Müsahibə

  • 7 085

Qədirbilən Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini çox yüksək qiymətləndirir, Onun əziz xatirəsini daim öz qəlbində yaşadır

image

Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin sədri, əməkdar iqtisadçı Məmməd Məmmədov
- Məmməd müəllim, dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günüdür. Sizcə, Ulu Öndərimizin Azərbaycanın dövlətçilik tarixində yeri və rolu nədən ibarətdir?
- Zəngin dövlətçilik tarixinə malik Azərbaycan bu gün dünya siyasi arenasında layiqli yer tutan, etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə kimi tanınır. Təbii ki, ölkəmiz bu mərhələyə - bugünkü yüksəliş və inkişaf dövrünə asanlıqla çatmayıb. Azərbaycanın müstəqil, qüdrətli ölkə kimi tərəqqi yoluna çıxmasında lider amili əvəzsiz – həlledici rol oynayıb. Bəli, biz bu gün böyük qürurla qeyd edirik ki, müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Yəni Ulu Öndər müstəqil Azərbaycanın banisi, xalqımızın və dövlətimizin xilaskarıdır. Bir məqama xüsusi diqqət yetirmək lazımdır: bu nüans ondan ibarətdir ki, Ulu Öndər Heydər Əliyev həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqımız, dövlətimiz qarşısında misilsiz xidmətlər göstərib. Yəni xalqımızın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə əvəzsiz işlər görülüb. Yəni Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir.
Bu gün qədirbilən Azərbaycan xalqı Ulu Öndərin misilsiz xidmətlərini çox yüksək qiymətləndirir, Heydər Əliyevin əziz xatirəsini daim öz qəlbində yaşadır. Çünki Heydər Əliyev Azərbaycanı xaosdan, tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxarıb, respublikamızın sürətli yüksəlişini – inkişafını təmin edib, müstəqilliyimizi daimi və əbədi etməyə nail olub. Bütün bu nailiyyətlərin təməlini təşkil edən başlıca amil Ümummilli liderin Öz xalqının rifahı üçün böyük fədakarlıqlar nümayiş etdirərək yorulmaz və səmərəli fəaliyyət göstərməsi idi. Xalqına dərindən bağlı olan və böyük məhəbbət bəsləyən, vətənpərvər şəxsiyyət olan Heydər Əliyev fəaliyyətinin bütün dövlərində xalqa ləyaqətlə xidmət edib, Azərbaycanı inamla irəliyə aparıb.
- Bu gün Azərbaycanın hər bir guşəsində Ulu Öndər Heydər Əliyev böyük ehtiramla anılır. Onun xalqımız qarşısındakı xidmətləri tariximizə qızıl hərflərlə yazılıb…
- Ulu Öndər Heydər Əliyev güclü dövlət ideyasına sadiq qalaraq ilk növbədə sosial problemlərin həlli sahəsində dövlətin rolunun artırılmasına xüsusi əhəmiyyət verirdi. Bir yandan inflyasiya, iqtisadiyyatın güclü böhran yaşaması, əvvəlki iqtisadi əlaqələrin dağılması və yenilərinin yaranmaması, bir yandan isə ölkəmizin zorla cəlb olunduğu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi fonunda əhali yoxsulluq həddinə düşmüş, özlərinin minimal sosial tələbatlarını ödəmək imkanlarından məhrum olmuşdu. Təbii ki, cəmiyyət həyatının bütün sahələrində olduğu kimi yenə də bütün yük sosial siyasətin başlıca subyektinin - dövlətin üzərinə düşürdü.
Yeni, kövrək addımlarını atan Azərbaycan özünün hədəflərini düzgün müəyyən etmişdi. Bu, demokratik, hüquqi, iqtisadi aspektdə bazar münasibətlərinə rəvac verən, sahibkarlığı və çoxmülkiyyətçiliyi dəstəkləyən, sosial aspektdə isə hər kəsin layiqli həyat səviyyəsini təmin etməyi öhdəsinə götürən bir dövlət ideyası idi. Şübhəsiz ki, totalitar rejimdən çıxmış, uzun illər dövlətçilik ənənəsindən məhrum olmuş, iqtisadiyyatı dərin böhran keçirmiş bir ölkə üçün transformasiya prosesi elə də asan və rahat olmayacaqdı. Əslində Azərbaycanda dövlətin transformasiyası totalitar rejimdən demokratik cəmiyyətə keçidi təmin etməyə istiqamətlənmişdi. Buna isə radikal addımlarla nail olmaq mümkün deyildi. Bu mənada Ulu Öndər Heydər Əliyev məhz islahatlar yolunu seçmişdi.
Bu gün gündən-günə tərəqqi edən Azərbaycanın hansı guşəsinə baxsan, gözümüzün önündə Ulu Öndər Heydər Əliyevin vətənimiz və xalqımız üçün gördüyü möhtəşəm işlər canlanır. Heydər Əliyevin tariximizdə oynadığı rol illər keçdikcə daha dərindən dərk edilir, təhlil olunur və əsl qiymətini alır.
- Ulu Öndər Heydər Əliyevin Azərbaycanda sığorta sahəsinin inkişafı ilə bağlı xidmətləri haqqında da fikirlərinizi bilmək istərdik…
- Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə Azərbaycanda sığorta sahəsi yeni inkişaf yoluna qədəm qoymuşdur. Belə ki, ölkəmizdə milli sığorta bazarı ötən əsrin 90-cı illərinin ortalarında formalaşmağa başlamışdır. Azərbaycanın tarixində ilk dəfə olaraq Milli Məclis tərəfindən “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qanunla ölkəmizdə sığorta işi hüquqi bazaya malik olmuş, milli sığorta bazarının yaranmasına şərait yaradılmışdır.
Sığorta bazarının daha da inkişaf etdirilməsi məqsədilə 1996-cı ildə MDB ölkələri arasında ilk dəfə Azərbaycan Respublikasında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında Qanunu qəbul edildi.
Müstəqilliyimizin ötən dövründə Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış fərman və sərəncamlar, qəbul olunmuş qanunlar, qərarlar və digər normativ-hüquqi aktlar respublikada sığorta bazarının inkişafına zəmin yaratmışdır. Ali Baş Komandanın yeni formalaşan silahlı qüvvələrin hərbçilərinə, daxili işlər orqanlarının əməkdaşlarına diqqət və qayğının təzahürü olaraq, onların sosial müdafiəsini gücləndirmək məqsədilə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” və “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunlar qəbul edilmişdir.
1994-cü il 20 sentyabrda Azərbaycan üçün çox əhəmiyyətli olan neft hasilatı ilə əlaqədar olan “Əsrin müqaviləsi” imzalanandan sonra bu işi həyata keçirən Beynəlxalq Əməliyyat Şirkətinin bütün risklərinin frontiq sığortası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən həyata keçirilmişdir. Şirkət Londonun “Lloyd” sığorta korporasiyasının “Secviq” broker qrupu vasitəsilə Beynəlxalq Əməliyyat Şirkətinin risklərini sığortalayaraq beynəlxalq təkrar sığorta bazarında tanınmışdır.
Respublikada iqtisadiyyatın və sığortanın inkişaf etdirilməsi ilə əlaqədar 1995-ci ildə İngiltərənin “Adam Smit” Universitetinin təşəbbüsü ilə keçirilən və mənim də iştirak etdiyim simpoziumda Ulu Öndər Heydər Əliyev iqtisadiyyatın bütün sahələri kimi sığorta bazarının inkişafı ilə bağlı çıxışında da belə demişdir: “Sığorta - Azərbaycan üçün nisbətən yeni və axıra qədər öyrənilməyən sahədir. Biz şübhəsiz ki, sığorta işini inkişaf etdirməliyik, lakin bu işi düzgün və pəşəkarcasına yerinə yetirməliyik”.
Onu da qeyd edmək istəyirəm ki, mən 28 yaşımda Bakı Əmanət Bankının rəisi vəzifəsinə Ulu Öndər Heydər Əliyevin xeyir duası ilə təyin edilmişdim. Hər zaman tutduğum məsul vəzifələrdə Ulu Öndərin etimadını doğrultmağa çalışmışam.
- Hazırda Heydər Əliyev siyasəti Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Heydər Əliyev siyasətinin bu gün dövlətimizə qazandırdığı uğurlar barədə nə deyə bilərsiniz?
- Məhz xalqımızın Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa müddət ərzində ölkəmiz sosial-iqtisadi inkişaf və dünya sisteminə inteqrasiya sahəsində çox böyük nailiyyətlər əldə edib. Ən böyük nailiyyətlərimizdən biri də ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində sosial-iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə yeni bir modeli -Azərbaycan modeli yarandı.
Bu gün Ulu Öndərin milli dövlətçilik konsepsiyasının bütün atributları öz real təsdiqini tapmaqla Azərbaycanı iqtisadi, siyasi, sosial, humanitar inkişaf yoluna çıxarmışdır. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və son 16 ildə davam etdirilən siyasət nəticəsində regionun lider dövlətinə çevrilən Azərbaycan hər keçən gün ərzində yeni-yeni uğurlar əldə edir. Məhz bu uğurların fonunda beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edilən ölkəmiz, eyni zamanda, nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi də tanınır. Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu siyasət, həmçinin müxtəlif sahələri əhatə edən islahatlar öz müsbət nəticələrini verməkdədir.
Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, əhalinin aztəminatlı təbəqələrinə kömək göstərilməsi, yoxsulluğun aradan qaldırılması Azərbaycanda dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Son illərin reallıqları ondan ibarətdir ki, ölkəmizin dinamik iqtisadi inkişafı sığorta bazarına təsirsiz ötüşməyib. İqtisadiyyatda həyata keçirilən köklü dəyişikliklər makroiqtisadi sabitliyi təmin etməklə bərabər, əhalinin sosial müdafiəsini daha da gücləndirmək üçün sığorta bazarının davamlı inkişafı üçün möhkəm zəmin yaradıb.
Bu gün ölkə həyatının bütün sferalarında olduğu kimi, mühüm sahələrdən biri olan sığorta bazarının inkişaf etdirilməsi, təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğun təşkil edilməsi üçün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən müvafiq normativ-hüquqi aktlar təsdiq edilir.
Onu da deyim ki, ölkə iqtisadiyyatının, sənayesinin, kənd təsərrüfatının inkişafı, əhalinin maddi-rifah halının gündən-günə yaxşılaşdırılması sığorta işinin inkişafına əsaslı zəmin yaradır. Bu məqsədlə Dövlət Sığorta Şirkəti əhaliyə daha dolğun sığorta təminatı yaratmaq üçün 8 icbari və 29 könüllü növ üzrə sığorta xidməti göstərir.
Həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar, iqtisadiyyatın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalının dinamik inkişafı, əhalinin maddi-rifah halının yaxşılaşdırılması sığortanın mütəmadi inkişafına geniş zəmin yaradır.
Qeyd etmək lazımdır ki, Dövlət Sığorta Şirkəti ölkənin sığorta bazarında hər zaman lider yerlərdə olmuşdur. Şirkətin uğurlu fəaliyyətinə, fiziki və hüquqi şəxslərə keyfiyyətli sığorta təminatına və xidmətlərinə görə dəfələrlə beynəlxalq və milli mükafatlara layiq görülmüşdür.

yap.org.az

Digər xəbərlər