MİA

  • 8 053

Qloballaşma dövründə informasiya cəmiyyətində insan həyatının mənası və mənəvi haqları

image

Müasir dünya inkişafını səciyyələndirən, ən çox işlədilən anlayışlar qloballaşma və informasiya cəmiyyətidir. Sivilizasiya növbəti informasiya inqilabını yaşayır. Qlobal ünsiyyəti təmin edən kommunikasiya texnologiyaları hər birimizin həyatına daxil olub. Belə şəraitdə bəşəriyyət növbəti bir paradoksla üz-üzədir: total kommunikasiya məkanında ünsiyyət qıtlığı mövcuddur. "XX əsrin vəbası" adlandırılan tənhalığın miqyası daha da genişlənərək, XXI əsrə adlamışdır. Texnogen sivilizasiyanın humanizm fəlsəfəsinə köklənməsi, ünsiyyət və dialoq kimi dəyərləri dünyagörüş müstəvisində mənimsəməsi problemdən bəlkə də yeganə çıxış yoludur. Tənhalığın tədqiqi, yaşadığımız tarixi mərhələnin özəlliyi nəzərə alınmaqla onun aradan qaldırılması yollarının fəlsəfi-mənəvi determinantlarının müəyyən edilməsi bu baxımdan da xüsusi aktuallıq kəsb edir.

İnsanın həyatın mənası, yaşam fəlsəfəsi barədə obyektiv fəlsəfi dünyagörüşə bələd olması, özünün həm bəşəriyyətə, həm də konkret millətə və xalqa mənsubluq hissini duyması, tənhalığa, məhz fəlsəfi fenomen kimi münasibət bəsləməyi bacarması, fikrimizcə, çox mühüm məsələdir.

Ziba Ağayeva yazır: "Yalnız belə olduqda insan tənhalıq yaşantısını, onun çoxçalarlı növlərini şüurlu, yaradıcı; məqsədəuyğun şəkildə aradan qaldıra, obyektiv və subyektiv, müsbət və mənfi tərəflərini ayırd edə bilər. Yalnız bu halda, insan müvəqqəti reallığın fövqünə qalxa bilər, onun varlığı məna, həyatı dəyər kəsb edə bilər. İnsanı, məhz insan edən keyfiyyətlərin (məsələn, mənəvi, fəlsəfi, mədəni, sosial və s.) tənhalıq yaşantısının təsiri altında ardıcıl itməsi təhlükəsini dəf edə bilər.

Tənhalığın insan varlığının strukturunda hansı fəlsəfi- ekzistensial, ontoloji statusa malik olması, nə üçün əbədi, yaşarı bir problem kimi fəlsəfənin təhlil predmetini təşkil etməsi bu problemə fəlsəfi yanaşmanın spesifikasında üzə çıxa bilər.

Deməli, tənhalığın fəlsəfi təhlili müasir ictimai elmin aktual vəzifələri sırasındadır.

Tənhalıq probleminə dair elmi sistemli təsəvvürlər XX əsrin sonunadək mövcud olmamışdır. Xüsusilə də, sosializm düşərgəsi ölkələrində və sovetlər birliyində tənhalıq mövzusu ideoloji səbəblərə görə bizə yad, burjua cəmiyyətinin daimi müşayiətçisi olan mövzu kimi vurğulanmışdır. Bu da problemin elmi dövriyyəyə gətirilməsi və tədqiqini yasaq etmiş, SSRİ-də tənhalığın mövcud olmadığı fikri qəbul edilmişdir".

Müəllifin fikrincə, təəccüblü burasıdır ki, həmin Qərb-Avropa cəmiyyətində də, bir çox alimlərin etiraf etdikləri kimi, bu problem ardıcıl nəzəri - konseptual təhlilini tapa bilməmişdir. Yalnız XX əsrin 70-ci illərindən etibarən tənhalıq mövzusu müzakirə olunmağa başlamışdır. Əsasən, psixoloqlar, sosioloqlar və digər elm nümayəndələri tənhalığın psixoloji parametrləri və meyarlarına dair geniş tədqiqatlar aparmışlar (A.Maslou, D.Beyk, K.Rocers, D.Rismen, T.Conson, P.Sleyter, K.Mustakas, G.Toffler, K.Yaspers, E.Fromm, K.Yunq, L.Peppo, U.Sadler, A.Adler, L.Vıqotskiy, Q.Yandeberq və s.)

Fəlsəf elmləri doktorları, proessorlar H.İmanovun, A.Şükürovun, Z.Hacıyevin, R.Əzimovanın, Ə.F.Abbasovun, Ə.S.Abasovun bir sıra əsərlərində, fəlsəfə üzrə dərsliklərində insan varlığı və mahiyyəti haqqında problemin ümumi məsələlərinə toxunulmuşdur.

Tənhalığın təbabətin fəlsəfəsi kontekstində təhlilinə fəlsəfə elmləri namizədi Mehriban Əliyevanın ayrıca tədqiqat işi həsr olunmuşdur.

İnsan varlığı, onun bədii, ədəbi və fəlsəfi dühaların təhlil obyekti olması, insanın bədii-estetik mahiyyətinin dərki, dünyaya, keçmişə və gələcəyə münasibətinin dərin, antropoloji təhlilinə professor Nərgiz Paşayevanın "İnsan bədii tədqiq obyekti kimi" adlı fundamental əsərini göstərmək olar. "İnsan bütün dövrlərdə başlıca mövzu və qəhrəman, hər bir mütəfəkkirin öz əsərində ifadə etdiyi ideyanın təcəssümüdür. İnsanın mübarizəsi, dünyaya və gerçəkliyə münasibətləri tarix və sosiologiyadan öncə bədii ədəbiyyatda öz əksini tapmışdır.

Z.Ağayeva yazır: "Klassik fəlsəfəmizdə, onun ən müxtəlif qolları daxilində mütəfəkkirləri məşğul edən bir nömrəli problem insan varlığı, onun dünyada yeri və rolu olmuşdur. M.Füzulinin, N.Gəncəvinin, İ.Nəsiminin demək olar ki, bütün fəlsəfi dühaların diqqətini insan və onun müəmmalı mahiyyəti cəlb etmişdir.

XX əsrdə yazıb, yaradan Hüseyn Cavidin yaradıcıllığında da bu problem özünün ən qabarıq ifadəsini tapmışdır.

Ən müasir dövrün ictimai-fəlsəfi tədqiqatlarında tənhalıq problemi deyil, özgələşmə, yadlaşma kimi mövzuların tədqiqinə başlanmış, hələlik, sosial-psixoloji aspektdə araşdırmalar aparılır.

Mövzuya dair ədəbi mənbələrlə tanışlıq göstərir ki, tənhalığın fəlsəfi problem kimi qoyuluşu, mənalandırılması, mahiyyəti, onun ontoloji-ekzistensial kökləri və həlli yollarına həsr edilmiş ayrıca tədqiqat əsəri mövcud deyildir. Tənhalığın fəlsəfi-konsepsiya kimi əhatəli təqdimatı, istər dünya, istərsə də Azərbaycan ictimaiyyətşünaslığında öz təhlilini gözləyir.

Sadalanan problemlər, məntiqi olaraq, tənhalığın fəlsəfi nəzəriyyəsini formalaşdırmaq sahəsində boşluqların mövcud olduğuna dəlalət edən bu təhqiqatın əsas məqsədini müəyyənləşdirir. Bu məqsəd, hər şeydən əvvəl insan-dünya, insan-cəmiyyət münasibətlərinin ahəngini təmin etməyə yönəldilmiş, mümkün qədər bitkin fəlsəfi konsepsiyanın sistemli ortaya qoyulmasıdır. Tənhalıq fenomeninin çoxçalarlı təzahürlərinin aradan qaldırılması və ya tənhalıq yaşantısının minimuma endirilməsi "yalnız fərdi və sosial" səviyyələrdə onun mahiyyəti, səbəbləri və nəticələrinə dair dərin fəlsəfi təhlil vasitəsilə mümkün ola bilər".

Müəllif qeyd edir ki, araşdırmanın məqsədini tənhalıq fenomeni, onun fəlsəfi mahiyyəti və məzmunu, insan varlığının əbədi rolunu və ekzistensial amilini təmsil edən tənhalıq yaşantısı, onun sosial-fəlsəfi və mənəvi təzahürləri təşkil edir. Buna nail olmaq üçün fəlsəfi təhlilin aşağıdakı istiqamətlərdə aparılması nəzərdə tutulmuşdur:

- insan varlığının fəlsəfi mənasının dərk edilməsində tənhalıq fenomeninin fundamental-ekzistensial kateqoriya kimi statusunun müəyyənləşdirilməsi;

- tənhalığın nəzəri təhlili aspektində mövcud olan tədqiqatların, müxtəlif elmi yanaşmaların metodoloji və dünyagörüş, bəzən konkret elmin mövcud imkanları ilə, bəzən də ideoloji-siyasi təsəvvüründən irəli gələn subyektiv qənaətlərlə şərtlənən natamamlıqların və çatışmazlıqların müəyyən boşluqların aşkara çıxarılması;

- tənhalığın fəlsəfi tədqiqinin spesifikasının, konkret elmlərdən fərqinin və üstünlüyünün əsaslandırılması, ontoloji, qnoseoloji və aksioloji kontekstlərinin mənalandırılması;

- mövcud ədəbiyyatda əksər hallarda eyniləşdirilən tənhalıq, yadlaşma, özgələşmə, tərkidünyalıq, marginallıq və s. Anlayışların mahiyyət fərqlərinin və fəlsəfi məzmununun aşkarlanması.

Z.Ağayeva yazır: "Tənhalığın unikal individuallıq keyfiyyəti kimi obyektiv və həm də, bilavasitə fəlsəfi dünyagörüşdən qaynaqlanan subyektiv mahiyyətli bir fenomen olduğu təhlil edilmişdir. Tənhalığın nə sırf neqativ, nə də sırf pozitiv mahiyyətli fenomen kimi mütləqləşdirilməsinin qeyri-məqbul olduğu diqqətə çatdırılmışdır.

Tənhalığın fəlsəfi mənalandırılmasının son dərəcə vacib olduğuna, problemin, məhz insanın dünyaya, gerçəkliyə, öz varlığına münasibəti, dünyanı anlamaq və dəyərləndirməyi mümkün edən dünyabaxışı kimi fəlsəfi mövzularla sıx bağlı olduğu, onun səbəbləri və həlli yollarının da, məhz fəlsəfi yöndə axtarılmasının vacibliyi xüsusi vurğulanmışdır. Tənhalığın fəlsəfi kateqoriya statusunda götürülməsi, onun müxtəlif elm sahələrində qəbul edildiyi kimi, müəyyən emosional əhvalın, yaxud həyat tərzinin təzahürü qismində təsəvvüründən tam fərqli olduğunu aşkara çıxarır. Onun insan varlığının bütün qatlarına və həyatının bütün mərhələlərinə xas olan hadisə kimi həm universal, həm də individual spesifikalara dayaqlandığı əsərdə təhlil edilmişdir.

Monoqrafiyada insanın daxili aləmini, mənəvi dəyərlərə münasibətini, dünya, həyat barədə düşüncələrini əks etdirən, onun yaşamını nizamlayan, tarazlıqda saxlayan dayaq nöqtəsi qismində çıxış edən dünyagörüş faktoru və onun fəlsəfi təməli məsələsi diqqətə çəkilmişdir. Bu dayaq nöqtəsinin itməsinə, laxlamasına səbəb olan bütün təsirlər, təzyiqlər insanın mənəvi sabitliyini pozur və tənhalığın mənfi qəbul edilən təzahürlərini şərtləndirir. İnsanın sosiallaşması prosesində onun düzgün fəlsəfi dünyagörüşünün formalaşması, sosial qarşılıqlı təsirin ayrılmaz komponenti kimi əsaslandırılmışdır".

Müəllifin fikrincə, fəlsəfi dünyagörüş insanın həyata münasibətinin bütün formalarını özündə cəmləyir, konkret situasiyanın fövqünə qalxmağı, onu kənardan qiymətləndirməyi mümkün edir. Tənhalığı gah yalnız ontoloji çərçivəyə yerləşdirməklə məhdudlaşdıran, gah da anlayışın məzmununa həddən çox miqdarda hadisələri daxil edərək, genişləndirən baxışların natamam olduğunu müəyyən edə bilir. Bu problemlərin məğzini anlamağa imkan verən əsas anlayışlar tədqiqatda təhlil edilmiş, ikinci dərəcəli terminlərdən fərqi göstərilmişdir.

Fəlsəfi fikir tarixində tənhalıq probleminin dərk edilməsi cəhdləri, onun hər hansı aspekt əsasında universal modelinin formalaşdırılmasını, mənfi "antisosial" meyil kimi tənhalığa qarşı "qiyam" elementlərini ifadə edən mövqelərə monoqrafiyada yaradıcı tənqidi münasibət bildirilmiş, tənhalığın yalnız sosial-fəlsəfi modelinin bu fenomenin çoxçalarlı tiplərini izah etmək üçün işlək nəzəri model olduğu əsaslandırılmışdır.

Şərq fəlsəfəsində bu problemin daha əvvəl qoyulması və təlil edilməsi qeyd olunmuş, tənhalığın fəlsəfi konsepsiyasının, məhz Şərqdə, irəli sürlilən şərh, model və müddəalara əsaslanaraq, qurulması zəruriliyi göstərilmişdir. Məhz Şərq fəlsəfi fikrində problemin vəhdətdə: ontoloji, qnoseoloji və aksioloji aspektlərinin bütövlüyündə həlli yollarının göstərildiyi üçün tənhalığın həm də müasir zaman və reallığın tələblərinə adekvat mənzərəsinin göz önünə gətirilməsinə imkan verdiyi göstərilmişdir.

Tənhalığın uğurlu sosial-mənəvi terapiyasını təmin etmək üçün, hər şeydən əvvəl, onun tipləri, növləri və formalarını təsnifləşdirməyin zəruriliyi vurğulanmış və ilk dəfə bu təsnifatın təqdimatına cəhd edilmişdir. Tənhalıq yaşantısının fəlsəfi-konseptual sxemi işlənilmiş, bununla da elmlərarası, ortaq sayıla bilən tənhalıq modelinin ümumi cizgiləri müəyyən edilmişdir.

Müasir dövrün ümumi sistemli, mədəni-mənəvi böhram kontekstində tənhalıq humanizm və bəşəriyyət üçün nəticələri qeyri-müəyyən olan qlobal problem kimi səviyyələndirilmişdir. Onun qlobal problemlər sırasına daxil olması səbəbləri əsaslandırılmışdır. Qloballaşma və informasiya cəmiyyətinin yaratdığı müsbət imkanlardan tənhalığın effektini azaltmaq yönündə necə bəhrələnmək olduğuna dair fikirlər verilmişdir.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər