QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARININ İDARƏ OLUNMASI

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli Sərəncamında göstərilir: "İctimai birliyin strukturu, tərkibi, idarəetmə orqanlarının səlahiyyəti, formalaşdırılma qaydası və onların səlahiyyət müddəti, qərar qəbuletmə və ictimai birliyin adından çıxışetmə qaydaları bu Qanun və digər qanunlara müvafiq olaraq ictimai birliyin Nizamnaməsi ilə müəyyən edilir.

İctimai birliyin ali idarəetmə orqanı, ildə bir dəfədən az olmayaraq, çağırılan ümumi yığıncaqdır.

Ümumi yığıncaq ictimai birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır.

Ümumi yığıncağın əsas funksiyası onun marağı naminə yarandığı məqsədlərə riayət etməkdir.

Ümumi yığıncağın səlahiyyətinə aşağıdakı məsələlərin həlli aiddir:

- ictimai birliyin Nizamnaməsinin qəbulu və ona dəyişikliklər edilməsi;

- ictimai birliyin əmlakının formalaşma və istifadə prinsiplərinin müəyyən edilməsi;

- ictimai birliyin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması;

- illik hesabatın təsdiq edilməsi;

- başqa təşkilatlarda iştirak;

- ictimai birliyin yenidən təşkili və ləğv edilməsi.

İctimai birliyin təsisçilərinə və üzvlərinə ümumi yığıncağın yeri və vaxtı haqqında ən azı 2 həftə əvvəl məlumat verilməlidir. Ümumi yığıncaq, yalnız birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə, nizamnəməyə dəyişikliklər edə bilər. Ümumi yığıncağın qararı yığıncaqda iştirak edan üzvlərin səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir.

Ümumi yığıncaqda yazılı protokol aparılmalıdır. Protokol yığıncağın sədri və katibi tərəfindən imzalanır, yığıncağın protokolu, lazım gəldikdə, bütün üzvlərə paylanmalıdır.

İctimai birliyin icra orqanı kollegial və (və ya) təkbaşına ola bilər. O, ictimai birliyin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir və ictimai birliyin ali idarəetmə orqanına hesabat verir.

İctimai birliyin icra orqanı ictimai birliyin filiallarını yaradır və nümayəndəliklərini açır.

İctimai birliyin icra orqanının səlahiyyətinə ictimai birliyin başqa idarəetmə orqanlarının bu Qanun, digər qanunlar və ictimai birliyin Nizamnaməsi ilə müəyyən edilən müstəsna səlahiyyətini təşkil etməyən bütün məsələlərin həlli aiddir".

Sərəncamda göstərilir ki, fondun idarəsini fondun prezidenti və ya idarə heyəti həyata keçirir.

Fondun Himayəçilik Şurası fondun nəzarət orqanıdır və fondun fəaliyyətinə, fondun başqa orqanları tərəfindən qərarların qəbul edilməsinə və onların yerinə yetirilməsinin təmin edilməsinə, fond vəsaitinin istifadə edilməsinə, fondun fəaliyyətinə nəzarəti və nizamnaməyə dəyişikliklər edilməsini, ləğvetmə və ya yenidən təşkiletmə haqqında qərarın qəbulunu həyata keçirir. Fondun Himayəçilik Şurası öz fəaliyyətini ictimai əsaslarla həyata keçirir.

Fondun Himayəçilik Şurasının formalaşma və fəaliyyət qaydası fondun təsisçiləri tərəfindən təsdiq edilmiş fondun Nizamnaməsində müəyyən edilir.

Qeyri-hökumət təşkilatı hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında Azərbaycan Respublikasının qanunveriliciliyində nəzərdə tutulmuş qaydada ləğv edilə bilər.

Qeyri-hökumət təşkilatının ləğv edilməsi ilə bağlı bütün əmlak məsələləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində tutulmuş qaydada həll olunur.

Qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan və qeyri-hökumət təşkilatının Nizamnaməsində nəzərdə tutulan məqsədlərə zidd olmayan ölkə daxilində və xaricdə hər hansı fəaliyyət növünü həyata keçirə bilər.

Qeyri-hökumət təşkilatı əldə edilmiş gəliri təsisçiləri (üzvləri) arasında bölüşdürməyərək, yalnız təşkilatın yaradılması məqsədlərinə nail olmasına yönəldilmiş sahibkarlıq fəaliyyətini həyata keçirə bilər. Belə fəaliyyət kimi qeyri- hökumət təşkilatının yaranma məqsədlərinə cavab verən, mənfət gətirən mal və xidmət istehsalı və satışı, habelə, qiymətli kağızların, əmlak və qeyri-əmlak huquqlarının əldə edilməsi, əmanətçi kimi təsərrüfat cəmiyyətlərində və ortaqlıqlarda iştirakı qəbul edilir.

Qeyri-hökumət təşkilatı sahibkarlıq fəaliyyəti üzrə gəlir və xərclərin uçotunu aparır. Qeyri-hökumət təşkilatının məşğul ola bilən fəaliyyət növləri üçün hər bir məhdudiyyət yalnız qanunla müəyyən olunur.

Qeyri-hökumət təşkilatının mülkiyyətində üz və operativ idarəsində qanunvericiliklə qadağan olunmamış növlərdə əmlak ola bilər.

Qeyri-hökumət təşkilatı öz öhdəliklərinə görə əmlakı ilə cavabdehdir. Bu əmlak, yalnız Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, özgəninkiləşdirilə bilər.

Fondun əmlakını onun təsisçiləri (təsisçisi) tərəfindən verilən əmlak təşkil edir. Fond təsis olunduqdan sonra ona əmlak vermiş şəxs təsisçi huququ qazanmır. Təsisçilər onların yaratdığı fondun öhdəlikləri üçün, fondlar isə öz təsisçilərinin öhdəlikləri üçün məsuliyyət daşımır.

Qeyri-hökumət təşkilatının əmlakının pul və digər şəkildə formalaşdırılma mənbələri aşağıdakılardır:

- təsisçilərin və ya ictimai birliklərin üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqları;

- könüllü əmlak haqları və ianələri;

- malların satışından, xidmətlər göstərilməsindən, işlər görülməsindən daxilolmalar;

- səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlərdən alınan dividendlər və gəlirlər;

- öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər;

- qrantlar;

- qanunvericiliklə qadağan olunmayan başqa gəlirlər.

Qeyri-hökumət təşkilatının hüquqları bütün dövlət orqanları tərəfindən qorunur. Qeyri-hökumət təşkilatları qanunvericilik çərçivəsində öz fəaliyyətini müstəqil olaraq, həyata keçirmək huququna malikdir. Dövlət hakimiyyəti orqanları qeyri-hökumət təşkilatlarına maliyyə və başqa formalarda yardım edə bilərlər.

Qeyri-hökumət təşkilatı qanunvericiliyə müvafiq olaraq, mühasibat uçotu aparır.

Qeyri-hökumət təşkilatının gəlirinin məbləği və strukturu, habelə onun əmlakı, xərcləri, işçilərin say tərkibi, əməyin ödənilməsi haqqında məlumatlar dövlət və ya kommersiya sirri ola bilməz.

Fond öz əmlakından istifadə haqqında hesabatları hər il dərc etməyə borcludur.

Dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatları Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmuş vergi güzəştlərindən istifadə edir.

Qeyri-hökumət təşkilatı bu Qanunun müddəalarından irəli gələn tələbləri pozduqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə məsuliyyət daşıyır.

Bu Qanunun məqsədlərinə zidd olan hərəkətlərə yol verildiyi halda, qeyri-hökumət təşkilatına müvafiq icra hakimiyyəti orqanı tərəfindən yazılı surətdə xəbərdarlıq edilə və ya pozuntuların aradan qaldırılması haqqında göstəriş verilə bilər.

Qeyri-hökumət təşkilatı həmin xəbərdarlıqdan və ya göstərişdən məhkəmə qaydasında şikayət vermək hüququna malikdir.

Qeyri-hökumət təşkilatına bir il ərzində ikidən çox yazılı sürətdə xəbərdarlıq və ya pozuntuların aradan qaldırılması haqqında göstəriş verildiyi halda, qeyri-hökumət təşkilatı məhkəmənin qararı ilə ləğv edilə bilər.

Əvvəllər qeydiyyata alınmış qeyri-hökumət təşkilatlarının yenidən qeydiyyata alınması.

Bu Qanun qüvvəyə minməmişdən əvvəl dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikası hüquqi şəxslərinin dövlət reyestrinə daxil edilməlidir.

Bu Qanunun qüvvəyə minməsi.

Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru