MİA

  • 4 701

Avropa İnsan Hüquqları Konvensiyasının təfsiri

image

Konvensiya cəmiyyətin hər bir üzvünü müdafiə edir. Konvensiyada tələb olunan müdafiəni təmin etməkdən hər hansı dövlət çəkindikdə, bu, özü elə Konvensiyanın pozulması hesab oluna bilər. Bu münasibətlə, Strasburq presendent hüququnda aparıcı məhkəmə işi "X və Y-nin Hollandiyaya qarşı" olan işdir. Y uşaq evində yaşayan əqli cəhətdən şikəst bir qız idi. On altı yaşından sonra o, uşaq evinin direktoru tərəfindən zorlanmışdı. Holland qanunlarına görə, qadınların toxunulmazlığı 18 yaşdan sonra Cinayət Məcəlləsi tərəfindən qorunur və 16 yaşına qədər isə həddi-büluğa çatmayanlar kimi müdafiə olunurdu. Lakin bu işdə şikayətçi Y-nin milli (yerli) orqanlar qarşısında şəxsi həyatına qarşı hörmət bəslənilməsi hüququnun pozulması barədə şikayət etmək üçün heç bir imkanı yox idi. İcra olunan qanunvericiliyin bu çatışmazlığında məhkəmə Konvensiyasının 8-ci maddəsinin pozulmasını aşkar etdi.

M.Villicer yazır: "Konvensiyanın təsisedici funksiyaları fərdi şəxslər arasında Konvensiyanın tətbiqi kimi yanlış başa düşülməməlidir. Konvensiya hüquqları digər fərdlərə qarşı deyil, yalnız dövlət orqanlarına qarşı işlənə bilər. Başqa sözlə desək, ərizəçi Y sözügedən evin direktoruna qarşı deyil, yalnız dövlətə qarşı şikayət hazırlaya bilərdi. Lakin bununla belə, təsisedici funksiyalar o mənanı da daşıyır ki, dövlətin təqdim etdiyi qanun, cəmiyyəti onun bütün münasibətlərində insan hüquqları üzrə Avropa Konvensiyasında əks olunmuş hüquqlar əsasında idarə olunmasını təmin etsin.

Təfsirin son elementlərindən biri Konvensiyanın "canlı sənəd" kimi xüsusiyyəti ilə bağlıdır. Bu anlayış təfsirin bir çox digər amillərini, o cümlədən, cəmiyyət dəyişdikcə hər hansı terminin adi mənasının dəyişməsini və Konvensiya zəmanətlərinin təfsirinin həmişə mütləq onların icrasını təmin etmək məqsədini güdməsini özündə birləşdirir. Konvensiyasının preambulası da insan hüquqlarının sonrakı inkişafına istinad edir. Belə nəticə çıxır ki, Konvensiya hüquqlan yalnız bu hüquqların, həqiqətən, əhəmiyyət kəsb etdiyi, fərdin gündəlik həyatında tətbiq oluna bildiyi yerdə fərdi səmərəli surətdə qoruya bilər. Müasir cəmiyyətin dəyişikliklərinə Konvensiya hüquqları uyğunlaşdırılmadan mümkün deyil.

Məsələn, ətraf mühitin qorunması özü-özlüyündə bir hüquq kimi Konvensiyaya daxil edilməyib. Lakin buna baxmayaraq, o, fərdin rifah halında vacib rollardan birini oynayır və məhkəmə, Konvensiyasının 8-ci maddəsi çərçivəsində ekoloji hüquqları özündə cəmləşdirən fərdin şəxsi həyatına hörmət hüququnu müəyyən etmişdir. Homoseksualizmi və ya hətta transseksualizmi götürək. Bu anlayışlar Konvensiya 1950-ci ildə qüvvəyə minəndə, ya qadağan olunmuşdur, ya da məlum deyildir. Bu gün, bu anlayışlar fərdin şəxsi həyatına hörmət hüququ tərəfindən müdafiə olunur.

İşgəncə və qeyri-insani rəftar istilahlarını necə təfsir etməkdə məhkəmə, konkret olaraq, çətinliklə qarşılaşır. O, 2-ci maddədəki yaşamaq hüququ ilə birlikdə bütün Konvensiyanın mərkəzində duran bu müddəaya müvafiq icra qaydası vermək məqsədi güdən zəngin bir presedent hüququ tətbiq etmişdir".

Bu müddəaların açıqlığının bir səbəbi də, məhz onların nisbiliyidir. Əvvəllər İnsan Hüquqlarının Avropa Komissiyasının söylədiyi kimi, hər hansı yaşlı qoca şəxs üçün qadağan olunmuş qeyri-insani cəza üsulları xoşagetməz olsa da, hər hansı cavan və fiziki cəhətdən sağlam olan əsgər üçün məqbul sayıla bilər. Məhkəmə bu nisbiliyi, hər hansı konkret halda qiymətləndirmənin, əsasən, şəraitdən, o cümlədən, ərizəçinin yaşı, cinsi və sağlamlığından, həm də ona göstərilən (onunla edilən) rəftarın növü və müddətindən asılı olacağını vurğulamaqla təsdiq etmişdir.

Nisbilikdən savayı, məhkəmə digər çətinliklərlə də üzləşir. Konvensiyanın 3-cü maddəsi, müdaxilənin dərəcəsinə görə bir-birindən fərqlənən, lakin eyni mahiyyətli iki qadağan olunmuş anlayışları ifadə edir. Sözügedən müddəa işgəncə və qeyri-insani rəftarın adını çəkir. Lakin işgəncəyə həmişə qeyri-insani rəftar daxildir. 3-cü maddədə qadağan olunmuş rəftarın iki müxtəlif səviyyəsindən söhbət gedir. Birinci hədd, xoşagəlməz olsa da, 3-cü maddəyə uyğun gələn rəftarı qadağan olunmuş qeyri-insani rəftardan ayırır. Qeyri-insani rəftarın həddi, sözügedən rəftar müəyyən ciddilik səviyyəsinə çatdıqda nail olunur. İkinci hədd bu qadağan olunmuş qeyri-insani rəftarı işgəncədən ayırır ki, o da qeyri-insani rəftarın ən ağır formasıdır. Bu hədd sözügedən rəftarın, xüsusilə, qəddar və ciddi formada olması ilə təzahür edir.

Bu hədləri qısaca təsvir etmək üçün sizin diqqətinizi İrlandiyanın Böyük Krallığa qarşı qaldırdığı ərizəyə yönəldim. Beləliklə, məhkəmə 3-cü maddəni o dərəcədə təfsir edib ki, hüquq pozuntusunun iki müxtəlif həddindən söhbət gedir: qeyri-insani rəftar və onun daha sərt forması - işgəncə. Hər ikisi Konvensiyanın pozulmasına bərabərdir, lakin burada işgəncə xüsusilə ciddi bir pozuntudur.

Müəllifin fikrincə, qeyri-insani rəftarın əsassız olaraq ittiham olunduğu (güman edildiyi) hallarda, sübutetmə vəzifəsini paylaşdırmaqla məhkəmə Konvensiyanın 3-cü maddəsini qüvvəyə mindirməklə, daha bir addım irəli getmişdir. Çətinlik onda yaranır ki, polis şöbəsində və ya həbsxanada onunla pis rəftar edildiyini iddia edən hər hansı şəxs sübut göstərərkən çətin vəziyyətə düşür. Çox vaxt hadisənin iştirakçısı olan polislər və ya həbsxana məmurları hər hansı formada pis rəftar edilmə məsələsini gizlədəcəklər. Digər tərəfdən, həm polisin, həm də həbsxana məmurlarının özlərinə müdafiə olunmaq lazımdır! Çünki hər hansı məhbus qisas almaq üçün həbsxana rəhbərliyinin sərt davranışını qeyri-insani rəftar kimi qələmə verib, şikayət tərtib edə bilər.

Məhkəmə, polis şöbəsi və ya həbsxanadan kənarda və onların daxilində pis rəftar barədə edilmiş şikayətləri bir-birindən ayırır. Əgər pis rəftarın açıqda edilməsi iddia olunursa, onda sübut gətirmək zərərçəkənin üzərinə düşür. Məsələn, vəziyyəti görmüş şahidlərin köməyi ilə. Bu, sübutetmənin normal yüküdür. Çünki hər hansı fakt, əsassız (sübutsuz) bəyan (iddia) edən şəxs sübut (dəlil) gətirməlidir.

Pis rəftarın həbsxana və ya polis şöbəsi hüdudlarında törədildiyi, iddia edildiyi hallarda, məhkəmə sübutetmə vəzifəsini dəyişmişdir. Məhkəmənin qərarı ondan irəli gəlir ki, həbsxanada olarkən, prinsip etibarilə dövlət orqanları məhbusun sağlamlığına cavabdehdir. Əgər pis rəftarın həbsxanada baş verməsi iddia olunursa, onda hər hansı yaralar və xəsarətlər barədə zərərçəkənin özü həbsxana həkimindən təsdiqedici tibbi arayış almalıdır. Bundan sonra, bu xəsarətlərin necə əmələ gəlməsini izah etmək həbsxana rəhbərliyinin üzərinə düşür. Zərərçəkən özü-özünə xəsarət yetirmişdir, yoxsa müxtəlif məhbuslar arasında savaşlar olmuşdur. Strasburq Məhkəməsi təqdim olunmuş izahatları diqqətlə araşdıracaq. Əgər sözügedən izahatlar inandırıcı deyilsə, onda məhkəmə qərara alacaq ki, Konvensiyanın 3-cü maddəsi pozulub.

Bu baxımdan "Ribiçin Avstraliyaya qarşı" məhkəmə işi əyani misaldır. Ribiç iddia edirdi ki, polis şöbəsində onunla pis rəftar edilmişdir, konkret olaraq, polislər, futbol topu kimi onun o yana-bu yanına təpikləmişdilər. Tibbi arayış (rəy) bədənin hər yerində qançır və yaraların olduğunu təsdiq etmişdi. Polis rəhbərliyi bu qançırlarla üzləşdirildikdə, onlar hadisəni belə izah etdilər ki, hadisə guya şikayətçi polis maşınından yıxılanda baş veribmiş. Strasburq Məhkəməsi polislərin yalan söylədiyini müəyyənləşdirdi və qərara aldı ki, Konvensiyanın 3-cü maddəsi pozulub.

Nəhayət, məhkəmə Konvensiyanın 3-cü maddəsinin təsirini (qüvvəsini) Konvensiyaya iştirakçı olmayan (üzv olmayan) dövlətlərə dolayısı yaymışdır. Beləliklə, hər hansı üzv olan dövlət hər hansı əcnəbini 3-cü bir dövlətə sürgün etmək niyyətindədirsə və əgər sözügedən şəxslə həmin dövlətdə qeyri-insani rəftar ediləcəyi və ya hətta ona işgəncə veriləcəyi təhlükəsi varsa, sözügedən üzv olan dövlət həmin şəxsi sürgün etməmək öhdəliyini daşıyır. Başqa sözlə desək, sözügedən üzv olan dövlət üçüncü dövlətdə həmin şəxslə ediləcək rəftara cavabdehdir.

Haqqında danışdığım təfsir üsullarının bəziləri milli (yerli) hakimlərə və orqanlara qəribə və ya hətta çaşdırıcı görünə bilər. Lakin buna baxmayaraq, onların hamısı belə bir nəticə çıxara bilər ki, Konvensiya, fərdin ləyaqət və azadlığını qorumaq məqsədi güdən, təsirli hüquqlar təmin edən bir sənəd kimi nəzərdə tutulub. Əgər hakim Konvensiyanı düzgün tətbiq edərkən, bu səmərəlilik testini qoruyursa, mən deyə bilərəm ki, o, Strasburq Məhkəməsinin presedent hüququnun ədalətli həllinə nail olacaq.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər