MİA

  • 3 850

İnsan haqları və siyasi şüurun yetkinliyi

image

İnsan hüquqlarının təmin olunması xeyli dərəcədə cəmiyyətin və fərdlərin mədəni-mənəvi inkişaf səviyyəsindən, siyasi şüur yetkinliyindən, dövlət hakimiyyətinin məhdudlaşdırılması və ictimai institutların inkişafından, nəhayət, ictimai rəydən asılıdır. İctimai hadisə kimi proseslərə, bilavasitə təsiri baxımından ictimai rəy müstəsna əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, ictimai rəyin siyasət elmi baxımından əsas önəmi, onun siyasi qərar qəbuletmə mexanizmində özünü göstərir. Bütün cəmiyyətlərdə, sistemin mahiyyətindən asılı olmayaraq, iqtidar sahibləri fərdi qənaətiəri və insanların nə düşündüyünü bilmək istəyirlər. Cəmiyyətlərin hamısında bu düşüncə və qənaətlərin sosial-siyasi proseslərə az və ya çox dərəcədə təsiri vardır.

Ə.Abbasov yazır: "İctimai rəyi insanların fərdi və ictimai maraqları, mənafeləri, ictimai prosesiər və dövlət quruculuğuna dair önəmli mövzular haqqında olan baxışlar sistemi də adlandırmaq olar. İctimai rəyin rüşeymlərinə ictimai və siyasi təbəqələrin ön plana çıxdığı qədim cəmiyyətlərdə və ölkələrdə də rast gəlmək olur. Çünki vətəndaşların ictimai əhəmiyyət daşıyan bütün hadisə və proseslərə necə yanaşması, son nəticədə siyasi prosesiərə də öz təsirini göstərir. Bir sözlə, ictimai həyatda, siyasi münasibətlərin mövcud olduğu bütün tarixi proseslərdə ictimai rəy öz varlığını büruzə vermişdir.

İctimai rəy və onun cəmiyyətin inkişafındakı rolu haqqında bilgilər hələ çox qədimlərdən mövcud olmuşdur. Qədim yunan şəhər-dövlətlərində cəmiyyət həyatının siyasi, dini və ictimai məsələlərin baxıldığı "aqora", Romada isə forum və senat kimi qurum və strukturlar həmin dövrdə ictimai rəyin yarandığı və ifadə olunduğu məkanlar sayıla bilər. Müxtəlif zamanlarda ictimai rəy öz əhəmiyyəti ilə diqqət mərkəzində olmuşdur. Qədim latın ifadəsi "vox populi vox dei - xalqın səsi haqqın səsidir" ictimai rəyin müasir mahiyyətini açıq formada təcəssüm etdirir. Bu kəlam uzun dövrlər boyunca filosoflar arasında məşhur olmuşdur. İctimai rəyin vacibliyi, onun cəmiyyət həyatındakı əhəmiyyətli rolu Hobbs, Lokk və Russo kimi "ictimai müqaviləçi" filosoflar tərəfindən, xüsusilə, vurğulanmışdır".

Müəllifin fikrincə, filosoflar idarəçi olmasalar da öz fikirləri ilə hakim siniflərə xidmət və ya təsir göstərmişlər. İctimai rəyin əhəmiyyətinin vurğulanmasından (Hobbs, Lokk, Russo, Mill, Bentam) və ya vurğulanmamasından (Marks, Nitsşe, Le Bon, Qosset) asılı olmayaraq, filosofların gəldikləri yekdil nəticə birmənalı olmuşdur: ictimai rəy - ictimai və siyasi həyatın fundamental amilidir.

İctimai rəy mövzusu XX əsrin əvvəllərindən etibarən daha geniş bir müstəvidə tədqiq olunmağa başlamışdı. Xüsusilə, I Dünya müharibəsindən sonra əhəmiyyəti daha dərindən dərk edilən ictimai rəy, həm müharibələrarası dövrdə, həm də II Dünya müharibəsindən sonrakı ikiqütblü dünya sistemində ("ideoloji müharibələrdə") əsas mövzuya çevrilmişdir. Müasir dövrdə ictimai rəy "effektiv çoxluq", "hakimiyyətə psixoloji təsir", "plüralizm" kimi müxtəlif kontekstlərdə siyasət eiminin əsas tədqiqat mövzularından biri sayılır.

İctimai rəy məfhumunu hər hansı bir mövzuda olan fərdi qənaətlərin məcmusu mənasında istifadə edə bilərik. Gündəlik həyatda bu termin altında çox sayda fərddən ibarət mütəşəkkil qrupların kollektiv qənaətlərinin ifadəsinə yaxın bir anlayış nəzərdə tutulur. Bu baxımdan, "ictimai" termini "kütlə qənaəti" ilə eyni mənanı daşıyır. Belə bir anlayış isə, öz növbəsində, ictimai rəy məfhumuna aldadıcı mahiyyət verir. Cəmiyyətin bütün üzvlərinə şamil edilən, hamı üçün yekdil fikri ifadə edən belə bir "qənaət bloku" sosioloji həqiqətlə uzlaşmır.

"İctimai" termini cəmiyyət həyatı ilə yaxından əlaqədardır. "İctimai" deyiləndə, hamıya açıq olan təşkilat və bütün fərdlər ağıla gəlir. "İctimai" termini ümumilik, hamıya aid, yəni, xüsüsi olmayan mənasını ifadə edir. Bu termin "kollektiv" mənasını da daşıyır. "İctimai" termini, müəyyən bir problem qarşısında fikir və qənaət sahibi olan şəxslərdən meydana gələn bir qrupu və ya qrupları ifadə edir. Başqa sözlə, "ictimai" termini müəyyən bir problemlə qarşılaşan, bu problem ətrafında toplaşan fərdlərdən ibarət olan qrup mənasındadır.

Ə.Abbasov yazır: "Göründüyü kimi, "ictimai" termini "qrup" ilə eyni mənada istifadə edilir. Hər hansı bir problemlə üzləşən iki və ya daha çox şəxsin yaratdığı qrup ictimaidir. Qrupdaxili həmrəylik şüuru və qrup üzvlərinin say olaraq çoxluğu "ictimai" termininin önəmini artırır. Müəyyən bir situasiya və ya problemlə əlaqədar olaraq, müəyyən bir zamanda yaranan qruplar, az sayda iştirakı ilə çox spesifik mövzuları əhatə edə biləcəyi kimi, bəzən də cəmiyyətin bir çox üzvünü maraqlandıran daha böyük mövzular ətrafında geniş tərkibdə olur.

"İctimai rəy" termininin ikinci tərkib hissəsi olan "rəy" sözü mübahisəli bir mövzuda ifadə edilən qənaət və ya fikir mənasındadır. "Rəy" hiss və təəssüratdan daha güclü, isbatı daha asan, qüvvətli, eyni zamanda, elmi cəhətdən daha az dəyəri olan qənaətdir. "Rəy" bir görüş, düşüncə və qənaət olaraq qrup daxilində ifadə edilir. Qrupun isə həmişə yalnız vahid bir qənaəti olmur. Mübahisə yaradan bir problem ətrafında qrup daxilində bir neçə rəy (qənaət) meydana çıxa bilər.

İctimai rəyin hər iki tərkib hissəsinə ayrı-ayrılıqda baxdıqdan sonra, ümumi olaraq, ictimai rəyə belə tərif verə bilərik: ictimai rəy - müəyyən bir zamanda hansısa bir mübahisəli problemə münasibətdə bu problemlə məşğul olan şəxslər qrupuna və ya qruplarına hakim olan qənaətdir".

İctimai rəyə münasibət heç də birmənalı deyildir. Sosioloqlar ictimai rəyə bir qrup hadisəsi, sosial-psixoloqlar isə individual hadisə kimi baxarkən, politoloqlar ictimai rəyi bir kütləvi fenomen kimi götürürlər. İctimai rəy sosioloqları, sosial psixoloqları və hətta mətbuat nümayəndələrini nə qədər maraqlandırsa da, onun əsl mahiyyəti qərar qəbuletmə prosesində iştirakı və bu prosesə nəzarət etməsindən irəli gəlir. Başqa sözlə, ictimai rəy bir siyasi iştirak və nəzarətetmə növüdür, siyasi qərarlara təsiretmə imkanına sahib olan amildir. Beləliklə, deyə bilərik ki, ictimai rəyin əsas xüsusiyyəti onun sosial-siyasi mahiyyət və məna daşımasıdır.

Müəllifin qeyd etdiyi kimi, ictimai rəyin ortaya çıxması üçün müxtəlif ünsürlər önəmli rol oynayır. Bunlardan birincisi say, yəni çoxluq amilidir. Bu baxımdan, ictimai rəy çoxluğun qənaəti kimi qəbul edilə bilər. Ancaq "çoxluq" ölçüsü mütləq zəruri bir şərt kimi düşünülməməlidir. Çoxluq ölçüsü demokratik sistemlərin əsas şərtlərindən biridir, ancaq ictimai rəy fikir ayrılığı və mübahisəyə əsaslandığına görə çoxluq deyil, minimal bir konsensus zəmini də əsas meyar ola bilər. Cəmiyyət daxilində müxtəlif görüş və fikirlərin olması təbiidir. Burada əhəmiyyətli olan, həmin görüş və fikirlərin bir-birilə konsensusa gəlməsidir. Deməli, nə çoxluq kafidir, nə də rəylərin tamamilə üst-üstə düşməsi vacib şərtdir. Ancaq rəy (qənaət) elə olmalıdır ki, azlıqda qalanlar o qənaətlə həmrəy olmasalar belə, qorxduqları üçün deyil - inandıqlarına görə qəbuletmə məcburiyyətini hiss etsinlər.

Bir qrup daxilində fərdlərin mübahisələri və qarşılıqlı təsiri nəticəsində yaranan ictimai rəy qənaətlərin formalaşması prosesini də əhatə edir. Amerikalı alim Hervud Çaylds rəylərin formalaşma prosesini əsas tutaraq ictimai rəyə belə bir tərif verir: ictimai rəy, dəyişən ehtiyaclarını qarşılamaq üçün cəmiyyətin siyasi, əxlaqi və iqtisadi çərçivəsini, məhz işləmək məqsədilə müxtəlif ictimai qrupların öz görüşlərini ifadə etdikləri dinamik ictimai prosesin bir-birini izləyən mərhələlərini əhatə edən bir anlayışdır.

Tədqiqatçı yazır: "Rəylərin (qənaətlərin) formalaşması prosesi qədər rəylərin mahiyyəti və rəy sahiblərinin şəxsiyyəti də əhəmiyyətlidir. Mübahisə yaradan və müxtəlif baxışların olduğu bu mövzular tam olaraq açıqlanmamışdır. Effektiv-effektsiz, məlumatlı-məlumatsız, maraq güdən-maraq güdməyən, qüvvətli-qüvvətsiz kimi müxtəlif qənaətlər ola bilər. Mövzu haqqında məlumatlı şəxslərin qənaətləri ilə mövzuya ötəri münasibət göstərən şəxslərin qənaətləri eyni dəyərə malik olmaya bilər. Bəzən isə kütlələrin kollektiv qənaətləri kiçik elitar qrupun qənaətləri qədər effektiv olmaya bilər. Bu səbəbdən də, bir çox müəlliflər intellekt, rasionallıq və təcrübə kimi ölçülərə əsaslanmağı vacib sayırlar".

İctimai rəydən bəhs edə bilmək üçün, rəylərin (qənaətlərin) bir mövzusu olmalıdır. Rəyin mövzusu isə xalqı maraqlandıran bütün məsələlər, insanlara müsbət və ya mənfi cəhətdən təsir edə biləcək problemlər ola bilər. B.Daverə görə, ictimai rəyin mövcudluğu üçün birinci şərt belədir: ortada bir mübahisəli məsələ və ya problem, yəni eyni mövzuda müxtəlif və bir-birinə zidd mənafe və tələblər olmalıdır.

İctimai rəy, qənaət sahibi şəxslərin sayından, bilavasitə asılı deyildir. Dinamik və təşkilatlanmış bir azlığın qənaəti çox vaxt passiv və təşkilatlanmamış çoxluğun qənaətindən daha əhəmiyyətli olur. Daha əvvəl də, vurğuladığımız kimi, ictimai rəy üçün çoxluq mütləq əsas deyildir. Şübhəsiz ki, müəyyən situasiyalar üçün (seçkilər, referendum) çoxluq prinsipi əsasdır, ancaq ictimai rəyin ortaya çıxması üçün effektivlik və intensivlik kimi ünsürlər də çox əhəmiyyətlidir. Aparılmış tədqiqatlar aşağıdakı həqiqəti ortaya çıxarmışdır: mütləq və köklü surətdə mənimsənən və açıqlanan bir görüş, bu, hətta azlığın görüşü olsa belə, çoxluq tərəfindən nisbi və köksüz olaraq, bölüşdürülən qarşı görüşə əvvəl-axır üstün gələcək. "Hakim qənaətin" ortaya çıxmasında, qənaətin dərinliyi qədər, onun yayılmasında göstərilən cəhdin intensivliyi də rol oynayır. Bütün bunlara əsasən, "ictimai rəy özünü effektiv olaraq göstərən qənaətdir" demək daha doğru olardı.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər