Azərbaycanda elm və təhsilin vəhdəti məsələsi

Müasir dövrdə elm və təhsilin rolu, təsir dairəsi artdıqca bütün dünyanın inkişaf etmiş dövlətləri bu sahəyə xüsusi diqqət yetirirlər. Bu gün artıq ali məktəblərdə güclü elmi mühit yaradılması, elmi-tədqiqat institutlarına qayğı göstərilməsi önəmli məsələlərə çevrilmişdir. ABŞ və Qərb ölkələri artıq elmlə təhsilin vəhdətini çoxdan gerçəkləşdirmiş, ali məktəblərdə güclü beyin mərkəzləri və intellekt mühit yarada bilmişlər. Ona görə də, ali məktəb mütəxəssisləri dünya standartlarına cavab verən, intellekt qabiliyyətləri ilə seçilən güclü elmi potensialı olan kadrlar kimi yetişirlər.

Bir çox postsovet ölkələri də bu təcrübədən istifadə edərək, elm-təhsil nazirlikləri formalaşdırmaq yolu tutublar. Belə bir şəraitdə iqtisadi cəhətdən inkişaf edən Azərbaycan Respublikası da elm və təhsilə hərtərəfli qayğı göstərir.
Elm və təhsilə daim qayğı göstərən Ulu Öndər Heydər Əliyev vaxtilə deyirdi: "Ümumi çətinliklər nə qədər çox olsa da, biz elmə, təhsilə daim qayğı göstərməliyik və elmin inkişafı üçün mövcud imkanlardan daha da çox istifadə etməliyik".
Bu gün Azərbaycanda elm və təhsilin birgə inkişaf konsepsiyasının reallaşdırılmasını, kadr hazırlığını genişləndirməyi, ali məktəblərdə elmin inkişafına şərait yaradılmasının önə çəkilməsi məsələsinə diqqət yetirilir.
Elm və təhsil sahəsində Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi ideoloji və metodoloji kurs aşağıdakından ibarətdir: "Keçmiş tariximizə hörmət və diqqətlə yanaşmalı, yaxşı ənənələri qoruyub-saxlamalı və ancaq ənənələrə əsaslanan zəmində, əlbəttə, inkişaf etmiş ölkələrin və qabaqcıl ölkələrin təcrübəsini də nəzərə almaqla yeni sistemlər qurulmalıdır".
Əslində, Ulu Öndər haqlı olaraq keçmiş ənənələrə əsaslanaraq, bu gün müasir prinsiplərə söykənən elm-təhsil sistemi yaratmağı həmişə önə çəkirdi. Buna görə də, S.Xəlilov Ulu Öndərin prinisplərinə əsaslanaraq yazır: "Bu mövqedən yanaşdıqda, biz sovet elm və təhsil sisteminin ənənələrini və yaxşı cəhətlərini qorumaqla yanaşı, onları müasir Qərb standartlarına uyğunlaşdırmalıyıq. Bu baxımdan, hətta aspiranturanın və ilk elmi dərəcənin adı dəyişilsə də, mahiyyəti saxlanılmalıdır. Əsas məsələ budur ki, Azərbaycanın Avropa ölkəsi kimi müvafiq standartlara uyğunlaşdırılması, elm və təhsil sahəsindəki identifikasiyanın həyata keçirilməsi bizim indiyədək əldə etdiyimiz nailiyyətlərə söykənmiş olsun".
Əslində, Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanununda bu cəhətlər nəzərə alınmışdır.
Ulu Öndər Heydər Əliyev böyüməkdə olan nəslin elm və mədəniyyətə, yüksək səviyyəli təhsilə cəlb edir, hələ sovet vaxtı onları keçmiş SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərirdi. Bu gün Azərbaycanın müxtəlif sahələrində çalışan yüksək ixtisaslı kadrlar, məhz Ulu Öndərin xaricə göndərdiyi həmin gənclər nəslinin nümayəndələridir. Ulu Öndər Heydər Əliyev təkidlə deyirdi: "Gənclərimizi elmə, mədəniyyətə daha da çox cəlb etmək lazımdır. Gənclərimizdə elmi-tədqiqat işlərinə həvəs oyatmaq lazımdır.
Ümidvaram ki, bizim bugünkü gənclərimiz keçmiş dövrlərdə olan gənclərdən daha da yüksək təhsil ala biləcəklər və gələcək üçün daha da bilikli, daha da yüksək səviyyəli olacaqlar".
Bu gün müstəqil Azərbaycan Respublikası üçün yeni kadrların hazırlanması daha da aktuallaşıb, nəzəri və praktik əhəmiyyət kəsb edir.
S.Xəlilov bu məqama diqqət yetirərək yazır: "Bu gün Azərbaycan beynəlxalq siyasət arenasına inamla çıxa bilirsə, özünəməxsus siyasi mövqeyi və nüfuzu varsa, bunlar hamısı ancaq onun rəhbərinin şəxsi nüfuzu, beynəlxalq siyasi təcrübəsi və böyük intellektual potensialı sayəsində mümkün olur. Lakin cəmiyyətin bütün pillələrində, ayrı-ayrı müəssisə və təşkilatlardan başlamış ümumölkə miqyasına qədər elmi əsaslardan təşkili və idarə olunması üçün müasir Azərbaycan cəmiyyətşünaslığının yaradılmasına böyük ehtiyac vardır və bu işə, heç şübhəsiz, marksist-leninçi ictimai-siyasi fikrin təsirindən azad olan gənc cəmiyyətşünas alimlərin cəlb edilməsi tələb olunur".
Müəllif haqlı olaraq göstərir ki, respublikamızın sosial-iqtisadi və mənəvi həyatında uzun illərdən bəri yığılıb qalmış ciddi problemlərin sistemli şəkildə öyrənilməsi, keçid dövrünün xüsusiyyətlərinin aşkar edilməsi, bu sahədə kompleks tədqiqatlar aparılması bütün cəmiyyətşünas alimlərin - filosofların, sosioloqların, iqtisadçıların, tarixçilərin və s. qarşılıqlı əməkdaşlığını və birgə fəaliyyətini tələb edir. Bizim hamımızın bir ümumi tədqiqat obyektimiz var. Bu da ümumdünya kontekstində götürülmüş Azərbaycandır; onun tarixi, mədəniyyəti, dili, habelə sosial, iqtisadi, siyasi, ekoloji və demoqrafik problemləridir. Bu problemlərin müxtəlif müstəvilərdə, rakurslarda tədqiqi ilə məşğul olan alimlərimiz bir-birindən ayrı düşmüş, bir-birini dinləmək, fikir mübadiləsi aparmaq imkanından məhrum olmuşlar. Hərə öz şöbəsindən, kafedrasından, ən yaxşı halda isə, öz institutundan kənarda fəaliyyət göstərən tədqiqatçılardan xəbərsizdir. Alim ziyalılarımız arasındakı pərakəndəlik, akademiyada, ali məktəblərdə və digər elmi müəssisələrdə çalışan alimlərin tədqiqatların əlaqələndirilməsi, vahid elmi cəbhə yaradılması, elm adamlarının passiv həyat mövqeyi gənc alimlərin formalaşmasına pis təsir göstərir.
Müasir dövrdə cəmiyyətşünaslığın əsas məqsədlərindən biri ictimai problemlərin öyrənilməsi sahəsində səyləri birləşdirməklə yanaşı, gənclərin intellektual tərbiyəsi üçün də şərait yaratmaq, onların müstəqil düşüncə və diskussiya mədəniyyətinə yiyələnməsinə nail olmaqdan ibarətdir.
Müstəqil Azərbayacanın hərtərəfli surətdə öyrənilməsi, kompleks tədqiqat proqramları yaradılması və bu işə gənc alimlərin cəlb edilməsi, istedadlı gənclərin intellektindən səmərəli istifadə olunması günün aktual problemlərindəndir.
XXI əsr yeni elmi potensiala əsaslanır və yüksək səviyyəli təhsil almış gənclər nəslinin yetişməsini tələb edir. Bunu çox uzaqgörənliklə görən Ulu Öndər Heydər Əliyev deyirdi: "Bizim gənclər gərək hazırlaşsınlar ki, XXI əsrdə Azərbaycanın inkişafını təmin edə bilsinlər. Bunun üçün biliklənmək, təhsil almaq, sağlam həyat tərzi keçirmək, mənəvi, milli dəyərlərimizə daim söykənmək və ümumbəşəri dəyərlərdən səmərəli istifadə etmək lazımdır".
Bu gün Ulu Öndərin layiqli siyasi varisi dövlət başçısı İlham Əliyev böyük, müdrik şəxsiyyətinin siyasətini uğurla davam etdirərək, dünyanın ən inkişaf etmiş ölkələrinə gəncləri təhsil almağa göndərərək, müasir dövrün yeni milli elm və təhsil elitasını yetişdirir.

Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru