Azərbaycanda insan hüquqları bioetika kontekstində

Bioetika anlayışı 1978-ci ildə nəşr olunmuş "Bioetikaya dair Ensiklopediya"da aşağıdakı sahələrdə verilmişdir:

1. Tibb peşəsinin etik problemləri;
2. İnsan haqqında tədqiqatlar sahəsində əmələ gələn etik problemlər;
3. Səhiyyə sahəsində dövlət və beynəlxalq siyasəti ilə əlaqədar sosial problemlər ailə planlaşdırılması və demoqrafik nəzarət;
4. İnsanın ekosistemin digər canlı mövcudat proseslərinin həyat proseslərinə insanın müdaxiləsinin törətdiyi problemlər.
Görkəmli amerikan bioetiki, dünya şöhrətli həkim A.R.Conson bioetikanın 1962-ci il noyabrın 9-da meydana gəldiyini bəyan etmişdir. Həmin gün "jurnalist Şeyn Aleksander "Layf" jurnalında məqaləsi çapdan çıxmış, insan hüquqları və bioetikaya dair öz mülahizələrini bildirmişdir. Amerikalı ankoloq Van Remiler Potterin 1970-ci ildə "Bioetika - gələcəyə körpüdür" məqaləsindən sonra "bioetika" termini elmi dövriyyəyə daxil edildi. AMEA-nun müxbir üzvü, biologiya elmlər doktoru Telman Ağayev və b.ü.f.d Şafiddin Hacıyev yazırlar: "Bioetika anlayışı lap öncə ümumhəyat etikası, onun fəlsəfi və pedaqoji mahiyyəti zəminində formalaşır. Bəzi hallarda bioloji (fizioloji, biokimyəvi,anatomo-morfoloji, genetik və s.) və tibb eksperimentlərin ruhu bioetikanın ideologiyasısına uyğun gəlsə də, bir çox hallarda bu ahəngdarlıq pozulur. Bioetika alimləri insanların həyatını təhlükə altına ala bilən hər cür elmi işlərdən çəkindirməyə çalışır, təcrübə naminə çoxlu sayda canlı varlıqları məhv etməyin insan mənəviyyatına sığışmayan bir hal olduğunu göstərirlər. Böyük etik təlimlər kimi bioetika da insanların şüurunda canlı təbiətə, bitki və heyvanlara, uşaq və qocalara, xəstə və ümidsiz adamlara mümkün qədər humanist münasibət, qayğı göstərməyə çağırır, belə münasibətləri formalaşdırır və inkişaf etdirir, onların praktik olaraq, reallaşdırılması naminə müəyyən norma və qaydaları, prinsipial yanaşmaları işləyib-hazırlayır".
Biotexnikanın insan hüquqlarının təmin olunması kontekstində qayda və prinsipləri aşağıdakılardır:
İnsan ləyaqətinə hörmət, şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur;
Xeyirxahlıq etmək, bədxahlığa yol verməmək prinsipi;
Bəşəriyyətin müstəqilliyinə hörmət prinsipi;
Ədalətlilik prinsipi;
Doğruçuluq, düzgünlük prinsipi;
Özəl həyatın toxunulmazlığı prinsipi.
Azərbaycanlı tədqiqatçıları T.Ağayev və Ş.Hacıyev göstərirlər ki, XX əsrin sonlarında biotəbabət üzrə ekspriment işini daha həssas humanist qaydalar əsasında aparmaq, elm ilə bioetika arasında yaranın ziddiyyətləri aradan qaldırmaq, eksperimentçilərə mənəvi yardım göstərmək, onları dövlət qanunvericilik və icra aparaları, habelə, ictimaiyyətlə dialoqa sövq etmək, rəsmi bioetik təşkilatları və bu sahədə xüsusi elmi forumları çağırmaq zərurəti yaratdı. İlk bioetik komitə Avstraliya və Yeni Zelandiyada, sonra isə bəzi Avropa ölkələrində, ABŞ və Kanadada yaradılmışdır. Bioetika üzrə Milli Komitə Rusiyada 1991-ci ildə, Azərbaycan Respublikasında isə, 90-cı illərin sonlarında təsis edilmişdir. Rusiya Tibb Elmləri Akademiyasının təşəbbüsü ilə bu ölkədə 1995-ci ildə Biotibb Etika Komitəsi yaradılmışdır. Fiziologiya elmi öz əsas, eksprimental istiqamətlərini beynəlxalq və mili bioetika qurumlarının tövsiyə etdiyi humanist norma və prinsiplər əsasında inkişaf etdirir.
İnsan hüquqlarının bioetika kontekstində təmin olunması Azərbaycanda sürətlə inkişaf edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin sessiyası, Şərqi Avropada ilk dəfə olaraq, 2011-ci ilin may-iyun aylarında Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilmişdir.
Bundan başqa, postsovet məkanında ilk dəfə olaraq, bioetika və tibbi-hüquq elmi ixtisası AAK-ın nomenklaturasına daxil edilmiş, Azərbaycan Televiziyasında "Bioetika" verilişi yaradılmış, o, bir fənn kimi Azərbaycanın bəzi ali məktəblərində tədris edilir. Azərbaycan tədqiqatçısı, siyasətşünas Xalid Niyazov "Azərbaycan" qəzetində bioetika, tibbi hüquq və məhkəmə təbabəti üzrə dünyada tanınmış və Azərbaycanda ilk mütəxəssislərdən biri, YUNESKO-nun Bioetika Kafedrasının Azərbaycan Bürosnun rəhbəri, Ümumdünya və Amerika Tibbi Hüquq Assosiasiyasının üzvü, Avropa Tibbi Hüquq Assosiasiyasını İdarə Heyətinin üzvü, professor Vüqar Məmmədovdan aldığı müsahibədə insan hüquqlarının bioetik kontekstində təmin olunması sahəsində uğurları barədə mülahizələrindən bəzi məqamlara diqqət yetirək: "Bioetika "həyatın etikası" anlamına gəlir və mütəxəssislər onu insanın təbabət və biologiyadakı fəaliyyətinin mənəvi tərəfləri haqqında elm adlandırırlar. Bioetika biotibbi elmlərin tərəqqisi və ən yeni texnologiyaların insanın gündəlik həyatına tətbiqi ilə əlaqədar yaranan etik, tibbi, bioloji və hüquqi problemlərlə məşğul olan elmlərarası tədqiqat sahəsidir. Bioetika ənənəvi etikanın, hüquq, fəlsəfə və təbabətin elementlərini özündə birləşdirir.
Planetimizdə bioetika və tibbi hüququn bərqərar olması yüksək biotibbi texnologiyalar sahəsindəki inqilabi nailiyyətlərlə şərtlənmişdir. XX əsrin 70-ci illərinin əvvəllərində təbabətdə elmi-texniki tərəqqinin nailiyyətlərini, transplantologiya, gen mühəndisliyi, reanimatologiya, reproduktiv texnologiyalar və s. sahələrdə yeni imkanlar qiymətləndirmək zəruriliyindən ABŞ-da yaranan bioetika tezliklə həm tibb elminin, həm də tibbi etikanın hüdudlarından kənara çıxdı. Tibbi hüquq isə hüququn müstəqil sahəsi kimi formalaşmağa başladı. Belə bir vəziyyətin yaranması biologiya və təbabət sahəsində ən yeni ixtiraların təkcə həyat və ölüm, norma və patologiya, xeyir və şər haqqında təsəvvürlərimizi deyil, eləcə də, bütün bəşəriyyətin həyatının inkişaf perspektivlərini dəyişməyə qadir olması ilə şərtlənir. Müasir təbabətin sürətlə dəyişilməsi, demək olar ki, bütün tibb aləminin qarşısında bioetik və hüquqi problemlərin nəzərdən keçirilməsinin va həllinin zəruriliyi məsələsini qaldırdı və indi də bu, davam edir. Bioetikaya yeni reproduktiv texnologiyaların (süni mayalandırma, surroqat analıq), insanlar və heyvanlar üzərində eksperimentlərin keçirilməsinin, evtanaziyanın etik və hüquqi problemlərini, ölməkdə olan xəstələrə münasibət, vaksinləşdirmə və QİÇS, genetika, transplantologiya, təbabətdə ədalət, insanın klonlaşdırılması, kötük hüceyrələri ilə manipulyasiya, həkimlər və biznesin qarşılıqlı münasibəti problemlərini aid edirlər.
Son iki ildə Azərbaycanda da bioetika sahəsində konkret layihələr həyata keçirilir. Belə ki, AMEA-nın İnsan Hüquqları İnstitutunda Bioetika və tibbi hüquq şöbəsi açılmış, YUNESKO-nun Bioetika kafedrasının təmsilçiliyi təsis edilmişdir. Ötən ilin sonlarında "YUNESKO-nun Bioetika Proqramının Azərbaycanda reallaşması" mövzusunda beynəlxalq simpozium keçirdik. Həmin tədbirdə YUNESKO-nun Bioetika kafedrasının müdiri professor Amnon Karmi də iştirak edərək, bioetika və onun müxtəlif aspektləri ilə bağlı məruzə ilə çıxış etdi. Bu il də tədbirlər sarıdan kifayət qədər məhsuldar olmuşdur. Məsələn, yanvar ayında xarici ekspertlərin iştirakı ilə "Azərbaycanda palliativ yardım proqramı bioetikanın əsas prinsipləri" mövzusunda elmi-praktik seminar təşkil etmişdik. YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin XVIII sessiyasında fəal iştirak etdik. YUNESKO-nun baş direktorunun müavini, sosial və humanitar işlər üzrə sektorun rəhbəri xanım Pilar Alvares-Laso, YUNESKO-nun Bioetika şöbəsinin müdiri xanım Dafna Feynholds, o cümlədən Bioetika üzrə Beynəlxalq Komitənin 36 ölkəni təmsil edən ekspertləri və çoxsaylı müşahidəçiləri də bu beynəlxalq əhəmiyyətli elmi sessiyaya qatılmışdılar.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin, eləcə də, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun Xoşməramlı Səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın səhiyyəyə və təbabətə ciddi diqqət ayırdıqları bir şəraitdə Səhiyyə Nazirliyinin rəhbərliyi altında əhaliyə göstərilən müalicə-profilaktik xidmətlərin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli işlərin görüldüyü bir vaxtda tibbi hüquq və bioetika sahəsində olan boşluqların aradan qaldırılması, görülən böyük işlərin nəticəsiz qalmaması üçün hüquqi və etik normaların inkişafına da lazımi diqqət yetirmək gərəkdir. Oktyabr ayında keçirdiyimiz konfransda, məhz tibbi hüququn səhiyyədə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsinə necə töhfə verməsi haqda iştirakçılara geniş məlumat veriləcək.
Ulu Öndər Heydər Əliyev demişdir ki, həkim üçün ən əsas keyfiyyət yüksək mənəviyyatdır. Bunun üçün də həkimlər, tibb işçiləri bioetika və tibbi hüququ yaxşı mənimsəməlidirlər. Etiraf edək ki, bu sahədə bir çox etik və hüquqi normaların hazırlanması istiqamətində elmi tədqiqatların və araşdırmaların aparılmasında digər ölkələrə nisbətən xeyli gecikmişik. Xəstə hüquqları, məlumatlandırılmış razılıq, ölüm hallarının araşdırılmasına yanaşmalar, həkimlərin əczaçılar biznesi ilə əlaqələrinin etik və hüquqi tərəfləri sahələrində ölkəmizdə hələ heç bir ciddi elmi araşdırma və yaxud tədqiqat aparılmamışdır".
Artıq bu gün insan hüquqlarının bioetik kontekstində təmin olunmuş sahəsində Azərbaycanda tədbirlər genişlənir. Bu sahədə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevlə yanaşı, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da xüsusi diqqət verir.

Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru