MİA

  • 24 807

Azərbaycanda səhiyyə sahəsində insan hüquqları: mahiyyəti və istiqamətləri

image

Müasir dövrdə tibbi hüquq sahəsində öyrənilən məsələlərdən biri insanın səhiyyə sahəsində hüququnun normativ qanunlarla təmin olunmasıdır. Bu sahə beynəlxalq və dövlətdaxili hüquqi aktlarla tənzimlənir.

Tibbi fəaliyyət sahəsində insan hüquqlarının təmin olunqmasının səviyyələri aşağıdakılardır:
- Beynəlxalq səviyyə;
- Ümumdövlət səviyyəsi;
- Yerli səviyyə.
Tibbi fəaliyyət sahəsində insan hüquqları aşağıdakı kimi təsnif edilir:
- Sağlamlığın qorunması hüququ;
- Sağlamlığa təsir edən amillər haqqında informasiya əldə etmək hüququ;
- Tibbi-sanitar yardım hüququ.
Sağlamlığın qorunması sahəsində əhalinin ayrı-ayrı qruplarının hüquqları:
- Ailə üzvlərinin hüquqları;
- Anaların və hamilə qadınların hüquqları;
- Yetkinlik yaşına çatmayanların hüquqları;
- Hərbi qulluqçuların hüquqları;
- Yaşlı insanların hüquqları;
- Əlillərin hüquqları;
- Pasiyentlərin hüquqları.
Azərbaycanda tibbi fəaliyyət sahəsində insan hüquqlarının təmin olunmasının istiqamətləri aşağıdakılardır:
- Normativ - hüquqi - vətəndaşların hüquqlarının reallaşması mexanizmini əks etdirən yuridik sənədlər;
- Təşkilati istiqamət;
- Maliyyə-iqtisadi;
- İnformasion istiqamət.
Azərbaycan Respublikası Konstitusiyasında "Sağlamlığın qorunması hüququ" bölməsi mövcuddur. Konstitusiyanın digər bölmələrində "Yaşamaq hüququna", "İstirahət hüququna", "Sosial təminat hüququna dair maddələrində də tibbi fəaliyyət sahəsində insan hüquqlarının təmin olunması məsələlərinə toxunulmuşdur.
Bundan başqa Azərbaycan Respublikasında qəbul olunmuş aşağıdakı qanunvericilik aktları mövcuddur:
1. "Əhalinin sağlamlığının müdafiə olunması haqqında" AR Qanunu (26 iyun 1997-ci il).
2. "Qan və onun komponentlərinin donorluğu haqqında" Qanun (26 sentyabr 1996-cı il).
3. "İnsan orqanlarını və (və ya) hüceyrələrinin köçürülməsi" haqqında Qanun.
4. "Psixatrik yardım haqqında".
5. Şəkərli diabetdən zərər çəkən insanlara dövlət yardımı haqqında qanunlar.
Göründüyü kimi, tibbi fəaliyyət sahəsində insan hüquqlarının təmin olunması Azərbaycan dövlətinin siyasətinin əsasını təşkil edir. Bundan başqa, qeyri-dövlət təşkilatları, xüsusilə, Heydər Əliyev Fondu bu sahədə geniş fəaliyyət göstərir.
Azərbaycan tədqiqatçısı Sevinc Budaqova özünün "Ümid qapısı, mərhəmət ünvanı" adlı fundamental əsərində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın hələ Heydər Əliyev Fondunun Prezidenti olarkən, bu sahədə gördüyü tədbirlərdən bəhs etmişdir: "Heydər Əliyev Fondunun fəaliyyətinin əhəmiyyətli bir hissəsini də səhiyyə sahəsində həyata keçirilən layihələr təşkil edir. Tibb ocaqlarının, uşaq müalicə-profilaktika müəssisələrinin yenidən qurulmasında, müasir avadanlıqla təchizatında iştirak, xarici ölkələrdən mütəxəssislərin yerli klinikalara dəvət olunmasına, treninqlərin keçirilməsinə, həkimlərin mübadiləsinə dəstək, dünyanın bir sıra aparıcı tibb müəssisələri, səhiyyə şirkətləri ilə əməkdaşlıq əlaqələrinin inkişafı bu yöndə həyata keçirilən fəaliyyətin ayrı-ayrı şaxələridir".
Müəllif daha sonra qeyd edir ki, tibbi xidmətin keyfiyyətcə müasir standartlar səviyyəsinə yüksəldilməsi, vətəndaşların sağlamlığının etibarlı təminatı məsələləri bütün zamanlarda dövlətin üzərinə götürdüyü sosial öhdəliklər sırasında mühüm yer tutur. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu bu sahədə də layiqincə davam etdirir.
Ötən müddətdə səhiyyə sisteminin inkişafı - bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzində saxlanılmışdır. Prezident İlham Əliyev ölkə həyatının digər sahələri kimi, insanların sağlamlığında mühüm rol oynayan səhiyyə ocaqlarının da inkişafına, bu sahədə mövcud problemlərin tez bir zamanda aradan qaldırılmasına çalışır. Dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitlərin ildən-ilə artırılması tibb müəssisələrinin fəaliyyətinin, ümumilikdə, tibbi xidmətin çağdaş tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açır. Azərbaycan Prezidenti Cənab İlham Əliyev çıxışlarında dəfələrlə vurğulamışdır ki, "biz artan iqtisadi imkanlarımızı, ilk növbədə, sosial sahələrin inkişafına, o cümlədən, səhiyyənin problemlərinin həllinə yönəltməliyik".
Səhiyyənin son illərdəki əhəmiyyətli dərəcədə artan büdcəsinə nəzər saldıqda, dövlət başçısının verdiyi vədlərin real işə söykəndiyi bir daha təsdiqlənir. Müstəqil respublıkamız ötən illərdə səhiyyə sahəsində həlledici uğurlara imza atmışdır. Respublika Prezidentinin təşəbbüsü ilə son illərdə Səhiyyə Nazirliyi tərəfindən ən vacib sahələr üzrə - "Qanın, qan komponentlərinin donorluğu və qan xidmətlərinin inkişafına dair Dövlət Proqramı", "Hemofiliya və talassemiya irsi qan xəstəliyi üzrə Dövlət Proqramı", "Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı", "Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı", "Onkoloji xəstələrin həyati vacib şiş əleyhinə preparatlarla təminatı üzrə Tədbirlər Proqramı", "Ana və uşaqların sağlamlığının qorunması haqqında Tədbirlər Proqramı" hazırlanmış və Nazirlər Kabineti tərəfindən qəbul edilmişdir.
Tibbi fəaliyyət sahəsində insan hüquqları aşağıdakı etik prinsiplərə əsaslanır:
- Pasiyentin sərbəst və şüurlu qərarına hörmət edilməsi;
- Həkimi sərbəst seçmək hüququ;
- İnsanın həyat və ləyaqətinə hörmət edilməsi;
- Peşə sirlərinə və özəl həyata müdaxilə edilməsi hüququna riayət edilməsi.
Qanunvericilik pasiyentin hüquqlarını müdafiə etmək üçün ümumi (məhkəməyə müraciət) və xüsusi üsullarını (müalicə-profilaktika müəssisəsinin vəzifəli şəxsinə və müvafiq icra orqanlarına müraciət) nəzərdə tutur.
AMEA-nın İnsan Hüquqları İnstitutunun əməkdaşı Nərgiz Həsənova Pasiyentlərin hüquqlarının müdafiəsi zamanı dünya təcrübəsindən Azərbaycanın milli spesifikliyini nəzərə almaqla istifadə etməyin zəruriliyini göstərir: "Dünyanın hüquqi və mülki inkişaf təcrübəsinin zənginliyi və müxtəlifliyi respublikamız üçün adekvat olan pasiyentlərin hüquqlarının müdafiəsinin dövlət və qeyri-dövlət institutlarının modellərini tətbiq etməyə imkan verir. Pasiyentlərin hüquqlarının pozulmasının mənbəyi həkim və pasiyent arasında yaranan münaqişədir. Onları aşağıdakı konflikyaradıcı amillər şərtləndirir:
- Həkimlərin peşəkarlıq səviyyəsinin aşağı olması;
- Etik pozuntular;
- Müalicənin gözlənilən nəticələrinin alınmaması;
- Təbabətin elmi-texnoloji və infrastruktur imkanlarının çatışmaması.
Müəllif haqlı olaraq bu sahədə milli Azərbaycan reallıqlarını nəzərə alaraq Avropa təcrübəsindən istifadə edilməsini tövsiyə edir. Böyük Britaniyada pasiyentlərin hüquqlarını müdafiə edən iki institut mövcuddur:
1. Sağlamlıq işləri üzrə Parlament səlahiyyətləri olan dövlət institutu;
2. Tibbi səhvlərin qurbanı olanları müdafiə hərəkatının timsalında qeyri-dövlət institutu. Bunlar tibbi fəaliyyət sahəsində insan hüquqlarının müdafiəsini səmərəli surətdə təmin edir.
A.D.Ramişvili, V.İ.Viter, N.İ.Nevolin "Səhiyyədə müasir hüquq və etika problemləri" məqaləsində Rusiyada tibbi sığortanın etik aspektlərinə toxunaraq, həm də tibbi yardımın əsas prinsiplərinin kobud pozulmasını da diqqətə çatdırırlar:
- İnsan sağlamlığı və yaşamaq hüququ;
- Seçim hüququ;
- Həkimin tibbi yardım göstərmək obrazının pozulması;
- Sosial ədalətə riayət edilməsi".
Müasir dövrdə Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu gedişində mövcud səhiyyə sisteminin demokratikləşməsi və bu sahədə qanunvericilik aktlarının təkmilləşdirilməsi prosesi davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" və "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər Proqramı"na əsasən, ARDNŞ-in maliyyə vəsaiti hesabına respublikamızın 10-dan artıq bölgəsində beynəlxalq standartlara cavab verən yeni müalicə-diaqnostika mərkəzləri inşa edilir. Artıq Lənkəranda, Siyəzəndə, Şirvanda, Naxçıvanda və Şahbuz rayonunda müasir tələblərə cavab verən müalicə-diaqnostika mərkəzləri əhalinin istifadəsinə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin bu müalicə-diaqnostika mərkəzlərinin açılışında şəxsən iştirak etməsi də, onun səhiyyə sisteminə yüksək qayğısının əyani təzahürü kimi diqqəti çəkir. Dövlət başçısının tapşırığı ilə bu diaqnostika mərkəzlərinin hamısında ən unikal cərrahi əməliyyatların aparılması üçün hər cür şərait yaradılmış, məşhur Avropa, Amerika və Yaponiya şirkətlərinin istehsalı olan qabaqcıl tibbi avadanlıqlar quraşdırılmışdır.
Səhiyyəyə dövlət qayğısının tərkib hissəsi kimi, Azərbaycan Respublikası Prezidentinin 13 mart 2008-ci il tarixli Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının yaradılması haqqında Sərəncamı da xüsusi əhəmiyyət kəsb edir. Son illər ərzində Azərbaycan Tibb Universitetinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilmiş, ölkədə tibb kadrlarının hazırlanması səviyyəsinin yüksəldilməsi məqsədi ilə bəzi tədris klinikaları yaradılmışdır. Cərrahiyyə kafedralarının Bakı şəhərinin müxtəlif rayonlarının ərazisində yerləşməsi Azərbaycan Tibb Universitetində bu ixtisaslar üzrə tədris prosesinin normal təşkilində müəyyən problemlər yaradırdı. Dövlət başçısı bu problemləri həll etmək, bütün cərrahiyyə kafedralarını bir mərkəzdə cəmləşdirmək, nəticə etibarilə tədris prosesinin təşkilini yaxşılaşdırmaq, həmçinin, ixtisaslaşdırılmış tibbi təhsilin və tibb elminin inteqrasiyasını təmin etmək, nəzəri bilikləri praktik təcrübə ilə daha sıx əlaqələndirmək məqsədi ilə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının yaradılmasını qərara almış və bu məqsədlə Azərbaycan Prezidentinin Ehtiyat Fondundan zəruri maliyyə vəsaiti ayrılmışdır.
Dövlət başçısının 2007-ci ilin sentyabrında imzaladığı Sərəncamla özünəməxsus ənənələri ilə nəinki Azərbaycan tibb elmində, eləcə də, keçmiş İttifaqda, Avropa və dünyanın ən qabaqcıl uroloji klinikaları arasında yeri olan Respublika Kliniki-Uroloji Xəstəxanasının yenidən qurulması da səhiyyəyə göstərilən qayğının əyani təcəssümüdür. Bu Sərəncama görə, Azərbaycanda dünya səviyyəli böyrəkköçürmə mərkəzi və uroloji klinikanın yaradılması, bütövlükdə, transplantasiya elminin inkişafı üçün tədbirlər planı nəzərdə tutulmuşdur. Bu işlərin görülməsinə və eyni zamanda, xəstəxananın müasir avadanlıqla təchiz edilməsinə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Səhiyyə Nazirliyinə 6 milyon manal məbləğində vəsait ayrılmışdır.

Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər