İnsan hüquqları milli və ümumbəşəri ideya kimi

İnsan hüquqlarının nə olduğunu anlamaq və onların nə olduğunu görmək, yaşamaq, danışmaq, fikirləşmək, digər insanlar tərəfindən ədalətli və layiqli münasibət və bir çox digər hüquqları başa düşmək lazımdır.

Bu hüquqlar hər bir insana məxsusdur və bir sıra sənədlər, həmçinin, BMT-nin İnsan Hüquqları Bəyannaməsi və Avropa Şurasının İnsan Hüquqları Konvensiyası tərəfindən təmin edilir. Lakin bu hüquqlar həmişə olmayıb. Həqiqətən də, onların yaranması yüzilliklərlə gedirdi və biz bu hüquqların həyata keçirilməsi üçün həyatlarından keçən minlərlə insanlara öz minnətdarlığımızı bildirməliyik. Lakin insan hüquları uğrunda mübarizə hələ də davam edir, çünki hələ də bir çox kişi, qadın və uşaqlar bu hüquqlara malik deyillər.

İnsanların həyatını və azadlığını qoruyan, öz fikirlərinizi nəticələrdən qorxmayaraq, söyləməyə imkan verən qanunların olması vacibdir. Bəşər cəmiyyətin, daha da ədalətli olması üçün öz hüquqlarınızı öyrənməli və bu hüquqların qorunmaqda olduğunu bilməlisiniz.

İnsan hüquqlarının əsas məqsədi özlərini qoruya bilməyən əhalinin ən zəif təbəqələrindən olan insanları qorumaqdan ibarətdir. Burada əksini tapan hüquqlar fərq olmadan bütün kişi və qadınlara məxsusdur və insan cəmiyyətində yaşamaq, o deməkdir ki, siz yaşayarkən, öz hüquqlarınızı həyata keçirərkən, digər insanların hüquqlarına da hörmət edir və onları nəzərə alırsınız və bunu da əlavə etmək lazımdır ki, "sizin azadlığınız, digər insanların azadlığı başlayanda bitir".

Yadınızda saxlamalısınız ki, insan hüquqlarını təmin edən qətnamə və konvensiyalar birdəfəlik qəbul edilmiş sənədlər deyil, onlar canlı olaraq bizim həyatımız və cəmiyyətimiz inkişaf etdikcə, dəyişir və tamamlanır. Hüquqlar bəşəriyyətin tarixi zamanı yaranmışdır. Onlar hazırkı zamanda da, inkişaf edir və yaşayırlar. İnsan hüquqları çox qiymətli bir irs olmaqla yanaşı, həm də çox kövrək və zərifdirlər və biz hamımız onların qeydinə qalmalı və onları inkişaf etdirməliyik.

Bildiyiniz kimi, dünyada iki böyük dövlətlərarası insan hüquqlarını qoruyan təşkilat vardır ki, onlardan biri Birləşmiş Millətlər Təşkilatı, o birisi isə Avropa Şurasıdır. Bu kitabda biz sizə bu təşkilatlar və sizin haqlarınız barəsində çalışıb tam məlumat verəcəyik.

Təşkilatının Xartiyasında (1945) bəyan edildi ki, insan hüquqlarının qorunmasına kömək etmək BMT-nin əsas məqsədidir. Nəhayət, 1948-ci ildə insan hüquqları ideyası BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və həmin bəyannamədən irəli gələn çoxsaylı beynəlxalq sazişlərdə müasir səviyyədə öz əksini tapdı. O vaxtdan etibarən "insan hüquqları və dövlət hakimiyyətinin məhdudlaşdırılması" ideyası bütün dünyaya yayılmış, azadlıq və ləyaqətli yaşayış uğrunda mübarizə aparan insan üçün əsas ilhamverici ideyaya çevrilmişdir.

İnsan hüquqları dövlətlə qarşılıqlı münasibətdə hər bir insana məxsus olan başlıca əxlaqi və hüquqi haqlardır. İnsan hüquqları və dövlət hakimiyyətinin məhdudlaşdırılması ideyası üç müddəaya əsaslanır:

- hər bir insan doğulduğu gündən böyük, təkrarolunmaz və qiymətli bir varlıqdır, onun öz muxtariyyəti və ləyaqəti var; insanın ləyaqətinə toxunaraq, onun muxtariyyətinə müdaxilə etməyə dövlətin ixtiyarı yoxdur;

- hər hansı bir hakimiyyətin öz hədd-hüdudu var;

- hər bir kəs öz hüquqlarını qoruyaraq, dövlət qarşısında tələblər irəli sürə bilər.

Dövlət hakimiyyətinin hədd-hüdudu var! Dövlət yalnız o hakimiyyətə malikdir ki, həmin hakimiyyəti öz hüquqlarını müdafiə etmək məqsədilə insanlar özləri könüllü olaraq dövlətə vermişlər. Heç bir qanun, hətta demokratik bir dövlətdə çoxluğun iradəsilə qəbul olunmuş qanun belə insan hüquqlarını poza bilməz. İnsan hüquqları çoxluğun hakimiyyətinə məhdudiyyət qoyur.

İnsan hüquqlarının bir qismi ayrılmaz hüquqlardır! Dövlət insanı onun hüquqlarından məhrum edə bilməz. Hətta insanın özü belə könüllü olaraq öz hüquqlarından imtina edə bilməz. Əgər bir adam sənəd imzalayıb, könüllü şəkildə azadlıqdan imtina edərsə və özünü qula çevirərsə, bu sənəd məhkəmədə həqiqi sənəd sayılmaz. Lakin insan qərar verib özünü mülkiyyətdən təcrid edə bilər, çünki mülkiyyət hüququ insanın ayrılmaz hüquqlarından deyil.

İnsan hüquqları və dövlət hakimiyyətinin məhdudlaşdırılması ideyası bu gün dünyada ictimai inkişaf prosesinə istiqamət verən mühüm ideyalardan biridir, insan hüquqları ciddi elmi araşdırmaların predmetinə, daxili siyasətlə bağlı qızğın müzakirə və mübahisələrin mövzusuna, əksər ölkələrin konstitusiyasının ana xəttinə, sülh və əməkdaşlıq haqqında beynəlxalq sazişlərin başlıca məğzinə çevrilmişdir. Dünyanın əksər ölkələrində insan haqları insanın mövcudluğunun və milli inkişafın ən vacib şərti kimi qəbul olunur. Bununla yanaşı, insan hüquqları ideyasının həyata keçirilməsi hələ də bir çox anlaşılmazlıqların, ziddiyyətlərin, ölkədaxili və beynəlxalq gərginliklərin mənbəyi olaraq qalır.

Dünyanın özü kimi qədim olan (yəqin ki, cəmiyyətlə birgə yaranan) insan hüquqları ideyasının fəlsəfi əsaslarının işlənib- hazırlanması və bu ideya uğrunda səmərəli mübarizə aparılması son üç əsrin payına düşmüşdür. 18-ci əsrdə Avropa ayrılmaz insan hüquqlarının (yaşamaq hüququ, azad olmaq hüququ) və vətəndaş hüquqlarının (söz və vicdan azadlığı, təhlükəsizlik və mülkiyyət hüququ) meydana çıxmasının şahidi olmuşdur. Siyasi hüquqlar (ümumi seçki, gizli səsvermə, respublika quruluşu, xalq özünüidarəsi, cəmiyyət və birliklərin sərbəstliyi, siyasi həyatda və hakimiyyət sistemində iştirak etmək və s. hüquqlar) 19-cu əsrdə əldə edilmişdir. 20-ci əsr bütün bu hüquqlar sırasına sosial hüquqları (sosial təminat hüququ, əmək, təhsil, tibbi yardım hüquqları, qadın bərabərliyi və uşaqları müdafiə hüquqları) əlavə etmiş, insan hüquqları və həmin ideyanı həyata keçirmək təcrübəsini bütün dünyaya yaymışdır.

İnsan hüquqları və dövlət hakimiyyətinin məhdudlaşdırılması ideyasının bugünkü mənzərəsi İkinci Dünya müharibəsi zamanı və müharibədən sonrakı ilk illərdə formalaşmışdır. Müharibə gedən dövrdə antihitler koalisiyasına daxil olan ölkələrin başçıları bəyan etmişlər ki, insan hüquqlarının qorunması və bu hüquqlara təminat verilməsi onların müharibədə güddüyü başlıca məqsəddir və 1945-ci il Nürnberq Məhkəməsində müttəfiqlər nasist liderlərinin cinayətlərini əks etdirən siyahıya "insaniyyətə qarşı cinayəti" daxil etdilər. Dövlətə etiraz etmək haqqı insan hüquqları ideyasının əsas müddəalarından biridir.

İnsan hüquqları ictimaiyyət yox, fərdiyyət məsələsidir. Ona görə də, insan huququ anlayışı altında azlığın hüquqları yox, bu azlığa daxil olan konkret şəxsin hüquqları nəzərdə tutulur. Öz konstitusiyası olan respublikalarda insan hüquqları, məhz konstitusiya qanunu kimi müəyyən edilir və bu qanun parlamentin qəbul etdiyi adi qanunlardan yüksəkdə dayanır. Odur ki, insan hüquqlarını, bəzən "konstitusiya hüquqları" da adlandırırlar.

İnsan hüquqları yalnız insanın dövlətlə qarşılıqlı münasibətlərinə aid bir məsələdir. Əgər kimsə öz hərəkətləri ilə hər hansı bir insana zərər vurarsa, bu, artıq insan huququ məsələsi yox, qanunçuluq məsələsədir. İnsan hüquqları iki əsas qrupa ayrılır:

a) maddi hüquqlar və

b) prosessual hüquqlar.

Maddi hüquqlar - insana məxsus olan bir çox hüquq və azadlıqlardır ki, buraya fikir azadlığı, vicdan azadlığı və seçki azadlığı daxildir.

Prosessual hüquqlar - insana məxsus hərəkət üsullarını və onlarla bağlı olan məhkəmə, prokurorluq institutlarını əhatə edir ki, həmin institutların köməyi ilə insan ədalətin bərpasına nail olur, cinayət törətməkdə ittiham olunarkən, hakimiyyət qarşısında öz hüquqlarını müdafiə edir.

Vətəndaş hüquqları dövlətin hər bir insan qarşısında eyni dərəcədə daşıdığı vəzifələrdir. Məsələn, insanın təhsil hüququ təhsil sistemi yaratmağa və həmin sistemi dəstəkləməyə dövləti məcbur edir. Yaxud insanın məhkəmə təhqiqatı huququ dövləti hər kəsin şikayətlə müraciət edə biləcəyi məhkəmə sistemi yaratmağa məcbur edir. Vətəndaş azadlıqları şəxsi həyatımızla (məsələn, fikir azadlığı, vicdan azadlığı ilə, yığıncaq keçirmək, yer dəyişmək və ailə qurmaq hüququ ilə) bağlı olaraq, dövlət qarşısında qoyulmuş qadağalardır.

Deməli, konstitusiyalarda və beynəlxalq sazişlərdə öz əksini tapmış vətəndaş azadlıqları "azadlığın", vətəndaş hüquqları isə "bərabərliy"in qorunmasına xidmət etməlidir. "Azadıq" konstitusiyada mövcud hüquq proseduraları, "bərabərlik" isə hamını eyni dərəcədə qanun tərəfindən qorumaq prinsipi əsasında müdafiə olunmalıdır.

"Azadlığın tarixi daha çox prosessual təminatların yerinə yetirilməsi tarixidir" - amerikalı hakimlər bu sözləri tez-tez işlədirlər.

Avropa Şurasının Nizamnaməsinin 3-cü maddəsində göstərilir: "Avropa Şurasının hər bir üzvi hüququn ali olması prinsipini və Avropa Şurasının yurisdiksiyası altında olan hər bir insanın hüquq və əsas azadlıqlardan istifadə etməsi prinsipini təsdiq etməlidir".

Avropa Şurasının üzvləri "bir tərəfdən insan hüquqlarına hörmət və riayət edilməsi, o biri tərəfdən isə, demokratik siyasi sistem ilə təmin edilən ümumi sülh və ədalətin üstün olmasına zəmanət verən əsas azadlıqlara olan dərin sədaqətliyini" təsdiq edirlər.

Avropa Şurasının əsas fəaliyyəti insan hüquqlarının təmin olunması və qorunmasına yönəlib. Fransanın Strasburq şəhərində yerləşən Avropa Sarayına malik olaraq, Avropa Şurası üzv ölkələrində olan cəmiyyətin problemlərinin həllinə yönəlmiş ümumi siyasətin işlənib-hazırlanmasını təmin edir.

Avropa Şurası II Dünya müharibəsindən sonra dünyada olan xaos zamanı yaranmış ən qədim Avropa siyasi təşkilatıdır. Avropa Şurası 1949-cu ilin may ayında London şəhərində BMT-nin yaranmasından cəmi 4 il sonra yaranmışdır. Təşkilatın təməlini qoyan ölkələrin fikri - üzv olan dövlətlər arasında bərabərlik təmin etmək siyasəti aşağıda göstərilən məqsədə nail olmaq üçün istiqamətlənmişdir; "ümumi sərvət olan ideal və prinsiplərin həyata keçirılməsı və qorunması, və Avropa Şurası üzvləri olan dövlətlərin sosial və iqtisadi sahədə tərəqqisinə təkan vermək, imkan yaratmaq" (Avropa Şurasının Nizamnaməsi, 1 saylı maddə).

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru