Azərbaycanda insanların hüquq və azadlıqlarının təmin olunması dövlət maraqları müstəvisində

Məlum olduğu kimi, maraqlar ictimai münasibətlərin xüsusi növü olub dövlət və insan münasibətlərində mühüm rol oynayır. Vətəndaş cəmiyyəti daxilində müxtəlif maraq və mənafeləri düzgün əlaqələndirməzdən, ictimai-siyasi gerçəkliklə sosial ədalət prinsiplərini ardıcıl surətdə bərqərar etmədən, hər hansı milli dövlət quruculuğundan danışmaq çətindir. Hüquqi dövlət milli-mənəvi simanın formalaşması, milli həyatın çoxcəhətli komponentlərinin inkişafı üçün mühüm məziyyətdir.

Tədqiqatçılar göstərirlər ki, hüquqi və milli-dövlət maraqlarının formalaşmasında dövlət və onun tələbatlarının ödənilməsi şəraitinin müəyyənləşməsində dövlətin xüsusiyyətləri həlledici rol oynayır. Fərdi və qrup şüuruna münasibətdə obyektiv olan dövlətə münasibətdə obyektiv olmaya da bilər.
Keçmiş sovet tədqiqatçıları və Azərbaycan alimləri millət və dövlətin eyni məna vermədiyini, onlar arasında fərqlər olduğunu, etnik-milli birliyin dövlət birliyilə üst-üstə düşmədiyini, milli və dövlət maraqlarının fərqləndiyini göstərmişlər.
Eyni zamanda, milli və dövlət maraqları arasında dərin qarşılıqlı əlaqənin mövcudluğu xüsusi nəzərə çatdırılır. Vətəndaş cəmiyyəti, sosial-mədəni və mənəvi həyat fəaliyyətinin təminatı onların yenidən təşkili və nəsildən-nəslə ötürülməsi sistemi ayrı-ayrı fərdlərin və kollektivlərin özünü reallaşdırması həm fərdi, həm də kollektivçilik və modemizm, yaxud azərbaycançılıq əsasında vahid ümumi təsəvvür tipini əsaslandırmaqla millətin və dövlətçiliyin bütün problemlərinin həll ediləcəyi fikrinə şübhə ilə yanaşır. Bu ideyanı qəbul etməyənləri zor gücünə inandırmağı isə o, kəskin tənqid edir: "Belə mühakimələrdə əsas məsələ unudulur ki, bu, ancaq həmin ümumi təsəvvürlər işdə millətin maraqlarını əks etdirərsə, baş verə bilər. Bu isə, o deməkdir ki, maraqların subordinasiyası, bütövlükdə və tamamilə şüurlu fəaliyyət sahəsinə aiddir və dövlət də idarəetmə və hakimiyyət sistemindən asılıdır. Bu zaman maraqların müxtəlif tərzcə dərk olunması səviyyəsi müxtəlif rol oynayır.
Azərbaycanda müasir hüquqi, milli-dövlət quruculuğu siyasətində "xalq dövlət üçün deyil, dövlət xalq üçün olmalıdır" prinsipi həyata keçirilir. Dövlət müstəqilliyinin möhkəmlənməsinin əsas amili milli-dövlət maraqlarının ümummilli maraqlarla üst-üstə düşməsidir. Azərbaycanda dövlətçilik ənənəsi formalaşdırılmaqla yanaşı, dövlətçilik ideologiyası və dövlətçilik psixologiyası yaradılır.
Azərbaycan dövlətçiliyinin ən uğurlu fəaliyyətindən biri bütün dövlətlərlə bütün sahələrdə (siyasi, iqtisadi, mədəni-mənəvi) münasibətdə öz milli maraqlarından çıxış etməsidir.
Vətəndaş cəmiyyətinin və hüquqi-milli dövlətin formalaşması mərhələsində dövlətin ən mühüm funksiyalarından biri milli maraqları həyata keçirməkdən ibarətdir. Milli dövlətin yaranmasında ən mühüm amili isə milli mənlik şüurudur.
Akademik R.Mehdiyevin fikrincə, Ümummilli Lider Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideyası dövlət, cəmiyyət maraqları və fərdin mənəvi maraqlarının vəhdəti kimi bütün azərbaycanlıları birləşdirən zəruri, güclü bir ideyadır: "Azərbaycançılıq ideyalarının dərk olunmasının əsasında Azərbaycan xalqının tarixi, mənəvi-əxlaqi, mədəni ənənələri zəminində birlik ideyası durur və bu, nəinki indi, həm də uzaq gələcəkdə azərbaycanlıların bir çox nəsillərinə xidmət edəcəkdir və müstəqillik, milli eyniyyət tezliklə həmin nəsillər üçün həyatı, azadlığı dərk etməyin ayrılmaz atributlarına çevriləcəkdir".
Ulu Öndər Heydər Əliyev azərbaycançılığı milli ideologiyanın əsası kimi Azərbaycan gerçəkliyində bərqərar olmasında və inkişafında müstəsna xidməti olan dövlət başçısıdır.
Şəxsi, fərdi, ictimai-milli və dövlət maraqlarının qarşılıqlı əlaqəsində şəxsi maraqlar cəmiyyət prizmasından keçir. Sovet dövründə ictimai maraqla dövlət marağı eyniləşdirilirdi. Əslində, ictimai maraqla cəmiyyət marağı eyni deyil. Sosial qrupun, ictimai birliyin, siyasi partiyanın, kollektivin marağı ictimai maraq kimi səciyyələndirilə bilər. Şəxsi və qrup maraqları da mövcuddur. Cəmiyyətin maraqları fərdi və ictimai maraqların nisbətini əhatə edir. Bu isə, artıq dövlət marağına da uyğun gəlir.
Dövlət maraqları cəmiyyətin, xalqın və millətin maraqlarını ifadə etdikdə bunları adekvat işlətmək mümkündür.
Azərbaycanda milli-dövlət maraqlarının gerçəkləşməsi prosesində "etnik-milli mənsubiyyətlə vətəndaşlıq, milli-dövlət mənsubiyyəti arasındakı fərqlər, bu fərqlərin fəlsəfi-etik və sosial-siyasi aspektlərdə dəyərləndirilməsi zərurəti" (S.Xəlilov) ön plana çəkilir.
Milli dövlət maraqları və insanların hüquqi statusu vəhdət təşkil etdikdə, onların hüquq və azadlıqları yüksək səviyyədə təmin olunur. Şəxsiyyətin hüquqi statusu dedikdə, onun hüquqi məsuliyyəti, dövlətin müəyyən etdiyi qanunlara riayət etməsi və cəmiyyətdə subyektin vəziyyətinin təsbit edilməsidir.
Şəxsiyyətin hüquqi statusunun nüvəsinə aşağıdakı komponentləri aid edirlər:
1. Hüquq və vəzifələr;
2. Qanuni maraqlar;
3. Hüquqi subyektiklik;
4. Vətəndaşlıq.
İnsan hüquqları universal, ümum-sosial anlayış olub şəxsiyyətin cəmiyyətdə dövlət tərəfindən təhlükəsizliyinin təmin olunması, şəxsiyyətin azadlığı sahəsində ümumbəşəri standartlar və tələblərin reallaşmasıdır.
İnsan hüquqlarına aşağıdakı əlamətlər xasdır:
1. Onlar insanın təbii və sosial mahiyyəti əsasında əmələ gəlir və inkişaf edir;
2. Dövlətin qəbul edib-etməməsindən asılı olmayaraq, obyektiv təşəkkül tapır;
3. İnsana anadan olduğu vaxtdan məxsus olur;
4. Təbii və ali sosial dəyər kimi qəbul olunur;
5. Dövlət və şəxsiyyətin qarşılıqlı münasibətlərinin prinsip və normalarını özündə əks etdirir;
6. İnsan hüquqlarının qəbul olunması, müdafiə olunması və ona riayət olunması dövlətin əsas vəzifəsidir.
Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində göstərilir: "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarının layiqli həyat səsiyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir".
Azərbaycanda insan hüquqlarının təmin olunması dövlət siyasətinin tərkib hissəsini təşkil edir.
Ümummilli Liderin insan hüquqlarının qorunması, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf istiqamətində həyata keçirdiyi siyasət, Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməkdədir. Bunu çoxlu sayda imzalanan qərar və sərəncamlardan da aydın görmək mümkündür.
Prezident İlham Əliyevin 2006-cı il dekabrın 28-də Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsinə dair imzaladığı Sərəncam mühüm əhəmiyyətə malikdir. Sərəncamda Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Sərəncamda xüsusi vurğulanmışdır ki, hazırda Azərbaycanın yaşadığı yeni inkişaf mərhələsi insan hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl islahatların davam etdirilməsini şərtləndirir. Qarşıdan gələn illər üçün Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, beynəlxalq təşkilatlarla yeni əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, elmi-analitik işlərin stimullaşdırılması, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi kimi vəzifələr müəyyən edilir.
Respublikamızda gedən demokratikləşmə prosesi, ictimai həyatın bütün sahələrində aparılan uğurlu islahatlar, beynəlxalq miqyasda əldə olunmuş nailiyyətlər insan hüquqları kimi həssas və daim konseptual yanaşmaların müəyyən olunmasını tələb edən sahədə tənzimləyici milli mexanizmlərin daha da təkmilləşdirilməsini və ardıcıl tədbirlərin həyata keçirilməsini vacib edir. Bu baxımdan, dövlət başçısının 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın təsdiq edilməsi insan hüquqları sahəsində tədbirlərin davamlılığının təmin olunması məqsədini daşıyaraq, eyni zamanda, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hədəflərinə yönəlmişdir.
Azərbaycan Parlamentinin üzvü, hüquq elmləri doktoru, professor Aytən xanım Mustafazadə yazır: "Onu da qeyd edək ki, insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında və "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında nəzərdə tutulan istiqamətlər üzrə Azərbaycanda artıq bir sıra işlər görülmüşdür. Lakin ölkəmizdə insan hüquqlarının maksimum təminatına maneə yaradan problemlər mövcuddur. Bu maneələr beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsiplərinə bütün ölkələr tərəfindən əməl olunmaması, beynəlxalq qanunvericilikdə müəyyən boşluqların olması, yaxud da insan hüquqlarının obyektiv qanuni əsaslardan daha çox subyektiv siyasi məqsədlərə tabe edilməsinin nəticəsi kimi mövcud olan ikili standartlar vəziyyətinə münasibətdə dünya ictimaiyyətinin qəti mövqeyinin hələ də ortaya qoyulmamasının nəticəsidir. Məsələn, bu gün ərazi bütövlüyünün pozulması, etnik separatizmin və terrorizmin yalnız konkret dövlət əleyhinə deyil, bütün bəşəriyyət əleyhinə yönəldilmiş cinayətlər kimi təsbit edilməsi, dünyada hüquqları ən çox pozulan insanların - qaçqın və məcburi köçkünlərin status və problemlərinin həlli məsələsində açıq-aşkar boşluğun olması həqiqətdir.
Hazırda qaçqın və məcburi köçkün statuslu insanların hüquqlarının təmin edilməsi sahəsində beynəlxalq qanunvericilikdə onlara zəruri ilkin yardımdan tutmuş son repatriasiya tədbirlərinədək böyük bir müstəvidə boşluq hələ də qalmaqdadır. Azərbaycanın Ermənistanın işğalçı siyasəti nəticəsində ərazi bütövlüyünün pozulması, onun 1 milyona yaxın əhalisinin öz tarixi torpaqlarına qayıtması kimi fundamental hüquqlarının hələ də təmin edilməməsi, məhz bu cür səbəblərlə əlaqədardır".
18 iyun Azərbaycanda Milli İnsan Hüquqları günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2007-ci il 17 iyun tarixli Fərmanı ilə Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə ölkəmizdə ilk "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edildiyini və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunduğunu nəzərə alaraq, Azərbaycanda Milli İnsan Hüquqları Günü təsis edilmişdir.

Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru