gedirsiniz
- Yaxşıyıq, çox sağ olun, minnətdaram. Biz “Səs" qəzetini sevə-sevə oxuyuruq, izləyirik, amma nədənsə, “Səs” qəzetində mənim müsahibələrim, açıqlamalarım son neçə ildə demək olar ki, görünmür. Ona görə də özümü narahat hiss edirdim və nə yaxşı ki, siz mənə və mənim ən çox sevdiyim, hörmət etdiyim qəzetlərin birində müsahibəmi dərc etmək qərarına gəldiniz.
Mövzuya gəldikdə isə, deyə bilərəm ki, parlament sessiyası fərqli olur, payız sessiyalarını dünyada büdcə sessiyaları adlandırırlar. Bu baxımdan, payız sessiyalarının baş prinsipi bol müzakirələrlə keçir, müəyyən debatlara səbəb olur, xüsusilə müxalifət-iqtidar mübahisələri də həmin ərəfəyə təsadüf edir, hər kəs büdcədən daha səmərəli və seçiciləri üçün daha çox istifadə etmək istəyir. Ona görə də, müxtəlif polemikalarla müşahidə edilən müəyyən fikir ayrılıqları əmələ gəlir.
“Mənim üçün bu sessiya əhəmiyyətli məqamları ilə çox əlamətdardır və bu sessiyalarda bizim komitənin gündəmində çox maraqlı məsələlər olur”
Əsas baş məqsəd nədir, bilirsinizmi, parlament xalqı təmsil edir və burada fikirlər bir neçə məqamları əhatə edir. Hökumət öz mövqeyindən çıxış edir və maliyyə imkanları kontekstində təkliflərini verir, deputatlar da əlbəttə ki, xalqın, seçicilərinin mənafeyindən münasibətlərini bildirir, çalışırlar ki, seçildikləri rayonların problemləri öz həllini tapsın. Əlbəttə ki, ayrı-ayrı nazirliklər də öz fəaliyyət maraqları əsasında fikirlərini çatdırırlar. Beləliklə, burada üçşaxəli fikir tandemi ortaya çıxır və bu tandem kifayət qədər çətin, narahat bir prosesdir desək, heç də yanılmarıq. Burada həm maliyyə imkanları üst-üstə düşməlidir, həm vəsaitlərin nazirliklər tərəfindən səmərəli istifadə edilməsi gündəmdə olmalıdır və əsas məqsəd olaraq, vətəndaşın güzarının daha yaxşı olması üçün mühüm qərarlar qəbul edilməlidir. Ona görə də mənim üçün bu sessiya əhəmiyyətli məqamları ilə çox əlamətdardır və bu sessiyada bizim komitənin gündəmində hər il olduğu kimi bu il də çox maraqlı məsələlər ortaya qoyulur. Qeyd edim ki, büdcə müzakirələri vaxtı Sosial Müdafiə Fondunun, İşsizlikdən Sığorta Fondunun büdcələrinin müzakirəsində biz daha çox obyektiv reallıqlardan çıxış edərək, sosial müdafiənin gücləndirilməsi haqqında düşünürük. Biz sevinirik ki, artıq indidən bizdə olan məlumata görə, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının təqdim etdiyi gələn ilin büdcəsi daha çox sözün böyük mənasında sosial yönümlü olacaq. Belə ki, 5 milyard manat bu ilki büdcənin üstünə gələcək. Əlbəttə ki, bütün bunlar imkanların, reallıqların,artan gəlirlərin məntiqi nəticəsidir. Cənab Prezidentimizin də dediyi odur ki, büdcə vəsaiti arta-arta islahatlar aparılır və həmin vəsaitlər təbii ki, nəticə olaraq vətəndaşa geri dönür.
Bizim komitə tərəfindən də bu sessiyada turizm haqqında qanuna baxılacaq, əlbəttə ki, biz qanunlarımıza əlavə və dəyişikliklərlə bağlı müraciətlər edəcəyik. Beləliklə son nəticədə Azərbaycan vətəndaşının güzəranın daha da yaxşılaşması gündəmdə olacaq.
- Siz qanun yaradıcılığı prosesindən danışdınız, hökumətin, nazirliklərin, vətəndaşların və deputatların mövqeləri barədə fikir söylədiniz və əlbəttə ki, bu üç tandem önəmlidir. Ümumiyyətlə, sözügedən məsələyə bu üç amilin baxış prizmasından yanaşma məsələsində qanun yaradıcılığı prosesi necə gedir?
- Xalqımız müstəqillik əldə etdikdən sonra Azərbaycan parlamentinin əsas məqsədi bu olub ki, müstəqil və suveren dövlətin hüquqi bazası yaradılsın. Əlbəttə ki, bunun üçün həm deputatların, həm bizim aparatın bütün kollektivi ona işləyir ki,dünyada mövcud olan praktika öyrənilsin və bu qanunlar qavranılsın, çünki bilirsiniz ki, dünyada həm də bazis qanunlar var. Ötən 25 il ərzində demək olar ki, biz hüquqi bazanı tamamilə formalaşdıra bilmişik. Reallıqlardan çıxış edərək, qanunlara əlavələr və dəyişikliklərin edilməsi məsələsi daim müzakirə olunur ki, bu da möhtərəm Prezidentimizin etdiyi çıxışlarının, və irəli sürdüyü tezislərinin, təşəbbüslərinin nəticəsi olaraq qiymətləndirilir.
“Cənab Prezidentin parlamentə göndərdiyi layihələrin müzakirəsində və qəbulunda yaxından iştirak edirik”
Sual oluna bilər ki, bəs qanun yaradıcılığında daha hansı strukturlar iştirak edir? Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikasının qanun yaradıcılığı prosesində mühüm rolları vardır və bir sıra digər strukturlar mövcuddur ki, onlar da həmin prosesin iştirakçılarına çevrilirlər. Beləliklə bütöv qanun yaradıcılığı prosesində birinci olaraq, Prezident və deputatlar iştirak edir, eləcə də dediyim kimi, müxtəlif dövlət qurumları sözügedən prosesdə iştirakçı olurlar.
İkinci böyük istiqamət qanunlara əlavə və dəyişikliklərin edilməsidir ki, burada deputatların da təşəbbüsləri var və əlbəttə ki, əsasən cənab Prezidentin parlamentə göndərdiyi layihələrin müzakirəsində və qəbulunda yaxından iştirak edirik.
Üçüncü istiqamət isə, çoxtərəfli və ikitərəfli sazişlərin,beynəlxalq konvensiyaların Milli Məclisdə təsdiq olunmasıdır ki, bu da qeyd edilən istiqamətlərdən biridir.
Söz yox ki, parlamentin işində digər məqamlar da olur ki, biz müəyyən müraciətləri, məktubları təsdiq edirik. Belə ki, fəaliyyətimizdə beynəlxalq əməkdaşlıq da geniş yer tutur, hazırda Milli Məclisdə 80-dan çox dostluq qrupları mövcuddur, onlar maliyyələşdirilərək xarici səfərlər həyata keçirirlər, xarici ölkələrdən qonaqlar qəbul edirlər. Ümumiyyətlə, biz hər zaman çalışırıq ki, Azərbaycan həqiqətlərini dünyaya çatdıraq. Bu baxımdan da Azərbaycan parlamentinin gördüyü işlər kifayət qədərdir. Misal üçün, Avropa İttifaqına üzv olmasaq da, biz orada daimi müşahidəçi kimi iştirak edirik, Avropa Şurasının, BMT-nin parlamentlərarası assambleyasının, Ümumdünya Parlamentlər İttifaqının, İƏT-nin QDİƏT-nın üzvü, Qoşulmama Hərəkatının iştirakçısıyıq və beləliklə, parlamentin qanun yaradıcılığı prosesi ilə eyni zamanda belə bir istiqamətlərdə də fəaliyyətimizi həyata keçiririk.
- Hadı müəllim, biz parlamentin formalaşmasında müxtəlif fikir ayrılıqlarını da müşahidə etmişik. Belə ki, seçki kampaniyaları səsli-küylü, mübahisəli olur, o cümlədən, seçki ərəfəsində siyasi partiyalar fəallaşır. Ümumiyyətlə, bizim parlamentin çoxpartiyalı fəaliyyətini necə görürsünüz?
- Bəli, çox düzgün buyurursunuz ki, seçki ərəfəsində istər-istəməz ictimai-siyasi fəallıq artır. Bu kampaniyalar bələdiyyə, parlament və əlbəttə ki, prezident seçkilərində aparılır. Təbii ki, bu dövrlərdə fəallıq artmaqla yanaşı, seçilmək ambisiyası olan hər bir vətəndaş qanunların tələbinə cavab verən proseslərdən keçərək, seçkilərə qatılmaq hüququndan istifadə edir. Yaxın vaxtlarda biz bələdiyyə seçkilərinə gedəcəyik və bələdiyyə seçkilərində də müxalifət fəallaşır. O cümlədən, gələn il bizim parlament seçkiləridir və burada da söz yox ki, partiyalararası debatlar aparılır.
Azərbaycanda 55 partiya mövcuddur və bu partiyaların ən böyüyü, əhalinin təxminən 8%-ni təşkil edən Yeni Azərbaycan Partiyasıdır və YAP hakimiyyətə gəldiyi gündən hazırkı dövrə qədər xalqın məhəbbətini qazanıb. Çoxluqdan başqa, keyfiyyət tərkibinə görə də öndə gedən siyasi təşkilatdır və buna görə də partiyamızın Sədri həm də ölkənin Prezidentidir, O da xalqın dəstəyi ilə seçilibdir, keçirilən prezident seçkilərində yüksək faizlər toplayıb və beləliklə, YAP ölkənin aparıcı partiyasıdır. Bu baxımdan, bizim parlamentimizdə də 70-dən çox partiyamızın üzvü var və nə gizlədək ki, Milli Məclisdə 12 müxalif fikirli partiya da var ki, onların içində böyük əksəriyyət dövlətə, dövlətçiliyə, prezidentin apardığı siyasətə sədaqətlə xidmət edirlər.
“Əli Kərimlinin, onun partiyasının və ətrafının məqsədi xalqın rifahı barədə düşünmək deyil, onların məqsədi hakimiyyətə gəlməkdir”
Onu da qeyd edim ki, biz radikal müxalifətlə müxalif fikirliləri ayırmalıyıq. Bu gün cəmiyyət, dövlət, ümumiyyətlə bütün vətəndaşlar onu görürlər ki, əgər iqtidar-müxalifət dialoqunda vətəndaş udmursa, burada vətəndaşın xeyri yoxdursa, həmin dialoqa ehtiyac da yoxdur. Amma biz təəssüf edirik ki, Əli Kərimlinin, onun partiyasının və ətrafının məqsədi xalqın rifahı barədə düşünmək deyil, onların məqsədi hakimiyyətə gəlməkdir. Lakin xalq bir dəfə aldanıb onları hakimiyyətə gətirmişdi və biz bunun ağır nəticələrini unutmamışıq. Mən sevinirəm ki, bu gün parlamentdə müxalif fikirli ağıllı, intellektual insanlar var. Hətta mən onların bir neçəsinin adlarını da çəkmək istərdim – Qüdrət Həsənquliyev, Fazil Mustafa, Çingiz Qənizadə və başqaları mövcud nöqsanları deyirlər, çıxış yolları axtarır, müxtəlif təkliflər irəli sürürlər. Onların və digər müxalif fikirli deputatların heç biri dövləti dağıtmaq və s. kimi radikal çıxışlar etmirlər, əksinə cənab Prezidentin yanında olduqlarını göstərir, dövlət maraqlarına xidmət edirlər. Təəssüf edirəm ki, bəzən hətta elə adamlarımız var ki, öz çıxışarında “bu belə olmalıdır, filan məsələ elə olmalıdır” kimi fanstastik xoşagəlimli fikirlər səsləndirirlər və bu da cəmiyyətdə populizm adlandırılır. Real fikirlərlə çıxış etməklə populizm tamamilə ayrı-ayrı şeylərdir. Düşünürəm ki, populizm yolverilməzdir və onun nə cəmiyyətə, nə xalqa, nə də dövlətə heç bir səmərəsi yoxdur.
- Hadı müəllim, YAP-ın parlamentdəki rolundan və fəaliyyətindən danışdınız. Lakin son vaxtlar başqa partiyaların iqtidar partiyası ilə birgə yığılmağı tendensiyası var, müxalifətlə əməkdaşlıq ideyaları səslənir. Siz müxalifət və iqtidarın daha hansı əməkdaşlıq formalarını görmək istəyərdiniz, bunu necə təsəvvür edirsiniz?
Bilirsiniz, müxalifətlə iqtidar münasibətləri baxımından bizim parlament bir nümunədir. Mən hakimiyyətin təmsilçisi olaraq etiraf edim ki, müxalif yönümlü deputatların bəzi fikir və təkliflərini qəbul edirəm. Çünki nöqsan hər yerdə olur. Gəlin görək, hansı cəmiyyət nöqsansızdır? ABŞ-damı nöqsan yoxdur? Fransadamı, İngiltərədəmi, yaxud dünyanın digər aparıcı dövlətlərindəmi nöqsanlar yaşanmır? Biz də millət vəkilləri olaraq, bu nöqsanların aradan qaldırılması üçün çalışır, fəaliyyətimizi cənab Prezidentin yeni iş yerlərinin yaradılması, əmək haqlarının, pensiya və yaşayış minimumuna görə müavinətlərin artırılması və s. işlərinə dəstək istiqamətində qururuq. Bu bizim əsas prinsiplərimizdən biridir.
“Köməkçilərimə də demişəm ki, kim ki, mənim fikirlərimi təhrif edir, müxtəlif istiqamətlərə yozursa, çağırın həmin adamları gəlsinlər görüşək, mənimlə söhbət etsinlər”
Yaxud, gəlin görək, hansı cəmiyyətdə əlil, ya da qismən zəif maddi imkanlar yaşayan insanlar yoxdur? Məsələn, görürsən ki, bir insan zirəkdir və kiçik sahibkarlıqla məşğuldur. Lakin onun ətrafında bəzən elə pis fikirlər yaradırlar ki, heç kim ona bənzəmək istəmir. Çox xoşagəlməz məsələlərdən biri də budur ki, biz bu gün çayxanalarda oturub vaxtlarını boşa verənlər onun-bunun pulunu saymaqla məşğuldurlar. Halbuki, biz çalışmalıyıq ki, insanlarımızı kiçik və orta sahibkarlığa doğru yönləndirək. Bu baxımdan, bizim məqsədlərimizdən biri də budur ki, özünü məşğuluq sistemi yaradaq. Ünvanlı yardımların əlsiz-ayaqsıza verilməsinin artırılması ilə yanaşı, əli-ayağı üstündə olan, işləmək imkanı məhdud olmayan - misal üçün 2-3-cü qrup əlillərə çalışmaq üçün imkanlar yaradaq. Bax, bizim dövlətimizin yürütdüyü siyasətlərdən biri də budur ki, şəxsiyyətin deqradasiyasının qarşısını alaraq, adamları işlə-güclə təmin edək. Qoy həmin insanlar da işləsinlər, pul qazansınlar. Hətta pensiyalarını da müavinətləri də alsınlar, amma işləyib qazanc da əldə etsinlər. Yaxud, görürsən ki, evdar qadındır, qoy o da ABAD Xidmətində çalışıb öz işinin səmərəsini görsün. Amma gəlin görək sözdə müxalifət deyilənlər nəyin təbliğatını aparırlar. Kimin ki, imkanı var, dərhal evinin şəklini çəkib-qoyurlar sosial şəbəkələrə. Biz keçid dövründə yaşayırıq. Ola bilər ki, kimsə sahibkarlıq fəaliyyəti ilə məşğul olub, amma həmin fəaliyyətinə görə deklarasiya təqdim etməyib. Və ya görürsən ki, məmurun oğlu, ya da ailəsindən digəri biznes fəaliyyəti ilə məşğul olur.
Əlbəttə ki. Qanunsuz korrupsiya yolu ilə qazanılan və yaradılan biznes qınaq və məsuliyyət hissi ilə müşahidə olunmalıdır. Belə olan halda həmin məmuru həbs də edirlər, mülkiyyətini də müsadirə edirlər. Bəs niyə bu barədə danışmırlar, ya da dövlətin nöqsan törədən məmuruna qarşı sərt tədbirlər görməsi barədə bir fikir bildirmirlər?!
Yeri gəlmişkən, mən öz köməkçilərimə də demişəm ki, kim ki, mənim fikirlərimi təhrif edir, müxtəlif istiqamətlərə yozursa, çağırın həmin adamları gəlsinlər mənimlə söhbət etsinlər, üzbəüz danışaq,məsələlərə aydınlıq gətirək, problemlərinin nədə olduğunu öyrənək, dəstək göstərək və s.
- Hadı müəllim, elə götürək sizi. Mən sizin həyat yolunuz barədə oxumuşam və görmüşəm ki, 12 yaşınızdan əmək fəaliyyətinizə fəhləliklə başlamısınız, 15 yaşınızdan rəsmi qeydiyyata düşmüsünüz, kifayət qədər enişli-yoxuşlu bir yol keçmisiniz...
- Bəli, mən həqiqətən də bu yolları keçmişəm. Eyni zamanda, 23 yaşımdan peşəkar siyasətdəyəm. Bütün bunlar zaman-zaman, hissə-hissə əldə olunub, yaşanıb keçib. Hər gün də səhər işə gəlirəm, axşam saatlarına qədər iş otağımda çalışıram.
“Deputatlarımızın böyük əksəriyyəti kifayət qədər savadlı, intellektual və dövlətinə xidmət edən şəxslərdirlər”
Ona görə də mən yeri gələndə parlamentin mətbuat xidmətini də qınayıram, mediadakı dostlarımızı da qınayıram ki, deputatlarımız barədə yayılan böhtan və şər dolu yalanları ifşa edən materialları ictimailəşdirmirlər, əsl həqiqəti xalqın diqqətinə çatdırmırlar. Deputatlarımızın kifayət qədər savadlı, intellektual və dövlətinə xidmət edən şəxslərdirlər. Məsələn, Milli Məclisdə 80-ə yaxın elmi dərəcəli olan, akademiklər, eyni zamanda ,iki siyasi elmlər doktoru var.Parlamentimizdə peşəkar siyasətçilər var və dolğun fəaliyyətlə məşğuldurlar.
Axı nəyə görə heç bir əsasları olmadan yazıb-pozurlar ki, hansısa deputatın, eləcə də mənim filan qədər villası, şadlıq evləri, restoranları var, ya da daha nələri... Axı bütün bunlar gülməli söhbətlər və iddialardır. Biz də inkar etmirik ki, neçə illərin adamıyıq bizim də nəyimizsə ola bilər. Təəssüf ki, cəmiyyətimizdə belə dayaz düşüncəli insanlar da var ki, ictimai rəyi aldatmaqla məşğuldurlar. Ona görə də bir daha demək istəyirəm ki, mətbuatda, sosial şəbəkələrdə anonim yazanlar gəlsinlər parlamentə və mənim qəbul günlərim var, buyurub mənimlə görüşsünlər. Belə təəssüfedici hallar yaşanarkən, sizi inandırım ki, mənim seçicilərim telefon zəngləri edir, ən kəskin halda hiddətləndiklərini bildirirlər ki, nəyə görə bu kimi yalanları, böhtanları cəmiyyətdə yayırar.
“Xaricdə oturub saçına rezin vuran, “priçoska” saxlayan, tərbiyəsizlik edən, söyüş söyən müxalifətdə oturanlar həyata real, açıq gözlə baxmağı bacarmırlar”
Bu gün sabitliyi pozmağa çalışanlar bilməlidirlər ki, onların səs-küylərini özlərindən başqa kimsə eşitmir. Azərbaycanda fəaliyyət göstərən ASAN XİDMƏT bütün dünyada rezonans doğurub. DOST xidməti, ABAD xidməti buyurun və görün ki, ölkəmizdə nə qədər nəhəng işlər həyata keçirilib və bilavasitə xalqın rifahı üçün fəaliyyətlər göstərilir.
İndi onlar ölkədə sabitliyi pozmağa çalışırlar. Nə əldə edəcəklər axı belə qaragüruhçuluqla? Çünki onların məqsədləri xaricdəki bəzi anti-Azərbaycan dairələrdən gələn sifarişlər qarşılığında sabitliyi pozmaq cəhdləridir.
- Deputatlardan danışmışkən, parlamentdə incə məqamlar da var. Misal üçün müşahidə etmişəm ki, siz yanaşı kürsüdə oturduğunuz millət vəkili Hüseynbala Mirələmovla orta məktəbdə də bir parta arxasında oturmusunuz. Yəni bu da maraqlı bir təsadüfdürmü yoxsa...?
- Bəli, bu da maraqlı təsadüfdür. Çünki mənim Hüseynbala müəllimlə həyatımız bağlıdır. Uşaq olarkən biz fəhləliyi də bir yerdə etmişik, oxumaqda, təhsil uğrunda da biz dostcasına yarışmışıq, rəqabət aparmışıq ki, fəal və əlaçı olaq. Ona görə də məktəbi əla qiymətlərlə bitirmişik. Ali təhsil müəssisəsinə daxil olanda da biz yaxşı mənada bəhs eləmişik, bir-birimizə daim dəstək olmuşuq. Həmçinin, mən Hüseynbala müəllimin yaradıcılığında ilk oxucularından olmuşam, onun hələ 7-ci sinifdə yazdığı ilk hekayəsini elə ilk dəfə də mən görmüşəm. Beləliklə, bizim həyatımızın böyük hissəsi bir yerdə keçib, bu gün də parlamentdə yanaşı əyləşirik.
- Hüseynbala müəllimdən danışmışkən, o Xətai rayonundan seçilib, bəs siz seçici-deputat münasibətlərini necə görürsünüz?
Əlbəttə deputatlığa namizədlər öz seçiciləri ilə görüşür, onlarla təmasda olur ki, əlbəttə burada da bir qanunauyğunluq vardır. Amma bir başqa məsələ də var ki, 37 min seçici ilə vaxtaşırı görüşüb, onların fikirlərini bölüşmək bir az çətinləşib. Bəs bunun səbəbləri nədir? Məsələn mən komitə sədriyəm, parlamentdə çox gərgin iş rejimim var, səhər-axşam burada oluram. Lakin buna baxmayaraq, ən pis halda, bir ay ərzində iki dəfə rayona gedirəm, yaxud orada 15-20 nəfəri qəbul edirəm, on nəfərin qapısını döyürəm, toyunda, xeyir və şərində iştirak edirəm. Beləliklə, çalışırıq ki, seçicilərimizlə görüşək, onların problemlərini dinləyək, qayğıları ilə maraqlanaq, fikirlərini parlamentə çatdıraq. Əlbəttə, biz belə məsələləri çox sadalaya bilərik, yol, məktəb tikintilərində, su çəkilməsində, iş yerlərinin yaradılması prosesində müvafiq yuxarı təşkilatlarla əməkdaşlıq edirik, beləliklə xalqın istədiyini hətta bəzən onların bilmədikləri halda yerinə yetiririk. Amma nə edəsən ki, bəzən belə bir fikirlər də səsləndirilir və bunu da təbii saymaq olar ki, seçicilər beş ildir seçilməsinə baxmayaraq, onlarla bir dəfə də görüşmədiklərini deyirlər.
- Bəs qarşıdan gələn seçkilərlə bağlı nə deyə bilərsiniz, siz bu seçkilərdə iştirak etmək istəyirsinizmi?
- Gələcək seçkilərdə mənim iştirakımla bağlı çox tez-tez sual verirlər Təəssüf edirəm ki, bəzən bunu da irad tuturlar ki, parlament qocaların yeridir. Məhz Platon dövründə, yəni eramızdan 300-400 il əvvəl “Hakimiyyət” kitabında və digər əsərlərdə də siyasətdən söhbət gedəndə görmüşük ki, bütün dövrlərdə ağsaqqallar şurası olub. Məhz elə ona görə də dünya səviyyəsində parlamentarilərin orta yaşı 55 ilə 62 arasındadır.
“Parlament varislik prinsipinə əməl etməklə əlbəttə ki, sanballı insanlardan ibarət olmalıdır”
Bizdə isə, orta yaş həddi 55-dən aşağıdır. ABŞ-da 62 yaşdır hətta bəzi ölkələrdə 67 yaş və yuxarıdır. Beləliklə, parlament ağıllı-sanballı, təcrübəli insanlardan ibarət olmalıdır. Eyni zamanda varislik prinsipi var. Məsələn, SSRİ dönəmində kvota var idi ki, deputatların neçəsi qadın, neçəsi kişi, neçəsi gənc olmalıydı. Yəni yuxarıdan bunu deyirdilər və mən də Partiya Komitəsinin birinci katibi olanda bunu icra edirdim. Amma indi tamamilə fərqli seçki sistemidir və mən də çox sevinirəm ki, bizim parlamentdə 40 yaşında, 50 yaşında deputatlarımız var, onlar fəallıqları ilə seçilirlər. Eləcə də 60 və ondan çox yaşıolan deputatlarımız var. Hər seçkidə Milli Məclisin tərkibi 35-40 % dəyişir. Demək ki, bu normal haldır. Beləliklə, parlament varislik prinsipinə əməl etməklə əlbəttə ki, sanballı insanlardan ibarət olmalıdır.
Seçkilərdə iştirakla bağlı deyərdim ki, bizim partiya özünün ən layiqli adamlarını, cəmiyyət tərəfindən qəbul olunanları, xalqın dəstəklədiyi şəxsləri deputatlığa namizədliyə seçir. Əlbəttə, partiyamız məsləhət bilərsə, əgər bizi yenidən tövsiyə edərsə, məmnuniyyətlə seçkilərə qatılacağıq.
- Hadı müəllim, bu yaxınlarda Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin rəhbəri kimi Çinə səfər etmişdiniz. Ümumiyyətlə, həmin səfərin məqsədi və məramı daha hansı məsələlərlə bağlı idi?
- Çinə səfərimizin başlıca məqsədi Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasındakı münasibətlərin qurulmasının 20-ci ildönümü idi və bu münasibətlərin inkişafı əlbəttə ki, dövlətlərimiz arasındakı isti münasibətlərin göstəricisidir. Bu baxımdan bir sıra görüşlərdə iştirak etdim və nümayəndə heyətimizdə olan partiyamızın tanınmış, nüfuzlu simaları da kifayət qədər fəallıq nümayiş etdirdilər.
“YAP və ÇKP, Azərbaycan və Çin xalqları arasındakı dostluq əlaqələrin, Çinin “Bir kəmər-bir yol” təşəbbüsünün reallaşmasında Azərbaycanın rolu müzakirə olunub”
Görüş və tədbirlərə gəlincə isə xatırlatmaq istərdim ki, biz orada ÇKP MK-nın Beynəlxalq şöbəsinin nazir səviyyəsində rəhbəri Sun Tao ilə, ÇKP MK-nın Beynəlxalq əlaqələr şöbəsinin 6-cı Departamentinin rəis müavini Van Minlə, ÇKP MK-nın Ali Partiya Məktəbinin təhsil şöbəsinin direktoru xanım Dun Tsinlə və məktəbin təhsil əməkdaşlıq şöbəsinin direktoru xanım Lo Mintsi ilə, ÇKP Şanxay şəhəri Daimi Komitəsinin üzvü Can Qanmayo ilə səmərəli görüşlər keçirdik. Görüşlərdə YAP və ÇKP, Azərbaycan və Çin xalqları arasındakı dostluq münasibətləri, Çinin “Bir kəmər-bir yol” təşəbbüsünün reallaşmasında Azərbaycanın rolu müzakirə olunub, dövlət idarəçiliyi sahəsində iki ölkə arasında təcrübə mübadilələri aparılıb.
Rəsmi görüşlərlə yanaşı, bizim Çinin qədim tarixi, mədəniyyəti, şəhərləri ilə də tanışlığımız oldu. Biz Pekində “Quqon” İmperator sarayını, Böyük Çin səddini, Şanxayda “Şərqin mirvarisi” adlanan teleqülləni, Çinşan rayonunda yerləşən Fencin qədim şəhərini və Sühoy rayonunda fəaliyyət göstərən “Mehriban qonşuluq” mərkəzini ziyarət etdik. Ümumiyyətlə, bu səfər bizdə hər zaman yenilənən Çin haqqında növbəti yeni, maraqlı təəssüratlar yaratdı. Fürsətdən istifadə edərək, partiyamızın rəhbərliyinə və səfər dostlarımın hər birinə ayrı-ayrılıqda minnətdarlıqlarımı çatdırmaq istərdim
- Son sualım isə belədir ki, nəyə görə bir sıra insanlar öz uğursuzluqlarını başqalarının üzərinə atırlar, yəni bu uğursuzluqlarını bilavasitə özlərində axtarmırlar?
- Bilirsiniz, bu kimi məsələdə bir neçə vacib faktorlar var. Birinci ailə tərbiyəsidir. Çalışmalıyıq ki, övlad ələbaxımlı böyüməsin. Bax, bu bir nömrəli faktordur. İkincisi isə məktəb, cəmiyyət amilidir. Burada dost amilini xüsusilə ayırmaq istərdim. İnsan kiminlə oturub-durmalıdır, kiminlə fikirlərini bölüşməlidir, gələcək həyatlarının qurulması üçün kiminlə məsləhətləşməlidir, əlbəttə ki, dostla.
“Bir neçə il əvvəl şəhərdə limon satan gənc gördüm, indi onun böyük mağazası var”
Ancaq elə insanlar da var ki, onlar necə deyərlər, “ver yeyim, ört yatım, gözlə canım çıxmasın” prinsipi ilə yaşayır, bir balaca əziyyət çəkən kimi də həyat uğursuzluğunu başqalarında axtarır. Haşiyə çıxaraq kiçik bir hadisə nəql etmək istərdim. Bir neçə il əvvəl şəhərdə limon satan bir gənc mənə müraciət etdi. Lənkərandan idi. Polis onu təqib edir, ərazidən uzaqlaşdırmağa çalışırdı. Mən də həmin məsələyə müdaxilə edərək, acıqlandım ki, bu adam axı öz həyətinin məhsulunu satır, niyə ona mane olurlar? Bir müddət sonra həmin şəxsi məclislərin birində mənə yaxınlaşıb öyrəndim ki, onun artıq mağazalar şəbəkəsi var və ciddi ticarətlə məşğuldur. Yəni demək istədiyim həm də odur ki, hətta deputatlarımızın bir çoxu fəhləlikdən, zəhmətdən, əziyyətdən keçərək indi mövqe sahiblərinə çevriliblər. Məgər bu pis haldırmı? Mənim cavanlara, gənclərə də tövsiyəm budur ki, həm çalışsınlar, həm təhsil alsınlar, həm də unutmasınlar ki, uğur yalnız onların öz əllərindədir. Bütün bunlar üçün isə dövlətimiz, ölkə rəhbərliyimiz bütün imkanları yaradıb.
-Səmimi, geniş müsahibənizə görə minnətdarlığımızı çatdırırıq Hadı müəllim...
- Mən də öz növbəmdə bir daha hər birimizə əziz, doğma olan “Səs” qəzetinə, qəzetin baş redaktoruna, mübariz və əqidəli kollektivinə böyük minnətdarlığımı bildirir, sayğılarımı çatdırıram ki, belə bir səmimi müsahibəni məndən aldınız. Təşəkkür edirəm.

sia.az