MİA

  • 15 261

QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARININ TƏŞKİLATİ-HÜQUQİ FORMALARI, NÖVLƏRİ VƏ İŞTİRAKÇILARI

image

Qeyri-hökumət təşkilatları istənilən təşkilati-huquqi formalarda təsis oluna bilərlər.

Qeyri-hökumət təşkilatları daimi əsaslarla və ya konkret məqsədlərə nail olmaq üçün təsis oluna bilərlər.

Ümumazərbaycan qeyri-hökumət təşkilatlarının fəaliyyəti Azərbaycan Respublikasının bütün ərazisinə şamil edilir. Regional qeyri-hökumət təşkilatlarının fəaliyyəti Azərbaycan Respublikasının iki və ya artıq inzibati ərazi vahidini əhatə etməlidir. Yerli qeyri-hökumət təşkilatları bir inzibati ərazi vahidinin çərçivəsində fəaliyyət göstərirlər.

Beynəlxalq qeyri-hökumət təşkilatları öz fəaliyyət dairəsi ilə Azərbaycan Respublikasının və ən azı başqa bir xarici dövlətin ərazilərini əhatə edən ictimai birliklərdir.

Qeydə alınmış qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının ərazisində və xaricdə filiallarını yarada və nümayəndəliklərini aça bilər.

Qeyri-hökumət təşkilatının filialı həmin təşkilatın olduğu yerdən kənarda təşkil edilə və onun fəaliyyətini və ya fəaliyyətinin bir hissəsini həyata keçirə bilər.

Qeyri-hökumət təşkilatının nümayəndəliyi həmin təşkilatın olduğu yerdən kənarda təşkil edilir, onun maraqlarını təmsil edir və həmin maraqların müdafiəsini həyata keçirir.

Qeyri-hökumət təşkilatının filialı və nümayəndəliyi hüquqi şəxs deyil, onları yaratmış təşkilatın əmlakından pay alır və onun adından təsdiq etdiyi Əsasnaməyə əsasən fəaliyyət göstərir. Filial və nümayəndəliklərin fəaliyyətinə görə onları yaradan qeyri-hökumət təşkilatı məsuliyyət daşıyır.

İctimai birliklərin iştirakçılarına təsisçilər, üzvlər və köməkçilər aiddir. Fondların iştirakçılarına təsisçilər və köməkçilər aiddir.

İctimai birliyin yetkinlik yaşına çatmamış üzvləri Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən hüquqlar əldə edir və vəzifələr daşıyır.

Qeyri-hökumət təşkilatlarının təsisçiləri hüquqi şəxslər (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) və ya 18 yaşına (gənclərin ictimai birliklərinin təsisciləri-16 yaşına) çatmış fiziki şəxslər ola bilərlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının iştirakçıları ola bilər.

Qeyri-hökumət təşkilatlarının təsisçiləri bərabər hüquqlara malikdir. Onların qarşılıqlı hüquq və vəzifələrinin həcmi qeyri-hökumət təşkilatının təsis edilməsinə münasibətdə təsis müqaviləsi ilə (müqavilə bağlandıqda), qeyri-hökumət təşkilatının fəaliyyətində iştiraka münasibətində isə, qeyri-hökumət təşkilatının nizamnaməsi ilə müəyyən edilir.

Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) ictimai birliyin üzvü ola bilər.

İctimai birliyin üzvləri bərabərhüquqludurlar. Onlar ictimai birliklərin rəhbər orqanlarına seçə və seçilə, fəaliyyətində iştirak edə, rəhbər orqanların fəaliyyətinə nəzarət edə, nizamnamə ilə nəzərdə tutulmuş digər hüquqlar daşıya bilərlər və eləcə də nizamnamə tələblərinə riayət etməlidirlər.

İctimai birliyin üzvlüyünə xitam verilməsi məsələləri nizamnamə ilə müəyyən edilir. Nizamnamə ictimai birliyin üzvlüyünə xitam verilməsindən birliyin daxilində və məhkəməyə şikayət etmə hüququna təminat verməlidir.

Qeyri-hökumət təşkilatlarının köməkçilərinə nizamnamələrinə müvafiq olaraq, qeyri-hökumət təşkilatının fəaliyyətində iştirak etməklə, öz münasibətlərini qeyri-hökumət təşkilatı ilə təşkilati cəhətdən rəsmiləşdirmədən ona müxtəlif kömək və ya xidmətlər göstərməklə qeyri-hökumət təşkilatını dəstəkləyən fiziki və hüquqi (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) şəxslər aiddir. Köməkçilərin mövcudluğu və onların hüquqi statusu qeyri- hökumət təşkilatının təsis sənədləri ilə müəyyən edilir.

Qeyri-hökumət təşkilatı onun təsis edilməsi nəticəsində, habelə, mövcud olan qeyri-hökumət təşkilatının yenidən təşkili nəticəsində yaradıla bilər.

Qeyri-hökumət təşkilatı onun təsis edilməsi nəticəsində yaradılması təsisçilərin (təsisçinin) qərarı ilə həyata keçirilir. Bu halda təsis yığıncağı çağırılır və təşkilatın nizamnaməsi qəbul olunur.

Qeyri-hökumət təşkilatının nizamnaməsində qeyri-hökumət təşkilatının adı və yerləşdiyi yer, fəaliyyətinin məqsədləri və idarəolunma qaydası, üzvlərin hüquq və vəzifələri, ictima birliyin üzvlüyünə qəbulun və ondan çıxmanın şərtləri və qaydası, qeyri-hökumət təşkilatının əmlakının formalaşma mənbələri, nizamnamənin qəbulu ona əlavə və dəyişikliklərin təsir edilməsi qaydası, qeyri-hökumət təşkilatının ləğv edilməsi və ləğv edildiyi halda, əmlakından istifadə qaydası müəyyən edilməlidir.

Fondun nizamnaməsində, həm də fondun "fond" sözü daxil edilmiş adı, onun olduğu yer, fondun məqsədi, onun orqanları, o cümlədən, Himayəçilik Şurası və onların formalaşma qaydası, fondun vəzifəli şəxslərinin təyin edilməsi və onların azad edilməsi və fondun ləğv edildiyi halda, onun əmlakının müqəddəratı haqqında məlumatlar olmalıdır.

İctimai birliyin nizamnaməsinə dəyişikliklər onun ali idarəetmə orqanının qərarı ilə edilə bilər. Fondun nizamnaməsinə dəyişikliklərin edilməsi fondun Himayəçilik Şurası tərəfindən və yalnız fondun məqsədləri istiqamətində edilə bilər.

Fondun nizamnaməsi fondun Himayəçilik Şurası tərəfindən bir şərtlə dəyişdirilə bilər ki, nizamnamədə onun bu qaydada dəyişdirilməsi imkanı nəzərdə tutulmuş olsun. Əgər fondun nizamnaməsinin dəyişilməz şəkildə saxlanılması fondun təsis edilməsi zamanı qabaqcadan nəzərə alınması mümkün olmayan nəticələrə gətirərsə və nizamnamədə dəyişikliklərin mümkünlüyü isə nəzərdə tutulmayıbsa, yaxud nizamnamə səlahiyyətli şəxslər tərəfindən dəyişilməyibsə, bu nizamnaməyə dəyişikliklərin edilməsi hüququ fondun Himayəçilik Şurasının ərizəsinə əsasən məhkəməyə mənsubdur.

Qeyri-hökumət təşkilatının nizamnaməsindəki dəyişikliklərin, dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Qeyri-hökumət təşkilatının nizamnaməsindəki dəyişikliklər onların dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.

İctimai birliyin təsis edilməsi haqqında bildiriş onun təsis edilməsi haqqında qərarın qəbul olunduğu andan 30 gündən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına yazılı müraciət vasitəsilə həyata keçirilir. İctimai birliyin rəhbəri tərəfindən imzalanmış müraciətə təsis protokolu da əlavə olunmalıdır.

Müvafiq icra hakimiyyəti orqanı ictimai birliyin təsis edilməsi haqqında bildirişin daxil olmasını təsdiq edən sənədi ictimai birliyin nümayəndəsinə verir və ya poçt vasitəsilə göndərir.

Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən hüquqi şəxslərin qeydiyyatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Qeyri-hökumət təşkilatı yalnız dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə edir.

Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmasına yalnız həmin ad altında digər qeyri-hökumət təşkilatı mövcud olduqda və ya dövlət qeydiyyatı üçün təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitutsiyasına, bu qanuna və Azərbaycan Respublikasının digər qanunlarına zidd olduqda və ya sənədlərdə yanlış məlumatlar olduqda imtina edilə bilər.

Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina haqqında qərar, imtinanın əsasları və təsis sənədlərinin hazırlanmasında qanunvericiliyin pozulmuş müddəaları və maddələri göstərilməklə, yazılı surətdə qeyri-hökumət təşkilatının nümayəndəsinə təqdim olunur.

Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina pozuntular aradan qaldırıldıqdan sonra sənədlərin dövlət qeydiyyatı üçün yenidən təqdim edilməsinə mane ola bilməz.

Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina haqqında qərardan məhkəmə qaydasında şikayət verilə bilər.

Qeyri-hökumət təşkilatının fəaliyyətinə qeyri-hökumət təşkilatının yenidən təşkil edilməsi (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) və ya qeyri-hökumət təşkilatının ləğv edilməsi yolları ilə xitam verilir.

Qeyri-hökumət təşkilatı bu qanunda nəzərdə tutulan qaydada yenidən təşkil edilə bilər. Qeyri-hökumət təşkilatının yenidən təşkili onun təsisçilərinin və ya təşkilatının nizamnamə ilə vəkil edilmiş orqanın qərarı ilə həyata keçirilə bilər.

Qeyri-hökumət təşkilatının başqa təşkilatın ona birləşmə, qoşulma, bölünmə, ayrılma və çevrilmə formalarında həyata keçirilə bilər.

Qeyri-hökumət təşkilatının başqa təşkilatın ona birləşmə və qoşulma formalarında yenidən təşkil edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən onlardan birinin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan sayılır.

Qeyri-hökumət təşkilatının ayrılma və bölünmə formalarından təşkil edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən onlardan birinin ayrılması haqqında və ya bölünən təşkilatın fəaliyyətinə xitam verilməsi haqqında və yeni qeyri-hökumət təşkilatlarının təsis edilməsi haqqında qeydlərin hüquqi şəxslərinin dövlət reyestrinə daxil edildiyi andan sayılır.

Qeyri-hökumət təşkilatının çevrilmə formasında təşkil edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən mövcud olan təşkilatın ləğvi və onun əsasında yeni təşkilatın təsis edilməsi haqqında qeydlərin huquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan sayılır.

Qeyri-hökumət təşkilatının yenidən təşkilindən sonra hüquq varisliyi ilə bağlı olan bütün məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunur.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər