Konfutsinin yüksək vəzifə, nəciblik, nəzakət və insan haqlarına münasibəti

Müşfiq Ötkünün "Tanımadığımız Konfutsi" əsərində göstərilir: "Konfutsi deyirdi:

- Nəcib kişi mərifətin qayğısında olar, balaca adam yaxşı yerləşmək barədə düşünər. Nəcib kişi qanun qayğısında olar, balaca adam imtiyazları düşünər.
Məsələn:
Nəcib müəllimin işində əsas cəhət tələbələrinə faydalı olmaqdır;
Adi müəllim üçün əsas cəhət prestijli yerdə işləməkdir;
Nəcib müəllim üçün əsas cəhət həqiqətə qulluqdur;
Adi müəllim üçün əsas cəhət məvacibin böyüklüyüdür.
Müəllim söylədi:
- Maddi maraq dalınca düşən özünə qarşı böyük narazılıq oyadacaqdır.
İnsan balaca adam ömrü yaşamaq üçün yaradılmayıb. Balaca adam libası insanın əynində gülünc görünür. Komediya janrının başlıca mənbəyi də bu məqamla bağlıdır. Balaca adam olmaq - gülüncdür.
İnsan böyüklük - həqiqətə, yüksək amallara xidmət etmək üçün yaradılıb. Bunu bacaran insanlar bəşəriyyətin fəxr ünvanlarıdır. Sokrat, Russo, Tolstoy, Qandi.
Budur, insan ömrünün mənasını maddi uğura bağlayır. Elmsizi də, elmlisi də... Zatən, elmə də daha çox var qazanmaq imkanı əldə etmək üçün can atarlar, adətən. Varlanmaq eşqiylə elm öyrənməyə girişənlər həqiqəti tapmırlar. Maarifçilik ideyası, beləcə, iflas edildi.
Maddi maraq dalınca düşən insan özünə qarşı Göyün də, Yerin də narazılığını oyadacaqdır...
Müəllim deyərdi:
- Əgər dövlət ritualların buyurduğu nəzakət qaydası ilə idarə oluna bilirsə, nə çətinlik ola bilər ki? Ritual nəyə lazımdır, əgər nəzakət qaydası ilə dövləti idarə etmək mümkün deyilsə?
Nəzakət - başqalarının da göyün qulluğunda olduğunu dərk etmə şüuruna əsaslanır. Nəzakət, həyata dərin sayğının ifadəsidir. Həyata sayğı duymayan, göyün müqəddəs həqiqətini dərk edə bilməz və bu mərifət rituallar vasitəsi ilə tərbiyə edilir. Rituallardan mərifət qazanılmırsa, onlar rəqs hərəkətlərindən başqa bir şey deyillər. Rituallarda qazanılan mərifət kainatın qapılarını açmağa qadir sirr deyilsə, onda onlar nəyə lazımdırlar ki?
Konfutsi əmindir ki, dövlət ritual mərifəti ilə idarə olunmalıdır. İdarə etdiyin insanlar sənin yox, göyün əmrindədirlər və sən də bu əmrə tabesən. Sənin tabeçiliyinə verilmiş insanları kiçik görmək onlarla ədalətdən kənar davranmaq, ibadət ruhundan çıxmaqdır ki, bunun arxasınca narazılıqlar və səfalət gəlir. Konfutsi ağalığın idarəetmədən kənarlaşdırılmasına çağırırdı.
Bu mövqe ətraflı misallarla aydınlaşdırılır Lun Yüdə.
Konfutsi dedi:
- İnsan yüksək vəzifənin xiffətini çəkməməli, mərifətdə möhkəmlənmədiyinə kədərlənməlidir. İnsan başqaları tərəfindən tanınmadığına qüssələnməməlidir. Mərifətdə möhkəmlənməyə başlayınca, insanlar onun xəbərini alacaqlar.
Ən yüksək vəzifə - həqiqətin xidmətində olmaqdır. Qalan karyera fəaliyyəti - avaraçılıqdır bununla müqayisədə.
Ən parlaq şöhrət həqiqətə xidmətlə gəlir. Qalan məşhurluq - rüsvayçılıqdır bununla müqayisədə.
Konfutsi gənclərə nəyin üzərində işləmək lazım olduğunu göstərməyə çalışır. Siz mərifətiniz üzərində işləyin. Göyün sizin işinizdən xəbəri olacaq. Göyün sizə etibarı yaranınca isə insanlar da yaxınlaşacaq bir-bir.
Müəllim dedi:
- Çan! Mənim təlimim bir başlanğıca tabedir.
Cın Cı dedi:
- Bəli.
Konfutsi çıxanda tələbələri Cın Cıdan soruşdular:
- O nəyi nəzərdə tuturdu?
Cın Cı cavab verdi:
- Müəllimin yolu sədaqət və mərhəmət üzərindədir.
Hər hansı təlimi onun başlanğıcını bilənə qədər öyrənərlər. Baxmayaraq ki, filosoflar bu başlanğıcı elə birinci tanışlıqda təqdim edərlər, onu dərk etmək elə də asan olmur.
Hər hansı təlimin hikmət zənginliyi bir başlanğıcın şərhləri əsasında yaranır. Tələbələr şərhlərə aludə olarlar, körpələr gün işığını tutmağa cəhd edən təki.
Müəllimin yolu isə həqiqətə, ədalətə, xeyirə, gözəlliyə sədaqət və onunla birlikdə varlığı paylaşanlara mərhəmət üzərindədir. Başlanğıc da budur, son da.
Müəllim söylədi:
- Nəcib kişi ədalət tanıyar, balaca adam - qazanc.
İnsan zatən qazancdan yüksək dəyər tanımağa başladığı andan nəcibləşmə yoluna düşər.
Balaca adamın əlində olan qazancdır. Qazanc da balaca adamı əlində yaxşı tutub.
Konfutsi deyərdi:
- Mərifətli insana rast gələndə, ona çatmaq barədə düşünün. Mərifətsizə rast gələndə, öz içinizə boylanın.
Nəcibləşmək yolu - daim öyrənmək, düşünmək, götür-qoy etmək yoludur.
Mərifət barədə biliklərinin üfüqlərini, mərifətli adamlara rast gələndə, genişləndirmək imkanını yaxalamış olursan.
Mərifətsizliyindən ayrılmaq imkanlarını mərifətsizin davranışından hiddətlənərkən əhəmiyyətli dərəcədə artırmış olursan.
Müəllim dedi:
- Valideynlərə xidmət edərkən, onları yumşaq şəkildə öyrət. Qulaq asmadıqlarını görsən, hörmətini artır, öyrətməkdən də əl çəkmə. "Səni məyus etsələr, şikayətlənmə".
Öyrətmə təbliğat adlı eybəcərliklə əvəzləndi. Təbliğatın məqsədi sənin öyrənməyin deyil. O, uzaq hədəf olardı və sənin maraqlarına xidmət edərdi. Təbliğatın hədəfi vaxtındır və məqsədi də sən deyilsən. Səndən kiminsə partiyasının sayını artırmaq və təbliğatçının eqosunu məmnun etmək tələb olunur.
Öyrətmə xəzinəylə paylaşmaqdır. Qarşıdakı bunu anlamaya bilər, lakin sənin hər hərəkətindən həqiqi xəzinə tapmasının mərifəti bilinməlidir.
"Səni məyus etsələr, şikayətlənmə".
Müəllim deyərdi:
- Valideynlərin sağ olduğu müddətdə onlardan uzağa getmə. Gedəsi olsan, istiqamətini bildir.
Mərifətli övladın davranışı - xeyirin davranışıdır; bezdirici deyil, əlyetərdir. Ayrılanda onu harada tapmaq lazım olduğunu da açıq şəkildə bildirir. Yəni qapısı açıqdır daima.
Müəllim deyərdi:
- Əgər oğul atasının ölümündən sonra üç il onun yolunu dəyişməzsə, bunu övladlıq hörməti adlandırmaq olar.
Müəllimdən ölüm dərsini üç il təkrarlamaq tələbi.
Konfutsi deyərdi:
- Valideynlərin yaşını bilmək lazımdır; övlad üçün bunda həm sevinc, həm də kədər var.
Valideynlərin qocalması və ölməsini müşahidə etmək dolayısı ilə həyatı dərk etmək sevinci və kədəridir.
Göyün valideyn adlı lütfündən axıra qədər tam olaraq bəhrələnmək lazımdır. Adətən, insan valideynlərindən yalnız uşaqlıqda bəhrələnir. Konfutsiyə görə Qədim Çin mədəniyyəti bu bəhrələnməni ölümə qədər və ölümdən sonraya da aid edir.
Müəllim dedi:
- Qədimlər ehtiyatla danışardılar. Dediklərini yerinə yetirməyə biləcəklərindən ehtiyatlanardılar.
İnsanın cahilliyi ən çox vəd vermə məqamlarında bilinir. Əhəmiyyətli görünmək həvəsindən azad olanlar vədlərində ehtiyatlı olarlar.
Müəllim söylədi:
- Ehtiyatlı adam nadir hallarda pərt olur.
Pərtlik uyğunsuzluğun dərkidir.
Konfutsi deyərdi:
- Nəcib kişi ağır danışar, cəld görər.
Əməllərlə sözlər arasındakı əlaqəni möhkəmləndirməkdir nəciblik yoludur.
Sözlərlə əməllər arasındakı əlaqəni zəiflətmək siyasət yoludur; adamın ictimai statusu nə olur-olsun".

Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru