MİA

  • 15 001

Polis əməkdaşının məsuliyyəti, hüquq və vəzifələri

image

I. Polis əməkdaşı vəzifəsinin icrasına başlamazdan əvvəl təntənəli şəraitdə şəxsi heyətin yığıncağında Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə aşağıdakı məzmunda and içir:

"Polis" haqqında Azərbaycan Respublikası Qanununda göstərilir: "Polisdə xidmətə başlayan andan Azərbaycan Respublikasının Konstitusiyasını və digər qanunlarını rəhbər tutmağa, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmağa, qanunçuluğa ciddi riayət etməyə, xidməti vəzifələrimi namusla və vicdanla yerinə yetirməyə, intizamlı olmağa, ictimai qaydanı və ictimai təhlükəsizliyi mərdliklə qorumağa və lazım gələrsə, həyatımı belə əsirgəməməyə and içirəm".

II. Polis əməkdaşının səlahiyyətləri and içdiyi vaxtdan başlanır.

III. Polis əməkdaşı andın mətnini imzalayır və bu sənəd onun şəxsi işində saxlanılır.

I. Polis əməkdaşlarına Azərbaycan Respubiikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş xüsusi rütbələr verilir.

II. Polis əməkdaşlarının xüsusi rütbələrinin müəyyənləşdirilməsi, verilməsi əsasları və qaydaları ilə bağlı məsələlər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun həll edilir.

I. Polis əməkdaşı vəzifələrinin nümunəvi tərzdə yerinə yetirilməsinə və xidmətdə əldə edilən yüksək nəticələrə görə həvəsləndirilə bilər.

II. Polis əməkdaşlarına aşağıdakı həvəsləndirmə növləri tətbiq edilir:

1) təşəkkür;

2) pul mükafatı;

3) qiymətli hədiyyə ilə mükafatlandırma;

4) fəxri fərman ilə təltif edilmə;

5) fəxri döş nişanı ilə təltif edilmə;

6) şəxsi silahla mükafatlandırma;

7) vaxtından əvvəl növbəti xüsusi rütbə verilmə;

8) xüsusi rütbənin vəzifə ştatında nəzərdə tutulduğundan, bir pillə yuxarı verilməsi.

III. Həvəsləndirmə tədbiri kimi, əvvəllər verilmiş intizam tənbehinin vaxtından əvvəl çıxarılması tətbiq oluna bilər.

IV. Polisin təhsil müəssisələrində bu maddədə göstərilən həvəsləndirmə növlərindən başqa təqaüdün miqdarının artırılması və müdavimlərin təhsil müəssisəsinin yerləşdiyi ərazidən növbədənkənar buraxılması kimi həvəsləndirmələr də tətbiq edilə bilər.

V. Polis əməkdaşları Azərbaycan Respublikasının Dövlət mükafatları ilə təltif olunmasına təqdim edilə bilərlər.

Qanunda qeyd edilir ki, I. Polis əməkdaşı heç bir başqa seçkili və təyinatlı vəzifə tuta bilməz, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməz, əmək haqqından, habelə, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldıqları vəsaitdən başqa məvacib ala bilməz.

II. Polis əməkdaşı siyasi fəaliyyətlə məşğul ola bilməz və siyasi partiyanın üzvü ola bilməz.

I. Polis əməkdaşı aşağıdakı əsaslara görə intizam məsuliyyətinə cəlb edilir:

1) xidmət apararkən hüquqa zidd hərəkət etdikdə;

2) xidmət və icra intizamını pozduqda;

3) polis əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə.

II. Polis əməkdaşına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər;

1) məzəmmət;

2) töhmət;

3) şiddətli töhmət;

4) xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq;

5) tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə;

6) xüsusi rütbənin bir pillə aşağı salınması.

III. Polis təhsil müəssisələrində bu maddənin 2-ci hissəsində göstərilən intizam tənbeh növlərindən başqa növbədənkənar xidmət naryadını təyin etmə və polis təhsil müəssisəsindən xaric etmə tənbeh növləri tətbiq edilə bilər.

IV. Polis əməkdaşının intizam məsuliyyətinə cəlb edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə tənzimlənir.

V. Polis əməkdaşı hüquqa zidd hərəkətlərinə görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyır.

I. Polis əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər:

1) öz arzusu ilə polisdə xidmətdən çıxmaq barəsində yazılı ərizə verdikdə;

2) and içməkdən imtina etdikdə;

3) cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqi haqqında qərar olduqda;

4) polisdə xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olduqda;

5) xidmətdə olmanın son yaş həddinə çatdıqda;

6) səhhətinə görə, o cümlədən, uzunmüddətli (dörd aydan artıq) xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə xüsusi həkim komissiyasının rəyi olduqda;

7) polisdə xidmətə tam yararsız olması barəsində attestasiya komissiyasının rəyi olduqda;

8) başqa dövlətin vətəndaşlığını qəbul etdikdə, Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya digər dövlət qarşısında öhdəlik götürdükdə;

9) polis əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə;

10) intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda;

11) ştatlar ixtisar edildikdə;

12) fəaliyyət qabiliyyətsizliyi və məhdud fəaliyyət qabiliyyəti məhkəmə qaydasında müəyyənləşdirildikdə;

13) məhkəmə qaydasında ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş sayıldıqda.

II. Polis əməkdaşı xidmətdən xaric edilməsi barədə tabeliyi üzrə yuxarı orqana və ya məhkəməyə müraciət edə bilər.

III. Polis əməkdaşının xidmətdən xaric edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakmiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə tənzimlənir.

I. Polis əməkdaşının əmək haqqı onun vəzifəsi, xüsusi rütbəsi, xidmət illəri nəzərə alınmaqla, müəyyənləşdirilən əsas maaşdan, habelə, istirahət və bayram günləri, gecə vaxtı və əsas iş vaxtından əlavə işləməyə görə qanunvericiliyə müvafiq surətdə müəyyənləşdirilən əlavə haqlardan ibarətdir. Polis əməkdaşına xidmət şəraitinə görə, əlavə haqlar, birdəfəlik müavinətlər və başqa ödənişlər verilir.

II. Polis əməkdaşının əsas maaşını, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

Polis əməkdaşının pensiyasının və sosial təminatının məbləği və təyin edilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilir.

I. Polis əməkdaşının həyat və sağlamlığı dövlət büdcəsinin vəsaiti hesabına sığortalanır.

II. Xidməti vəzifələrin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş polis əməkdaşına və ya onun ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada və həcmdə kompensasiya verilir.

III. Xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşının əmlakına dəyən zərər dövlət büdcəsinin vəsaiti hesabına tam həcmdə ödənilir.

I. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan və ya yeni yerdə xidmətə göndərilən polis əməkdaşlarının mənzil ehtiyaclarının ödənilməsi üçün zəruri tədbirlər görməlidirlər.

II. Polisdə xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən, kirayədə yaşamağa məcbur olan polis əməkdaşı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi miqdarda ödəniş ala bilər.

III. Polisdə xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar köç pulu və birdəfəlik kompensasiyalar Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada və miqdarda verilir.

IV. Polis əməkdaşının Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyatın bütün növlərindən (taksidən və şəhərlərarası nəqliyyatdan başqa) pulsuz istifadə etmək hüququ vardır.

V. Xidməti ezamiyyətə göndərilən polis əməkdaşının növbədənkənar qaydada nəqliyyatın bütün növlərinə bilet və mehmanxanada yer almaq hüququ vardır.

VI. Şəxsi nəqliyyat vasitəsini xidməti məqsədlər üçün istifadə edən polis əməkdaşına nəqliyyat vasitəsinin istismarı üçün dövlət büdcəsinin vəsaiti hesabına müəyyənləşdirilmiş qaydada kompensasiya verilir.

VII. Polis əməkdaşları və onların ailə üzvləri dövlət tibb xidməti ilə təmin edilir.

VIII. Xidməti vəzifələrinin icrası ilə əlaqədar polis əməkdaşının və onun ailə üzvlərinin şəxsi və əmlak təhlükəsizliyinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada təminat verilir.

IX. Polis əməkdaşına Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məzuniyyət verilir.

X. Polis orqanlarının əməkdaşları Azərbaycan Respublikasının ali icra və qanunvericilik hakimiyyəti orqanlarına, hüquq-mühafizə orqanlarının təşkilati və qanunvericilik təminatı ilə bağlı işə keçdikdə, maddi təminatlar istisna olmaqla, polis əməkdaşlarına verilən təminatlar onlara şamil edilir.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər